ENG     20 Oktyabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
13 Oktyabr 2017-ci il
N 32 (547)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Rəsmi xronika

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-9 tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olub.

Avqustun 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təkbətək görüşü olub.

Dövlət başçıları görüşdə çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidentinin Azərbaycana səfərinin iki ölkənin dostluq, qardaşlıq əlaqələrinin inkişafında çox mühüm addım olacağına əminliyini ifadə edib: "Bizim xalqlarımızı tarix birləşdirir. Biz əsrlər boyu bir yerdə yaşamışıq, dostluq etmişik, qardaşlıq şəraitində yaşamışıq. Bu gün isə iki müstəqil dövlət kimi uğurla inkişaf edirik. Sizin səfəriniz bizim əlaqələrimizə yeni dinamika gətirəcək. Biz bir sıra sahələrdə çox uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq dərinləşəcək. Siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat və digər sahələrdə inkişaf və əməkdaşlıq üçün çox yaxşı imkanlar var. Sizi bir daha səmimiyyətlə salamlayıram, "Xoş gəlmisiniz" deyirəm. Əminəm ki, səfəriniz çox uğurlu olacaq".

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə dəvət olunduğuna görə ölkəsinin nümayəndə heyəti adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib, bu səfərin böyük əhəmiyyət kəsb etdiyini deyib: "Müasir dövrdə Türkmənistan-Azərbaycan münasibətləri özünün yeni mərhələsini yaşayır, yeni məzmun kəsb edir. Bu, həm siyasətdə, həm iqtisadiyyatda, həm də mədəni-humanitar sahədə müşahidə olunur. Xüsusi qeyd etmək lazımdır ki, həm Türkmənistan, həm də Azərbaycan dünyada təhlükəsizlik, firavanlıq, sabitlik və inkişaf üçün hər şeyi edir. Bizim ölkələrimiz bu siyasəti həyata keçirmək üçün Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət göstərir, bir-birini dəstəkləyirlər.

Biz Sizə minnətdarıq ki, Siz Türkmənistanın neytral statusa əsaslanan siyasətini həmişə dəstəkləyirsiniz. Ticari-iqtisadi münasibətlərə gəldikdə, bu gün həm Türkmənistan, həm də Azərbaycan energetika, nəqliyyat və digər sahələrdə iri layihələri reallaşdırmaqla nəinki regionda, həm də dünya miqyasında xüsusi yer tutur. Bu, təkcə iki ölkənin, yalnız regionun inkişafına töhfə verməklə məhdudlaşmır, ölkələrimizin reallaşdırdığı layihələr böyük əhəmiyyət kəsb edir və dünyada da müəyyən rol oynayır".

"Mədəni-humanitar sahəyə gəldikdə, Siz düzgün olaraq qeyd etdiniz ki, bizim dillərimizin, tariximizin, mənəvi dəyərlərimizin kökləri əsrlərin dərinliklərindən başlanır, onlar bir-birinə yaxın və oxşardır",- deyə sözünə davam edən Türkmənistan Prezidenti bildirib ki, bütün bunları qoruyub saxlamaq və növbəti nəsillərə çatdırmaq mühüm məqamdır: "Əziz qardaşım, hörmətli cənab Prezident, mən Sizə dövləti fəaliyyətinizdə, Türkmənistan-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə, Azərbaycanın firavanlaşmasına yönəlmiş fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Fürsətdən istifadə edib, Sizi Aşqabadda keçiriləcək qapalı məkanlarda döyüş sənəti üzrə V Asiya Oyunlarının təntənəli açılış mərasimində iştiraka dəvət edirəm. Açılış sentyabrın 17-də olacaq. Sizi və Sizin nümayəndə heyətinin üzvlərini böyük ehtiramla dəvət edirəm".

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Prezidentlər görüşdə çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Türkmənistan xalqlarının əsrlər boyu dostluq, mehriban qonşuluq şəraitində yaşadıqlarını bildirib: "Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik, siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə çox yaxşı nəticələr var. Bu gün təkbətək görüşdə müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, bizim mövqeyimizdə eyni yanaşma var. Biz istəyirik ki, Türkmənistan ilə Azərbaycan həmişə olduğu kimi öz əlaqələrini yüksək səviyyədə saxlasınlar, bu əlaqələr daha da inkişaf etsin. Biz istəyirik ki, bölgədə sabitlik, sülh daim bərqərar olsun. İstəyirik ki, xalqlarımız yaxşı yaşasın, rifah içində yaşasın. Əlbəttə ki, ikitərəfli əlaqələrimizin inkişafı xalqlarımızın maraqlarına tam cavab verir və həm beynəlxalq arenada, həm regionda, həm ikitərəfli formatda Türkmənistan və Azərbaycan nümunəvi münasibətlər göstərir. Sizin bugünkü səfəriniz bunun növbəti təsdiqidir".

