ENG     18 Noyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Noyabr 2018-ci il
N 34 (592)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Müxtəlif

Radioaktiv və kimyəvi maddələrin zərərsizləşdirilməsi zamanı görülən tədbirlər

Radioaktiv və kimyəvi maddələrin qablaşdırılması, daşınması, saxlanılması, istifadəsi və emalı zamanı hər hansı qəza hadisəsi baş verdikdə ətraf mühitlə yanaşı insan sağlamlığına da ciddi təsir göstərir. Bunun qarşısını almaq üçün ərazinin, texnikanın, avadanlıqların, üst geyiminin, həmçinin bədənin açıq hissələrinin zərərsizləşdirilməsi üzrə kompleks tədbirlərin həyata keçirilməsi çox vacibdir.

Belə ki, zərərsizləşdirmə və təmizləmə işləri mexaniki, kimyəvi və fiziki üsullarla, yaş və quru halda yerinə yetirilir.

Zərərsizləşdirməyə zəhərli səthlərin dezaktivasiyası, deqazasiyası və dezinfeksiyası işləri aiddir. Bütün bu işlərə birlikdə xüsusi təmizləmə işləri də deyilir.

Xüsusi təmizləmə işləri şəraitdən asılı olaraq həm tam həcmdə, həm də qismən yerinə yetirilə bilər. Tam xüsusi təmizləmə insanlar, texnika və s. zəhərlənmə ocaqlarından çıxarıldıqdan sonra, xüsusi avadanlıqlı məntəqələrdə  səthləri zəhərlənmədən tamamilə təmizləmək məqsədilə həyata keçirilir. Qismən təmizləmə isə adətən zəhərlənmə ocaqlarında görünən işləri dayandırmadan yerinə yetirilir və çirklənmənin dərəcəsini azaltmağa xidmət edir.

Xüsusi təmizləmə işlərinin müxtəlif növləri ilə tanış olaq:

Dezaktivasiya çirklənmiş əşyaların səthindən, habelə ərzaq məhsulları və sudan radioaktiv maddələri kənar etməklə zəhərlənmənin təhlükəsiz dərəcəyədək azaldılmasıdır. Dezaktivasiyadan əsas məqsəd ionlaşdırıcı şüalanmaların insan orqanizminə zərərli təsirinin qarşısını almaq və ya azaltmaqla insanların təhlükəsizliyini təmin etməkdir.

Bunun üçün ən təsirli üsul əşyaların səthinə yapışmış radioaktiv zərrəcikləri su və ya buxar şırnağı, yaxud müxtəlif fiziki-kimyəvi xüsusiyyətlərə malik məhlul vasitəsilə yumaqdır. Bu cür yaş təmizləmə üsulunun effektivliyi vurulan suyun miqdarından və təzyiqindən, vurulma məsafəsindən və suya qatılan yuyucu maddələrin xassələrindən asılı olur. Sərf olunan suya, yaxud dezaktivasiyaedici məhlula qənaət üçün fırçalardan istifadə etmək məsləhətdir.

Suyun dezaktivasiyaedici xassələrini artırmaq məqsədilə sənaye müəssisələrində ona bir sıra kimyəvi maddələr (məsələn, səthi aktiv maddələr, sorbentlər və s.) əlavə edirlər. Dezaktivasiya üçün xüsusi məhlullar da vardır. Əhali isə mənzil şəraitində ev əşyalarını dezaktivasiya edərkən müxtəlif yuyucu tozların sulu məhlullarından istifadə edə bilər.

Dezaktivasiyanın quru üsulu isə səthlərdən radioaktiv maddələri mexaniki surətdə süpürməklə, silməklə, çırpmaqla, tozsovuran vasitəsilə sovurmaq və üfürməklə, habelə maddələrin, məsələn, çörək, pendir, kərə yağının üst qatını kəsib atmaqla, tərəvəzin qabığını soymaqla, torpağın üst qatını qazıb çevirməklə və s. kənar etməkdən ibarətdir.

Ərzaq mallarının və suyun dezaktivasiyası işləri onun saxlandığı qabın xüsusiyyətləri nəzərə alınmaqla yerinə yetirilir. Əvvəlcə tez xarab olan mallar təmizlənməlidir. Xarab olmayan malları təhlükə törətməyən yerlərdə uzun müddət saxlamaqla təbii halda dezaktivasiya etmək mümkündür (çünki zəhərlənmədən sonra vaxt keçdikdə radiasiya öz-özünə tədricən azalır).

