ENG     18 Noyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
17 Noyabr 2017-ci il
N 37 (552)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Rəsmi xronika

Azərbaycan Prezidenti İlham Əliyevin İrana işgüzar səfəri

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasında işgüzar səfərdə olub.

Noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan və İran xalqları arasında tarixi, mədəni və dini köklərin mövcudluğunun əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edildi. Son beş ildə dövlət başçıları arasında on görüşün keçirilməsi uğurlu əməkdaşlığımızın səviyyəsinin göstəricisi kimi qiymətləndirildi, siyasi əlaqələrin uğurla inkişaf etdiyi bildirildi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu. Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti və münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin vəziyyəti barədə məlumat verdi. Hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələləri və bu istiqamətdə perspektivlər müzakirə olundu, regional məsələlərə toxunuldu, terrorizm və ekstremizmə qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Qeyd edildi ki, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlığı böyük potensiala malikdir və bu format çox önəmli sahələrdə əməkdaşlıq üçün yaxşı nəticələr verə bilər.

Görüşdə iqtisadi əməkdaşlıq məsələləri müzakirə olundu, ticarət dövriyyəsinin keçən il 70 faiz, bu ilin 9 ayında isə 33 faiz artması yüksək qiymətləndirildi. Söhbət zamanı qarşılıqlı sərmayə qoyuluşu, energetika, neft-qaz, nəqliyyat sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin uğurla icra olunduğu vurğulandı.

Noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Rusiya Prezidenti Vladimir PUTİN dedi:

-Hörmətli İlham Heydər oğlu.

Sizi görməyimə çox şadam - bu dəfə Tehranda. Biz müntəzəm görüşürük və telefonla danışırıq, daimi əlaqədəyik. Bu, təbiidir, çünki bizim ölkələrimiz arasındakı münasibətlər xüsusi xarakter daşıyır. Sözsüz ki, bu, strateji tərəfdaşlıq xarakteridir.

Biz Sizinlə Azərbaycan ilə Rusiyanın nə qədər tellərlə bağlı olduğunu bilirik. Qeyd etməliyəm ki, ikitərəfli əlaqələrin inkişafı üzrə, ümumiyyətlə, səylərimiz hədər getmir. Mən bu ilin ilk doqquz ayında əmtəə dövriyyəsinin artımını nəzərdə tuturam. Bu, demək olar ki, 62 faizdir.

Biz digər istiqamətlərdə də işləyirik, regional problematika üzrə daim məsləhətləşirik. Sizinlə ikitərəfli formatda görüşmək imkanına görə çox şadam.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Sağ olun, Vladimir Vladimiroviç.

Mən də Sizi yenidən görməyimə çox şadam. Biz bu il artıq dəfələrlə görüşmüşük və bizim görüşlərimiz həmişə yaxşı nəticələrə aparıb çıxarır. Çünki biz münasibətlərin inkişafına yeni impuls veririk. Çox şadıq ki, iqtisadi sahədə də əmtəə dövriyyəsi müəyyən mürəkkəb proseslərdən sonra artır. Bu, biznes qurumları arasında böyük qarşılıqlı marağın olduğunu göstərir, əmtəə dövriyyəsinin artımı da bizim iqtisadiyyatımızın bərpasının, qarşılıqlı marağın göstəricisidir.

Bizim Rusiya ilə münasibətlərimiz strateji xarakter daşıyır və biz həmin münasibətləri elə bu cür səciyyələndiririk. Bütün istiqamətlərdə - humanitar, iqtisadi, energetika, nəqliyyat, hərbi-texniki sahələrdə əməkdaşlıq edirik. Buna görə də bu, dostlar, qonşular, yaxın tərəfdaşlar arasında tammiqyaslı münasibətlərdir.

Həmçinin çox şadam ki, bugünkü görüş üçtərəfli Sammit müstəvisində keçir. Mən deyərdim ki, bu da qlobal miqyaslı çox mühüm hadisədir. Çünki bu əməkdaşlıq dərin tarixi köklərə və bizim ölkələrimizin beynəlxalq arenada göstərdikləri qarşılıqlı maraqlara, qarşılıqlı dəstəyə əsaslanır. Belə ki, yeni görüşümüzə və əminəm ki, əlaqələrimizin möhkəmlənməsinə yeni təkan verəcək mühüm məsələləri müzakirə edəcəyimizə çox şadam.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Tehranda İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşüb.

Görüşdə xalqlarımız arasındakı tarixi, mədəni və dini bağlılığın ölkələrimizi bir-birinə daha da yaxınlaşdırdığı qeyd edildi. Azərbaycan ilə İran arasındakı dostluq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Vurğulandı ki, iki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf etməsi üçün yaxşı imkanlar var.

Noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib.

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Rusiya Federasiyasının Prezidenti Vladimir Putini qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Sonra dövlət başçılarının üçtərəfli Zirvə görüşü keçirildi.