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlıq edən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirib ki, rəsmi səfərin əsas məqsədi dövlətlərimiz və xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin daha da gücləndirilməsinə yönəlib: "Bu gün əlaqələrimizin və əməkdaşlığımızın iqtisadiyyat, ticarət və humanitar sahələrdə inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Siyasi istiqamətə gəldikdə, bildirmək istərdim ki, dövlətlərimiz əsasən məhz beynəlxalq və regional təhlükəsizliyin qorunub saxlanılmasının tərəfdarıdır. Biz arzu edirik ki, ölkələrimizin sabit inkişafı davam etsin. Bu, öz növbəsində Mərkəzi Asiyada və Xəzər dənizi hövzəsi regionunda siyasi proseslərin cərəyan etməsinə müsbət təsir göstərən bir amildir.

Hazırkı şəraitdə ölkələrimiz nüfuzlu beynəlxalq təşkilatlar - BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirməlidirlər".

Söhbət zamanı dost, qardaş, qonşu dövlətlərimiz arasında əməkdaşlıq əlaqələrinin bütün sahələrdə daha da inkişaf etdirilməsi, genişləndirilməsi və möhkəmləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Siyasi, iqtisadi, energetika, nəqliyyat, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu vurğulanıb, bu istiqamətdə imzalanacaq sənədlərin əhəmiyyəti qeyd edilib.

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.

 "Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə"ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.

"Bakı (Azərbaycan Respublikası) və Türkmənbaşı (Türkmənistan) limanları vasitəsilə beynəlxalq birbaşa dəmir yolu-bərə əlaqələrində yüklərin daşınmasının təşkili, yük vaqonlarının və konteynerlərin istismarı, nömrələr üzrə uçotu və onlardan istifadəyə görə hesablaşmalar haqqında Saziş"ə əlavə və dəyişikliklər edilməsi barədə Protokolu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və Türkmənistanın dəmir yolları naziri Deryaqulı Bəşimov imzalayıblar.

"Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Türkmənistanın Maliyyə Nazirliyi arasında vergi orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığa dair Memorandum"u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkmənistanın maliyyə naziri Qoçmırat Mıradov imzalayıblar.

"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkmənistanın Turizm üzrə Dövlət Komitəsinin sədri Serdar Çolukov imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında Saziş"i "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev və Türkmənistanın Dövlət Dəniz və Çay Nəqliyyatı Xidmətinin sədri Amanmırat Qurdov imzalayıblar.

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Türkmənistanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Türkmənistanın daxili işlər naziri İsgender Mulikov imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş"i və "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Türkmənistanın kənd və su təsərrüfatı naziri Nursaxet Sapardurdıyev imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında Saziş"i və "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın iqtisadiyyat və inkişaf naziri Batır Bazarov imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Türkmənistanın müdafiə nazirinin müavini, Fövqəladə Hallar İdarəsinin rəisi Yusup Muxammetqulıyev imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkmənistanın Ətraf Mühit və Torpaq Ehtiyatları üzrə Dövlət Komitəsinin sədri Batırmırat Orazmıradov imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkmənistanın mədəniyyət nazirinin vəzifəsini müvəqqəti icra edən Ataqeldı Şamıradov imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Maksad Babayev imzalayıblar.

Avqustun 8-də Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev və Prezident Qurbanqulu Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev bəyanatında deyib ki, bu gün apardığımız danışıqlar və imzalanmış sənədlər bir daha onu göstərir ki, Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir: "Bu əlaqələrin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu türkmən və Azərbaycan xalqları bir yerdə yaşamışlar, əməkdaşlıq, dostluq etmişlər. Dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində qurulub. Bu il biz diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünü qeyd edirik. Bu 25 il ərzində Azərbaycan və Türkmənistan böyük və uğurlu yol keçmişdir".

Prezident İlham Əliyev bu gün imzalanan sənədlər arasında Birgə Bəyannamənin xüsusi yer tutduğunu bildirib: "Bu gün Türkmənistan və Azərbaycan artıq strateji tərəfdaşlardır. Bu Bəyannamədə gələcək birgə fəaliyyətimizin demək olar ki, bütün istiqamətləri müəyyən edilib, həm siyasi, həm iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat, energetika, təhlükəsizlik məsələləri öz əksini tapıb. Bəyannamədə hər iki tərəf bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirmişdir".

İki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı deyib ki, bu gün beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirik - BMT-də, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birimizi dəstəkləyirik. Ticarət sahəsində, iqtisadi sahədə yaxşı nailiyyətlər var. Keçən il ticarət dövriyyəmiz artıb.

