ENG     21 Yanvar 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
12 Yanvar 2018-ci il
N 01 (559)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları davam etdirilir

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar yanvarın 9-da axtarış-xilasetmə əməliyyatının aparıldığı ərazidə Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılan Əməliyyat Qərargahında əməliyyat müşavirəsi keçirilmişdir.

Əməliyyat müşavirəsində fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Əməliyyat Qərargahının rəhbərliyi, axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri, peşəkar alpinistlər və avstriyalı mütəxəssislər iştirak etmişdir. 

Əməliyyat müşavirəsində alpinistlərin axtarışları ilə əlaqədar bugünədək görülən işlər təhlil olunmuş, növbəti günlərdə görüləcək işlər nəzərdən keçirilmişdir.

Qeyd olunmuşdur ki, 27 dekabr 2017-ci il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə işlərinə başlanılmışdır. Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərinə Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasediciləri, Mülki müdafiə qoşunlarının canlı qüvvəsi və müvafiq texnikası, Şimal Regional Mərkəzinin xilasediciləri, Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri və xüsusi təlim keçmiş itlər cəlb olunmuşdur. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən və yerli sakinlərdən ibarət könüllü dəstələr axtarışlarda iştirak edir.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2500-3000 m yüksəklikdə) çətin meteoroloji şəraitdə aparılır. 31 dekabr 2017-01 yanvar 2018-ci il tarixlərində hava şəraiti kəskin pisləşmiş - temperatur aşağı düşmüş, qar yağmışdır. İntensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artmışdır. İtkin düşmüş alpinistlərin olduğu ehtimal edilən ərazilərdə qar qatının qalınlığı hazırda 8-12 metrə çatır. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, axtarış-xilasetmə tədbirləri məhdudiyyətlə (xilasedicilərin təhlükəsizliyi təmin edilməklə), lakin fasiləsiz aparılır.

Eyni zamanda, 05 yanvar 2017-ci il tarixində Azərbaycanda səfərdə olan Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri (3 nəfər) hadisə rayonunda olmuşlar. Xarici mütəxəssislər alpinistlərin olma ehtimalının böyük olduğu ərazilərə baxış keçirmiş və həmin ərazilərdə axtarışların aparılmasının həyat üçün təhlükəli olduğu qənaətinə gəlmişlər.

Axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılmışdır.

Müşavirədə qarşıda duran məsələlər müzakirə edilmiş, müvafiq göstərişlər verilmişdir.

Əməliyyat müşavirəsindən sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransında jurnalistləri maraqlandıran suallara cavablar verilmişdir. Daha sonra axtarışların aparıldığı ərazi, əməliyyata cəlb olunan texnikalar və xilasetmə avadanlıqları, Əməliyyat Qərargahındakı iş şəraiti və xilasedicilərin istirahəti üçün yaradılan şəraitlə tanış olmaq üçün jurnalistlər axtarışların aparıldığı ərazidə olmuşlar.

Onu da qeyd edək ki, yanvarın 6-da Respublika Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətləri məlumat yaymışlar. Məlumatda qeyd olunmuşdur ki, 23 dekabr 2017-ci il tarixdə "Şahdağ" Milli Parkı ərazisində yerləşən "Tufandağ" zirvəsi istiqamətində qalxan "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin itkin düşmələri barədə daxil olmuş məlumat əsasında dekabrın 27-də Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən helikopter cəlb olunmaqla axtarışa başlanılmışdır.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, N.Bunyatov, B.Hüseynov və F.Cəbrayılzadə dekabrın 23-də saat 14 radələrində "Tufandağ" zirvəsinə qalxmaq məqsədilə Quba rayonunun Xınalıq kəndindən "Şahdağ" Milli parkının "Xınalıq" keçid məntəqəsinə gələrək zirvə istiqamətində hərəkət etmiş və naməlum şəraitdə itkin düşmüşlər.

Hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Yeri gəlmişkən, yanvarın 3-də Fövqəladə Hallar Nazirliyində fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilmişdir. Əməliyyat müşavirəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri iştirak etmişdir.

Əməliyyat müşavirəsində alpinistlərin axtarışları ilə əlaqədar görülən işlər təhlil olunmuş, növbəti günlərdə görüləcək işlər nəzərdən keçirilmiş və müvafiq göstərişlər verilmişdir.

Dağlıq ərazi və əlverişsiz hava şəraitinin çətinliklər yaratmasına baxmayaraq intensiv axtarış tədbirləri davam etdirilir.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il