ENG     23 Noyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
17 Noyabr 2017-ci il
N 37 (552)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Rəsmi xronika

Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır
Azərbaycan Prezidenti İlham Əliyevin Cəlilabad və Lənkəran rayonlarına səfəri

Sentyabrın 2-3 tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad və Lənkəran rayonlarında səfərdə olub.

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfəri çərçivəsində əvvəlcə Cəlilabad şəhərindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini dərin ehtiramla yad edib.

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin və əsaslı şəkildə yenidən qurulan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsinin açılışında iştirak edib.

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabada səfəri çərçivəsində şəhərin içməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.

 "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə "Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və kanalizasiya infrastrukturunun yaradılması" layihəsi barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, layihə çərçivəsində Cəlilabad şəhərinin 2030-cu il üçün proqnozlaşdırılan 77 min nəfər əhalisini ekoloji təmiz içməli su ilə təmin etmək məqsədilə 11035 evin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması nəzərdə tutulub. Layihə çərçivəsində tikinti işlərinə 2012-ci ildə başlanıb və 2018-ci ilin birinci rübünə tam başa çatdırılması planlaşdırılır. Masallı rayonu ərazisində inşa olunmuş su anbarından suyun Cəlilabad şəhərində hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarına öz axını ilə verilməsi üçün ümumi uzunluğu 30048 metr olan magistral boru xətti çəkilib, ümumi uzunluğu 230225 metr olan müxtəlif diametrli borulardan içməli su şəbəkəsi yaradılıb, evlər su sayğacları ilə təmin edilib.

Qeyd olunub ki, çirkab sularının nəqli üçün diametri 1000 millimetr və uzunluğu 6905 metr olan kanalizasiya kollektor xətti, uzunluğu 1734 metr olan müxtəlif diametrli təzyiqli çirkab su xətti və 186383 metr uzunluğunda çirkab su şəbəkəsi çəkilib. Kanalizasiya şəbəkəsi üzərində 4371 baxış quyusu inşa edilib, evlər bu şəbəkəyə qoşulub. Layihə üzrə 5 kanalizasiya nasos stansiyasının ikisində işlər tam yekunlaşdırılıb, üçündə isə inşaat işləri başa çatdırılaraq mexaniki və elektromexaniki işlər davam etdirilir. Hazırda gündəlik gücü 11356 kubmetr olan çirkab su təmizləyici qurğuda inşaat işləri davam etdirilir.

Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Cəlilabad Telekommunikasiya Qovşağının əsaslı şəkildə yenidən qurulan inzibati və texnoloji binasında yaradılan şəraitlə tanış olub.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Cəlilabad Telekommunikasiya Qovşağının inzibati və texnoloji binasında görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Sahəsi 1700 kvadratmetrdən çox olan dördmərtəbəli bina əsaslı təmir-tikinti işləri aparılaraq yenidən qurulub. Qovşağın ətrafında geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.

Prezident İlham Əliyevə respublika üzrə telekommunikasiya qovşaqlarında quraşdırılacaq yeni nəsil avadanlıqlar barədə də məlumat verilib.

Sentyabrın 2-də Cəlilabad rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun açılışında iştirak edib.

Bu avtomobil yolu 2017-ci ildə ölkədə icra ediləcək "40 yol layihəsi" çərçivəsində "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müasir səviyyədə yüksək keyfiyyətlə və texnoloji ardıcıllıqla yenidən qurulub.

Prezident İlham Əliyev Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.

Sentyabrın 2-də Cəlilabadda "Avanqard" Məhdud Məsuliyyətli Cəmiyyətinin dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsi istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müəssisənin açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verilib ki, bu emal kompleksinin ümumi ərazisi 5 hektardır. Kompleksin tərkibinə taxıl anbarı, dəyirman, paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması zavodu daxildir.

Dövlətimizin başçısı müəssisəni işə salıb.

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabada səfəri çərçivəsində "Günəşli-Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətin aqroparkında yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısı aqroparkın texniki göstəricilərini əks etdirən stendə baxıb.

Məlumat verilib ki, aqroparkın sahəsi 1600 hektardır. Onun 1200 hektarında müasir suvarma - pivot sistemləri quraşdırılıb. Ümumi dəyəri 12,7 milyon manat olan bu sistemin qurulmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 4 milyon manat güzəştli kredit verilib.

Prezident İlham Əliyevə, həmçinin İqtisadiyyat Nazirliyinin təklifləri əsasında regionlarda yaradılan və yaradılacaq aqroparklar barədə də məlumat verilib.

Sonra dövlətimizin başçısı "Günəşli-Aqro" MMC-nin aqroparkı ilə yaxından tanış olub.

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkəran rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Lənkərana səfəri çərçivəsində fermer Araz Yaqubovun "Yaşıl Çay" MMC-nin plantasiyasında görülən işlərlə tanış olub.

Dövlətimizin başçısına plantasiya barədə ətraflı məlumat verilib. Bildirilib ki, yığılan yaşıl çay yarpağı müəssisənin nəzdindəki istehsal sahəsində emal edilir və qablaşdırılır. Burada yüksək keyfiyyətli "Lənkəran çayı" brendi altında müxtəlif çeşiddə çaylar istehsal edilir.

Dövlətimizin başçısı "Yaşıl Çay" MMC-nin tut tingləri əkilən sahəsinə də baxıb.