İran, Azərbaycan və Rusiya prezidentləri görüşdə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxışında dedi:

- Hörmətli prezidentlər.

Hörmətli Zirvə görüşünün iştirakçıları.

İlk növbədə, İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaniyə göstərdiyi qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Bugünkü Zirvə görüşünün böyük əhəmiyyəti var.

Bu görüş keçən il yaradılmış üçtərəfli, yüksək səviyyəli əməkdaşlıq formatının möhkəmləndirilməsi işində mühüm addımdır.

Keçən ilin avqust ayında Bakıda İran, Rusiya, Azərbaycan prezidentlərinin ilk Zirvə görüşü keçirilmişdir. Görüşün gözəl nəticələri üçtərəfli əməkdaşlığın dərinləşməsinə xidmət etmişdir. Əminəm ki, bugünkü görüş də bir çox önəmli məsələlərin həllində öz rolunu oynayacaqdır.

Azərbaycan dünyada yeganə ölkədir ki, onun həm İran, həm də Rusiya ilə sərhədləri var. Ölkələrimizin coğrafi vəziyyəti əməkdaşlığımızın önəmli amilidir. Xalqlarımızın tarixi əlaqələri isə üç ölkə arasında tərəfdaşlığın möhkəm təməlini təşkil edir.

Azərbaycan İran və Rusiya ilə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq həyata keçirir. İranla İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO), Rusiya ilə MDB, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə fəaliyyətimizi qeyd etmək istərdim. Biz BMT çərçivəsində də fəal əməkdaşlıq edirik.

Bu gün dünyada beynəlxalq hüququn normalarının bərqərar olması gündəlikdə duran ən önəmli məsələlərdən biridir. Əfsuslar olsun ki, bir çox hallarda bu normalar işləmir və kobudcasına pozulur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi buna əyani misaldır. Ermənistan Azərbaycanın əzəli torpağı, ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və ətraf 7 rayonu 20 ildən çoxdur ki, işğal altında saxlayır. İşğal edilmiş torpaqlarda Azərbaycan əhalisi etnik təmizləmə siyasətinə məruz qalıb, 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Qeyd etmək lazımdır ki, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən bu münaqişə ilə bağlı müvafiq qərar və qətnamələr qəbul olunmuşdur. Bunların sırasında dünyanın aparıcı qurumu olan BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər təşkilatların qəbul etdiyi oxşar qərar və qətnamələri göstərmək olar. Ancaq Ermənistan buna məhəl qoymur, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir, işğalçı siyasətini davam etdirir. Erməni işğalına tezliklə son qoyulmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri dərhal icra edilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş qətnamələr isə 20 ildən çoxdur ki, kağız üzərində qalır. Bu, ikili standartların göstəricisidir. Bugünkü status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bizim qaçqın və köçkünlərimiz öz ata-baba torpaqlarına qayıtmalı və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir.

Hörmətli görüş iştirakçıları, üçtərəfli format iqtisadi əməkdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkan yaratmışdır. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu gündəlikdə olan vacib məsələlərdəndir. Qeyd etmək lazımdır ki, Azərbaycanın Rusiya və İran ilə ticarət dövriyyəsi 2017-ci ilin yanvar-sentyabr aylarında 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artmışdır. Gələcəkdə biz bu müsbət dinamikanı saxlamalı və artırmalıyıq. İrandan və Rusiyadan Azərbaycan iqtisadiyyatına qoyulan sərmayənin həcmi artır. Keçənilki Zirvə görüşündən sonra İran şirkətləri Azərbaycanda avtomobil və dərman preparatları zavodlarının tikintisinə iri həcmdə sərmayələr qoymuşdur. Rusiya şirkəti isə daha bir dərman preparatları zavodunun tikintisinə böyük sərmayə yatırır. Azərbaycan da öz növbəsində hər iki ölkəyə sərmayə qoyuluşunu artırır. Bu sərmayə layihələri qarşılıqlı dostluğun və inamın təzahürüdür. Üç ölkə arasında əlaqələrin uğurlu inkişafının nəticəsi olaraq biznes dairələri də daha inamla sərmayə qoymağa başlamışlar. Ümid edirəm ki, bugünkü Zirvə görüşü də ölkələrimizin biznes dairələrinin daha da ruhlandırılmasına və qarşılıqlı sərmayə qoyuluşunun artırılmasına xidmət edəcək.

Ölkələrimiz neft-qaz sahəsində də uğurlu əməkdaşlıq həyata keçirirlər. İran və Rusiya şirkətləri 20 ildən artıqdır ki, Xəzərin Azərbaycan sektorunda neft-qaz yataqlarının işlənilməsində iştirak edirlər.