Əvvəlcə ərzaq saxlanılan qabların xarici səthini yumaq və yaş əski ilə silib təmizləmək lazımdır, sonra qeyri - hermetik qablar açılmalı və oradakı məhsulun zəhərlənmə dərəcəsi dozimetrik cihazla yoxlanmalıdır. Bu iş iri məhsul anbarlarında, bazarlarda xüsusi nəzarət qrupları tərəfindən yerinə yetirilir. Mənzil şəraitində isə sənaye üsulu ilə buraxılan və açıq satışda olan məişət dozimetrik cihazları vasitəsilə yoxlamaq mümkündür.

Yoxlanmış zərərsiz məhsul təmiz qaba yığılmalı, zəhərli məhsulun üst qatı kəsilib kənar edildikdən sonra yenidən yoxlanılmalıdır. Əgər ərzaq malları hermetik şüşə, yaxud metal (plastik kütlə) qablarda saxlanılırdısa, bu qabların səthi təmiz yuyulduqdan sonra içərisindəki məhsuldan istifadə etmək olar. Yumşaq qabın (kisə, torba) səthini əvvəlcə süpürgə və ya fırça ilə süpürmək, üstünə su çiləməklə azacıq nəmləşdirmək və 10-15 dəqiqədən sonra içindəki məhsulu digər təmiz qaba ehtiyatla yığmaq lazımdır.

Suyu 12-15 saat durultduqdan sonra üst qatını süzüb işlətmək olar. Suyu dezaktivasiya etməyin ən etibarlı üsulu daşdan süzməkdir. Mənzil şəraitində suyu təmizləməyin ən sadə üsulu isə kranı olan su bakının və ya çəlləyin dibinə əvvəlcə iri qum, sonra kömür və üzərindən narın qum qatı tökərək süzgəc düzəltməkdir.

Açıq sahələrdə saxlanılan taxılın, otun, alafın üst qatlarını ehtiyatla kənar edirlər. Çöl şəraitində qalmış kartof və digər məhsullar quru radioaktiv tozla çirkləndikdə onların üst qatını, yağışla birgə çökən maddələrlə çirkləndikdə isə islanmış bütün qatını kənar etmək lazımdır.

Bütün dezaktivasiya işləri fərdi mühafizə vasitələrindən istifadə etməklə yerinə yetirilməlidir.

Təsərrüfatlarda, anbarlarda və s. yerlərdə saxlanılan xeyli ərzaq malları, su, alaf və yemlər tam dezaktivasiya edildikdən sonra yalnız tibb işçilərinin icazəsi ilə istifadə edilə bilər.

Mənzili, iş yerini, paltarları, ayaqqabıları və digər əşyaları qismən dezaktivasya edərkən nəinki tənəffüs üzvlərini qoruyan fərdi vasitələr, həm də rezin önlük, əlcək və çəkmə geyinmək lazımdır.

Otaqlar və  iş yerlərini dezaktivasiya etməzdən əvvəl, oradan çıxarılması mümkün olan əşyaları həyətə çıxarmaq, sonra otaqların tavanını, divarlarını, iş yerindəki avadanlığı fırça və ya süpürgə ilə təmizləmək, yaş əski ilə silmək lazımdır. Otaqlardaki istilik radiatorlarını, habelə pəncərə və qapıları yumaq, qalan avadanlığı isə yaş əski ilə silib təmizləmək lazımdır. Yumşaq mebeli tozsoranla təmizlədikdən sonra yaş əski ilə silmək, döşəməni isə sabunlu su ilə yumaq zəruridir, çıxarılan əşyaları çöldə təmizləyərkən küləyin istiqaməti, habelə əşyaların xassələri nəzərə alınmalıdır. Adi paltarlar paltaryuyan maşında yuyucu maddələrlə yaxşı dezaktivasiya olunur. Paltarların səthindən radioaktiv tozu kənar etmək üçün onları çırpmaq, tozsorandan istifadə etmək olar.

Güclü radioaktiv çirklənməyə məruz qalan paltarlar və ayaqqabılar xüsusi paltar zərərsizləşdirmə stansiyalarında tam dezaktivasiya edilir. Stansiyada işləyən mütəxəssislər dezaktivasiyadan sonra paltarların tamamilə təmizləndiyini yoxlayıb yəqin edirlər.

Qab-qacağı sabunlu suda, yaxud yuyucu toz məhlulunda yuduqdan sonra təmiz su ilə əlavə yumaq və silib qurulamaq lazımdır.

Binaların xarici səthləri, asfalt və ya başqa bərk döşəmələr, damlar yüksək təzyiqli su ilə dezaktivasiya edilir. Çirkli suyun binanın içərisinə sızmasının qarşısını almaq üçün qapı-pəncərələr, nəfəsliklər və bacalar kip örtülməlidir. Binaların damlarında çirkli suyun yığılıb qalmasına yol verilməməlidir.