Sonra Prezident İlham Əliyev fermer təsərrüfatının işçiləri ilə görüşüb.

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkərana səfəri çərçivəsində "Astaraçay" Məhdud Məsuliyyətli Cəmiyyətinin plantasiyalarına baxıb.

Prezident İlham Əliyevə məlumat verilib ki, respublika üzrə mövcud 1016 hektar çay sahəsinin 568 hektarı Lənkəran, 345 hektarı Astara, 60 hektarı Zaqatala və 43 hektarı Masallı rayonlarının ərazisindədir. Bu ilin iyul ayınadək mövcud çay sahələrindən 444,1 ton yaşıl çay yarpağı istehsal olunub və hazırda bu proses davam etdirilir. Lənkəran rayonu ərazisində 568 hektar çay sahəsinin 289 hektarı "Astaraçay" MMC-yə məxsusdur.

Prezident İlham Əliyev "Astaraçay" MMC-nin işçiləri ilə söhbət edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Lənkəranda "Cənub-Aqro" MMC-nin çəltik sahələrinə baxıb və çəltik zavodunun açılışını edib.

Dövlətimizin başçısına məlumat verilib ki, bu il "Cənub-Aqro" MMC tərəfindən ümumilikdə 100 hektar sahədə çəltik əkilib ki, bunun da 35 hektarı Girdəni, 65 hektarı isə Siyavar kəndləri ərazisindədir. Gələn il isə müəssisə tərəfindən əlavə 127 hektar sahədə çəltik əkilməsi nəzərdə tutulur.

Azərbaycan Prezidentinə çəltik əkininin aparıldığı son texnologiya barədə də məlumat verilib. Qeyd edilib ki, rayonda çəltikçilik əsasən Girdəni, Veravul, Ürgə, Siyavar, Hirkan, Xolmili, Şıxəkaran, Mamusta, Separadi və digər kəndlərdə inkişaf etdirilir. Bu da çəltikçiliyin gəlirli sahə olması ilə bağlıdır.

Diqqətə çatdırılıb ki, Lənkəranda "Cənub-Aqro" MMC-nin çəltik zavodunun inşası da mühüm əhəmiyyəti ilə seçilir. Regionda əhəmiyyətli layihələrdən olan bu müəssisə 1 hektar ərazidə tikilib.

Dövlətimizin başçısı "Cənub-Aqro" MMC-nin çəltik zavodunun açılışında iştirak edib.

Prezident İlham Əliyev müəssisəni işə salıb.

Məlumat verilib ki, zavodun tikintisinə 2016-cı ilin noyabrında başlanıb və bu ilin avqustunda başa çatdırılıb.

Prezident İlham Əliyev müəssisədə istehsal prosesi ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Lənkəranda "Xəzər Palace" otel kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısı "Xəzər Palace" otel kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.

Yeni turizm obyekti ilə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verilib ki, otel kompleksi iki hektar sahədə inşa edilib. Otelin beşmərtəbəli binasının tikintisinə 2015-ci ilin mayında başlanılıb və bu ilin avqustunda başa çatdırılıb. Müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi otel kompleksi müasir standartlar səviyyəsində inşa olunub. Binanın interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə edilib. Otuz doqquz nömrədən ibarət oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.

Dövlətimizin başçısı oteldəki nömrələrdə yaradılan şəraitlə maraqlanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Lənkəranda "Gilan Orchards" MMC tərəfindən salınmış sitrus bağları ilə tanış olub.

Diqqətə çatdırılıb ki, rayonun Sütəmurdov kəndi ərazisində 15 hektar sahədə əkilən bu növ sitrus bağından ötən il 1,5 ton məhsul yığılıb. Bu il isə Sütəmurdov kəndi ərazisində əlavə 3, Siyavər kəndində isə 5 hektar sahədə yeni sitrus bağları salınıb.

Məlumat verilib ki, yeni sitrus təsərrüfatının ümumi sahəsi 100 hektardır. Hazırda ərazidə Koreya Respublikasından gətirilən 45 min "Hallabonq" sitrus meyvəsinin ağacları əkilib.

Dövlətimizin başçısına yetişdiriləcək meyvələrin və onlardan hazırlanan məhsulların nümunələri təqdim olunub.

Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

Dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açıb.

Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, "Astaraçay" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Tələt Məmmədov, Masallı Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, "Cənub-Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətinin aqronomu Fərman Abdullayev, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, "Gilan Orchards" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Vaqif Süleymanov və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış ediblər.

Prezident İlham Əliyev müşavirədə yekun nitqi söyləyib.

Daha sonra Prezident İlham Əliyev müşavirə çərçivəsində təşkil edilmiş sərgi ilə tanış olub.

İqtisadiyyat naziri Şahin Mustafayev sərgi barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, burada yerli çay və çəltik əkini və emalı, sitrus meyvələrinin, meyvə-tərəvəzin yetişdirilməsi və arıçılıq ilə məşğul olan sahibkarlıq subyektləri məhsullarını nümayiş etdirirlər. Ümumilikdə, sərgidə çayçılıq, çəltikçilik, sitrus meyvəçilik və arıçılıq üzrə 13 yerli müəssisənin 100-dən çox çeşiddə məhsulu nümayiş olunur.

Prezident İlham Əliyevə Azərbaycanda çayçılığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə də məlumat verilib.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il