Elektroenergetika sahəsində əməkdaşlıq inkişaf edir. Azərbaycan həm İran, həm də Rusiya ilə öz enerji xətlərini birləşdirib. Azərbaycanın və Rusiyanın enerji sistemləri paralel iş rejimində fəaliyyət göstərir. İki ölkənin enerji sistemlərini "Xaçmaz-Dərbənd" və "Yalama" elektrik verilişi xətləri birləşdirir. İran-Azərbaycan enerji sistemlərini isə "İmişli-Parsabad" elektrik xətləri birləşdirmişdir. Araz çayında Ordubad və Marazad Su Elektrik stansiyalarının tikintisi haqqında imzalanmış saziş qüvvəyə minmiş və icra edilir. Ordubad Su Elektrik Stansiyasının tikintisi uğurla gedir.

Nəqliyyat sektorunda üçtərəfli əməkdaşlıq yaxşı nəticələr verir. Bu il Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər inşa etmişdir. Biz, eyni zamanda, Astara çayı üzərində 82 metr uzunluğunda dəmir yolu körpüsü tikmiş və istifadəyə vermişik. Bundan əlavə, İran ərazisində 1,4 kilometr yol və terminallar tikilməsi üçün 35 hektarlıq ərazi Azərbaycan tərəfindən uzunmüddətli icarəyə götürülmüşdür.

Bu il üç ölkə arasında dəmir yollarında daşınma tarifləri razılaşdırılmışdır. Beləliklə, Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilmişdir. Bu yol Şimal-Cənub nəqliyyat dəhlizinin önəmli hissəsidir. Azərbaycan, eyni zamanda, İran ərazisində Astara-Rəşt dəmir yolunun tikintisinin maliyyələşdirilməsində iştirak etməyə hazırdır. Artıq İran tərəfi ilə Astara-Rəşt dəmir yolunun tikintisi və avadanlıqla təchiz olunması layihəsi üzrə 500 milyon dollar dəyərində kredit sazişi ilə bağlı danışıqlar bu yaxınlarda uğurla başa çatmışdır.

Gələn il Bakı-İran sərhədi müasir magistral avtomobil yolu istismara veriləcək. Bakı-Rusiya sərhədi magistral avtomobil yolunun son hissəsinin inşası da gələn il ən yüksək səviyyədə başa çatdırılacaqdır.

Beləliklə, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yaradılması prosesi son mərhələyə qədəm qoyub. Şimal-Cənub nəqliyyat dəhlizi bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir.

Hörmətli həmkarlar, bizi birləşdirən Xəzər dənizi ümumi sərvətimizdir. Xəzər sülh, dostluq və əməkdaşlıq dənizidir. Xəzər dənizində sərhəd mühafizəsi işində etibarlı əməkdaşlıq mövcuddur.

Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə keçirilən "Beynəlxalq Ordu Oyunları - 2017" çərçivəsində bu yaxınlarda Bakıda "Dəniz Kuboku - 2017" beynəlxalq yarışları təşkil olundu. Bundan əlavə, hərbi dəniz qüvvələrimizin gəmiləri qarşılıqlı olaraq dostluq səfərləri həyata keçirirlər. Xəzərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, narkotrafik, qaçaqmalçılığa qarşı birgə mübarizə yaxşı nəticələrə gətirib çıxarıb. Bu sahələrdə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.

Azərbaycan sivilizasiyalararası, dinlərarası dialoqun möhkəmləndirilməsi işinə də öz töhfəsini verir. Bizim təşəbbüsümüzlə 2008-ci ildə başlanan, 100-dən çox müsəlman və xristian ölkəsini birləşdirən "Bakı Prosesi" BMT tərəfindən dəstəklənir və yüksək qiymətləndirilir.

2015-ci və 2017-ci illərdə 100-dən çox ölkənin iştirakı ilə Bakıda keçirilən birinci Avropa və dördüncü İslam Həmrəyliyi Oyunları idman yarışları olmaqla bərabər, eyni zamanda, mədəniyyətlərarası dialoqa verdiyimiz növbəti töhfə idi.

Çıxışımın sonunda qeyd etmək istərdim ki, İran, Rusiya, Azərbaycan üçtərəfli əməkdaşlığı regionda təhlükəsizliyin, sabitliyin, iqtisadi inkişafın təmin olunmasına xidmət edir. Bu əməkdaşlıq əyani şəkildə göstərir ki, qonşular arasında münasibətlər necə qurulmalıdır. Biz dostluq və mehriban qonşuluq nümunəsi göstəririk.

Bizim əlaqələrimiz qarşılıqlı hörmət, anlaşma, xoş niyyət və dostluq prinsiplərinə əsaslanır. Əminəm ki, üçtərəfli əməkdaşlığımız gələcəkdə də uğurla davam etdiriləcəkdir.

Diqqətinizə görə sağ olun.

Görüşün sonunda Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin Zirvə görüşünün Birgə Bəyannaməsini imzaladılar.

Noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü başa çatdıqdan sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

Sonra rəsmi ziyafət verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi ziyafətdə iştirak etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin İrana işgüzar səfəri noyabrın 1-də başa çatdı.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il