ENG     20 Senyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
16 Senyabr 2017-ci il
N 28 (543)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Cəmiyyət

Qəbələ rayonunun meşəlik və hündür dağlıq ərazilərində yanğınlar tam nəzarət altına alınmışdır

Avqust ayının 28-də Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşə ərazisində yanğın baş vermişdir. İlk günlərdə yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 91 nəfər şəxsi heyət, 4 ədəd yanğınsöndürmə avtomobili, Mülki müdafiə qoşunlarından 58 nəfər şəxsi heyət, 4 ədəd texnika, Şimal-qərb Regional Mərkəzindən 20 nəfər şəxsi heyət, 4 ədəd texnika, Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri yanğının söndürülməsi işlərinə cəlb olunmuşdur. Eyni zamanda Rayon İcra Hakimiyyətinin və Meşə təsərüfatı idarəsinin 50 nəfər canlı qüvvəsi və 13 ədəd müxtəlif təyyinatlı texnikası cəlb olunmuşdur.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə rayonuna səfər etmiş, yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə müvafiq tapşırıqlarını vermişdir.

Cəlb olunmuş qüvvələrin operativ və effektli idarə edilməsi üçün əməliyyat qərargahı yaradılmışdır. Əməliyyat qərargahına fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev rəhbərlik edir. Görülən işlər barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov mütəmadi məlumatlandırılmışdır.

Yanğının baş verdiyi ərazinin dəniz səviyyəsindən, təqribən, 1000 m hündürlükdə yerləşməsi və havanın isti və küləkli olması yanğının söndürülməsinə çətinlik yaratmışdır. Eləcə də, ərazi yüksək dağ massivində və mürəkkəb relyefdə yerləşdiyindən, texnikanın həmin əraziyə qalxmasında çətinliklər yaranmışdır. Ona görə də yanğının söndürülməsi üçün bütün vasitələrdən, əsasən əl əməyindən və helikopterdən istifadə olunmuşdur. Mürəkkəb keçilə bilən dağlıq ərazilərə tırtırlı traktorlar vasitəsilə qoşqulu su çənləri qaldırılaraq söndürmə işləri aparılmışdır. Keçilməz qayalıq hissələrdə yanğının söndürülməsi Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Ka-32A" helikopteri vasitəsi ilə həyata keçirilmişdir. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə desant dəstəsi helikopterlə əraziyə enərək söndürmə işlərinə qoşulmuşdur.

Sentyabrın 2-dən etibarən Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşə ərazisində başlamış yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrin sayı artırılmışdır. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən, Mülki müdafiə qoşunlarından, Xüsusi Riskli Xilasetmə Xidmətindən, Aviasiya dəstəsindən və Şimal-qərb Regional Mərkəzindən, ümumilikdə, 520 nəfər şəxsi heyət, 36 ədəd texnika və 1 ədəd yanğınsöndürmə helikopteri yanğının söndürülməsinə cəlb olunmuşdur. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin 200 nəfər canlı qüvvəsi, rayon icra hakimiyyətinin 19 ədəd müxtəlif təyinatlı texnikası, 30 nəfər polis əməkdaşı və 2 təcili tibbi yardım avtomobili və yaxın yaşayış məntəqələrinin əhalisindən ibarət könüllü dəstələr yanğının söndürülməsi işlərində iştirak edirlər.

Sentyabrın 4-də Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi ilə əlaqədar rayonun Dandıx kəndinin ərazisində yaradılmış qərargahda əməliyyat müşavirəsi keçirilmişdir. Əməliyyat müşavirəsində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nazirliyin rəhbər şəxsləri, Qəbələ rayon icra hakimiyyətinin başçısı, aidiyyəti dövlət qurumlarının və rayonun hüquq mühafizə orqanlarının nümayəndələri iştirak etmişdir.

Əməliyyat müşavirəsində qərargahın rəhbəri, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev məruzə ilə çıxış edərək bildirmişdir ki, hazırda yanğınların söndürülməsi işləri üç istiqamətdə - Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik ərazilərdə aparılır. Görülən operativ tədbirlər nəticəsində yanğın nəzarət altına alınmışdır. Abrıx kəndi yaxınlığındakı dağın meşə massivində yanğının söndürülməsi məqsədilə zirvəyə doğru 9 kilometr uzunluğunda yollar açılmış və texnikanın hərəkətinə şərait yaradılmışdır. Yanğının ətraf kəndlərə və yaşayış məntəqələrinə keçməməsi üçün bütün zəruri tədbirlər görülür. Yanğınsöndürmə avtomobilləri ərazilərdə fasiləsiz olaraq növbə çəkir.

Əməliyyat müşavirəsinin sonunda fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov yanğının tez bir zamanda söndürülməsi məqsədilə müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Nazir Kəmaləddin Heydərov yanğın bölgəsində Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin şəxsi heyətinin sayının 630-a, texnikanın sayının isə 51-ə çatdırılması barədə göstəriş vermişdir. Eyni zamanda rayonun hüquq mühafizə orqanları nümayəndələrinə baş vermiş yanğın hadisələrinin araşdırılması üçün zəruri tədbirlər görmələrinin vacibliyini diqqətə çatdırmışdır.

Sentyabrın 5-də Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik ərazilərdə yanğınların söndürülməsi istiqamətində həyata keçirilən təxirəsalınmaz və operativ tədbirlər nəticəsində yanğınlar tam nəzarət altına alınmışdır.

Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi ilə əlaqədar sentyabrın 6-da axşam saatlarında rayonun Dandıx kəndinin ərazisində yaradılmış qərargahda növbəti əməliyyat müşavirəsi keçirilmişdir. Qərargahın rəhbəri, fövqəaladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə keçirilən müşavirədə nazirliyin, Qəbələ rayon icra hakimiyyətinin rəhbər şəxsləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak etmişdir.

Müşavirədə çıxış edən nazir müavini Etibar Mirzəyev görülmüş operativ tədbirlər nəticəsində Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik və hündür dağlıq ərazilərdə baş vermiş yanğınların tam nəzarətə alındığını və hazırda yanğınsöndürmə işlərinin əsasən, bəzi çətin relyefə malik ərazilərdəki kiçik közərmə (tüstüləmə) sahələrində aparıldığını bildirmişdir. Qeyd etmişdir ki, qərargahda təmsil olunan aidiyyəti dövlət qurumlarının birgə və səmərəli fəaliyyəti nəticəsində baş vermiş yanğınların ciddi fəsadlar törətməsinin qarşısı vaxtında alınmış, alovun yaşayış məntəqələrinə keçməsinə yol verilməmişdir.

Müşavirədə hazırda bir neçə sahədə quru ağac və kötüklərdə qeydə alınmış közərmələrin (tüstüləmənin) torpaqlama vasitəsilə söndürülməsinin mühümlüyü vurğulanmışdır. Qərargahın rəhbəri hazırda yanğınsöndürmə əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin 630 nəfər şəxsi heyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 250 nəfər canlı qüvvəsinin, 30 polis əməkdaşının və 2 təcili tibbi yardım briqadasının iştirak etdiyini bildirmişdir. O, həmçinin yanğınsöndürmə əməliyyatlarına və ərazilərdə fasiləsiz olaraq növbə çəkilməsinə ümumilikdə 100-ə yaxın texnikanın cəlb olunduğunu vurğulamışdır.

Müşavirədə qarşıda duran digər məsələlər də müzakirə edilmişdir.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il