ENG     24 Aprel 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
20 Aprel 2018-ci il
N 11 (569)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Rəsmi xronika

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlətimizin başçısı iclasda giriş nitqi söyləyib.

2017-ci ildə Azərbaycanın sürətlə və uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev həyatımızın bütün sahələrində əldə edilmiş nəticələrin ölkəmizin ümumi inkişafına böyük töhfə verdiyini bildirib: "Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır. Bu gün dünyanın müxtəlif yerlərində risklər, təhlükələr artır, qanlı münaqişələr, qarşıdurmalar geniş vüsət alır. Bir sözlə, dünyada risklər artmaqdadır və görünür ki, bu tendensiyalar hələ davam edəcək. Belə bir mənzərə ilə üzləşərək əlbəttə ki, dünya ictimaiyyəti narahatlıq hissi keçirir. Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir. Hesab edirəm ki, indiki dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq bizdə bu sahədə əldə edilmiş nəticələr yüksək qiymətə layiqdir.

Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomadır. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır".

Dərin iqtisadi islahatlar ili kimi xarakterizə olunan 2017-ci ildə iqtisadi sahədə böyük uğurların qazanıldığını deyən dövlətimizin başçısı mötəbər beynəlxalq maliyyə qurumlarının Azərbaycanda gedən proseslərə yüksək qiymət verdiklərini bildirib: "Həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verirlər, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, çox böyük göstəricidir, ilk növbədə onu göstərir ki, hətta iqtisadi cəhətdən o qədər də asan olmayan ildə də biz inkişaf edirik. Digər tərəfdən, dünya miqyasında 35-ci yeri tutmaq doğrudan da böyük nəticədir, böyük qələbədir. Biz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyimizi qoruyuruq və möhkəmləndiririk. Hesab edirəm ki, beynəlxalq iqtisadi birlik tərəfindən bizim iqtisadi islahatlarımıza verilən ən böyük qiymət məhz Davos Forumunun reytinqidir və bunun da əsası var. Çünki son illər ərzində ölkəmizdə aparılan quruculuq və inkişaf işləri, bax, bu nəticələrə gətirib çıxarıbdır".

Ölkə iqtisadiyyatında 2017-ci ildə müsbət göstəricilərin qazanıldığını bildirən dövlətimizin başçısı vurğulayıb ki, qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıbdır. Keçən il ölkəmizdə bir çox önəmli infrastruktur və sosial layihələr icra edilib. O layihələr böyük pul tələb edir. Buna baxmayaraq, 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır və hazırda təxminən 42 milyard dollar təşkil edir. Ölkəmizin əhalisini nəzərə alaraq, hesab edirəm ki, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur.

Prezident İlham Əliyev qeyd edib ki, ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub, ixrac 19 faiz, qeyri-neft ixracımız isə 24 faiz artıb. Bu, görülən işlərin nəticəsidir. İdxal isə təqribən cəmi 1 faiz artıb. Ticarət balansımızın müsbət saldosu isə 6,2 milyard dollardır.

Regionların inkişafının daim diqqət mərkəzində olduğunu, ötən il 221 min yeni iş yerinin açıldığını çox böyük göstərici kimi qiymətləndirən dövlətimizin başçısı eyni zamanda qeyd edib ki, ilin yekunlarına görə Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Hesab edirəm ki, bu da dünya miqyasında ən yaxşı nəticələrdən biridir.

Prezident İlham Əliyev keçən il infrastruktur layihələrinin icrası üçün böyük vəsait ayrıldığını və bu istiqamətdə çox önəmli addımlar atıldığını, elektrik təchizatının yaxşılaşdırıldığını, bir çox bölgələrdə yeni yarımstansiyaların işə düşdüyünü, sürətli qazlaşdırma işlərinin aparıldığını bildirib. Görülən tədbirlər nəticəsində 100 min hektardan çox sahənin suvarılmağa başlandığını bildirən dövlətimizin başçısının sözlərinə görə, bu, çox böyük rəqəmdir. Əlbəttə ki, kənd təsərrüfatının inkişafına və kənd təsərrüfatı məhsullarının ixracına bunun çox böyük dəstəyi olacaq.

Prezident İİlham Əliyev qeyd edib ki, 2017-ci ildə 1300 kilometr avtomobil yolu salınıb, içməli su layihələri uğurla icra edilib. 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. Otuz tibb müəssisəsi tikilib və əsaslı təmir edilib, iki Olimpiya İdman Kompleksi istifadəyə verilib. Ünvanlı sosial yardım alan ailələrin sayı 116 minə bərabərdir. Bu, 400 mindən çox insanı əhatə edir.

