ENG     21 Oktyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
20 Oktyabr 2017-ci il
N 33 (548)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

QAZ TƏSƏRRÜFATI: YANĞIN, PARTLAYIŞ, ZƏHƏRLƏNMƏ TƏHLÜKƏSİNDƏN NECƏ MÜHAFİZƏ OLUNMALI

Qaz cihazlarından təlimata uyğun düzgün istifadə edilməməsi səbəbindən çox vaxt insan itkisi ilə nəticələnən partlayış, yanğın, zəhərlənmə kimi bədbəxt hadisələr baş verir. Bu onu göstərir ki, sakinlər hələ də təbii qazdan, ümumiyyətlə bütövlükdə qaz təsərrüfatından istifadə edərkən təhlükəsizlik qaydalarına tam əməl etmirlər. Onlar standartlara uyğun olmayan, istehsal mənşəyi bilinməyən qaz cihazlarından istifadə edir, qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri, əlavə qaz cihazlarının quraşdırılması kimi hallara yol verirlər. Bütün bunları nəzərə alaraq qaz, qaz cihazları, qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının tələblərini bir daha istehlakçıların - müəssisə, təşkilat rəhbərlərinin və əhalinin nəzərinə çatdıraraq aşağıdakı qaydalara əməl olunmasını vacib hesab edirik.

QAZ TƏSƏRRÜFATI: TƏHLÜKƏSİZLİK QAYDALARINA NƏDƏN BAŞLAMALI?

Qaz təsərrüfatının mövcud olduğu sahələrdə yanğın, partlayış və dəm qazından zəhərlənmə kimi arzuolunmaz hallardan mühafizə olmaq üçün mülkiyyət formasından asılı olmayaraq hər bir təşkilatın, həmçinin hər bir vətəndaşın bir sıra qaydalara əməl etməsi zəruridir.

Qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarına tikinti və quraşdırma işlərindən başlamaq lazımdır. Təhlükəsizliyi təmin etmək üçün yaşayış binalarında yanğın təhlükəsizliyi ilə bağlı bütün qaydaların tələblərinə riayət olunmalıdır.

QAZDAN İSTİFADƏ EDƏRKƏN TƏHLÜKƏSİZLİK QAYDALARINA ƏMƏL EDİN!

- İstənilən satış mərkəzindən əldə edilən məişət cihazının müvafiq sənədləri ilə, o cümlədən texniki pasportu, uyğunluq sertifikatı və s. ilə tanış olmalı, onlardan istifadə qaydasını satışı həyata keçirən mağazanın nümayəndəsindən öyrənmək lazımdır.

- Qaz cihazlarının istər obyektdə, istərsə də evdə quraşdırılması mütləq qaydada bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən həyata keçirilməlidir.

-Təyinatından asılı olmayaraq obyektlərdə və yaşayış sahələrində standarta uyğun olmayan qaz cihazlarından istifadə etmək olmaz.

- Quraşdırılan hər bir məişət qaz qızdırıcısı tələb olunan standartlara cavab verməli, onların təhlükəsizlik qurğuları daima saz vəziyyətdə olmalı və istifadəsi zamanı müəyyən edilmiş təhlükəsizlik qaydalarına tam riayət edilməlidir.

- Müəyyən məqsədlər üçün qaz cihazlarından qurğu və aqreqatların, hissələrin çıxarılmasına yol vermək olmaz.

MƏNZİLƏ DAXİL OLARKƏN...

Mənzildə adam olmayanda içəri daxil olarkən dərhal işığı yandırmayın, elektrik cihazlarını işə salmayın, açıq oddan, siqaretdən istifadə etməyin. Otağın havasını dəyişin. Qaz iyi olub-olmamasını dəqiqləşdirin, qaz iyi hiss edilərsə, qapı və pəncərəni açıb mənzilin havasını dəyişməyi unutmayın və qəza xidmətinə xəbər verin.

QAZ CİHAZLARINI, SOBANI YANDIRMAZDAN ƏVVƏL...

-Nəzarət kranlarının və sobanın işçi kranlarının bağlı olduğunu yoxlayın;

-Əvvəlcə nəzarət kranını açın;

-Yanan kibriti odluğa yaxınlaşdırın, sonra isə ehmalca işçi kranı açıb məşəli lazımınız olan qədər tənzimləyin. Yanma prosesi düzgün gedirsə, məşəl mavi və parlaq olur.

- Məşəlin rəngi sarı və qırmızıya çalırsa, deməli, yanma prosesi düzgün getmir, odluq təmizlənməli və tənzimlənməlidir.

- Sobanın qril qutusunda qazı yandırarkən daha ehtiyatlı olmaq lazımdır. Qutunun qapağını açıb 1-2 dəqiqə havasını dəyişmək lazımdır. Yanan kibriti odluğa yaxınlaşdırıb kranı sonra açmaq lazımdır.

HƏR BİR VƏTƏNDAŞ BİLMƏLİDİR Kİ...

