ENG     17 Dekabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
16 Dekabr 2017-ci il
N 41 (556)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Rəsmi xronika

Azərbaycan Prezidenti İlham Əliyevin Tərtər, Ağcabədi və Sabirabad rayonlarına səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Tərtər, Ağcabədi və Sabirabad rayonlarında səfərdə olub.

Noyabrın 28-də səfəri çərçivəsində dövlətimizin başçısı  əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verib.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib.

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə fəaliyyətə başlayıb və müxtəlif illərdə köhnə, uyğunlaşdırılmış binalarda yerləşdirilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında ötən il muzey üçün yeni binanın inşasına başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri artıq başa çatdırılıb. Muzeydə ümumilikdə 2000 eksponat var ki, onlardan 250-si ekspozisiya zalında nümayış olunur. Muzeydə 40 yerlik konfrans zalı, elmi araşdırmalar şöbəsi üçün otaq da yaradılıb.

Noyabrın 28-də Prezidenti İlham Əliyev Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışında iştirak edib. 

 "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verib ki, uzunluğu 29,5 kilometr olan Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu üçüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı, hərəkət hissəsinin eni 8 metr olan yol inşa edilərkən 39,7 min kubmetr torpaq işləri görülüb, müxtəlif diametrli suötürücü borular tikilib, 14 avtobus dayanacağı yaradılıb. Bundan əlavə, yol üzərində işıq dirəkləri quraşdırılıb, yol nişanları və göstərici lövhələr yerləşdirilib. Yolun 17-ci kilometrliyində İncəçay çayı üzərində uzunluğu 34,8 metr, eni 10,5 metr olan körpü inşa edilib.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Prezidentin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə edilmiş əlavələrə uyğun olaraq, Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi salınıb.

Prezident İlham Əliyev Ağdam rayonundan məcburi köçkün Pakizə Məmmədovanın mənzilində olub, yaradılan şəraitlə maraqlanıb.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 1170 mənzilin ümumi sahəsi 88 min kvadratmetrdir. Mənzillərdən 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dördotaqlıdır. Mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürüləcək.

Qeyd olunub ki, 50 hektarlıq torpaq sahəsində inşa edilən yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri - məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub.

Yaşayış kompleksindəki məktəblə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, bu təhsil ocağı 1200 şagird yerlikdir. Burada şagirdlərin elmin sirlərinə yiyələnmələri üçün bütün imkanlar var.

Prezident İlham Əliyev məktəbin yeməkxanasında, o cümlədən kitabxanada yaradılan şəraitlə tanış olduqdan sonra Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşüb.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi hissədə yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına məlumat verilib ki, 6 hektar ərazisi olan hərbi hissədə qərargah binası, üç əsgər yataqxanası, 360 nəfərlik əsgər yeməkxanası, müxtəlif təyinatlı anbarlar, məişət otaqları və digər infrastruktur bölmələri, 100 maşınlıq avtomobil parkı yerləşir.

Müdafiə naziri Zakir Həsənov cəbhədəki əməliyyat şəraiti barədə Prezident, Ali Baş Komandan İlham Əliyevə ətraflı məlumat verib.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsinin ətrafında və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verib.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfəri çərçivəsində Bayraq Muzeyinin və Tarix-Diyarşünaslıq Muzeyinin,  Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilmiş 4 nömrəli körpələr evi-uşaq bağçasının açılışlarında iştirak edib.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağcabədi Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.

Gənclər və idman naziri Azad Rəhimov Ağcabədi Olimpiya İdman Kompleksində yaradılan şərait barədə dövlətimizin başçısına ətraflı məlumat verib.

Bildirilib ki, kompleksin tikintisinə 2012-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin noyabrında başa çatdırılıb. Bu kompleks müasirliyi ilə diqqəti cəlb edir. Ümumi ərazisi 5 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və ağcabədili idmançılarla görüşüb.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev noyabrın 28-də Ağcabədi rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Hərbi hissədə Qərargah binası, əsgər yataqxanaları, yeməkxana kompleksi, tibb məntəqəsi və digər zəruri binalar inşa olunub. Qərargah binasında hərbi hissənin döyüş bayrağının yerləşdiyi xüsusi guşə yaradılıb, idarə heyətinin xidməti otaqları, konfrans zalı və digər zəruri otaqlar istifadəyə verilib. Qərargah binasında komandanlığın yüksək səviyyədə çalışması və istirahəti üçün bütün zəruri şərait mövcuddur.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi hissənin əsgər yataqxanasında olib, burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraitinə baxıb.

Prezident, Ali Baş Komandan İlham Əliyevə interaktiv təlim-məşq sistemi barədə məlumat verilib. Bildirilib ki, burada şəxsi heyətin sinif şəraitində atəş qabiliyyətinin artırılması təlimləri keçirilir.

Noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Ağcabədi rayonunda yeni çörək və un məmulatları zavodunun açılışında iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verib ki, hazırda Azərbaycanda gündəlik istehsal gücü 2,2 min ton olan 160-dan çox çörək istehsalı müəssisəsi fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 113,3 milyon manat, gündəlik istehsal gücü 827,6 ton olan 30 çörək zavodunun tikintisinə, müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 54 milyon manat güzəştli kredit verilib. Bu müəssisələrdən gündəlik istehsal gücü 443,6 ton olan 13-ü Bakının qəsəbələrində, gündəlik istehsal gücü 384 ton olan 17-si isə regionlardadır. Regionlarda yaradılan və müasir avadanlıqla təchiz olunan çörək zavodlarından biri də "Cahidoğlu" MMC-nin Ağcabədi çörək və un məmulatları zavodudur.

Prezident İlham Əliyev müəssisəni işə salıb, istehsal prosesinə və hazır məhsullara baxıb.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən sosial layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma mərasimində iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə sənaye məhəllələrinin yaradılması istiqamətində görülən işlər haqqında dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, iyirmi hektar ərazidə salınacaq bu sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistika mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır.

Prezident İlham Əliyev Sabirabad Sənaye Məhəlləsinin təməlini qoyub.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonunda Bayraq Muzeyinin açılışında iştirak edib.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində 205 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, ötən əsrin 70-ci illərində inşa olunan xəstəxananın binası yararsız vəziyyətə düşdüyündən dövlətimizin başçısının tapşırığı ilə yeni binanın tikintisinə başlanılıb. Yeni xəstəxana üçün 4,77 hektar torpaq sahəsi ayrılıb. Ərazinin 1,2 hektarında dördmərtəbəli üç binadan ibarət xəstəxana kompleksi inşa olunub. Tikinti işlərinə 2012-ci ildə başlanıb və bu ilin oktyabrında başa çatdırılıb. Binalar milli memarlıq baxımından da göz oxşayır.

Diqqətə çatdırılıb ki, bu səhiyyə müəssisəsində 553 tibb işçisi çalışacaq. Onların 70-i həkimdir. Bu tibb ocağındakı cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, doğum, nevrologiya, anesteziologiya və reanimasiya, hemodializ, fizioterapiya, infeksion, poliklinika, təcili təxirəsalınmaz yardım şöbələri, klinik laboratoriya, şüa diaqnostika kabinetləri tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib. Xəstəxananın yardımçı binalarında qazanxana, su anbarı və generatorlar quraşdırılıb. Ərazi abadlaşdırılıb, yaşıllıq zolağı salınıb.

Sonra Prezident İlham Əliyev Sabirabad rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşüb.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonunda əsaslı şəkildə bərpa olunaraq yenidən qurulmuş Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqarağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan-Gəncəli avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Prezidentinin 2017-ci il 7 iyul tarixli Sərəncamı ilə əsaslı təmir olunan 60 kilometrlik yolun 19,6 kilometrlik hissəsi istismara hazırdır. 15 yaşayış məntəqəsini birləşdirən bu yolda 41 min sakinin rahat və təhlükəsiz gediş-gəlişi təmin olunacaq.

Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulmuş avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Sabirabad rayonunun Nizami kəndində "Sabirabad Quşçuluq" MMC-nin əmtəəlik yumurta və quş əti istehsalı fabrikinin fəaliyyəti ilə tanış olub.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verib ki, fabrikin ərazisində 10 ferma binası, hər birinin tutumu 2,5 min ton olan 6 silos və gücü saatda 5 ton olan yem zavodu tikilib. Fabrikdə ildə 109 milyon ədəd əmtəəlik yumurta, 1,4 min ton quş əti və 750 min baş ətlik kənd toyuğunun istehsalı nəzərdə tutulub. İstehsal olunan əmtəəlik yumurta və quş əti "Sabirabad Quşçuluq" brendi ilə istehlakçılara təqdim ediləcək. Layihənin icrası nəticəsində 150 nəfər daimi iş yeri ilə təmin olunacaq.

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabada səfəri çərçivəsində tamamilə bərpa edilərək yenidən qurulmuş Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun açılışında iştirak edib.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov məlumat verib ki, yeni yol 20 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirir. Ümumi uzunluğu 43 kilometr olan 4-cü texniki dərəcəli yolun hərəkət hissəsinin eni 6 metr, 2 hərəkət zolağının hər birinin eni isə 3 metrdir. Yenidənqurma zamanı burada genişmiqyaslı torpaq işləri görülüb, qum-çınqıl və iki laydan ibarət 12 santimetr qalınlığında asfalt-beton döşənib. 144 metr uzunluğunda müxtəlif diametrli suötürücü borular tikilib, kifayət qədər yol təhlükəsizlik dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il