ENG     23 Yanvar 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
12 Yanvar 2018-ci il
N 01 (559)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Cəmiyyət

Fövqəladə Hallar Nazirliyi Azərbaycan vətəndaşlarının dincliyi, rahatlığı və təhlükəsizliyinin keşiyindədir

Bir neçə gündən sonra 2017 - ci il öz yerini 2018 - ci ilə təhvil verəcək. Dünyamıza qədəm qoyacaq təzə ili yeni arzularla, ümidlərlə  qarşılayacağıq. Son günlərini yaşayan 2017-ci il Azərbaycan üçün tərəqqi, sabitlik, yüksəliş ili kimi yaddaşlara yazılır. Ölkəmiz beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, yüksəlişin, sülhün məkanı kimi tanınır. Bu, ümummilli lider  Heydər Əliyev ideyalarının təntənəsi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə möhkəm bünövrə üzərində sürətlə inkişaf edən müstəqil Azərbaycanımızın real mənzərəsidir.

Gözəl təbiətə, zəngin maddi resurslara, müasir texnoloji imkanlara malik olan ölkəmiz də təbii və texnogen hadisələrdən sığortalanmayıb. Əhəmiyyətli geostrateji mövqeyindən doğan riskləri də əlavə etsək, Azərbaycanın fövqəladə hadisələrə qarşı hazırlıqlı olması, yarana biləcək fəlakətlərə anında reaksiya verə bilmək qabiliyyəti həyati önəm daşıyır. Fövqəladə hallara qarşı daha səmərəli mübarizə mexanizminin yaradılması və tətbiqi ölkənin, onun vətəndaşlarının və ətraf mühitin təhlükəsizliyinin təminatıdır. Dövlətin neft strategiyasının və regional enerji təhlükəsizliyinin əhəmiyyəti də nəzərə alınarsa, fövqəladə hal risklərinin idarə olunması Azərbaycan üçün xüsusilə vacib əhəmiyyət daşıyır. Fövqəladə Hallar Nazirliyinin yaradılması, fəaliyyətinin təşkili və strukturunun təkmilləşdirilməsi  məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, eyni zamanda bu sahəyə göstərdiyi xüsusi tələbkarlıq, diqqət və qayğı  qısa vaxtda əsaslı irəliləyişlərə təkan verib.

Bu günlərdə 12 yaşını qeyd edən Fövqəladə Hallar Nazirliyinin yola salınan illlər ərzində vahid idarəçilik sistemində insan təhlükəsizliyi ilə məşğul olan qurumlarının əlaqəli şəkildə, koordinasiya olunaraq daha çevik formada fəaliyyət göstərməsi üçün çox ciddi addımlar atılıb. Nəticədə nazirliyin maddi-texniki bazasının möhkəmləndirilməsi, əsaslı təmir və yenidənqurma işləri ardıcıl olaraq həyata keçirilib. Ayrılan büdcə vəsaiti hesabına nazirliyin bütün qurumlarının istifadəsi üçün inzibati və texniki binalar, depolar əsaslı təmir edilib, yeniləri tikilib istifadəyə verilib. Texnika parkı dünyanın  ən  qabaqcıl ölkələrinin  istehsalı olan müxtəlif təyinatlı maşın və mexanizmlərlə zənginləşdirilib.

Nazirlik qanunvericiliklə üzərinə düşən vəzifələrə uyğun olaraq, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının mülki müdafiə üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi istiqamətində də yeni yanaşmaları ortaya qoyub, insanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələrin qarşısının alınması, bu barədə əhalinin vaxtında xəbərdar edilməsi kimi missiyanı əməli işi ilə uğurla gerçəkləşdirib.

Ölkəmizdə reallaşdırılan müxtəlif xarakterli təlimlər, bunlardan xüsusilə "Xəzər-2009", "Xəzər-2010",  "Xəzər-2013", "Xəzər-2015" taktiki, "Xəzər-2017" beynəlxalq təlimləri FHN-in malik olduğu maddi-texniki bazanı, kadr potensialını və fövqəladə hadisələrə reaksiyasını, qəza-xilasetmə işlərindəki operativliyini nümayiş etdirməklə yanaşı, mülkü müdafiə işinin lazımınca təşkil olunmasında, komandir-rəis heyətinin idarəetmə qabiliyyətinin yüksəldilməsində, axtarış, qəza-xilasetmə işlərində iştirak edən şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsində əhəmiyyətli rol oynaıb.