Məcburi köçkünlərin problemlərinin daim diqqət mərkəzində saxlanıldığını deyən dövlətimizin başçısı qeyd edib ki, 2017-ci ildə 2300 ailə yeni evlərə, mənzillərə köçürülüb: "Beləliklə, 12 mindən çox köçkün yeni evlərlə, mənzillərlə təmin edilibdir. Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir, indi 150 evdən ibarət gözəl qəsəbə yeni həyatını yaşayır. Köçkünlər o qəsəbəyə qayıdıblar, qayıdırlar və bu, tarixi, əlamətdar hadisədir. Azərbaycan dövləti Cocuq Mərcanlının timsalında bir daha göstərib ki, heç vaxt işğalla barışmayacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və bütün köçkünlər bir arzu ilə yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına qayıtsınlar. Cocuq Mərcanlının qısa müddət ərzində bərpası, yenidən qurulması onu göstərir ki, işğaldan azad ediləcək bütün ərazilərdə biz qısa müddət ərzində bütün təmir-bərpa işlərini aparacağıq, şəhərləri, kəndləri yenidən quracağıq və bu gün ağır vəziyyətdə, dağılmış vəziyyətdə olan şəhər və kəndlərimizə tezliklə həyat qayıdacaq".

Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb, Azərbaycanın mövqeyinin ədalətli və beynəlxalq hüquqa əsaslandığını bildirib. Qeyd edib ki, bunu Dağlıq Qarabağda separatist rejim tərəfindən keçirilmiş qanunsuz "referendum"un beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti tərəfindən tanınmaması ilə bağlı verilən bəyanatlar da təsdiqləyir. Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır deyən dövlətimizin başçısı bildirib ki, bu Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Zirvəsində qəbul edilmiş Bəyannamədə də birmənalı şəkildə dəstəklənmişdir: "Bu, işğalçı Ermənistana növbəti zərbə olmuşdur. Bu, ədalətin təzahürüdür və eyni zamanda, onu göstərir ki, bu gün Avropa qurumları, dünya mərkəzləri həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda, ümumiyyətlə dünyada gedən proseslərlə bağlı daha müsbət yanaşma ortaya qoyurlar. O da həqiqətdir ki, hazırda Avropanın özü separatizmdən əziyyət çəkir və görür ki, separatizm nədir. Biz isə aqressiv separatizmlə üzləşmişik. Bizə qarşı soyqırımı törədilmişdir. Bizim vətəndaşlarımız öz doğma torpaqlarından silah gücünə çıxarılmışdır. Əlbəttə, dünyada, o cümlədən Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır ki, yalnız vahid yanaşma tətbiq olunmalıdır. Biz həmişə bunu demişik. Mən dəfələrlə bunu deyirəm ki, bütün münaqişələrə, bütün separatizm təzahürlərinə vahid yanaşma tətbiq olunmalıdır, ikili standartlara yer olmamalıdır, bundan əl çəkilməlidir. Biz bunu artıq görürük. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu, önəmli hadisələrdir. Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir".

Azərbaycanın hərbi gücünün artdığını, beynəlxalq reytinqlərə görə, ordumuzun dünyanın ən güclü ordularından biri olduğunu deyən dövlətimizin başçısı növbəti illərdə də bu sahədə tədbirlərin görüləcəyini, yeni müasir silahların alınacağını bildirib: "Yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərmişdir".

2017-ci ildə energetika sahəsində tarixi hadisələrin baş verdiyini bildirən dövlətimizin başçısı xatırladıb ki, onlardan biri "Azəri-Çıraq-Günəşli" yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması məsələsidir. Bu, bizə imkan verəcək ki, bundan sonra uzun illər ərzində - ən azı 2050-ci ilə qədər hasilat səviyyəsi sabit qalsın. Bu, imkan verəcək ki, Azərbaycanın neft sektoruna xarici investorlar tərəfindən bundan sonra da böyük həcmdə sərmayə qoyulsun. Burada söhbət on milyardlarla dollardan gedir. Əlbəttə ki, bu investisiyalar iqtisadiyyatımızın bütün sahələrinə öz müsbət təsirini göstərəcək, yeni iş yerlərinin, yeni yerli müəssisələrin yaradılması nəzərdə tutulur. Əlbəttə, neft hasilatının sabit saxlanması imkan verəcək ki, biz öz iqtisadi inkişafımızı planlaşdıraq və tədricən bundan sonra da neftdən asılılığı azaldaq. Son iki il ərzində biz buna demək olar ki, böyük dərəcədə nail olmuşuq.