- Hər birimizin və ətrafdakı adamların təhlükəsizliyi qaz cihazlarından isifadə qaydalarına riayət edilməsindən çox asılıdır;

- Cihazların normal işləməsi üçün onların təmiz və saz halda saxlanması vacib şərtdir;

- Əlinizdə yanılı kibrit çöpü olmadan odluğun kranını açmayın.

QAZDAN İSTİFADƏ EDƏRKƏN AŞAĞIDAKILARI BİLMƏYİNİZ VƏ ƏMƏL ETMƏYİNİZ VACİBDİR

- Standartlara uyğun olmayan qaz cihazlarından, sobalarından istifadə etmək olmaz;

- Qış mövsümü başlanmazdan əvvəl mütəxəssislər tərəfindən sobalara baxış keçirilməli, bütün sobaların tüstü bacaları təmizlənməlidir;

- Qaz sobaları və cihazlar işə salınarkən odluğun qapağı açılmalı, 5-10 dəqiqə hava dəyişdirilməlidir;

- Qaz cihazlarını yanılı halda qoyub yatmaq, uşaqların, xəstələrin ümidinə qoyub evdən çıxmaq qorxuludur;

- Yanmaqda olan odluqların üstünə maye dağılması təhlükəlidir;

- Qaz cihazına qazın verilməsində rezin şlanqlardan istifadə olunması qəti qadağandır;

- Qaz cihazları olan otaqlarda tezalışan məhsulların yerləşdirilməsi və saxlanılması təhlükəlidir;

- Qaz kəmərlərindən və cihazlarından qazın sızmasını yoxlamaq üçün açıq oddan istifadə etmək qəti qadağandır. Bundan ötrü yalnız sabun məhlulundan istifadə edilməlidir;

- Tüstü bacası çəkmədikdə qazla işləyən suqızdırıcını işə salmaq olmaz;

- Qaz cihazlarından istifadə edərkən pəncərənin nəfəsliyi açıq olmalı, mənzili tərk edərkən qaz cihazları mütləq söndürülməlidir;

- Yanan qaz cihazlarını nəzarətsiz qoymaq, sobaların həddindən artıq qızmasına yol vermək olmaz.

MƏTBƏXDƏ QAZLA EHTİYATLI OLUN!

- Məişət qaz sobalarının üzərinə qazanı, çaydanı, çayniki elə doldurub qoymaq lazımdır ki, su qaynayanda daşmasın. Qaynayan su daşıb odluğu söndürə bilər, mətbəxə qaz sızması baş verər və bu da partlayışla nəticələnər;

- Mətbəxin havası daima dəyişdirilməlidir. Ventilyasiyanın olmaması mətbəxə dəm qazı yığılmasına səbəb olur ki, bu da zəhərlənmə halları ilə nəticələnir. Ventilyasiya elə qurulmalıdır ki, qaz yanan mətbəxin havası 1 saatda azı 3 dəfə dəyişmiş olsun;

- Yanan qaz sobasını hətta qısa müddətə belə nəzarətsiz qoymayın. Bu, gecə saatlarında daha qorxuludur. Qaz sönə bilər və otağa dolan qaz partlayış, yanğın və boğulmaya səbəb olar.

SU QIZDIRICILARI: YANĞIN, PARTLAYIŞ VƏ ZƏHƏRLƏNMƏ HALLARI BAŞ VERMƏMƏSİ ÜÇÜN NƏ ETMƏLİ?

- Suqızdırıcıları işə salmazdan qabaq tüstü bacasının tüstünü çəkib-çəkmədiyi yoxlanılmalıdır. Bunun üçün yanan kibriti suqızdırıcının üst qapağına yaxınlaşdırmaq kifayətdir;

- Məşəl içəri sovrulursa normal, məşəl şaquli vəziyyətdə qalırsa və ya əks tərəfə üfürülürsə, tüstü bacasının işi qeyri-normal sayılır. Düz axımlı suqızdırıcılarını işə salarkən qızdırıcının şamını yandırmaq lazımdır;

- Vanna otağında nəfəslik, təbii işıq mənbəyi, ventilyasiya kanalı olmalıdır. Qapı bayır tərəfə açılmalı və qapının aşağısında hava daxil olması üçün dəliklər olmalıdır.

Unutmaq olmaz ki, qapının aşağı hissəsində dəliklər olmazsa, yanma məhsulları otağa yığılar. Bu halda dəm qazından (CO) zəhərlənmə halları baş verər;

- Vanna otaqlarında qızdırıcının növündən asılı olmayaraq, ventilyasiya kanalı, tüstü ötürücüsü kanalı işlək vəziyyətdə olmalıdır.

QAZ BALONLARINDAN İSTİFADƏ EDƏRKƏN AŞAĞIDAKI QAYDALARA ƏMƏL ETMƏK VACİBDİR!