Yeri gəlmişkən, bu il Bakıda ilk dəfə olaraq Azərbaycanın ev sahibliyi, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Rusiya, İran, Qazaxıstan, Türkmənistanın iştirakı ilə "Xəzər-2017" beynəlxalq təlimində ən müasir texnika və avadanlıqların nümayiş olunması onu göstərir ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının təhlükəsizliyinin qorunmasına xüsusi əhəmiyyət verir. Baş verə biləcək fövqəladə halların vaxtında qarşısının alınması və baş vermiş hadisələrin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlərin görülməsi məqsədilə bügün ölkəmiz dünyanın bir sıra dövlətləri ilə yaxından əməkdaşlıq edir.

Prezident İlham Əliyevin yeritdiyi uğurlu siyasət nəticəsində bugün Azərbaycan Xəzəryanı bütün dövlətlərlə sıx əməkdaşlıq və qarşılıqlı dostluq münasibətlərini uğurla inkişaf etdirir. Belə bir təlimin keçirilməsi də Azərbaycan dövlətinin Xəzər dənizində hər zaman sülh və əmin-amanlığa xüsusi əhəmiyyət verməsindən xəbər verir. Bu baxımdan təlim, fəlakət risklərinin effektiv idarə olunması, mövcüd istiqamətlərdə fəaliyyətin gücləndirlilməsi və risklərə gətirib çıxaran halların birgə aradan qaldırılmasına mühüm zəmindir.

Fövqəladə Hallar Nazirliyi öz fəaliyyətini müasir dövrün tələblərinə cavab verən səviyyədə təşkili məqsədilə beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xüsusi əhəmiyyət verib. Nazirliyin əməkdaşları NATO-nun onlarla tədbirində, o cümlədən, fövqəladə halların qarşısının alınması, qəza-xilasetmə işlərinin təşkili ilə bağlı keçirdiyi beynəlxalq təlimlərdə yaxından iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısına əməli işləri ilə cavab verməyə çalışan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ötən illər ərzində dəfələrlə çətin sınaqlardan layiqincə çıxıblar. Mingəçevir Su Elektrik Stansiyasının ərazisində baş vermiş torpaq sürüşməsi zamanı yaranmış təhlükənin operativ şəkildə aradan qaldırılması, Bakı şəhərindəki Naxçıvani və Murtuza Muxtarov küçələrinin kəsişməsində tikilən 16 mərtəbəli yaşayış binasının uçması nəticəsində əmələ gəlmiş dağıntılar altından insanların xilas edilməsi, Azərbaycanın ayrı-ayrı bölgələrində Kür və Araz çaylarında yaranan bolsululuq nəticəsində baş verən daşqınların, ölkənin şimal-qərb bölgəsində baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması, zərərçəkmiş əhali üçün yeni yaşayış qəsəbələrinin salınması, Neft Emalı Zavodunda yanğının söndürülməsi, Xəzər dənizində yerləşən "Bulla-dəniz" yatağında baş vermiş qəzanın aradan qaldırılması, Binəqədi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında dəhşətli yanğının söndürülməsi, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində görülən tədbirlər, onlarla digər belə əməliyyatlar hər dəfə təsdiqləyib ki, Fövqəladə Hallar Nazirliyi bütün, hətta ən çətin missiyaların öhdəsindən gəlməyə hazırdır.

Beynəlxalq məkanda etibarlı tərəfdaş kimi nüfuz qazanan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə mülkü müdafiə sahəsində bir sıra regional və beynəlxaq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi nazirliyin əməkdaşlarının bilik və bacarıqlarının, peşə hazırlıqlarının daha da artırılması, təcrübə mübadiləsinin həyata keçirilməsi baxımından əhəmiyyətli olub.

Fövqəladə Hallar Nazirliyinin tərkibində hər  cür xilasetmə texnika və avadanlıqları, o cümlədən təyyarə və helikopterlərlə təchiz olunmuş xüsusi beynəlxalq axtarış-xilasetmə dəstəsi müxtəlif ölkələrdə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması, həmçinin, humanitar yardımların çatdırılması əməliyyatlarını uğurla yerinə yetirib.