Danışıqların böyük hissəsinin nəqliyyat məsələlərinə həsr edildiyini bildirən dövlətimizin başçısı xatırladıb ki, həm Türkmənistanda, həm Azərbaycanda yeni dəniz ticarət limanları tikilir və yaxın zamanlarda istifadəyə veriləcək: "Bu, yük daşımalarının həcminin artırılmasına gətirib çıxaracaq. Eyni zamanda, bu gün müzakirə edilən mövzulardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun inşasıdır. Bu yol həm Türkmənistanın, həm Azərbaycanın tranzit imkanlarını böyük dərəcədə artıracaq".

Prezident İlham Əliyev energetika sahəsində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu, bu gün imzalanan Memorandumun gələcək fəaliyyətimiz üçün yaxşı əsas yaratdığını bildirib: "Biz bütün sahələrdə, təbii ki, humanitar sahədə uğurla əməkdaşlıq edirik. İctimaiyyət onu da görür ki, bizim üçün tərcüməçi də lazım deyil. Biz cənab Prezidentlə söhbət əsnasında dedik ki, əgər bizim vətəndaşlar bir ay bir-birinə qonaq getsələr onda heç, ümumiyyətlə, tanış olmayan kəlmə də qalmaz. Yəni, bu oxşarlıq bizim böyük sərvətimizdir. Tarix, mədəniyyət, etnik köklər birdir və biz fəaliyyətimizi bu möhkəm təməl üzərində qururuq".

İki ölkə arasında əlaqələrin qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri əsasında dinamik və yüksələn xətlə inkişaf etdiyini bildirən Türkmənistan Prezidenti vurğulayıb ki, Azərbaycan bizim mühüm və etibarlı tərəfdaşımızdır. Biz Mərkəzi Asiya, Xəzər hövzəsi zonasında sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, burada səmərəli əməkdaşlıq mexanizmlərinin qurulması üçün müvafiq şəraitlərin yaradılması məqsədilə fəal şəkildə birgə çalışırıq.

"Türkmənistan və Azərbaycan enerji daşıyıcılarının istehsal həcminə görə Avrasiyada lider mövqeləri tutur",- deyə sözünə davam edən Prezident Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, bizim müasir infrastrukturumuz var və söhbət nəinki Avrasiya və regiondan gedir, mən söyləyə bilərəm ki, bütün dünyada ölkələrimiz məhz enerji daşıyıcılarının istehsal həcminə görə lider mövqeyindədir. Müvafiq infrastrukturumuz var, enerji və nəqliyyat marşrutlarının konfiqurasiyası ilə bağlı ümumi rəyimiz mövcuddur. Enerji və nəqliyyat axınlarının şaxələndirilməsi baxımından biz öz potensialımızın davamlı istifadəsi, yeni, birgə layihələrin reallaşması üçün bütün imkanlardan istifadə edəcəyik.

Dövlət başçısı danışıqlar zamanı iki ölkə arasında geniş mədəni, humanitar, elmi, təhsil və idman əlaqələrinin daha da inkişafı və həvəsləndirilməsi üzərində ümumi razılıq əldə olunduğunu bildirib. Prezident Türkmənistan nümayəndə heyətinin bugünkü görüşlərin nəticələrini yüksək dəyərləndirdiyini, yekun olaraq, böyük ikitərəfli sənədlər paketinin imzalandığını vurğulayıb.

"Türkmənistan Azərbaycan ilə münasibətlərinə xüsusi əhəmiyyət verir, onu qardaş dövlət sayır. Ölkələrimiz və xalqlarımız əsrlər boyu formalaşmış yaxşı qonşuluq, ümumi tarix, mədəniyyət, dil və mənəvi dəyərlər ənənələri ilə bağlıdır. Biz bu irsi xüsusi olaraq qoruyub saxlayırıq, ona müasir reallıqlar ruhunda yeni məzmun gətiririk. Qarşımızda duran əsas məqsəd ənənələrimizin və ən ülvi dəyərlərimizin gələcək nəsillərə çatdırılmasından ibarətdir", - deyə Prezident Qurbanqulu Berdiməhəmmədov qeyd edib.

Prezident Qurbanqulu Berdiməhəmmədov ikitərəfli əlaqələrin gücləndirilməsində, Türkmənistanla əməkdaşlıq məsələlərinə daimi diqqətin göstərilməsində Azərbaycan Prezidentinin böyük şəxsi xidmətlərini xüsusi qeyd edib, Azərbaycan ilə Türkmənistan arasında qardaşlıq əlaqələrinin inkişafına göstərdiyi yüksək diqqətə görə dərin minnətdarlığını bildirib.

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun şərəfinə rəsmi ziyafət verilib.

Dövlət başçıları ziyafətdə çıxış ediblər.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasına rəsmi səfəri avqustun 9-da başa çatıb.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il