- Qaz balonlarının dəyişdirilməsi zamanı yeni və işlənmiş balonların kranlarının bağlı olduğuna diqqət yetirin. Dəyişdirilməni ətrafda olan elektrik cihazlarından, istilik mənbələrindən kənarda həyata keçirin;

- Balonlardan istifadə edilmədikdə qazı bağlayın;

- Balonları düzgün qaydada yaxşı ventilyasiya olunan zonada, istilik mənbəyindən kənarda, birbaşa günəş şüalarından uzaqda, oksidləşdirici qazları tez alışan qazlardan, dolu balonları isə boş balonlardan ayrı saxlayın;

- Balondan diyircək, dayaq və s. kimi istifadə etməyin;

- Balonu yaş yerdə və ya yumşaq torpaqda saxlamayın, bu korroziyanın sürətlənməsinə səbəb olacaqdır;

- Alov vasitəsilə balonun qaz buraxmasını yoxlamayın, bunun üçün sabunlu sudan istifadə edin;

- Qaz buraxan və ya zədələnmiş birləşmələrə malik olan balonlardan istifadə etməyin;

-Kranlarda və ya balonda qoyulmuş təhlükəsizlik cihazlarına müdaxilə etməyin.

QAZ İYİ HİSS ETDİKDƏ TƏCİLİ OLARAQ

- Qaz iyi hiss etdikdə açıq oddan istifadə etmək, siqaret çəkmək olmaz;

- Otağın havasını dəyişmək;

- Bütün qaz kranlarını bağlamaq;

- Qaz İdarəsinin Qəza Xidmətinin telefonlarına zəng vurmaqla, qəza briqadalarını çağırmaq lazımdır.

YADDA SAXLAYIN!

Mətbəxdə, mənzildə, vanna otağında, pilləkən qəfəsində, zirzəmi, yarımzirzəmilərdə qaz iyi və ya sizə tanış olmayan iy hiss edirsinizsə, qarlı havada qarın üzərində sarımtıl boz ləkələr, yağışlı havalarda gölməçələrdə, su qabarcıqları nəzərinizə çarpırsa, bu qaz sızmasına işarədir. Bu halda hava dəyişdirmək üçün yelçəkənlər yaradılmalı, açıq oddan istifadə edilməməli, elektrik şəbəkəsini qoşub və cihazları oradan ayırmamalı, Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə, Qaz idarələrinin Qəza Xidmətinə telefonla xəbər verilməlidir.

QAZDAN İSTİFADƏ ZAMANI TƏHLÜKƏSİZLİK QAYDALARININ POZULMASI ZƏHƏRLƏNMƏ İLƏ NƏTİCƏLƏNƏ BİLƏR

Qazdan istifadə olunan yerlərdə havanın daimi hərəkəti olmadıqda yığılan dəm qazının xaric olması çətinləşir, bu isə zəhərlənmə və boğulma kimi təhlükəli hallar yaradır.

Dəm qazının məişətdəki əsas mənbələri nasaz, standarta uyğun olmayan qaz cihazlarıdır, işlək vəziyyətdə olmayan tüstü bacalarıdır.

ZƏHƏRLƏNMƏ HALLARI BAŞ VERİBSƏ...

Qazın yanma məhsullarından zəhərlənmə və boğulma halları baş verdikdə ilk tibbi yardım göstərməyi hamı bacarmalıdır. Yadda saxlamaq lazımdır ki, qazın yanma məhsullarından zəhərlənmə və ya qazdan boğulma hallarında başgicəllənmə, ürək bulanması, qusma, dodaqların göyərməsi, huşun itirilməsi müşahidə olunur.

ZƏHƏRLƏNMƏ ZAMANI:

- Zərərçəkən təmiz havaya çıxarılmalı, yaxası açılmalı, nəfəsalmanı çətinləşdirən bütün amillərdən azad edilməlidir;

- Dərhal təcili yardımdan həkim çağırılmalıdır;

- Zərər çəkənə naşatır spirti iylədilməli, tünd çay və ya qəhvə içirdilməlidir.

- Zərərçəkənin yuxulamasına imkan verilməməli, ayaqlarını isidib, bədəni yüngülcə sürtülməlidir.

Süni nəfəsi həyat əlaməti kəsildikdə və ya son anda vermək lazımdır. Süni nəfəsi ancaq yaxşı hazırlıqlı adamlar verə bilər.

Od almış adamı quru parçaya və ya geyim əşyasına bükməklə söndürmək lazımdır.

Müəssisə və təşkilatlarda, xüsusən də təhsil ocaqlarında, səhiyyə müəssisələrində, uşaq evlərində qaz cihazlarından istifadə edilməsi üçün mütləq məsul şəxslər ayrılmalı və onlar təlimatlandırılmalıdırlar.

Qazla əlaqədar təhlükəsizlik qaydalarını hamı bilməli, ona hər bir vətəndaş ciddi əməl etməlidir. Unutmamalıyıq ki, bu qaydalara əməl etməməklə biz zəhərlənmə, yanğın, partlayış təhlükəsi yaradır, özümüzü, ailə üzvlərimizi, ətrafdakı insanları bədbəxt hadisələrə düçar edirik.

Bir daha əhalinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin - bütün qaz istehlakçılarının nəzərinə çatdırırıq ki, qazdan istifadə edərkən təhlükəsizlik qaydalarının bütün tələblərinə ciddi riayət edilməlidir.

Fövqəladə Hallar Nazirliyinin

Dövlət Yanğın Nəzarəti Xidməti

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il