Ölkə başçısının tapşırığına əsasən, 2010-cu ildə Rusiya Federasiyasında, 2010-cu və 2016-cı illərdə İsrail Dövlətində baş vermiş meşə yanğınları, 2010-cu ildə Pakistan İslam Respublikasındakı daşqınlar, 2011-ci ildə Türkiyə Respublikasının Van vilayətində zəlzələ, 2012-ci ildə Rusiya Federasiyasının Krasnodar diyarında və Dağıstan Respublikasındakı daşqınlar, həmin il İran İslam Respublikasında baş vermiş zəlzələ, 2014-cü ildə Əfqanıstan İslam Respublikasının şimalında baş vermiş leysan yağışlarının törətdiyi fəsadların, həmçinin, Serbiya Respublikası və Bosniya və Hersoqovinada daşqınların nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq köməklik göstərilib, həmçinin, Azərbaycan Respublikasının hökuməti səviyyəsində 2010-cu ildə Haitidə baş vermiş zəlzələnin, 2013-cü ildə Filippində baş vermiş qasırğanın fəsadlarının aradan qaldırılması məqsədilə və Somalidə aclıqdan əziyyət çəkən insanlar üçün maddi yardımlar edilib. Eyni zamanda, 2013-cü ildə Misirdəki iğtişaşlarla əlaqədar burada yaşayan azərbaycanlıların, 2015-ci ildə Nepalda baş vermiş dağıdıcı zəlzələ nəticəsində fəlakət zonasında olan soydaşlarımızın və xarici ölkə vətəndaşlarının Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə ilə təcili təxliyyəsi həyata keçirilib. 2017-ci ilin aprel ayında Azərbaycan Hökuməti adından Cibuti Respublikasına humanitar yardım yola salınıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, FHN-nin şəxsi heyəti 2017-ci ilin avqust-sentyabr aylarında Gürcüstanda baş vermiş meşə yanğınlarının söndürülməsində əsl peşəkarlıq nümunəsi göstərib. Dövlət başçısı İlham Əliyevin digər tapşırığına əsasən, Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan Hökuməti adından humanitar yardım ünvanına çatdırılıb.

Böyük təcrübəyə, geniş kadr potensialına və zəngin maddi-texniki bazaya malik olan Fövqəladə Hallar Nazirliyi ölkəmizin beynəlxalq arenada əldə etdiyi nailiyyətlərə öz töhfəsini verir. Son illər bir çox mötəbər beynəlxalq tədbirlərə, o cümlədən böyük idman yarışlarına, "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi edən respublikamızda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunması, baş verə biləcək istənilən fövqəladə hadisənin qarşısının vaxtında alınması istiqamətində Fövqəladə Hallar Nazirliyinin aidiyyəti üzrə gördüyü tədbirlər ölkə rəhbərliyi tərəfindən göstərilən etimadın doğrulması istiqamətində atılan addımlardandır. Tarixə qızıl hərflərlə yazılan 2015-ci ilin iyun ayında ölkəmizdə keçirilən Birinci Avropa Oyunları, 2017-ci ilin may ayında Bakıda keçirilən dördüncü İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları zamanı Fövqəladə Hallar Nazirliyi tərəfindən genişmiqyaslı texniki və təhlükəsizlik tədbirlər proqramı həyata keçirilib, insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qabaqlayıcı addımlar atılıb.

Bu gün hər bir Azərbaycan vətəndaşı dara düşəndə "112" nömrəsini yığaraq, vaxtında və keyfiyyətli yardım ala bilir. Fövqəladə Hallar Nazirliyinin qüvvələri lazımi anda, lazımi yerdə fəlakətlə üzləşən insanların yanında olmağı bacarır və hər zaman Azərbaycan vətəndaşlarının dincliyi, rahatlığı və təhlükəsizliyinin keşiyindədir.

Bir sözlə, Fövqəladə Hallar Nazirliyinin məqsədyönlü fəaliyyəti nəticəsində fövqəladə halların idarə olunması sahəsində əldə olunan nailiyyətlər göz qabağındadır. Bu, Prezident İlham Əliyevin ölkənin fövqəladə hallardan etibarlı müdafiəsi istiqamətində yürütdüyü siyasətin bariz ifadəsidir.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il