Dövlətimizin başçısı qeyd edib ki, eyni zamanda, Cənub Qaz Dəhlizinin uğurlu icrası təmin edilmişdir: "Energetika sahəsində bu iki önəmli layihə ölkəmizin bundan sonra da uğurlu inkişafını təmin edəcək və bizə imkan verəcək ki, qeyri-neft sektorunun inkişafı ilə daha çox məşğul olaq".

Açılışı ötən il olan Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirdiyini deyən Prezident İlham Əliyev artıq bir neçə olkənin Bakı-Tbilisi-Qarsa qoşulmaq haqqında müraciət etdiyini bildirib, Şimal-Cənub nəqliyyat dəhlizinin icrası istiqamətində önəmli addımların atıldığını, İran sərhədinə qədər dəmir yolunun tikintisinin təmin edildiyini söyləyib.

Ötən il baş verən önəmli hadisələr sırasında Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunlarını qeyd edən dövlətimizin başçısı Azərbaycanın komanda hesabında birinci yerə layiq görüldüyünü, 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması ilə bağlı qərarın bizim bir daha öz tarixi, dini köklərimizə bağlılığımızı göstərdiyini qeyd edib və əmin olduğunu bildirib ki, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq.

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev çıxış edıblər.

Yekun nitqində qarşıda duran vəzifələrdən danışan Prezident İlham Əliyev bir çox önəmli layihələrin icrasının nəzərdə tutulduğunu, 2018-ci ildə ölkədə makroiqtisadi sabitliklə bağlı lazımi tədbirlərin görüləcəyini bildirib. Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafının daim diqqət mərkəzində saxlanıldığını, sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsinin davam etdiriləcəyini, yeni iş yerlərinin açılması üçün işlərin görüləcəyini, özünəməşğulluq proqramının icrası məqsədilə müvafiq vəsaitin nəzərdə tutulduğunu bildirib. 2018-ci ildə yeni mənzillərlə təmin ediləcək köçkünlərin sayının ötən illə müqayisədə 2 dəfə artırılacağını deyən dövlətimizin başçısı onu da vurğulayıb ki, sosial infrastruktur layihələrinin icrası davam etdiriləcək, bölgələrdə modul tipli məktəblərin tikintisi aparılacaq, regionlarda və paytaxtda məktəblərin və tibb müəssisələrinin təmiri və inşası həyata keçiriləcək.

Sənaye parklarının yaradılması prosesinin davam etdiriləcəyini, kənd təsərrüfatının inkişafı üçün addımların atılacağını, yeni xalça fabriklərinin açılışlarının nəzərdə tutulduğunu deyən dövlətimizin başçısı bildirib ki, pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq sahələrində çox böyük inkişaf var və bu sahələrə diqqət davam etdiriləcək. Heyvandarlığın inkişafı, yeni kənd təsərrüfatı texnikasının alınması, zeytunçuluğun və arıçılığın inkişafı ilə bağlı əlavə tədbirlərin görüləcəyini deyən Prezident İlham Əliyev ticarət nümayəndəliklərinin yaradılmasının əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev 2018-ci ildə üç "ASAN xidmət" mərkəzinin fəaliyyətə başlayacağını və daha beş mərkəzin tikintisinə başlanılacağını qeyd edib, turizmin inkişafı ilə bağlı bu il də əlavə tədbirlərin görüləcəyini vurğulayıb. 2018-ci ildə TANAP layihəsinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti üçün önəmli il olacağını deyən dövlətimizin başçısı bu il olkədə iki min kilometrdən çox avtomobil yolunun çəkiləcəyini, bölgələrdə qazlaşdırma işlərinin 95 faizə çatdırılmasının nəzərdə tutulduğunu, 100 min hektardan çox yeni sahələrin su təminatının təşkil ediləcəyini bildirib.

Bu il müstəqilliyimizin yüz illiyininin qeyd ediləcəyini deyən Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə adlandırıb: "Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq. Ancaq onu da qeyd etməliyəm ki, indiki Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz. Çünki o vaxt çətinliklər də olub, müstəqilliyimiz tam imkan vermirdi ki, Azərbaycan müstəqil siyasət aparsın. İqtisadi çətinliklərimiz olub, torpaq itkilərimiz də olub və bizim tarixi şəhərimiz olan İrəvan Ermənistana verilmişdir. Ona görə, biz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil etməliyik. Bu müsbət və çətin məqamları gizlətməməliyik. Amma bütün çətinliklərə və əlbəttə ki, bizim üçün sağalmayan yara olan İrəvanın Ermənistana verilməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir.

Bunu nəzərə alaraq mən 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edirəm. İl ərzində həm ölkəmizdə, həm xaricdə bununla əlaqədar bir çox tədbirlər keçiriləcəkdir".



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il