Nəqliyyat vasitələri, texnika, o cümlədən də şəxsi minik maşınları da şəraitdən asılı olaraq ya qismən (natamam), ya da tam halda dezaktivasiya edilir. Bu işləri sürücülər də yerinə yetirə bilər.

Minik avtomobilini  qismən dezaktivasiya etməyə kabinanın üst tərəfindən başlayırlar və ilk növbədə, avtomobili idarə edərkən əl toxunan yerləri, cihazları, dəstəkləri və s. təmizləyirlər; kabinanın səthini, mühərrik yerləşən hissəsini, ön şüşəni, qapı şüşələrini və dəstəklərini, ayaqaltıları süpürür, yaş əski ilə silib tozdan, çirkdən təmizləyirlər, sonra kabinanın içərisini, idarəetmə dəstəklərini və lövhəsini, oturacaqları, döşəməni təmizləyirlər.

Nəqliyyat vasitələrinin tam dezaktivasiyası işləri xüsusi nəqliyyat təmizləmə məntəqələrində yerinə yetirilir və yoxlanılır.

Deqazasiya-zəhərləyici və qəza təhlükəli kimyəvi maddələrin məhv edilməsi (neytrallaşdırılması) və ya onların səthlərdən kənar edilməsidir. Bu zaman əsas məqsəd ondan ibarətdir ki, zəhərlənmə baş verməsin və yaxud zəhərlənmə yol verilən təhlükəsiz normayadək azaldılsın.

Deqazasiya əsasən mexaniki, fiziki və kimyəvi üsullarla yerinə yetirilir.

Mexaniki üsulla deqazasiya-zəhərləyici, yaxud qəza təhlükəli kimyəvi maddələrin hər hansı bir səthdən, texnikanın, nəqliyyatın, digər əşyaların üzərindən kənar edilməsindən ibarətdir. Mexaniki üsulla torpağın və digər müvafiq maddələrin zəhərlənmiş üst qatını kəsib (qazıb) atır, yaxud zəhərli sahələri torpaqla, qumla, çınqılla örtürlər, zəhərli maddə torpağın altında qalır.

Fiziki üsulla deqazasiya zamanı əşyanın səthindəki zəhərləyici maddələri lehim maddəsi ilə yandırırlar, yaxud buxarlandırmaqla, digər maddələrlə durultmaqla, əridici məhlullarla yumaqla, suda qaynatmaqla kənar edirlər və ya məhv edirlər.

Kimyəvi üsulla deqazasiya edərkən zəhərli maddələr xüsusi deqazasiyaedici maddələr ilə kimyəvi reaksiyaya girərək qismən neytrallaşır və zərərsiz maddəyə çevrilir. Bu, ən etibarlı deqazasiya üsuludur.

Deqazasiya maddələri oksidləşdirici və xlorlaşdırıcı təsirə (kaustik soda, natrium - sulfid, ammonyak məhlulu və s.) malikdir.

Oksidləşdirici və xlorlaşdırıcı maddələr dəridə yara əmələ gətirən və sinir sistemini iflic edən zəhərləyici maddələri neytrallaşdırmaq üçün nəzərdə tutulur.

Qələvi xassəli deqazasiya maddələri zarin, həm də iprit növlü zəhərli maddələri neytrallaşdırmaq üçün istifadə edilir.

Deqazasiya məhlulları olmadıqda bu məqsədlə (benzin, ağ neft, dizel yanacağı və s.) kimi maddələrdən istifadə etmək mümkündür. Lakin belə maddələr zəhərləyici maddələri neytrallaşdıra bilmir, ancaq yuyub kənarlaşdıra bilir.

Onu da nəzərə almaq vacibdir ki, zəhərli maddə materialların qalın qatlarına hopduqda onu təmizləmək daha çətin olur. Buna görə də paltarların, ayaqqabıların, digər əşyaların hansı materialdan hazırlandığı onların deqazasiyası işlərinə xeyli təsir göstərir. Məsələn, pambıq, yun parçalar cox məsaməli olduğu üçün zəhərlənməyə tez məruz qalır, metalın, şüşənin, bir sıra plastik kütlədən hazırlanmış materialların içəri qatlarına zəhərləyici maddələr keçə bilmir, onların ancaq səthləri çirklənir. Deqazasiya vaxtı bütün bu amillər nəzərə alınmalıdır.

Paltarlar adətən suda qaynadılmaqla deqazasiya edilir. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, qaynadılarkən zəhərləyici və qəza təhlükəli kimyəvi maddələr tədricən parçalanaraq və hidroliz olunaraq zərərsiz maddəyə çevrilir. Lakin dəri, xəz və s. kimi bir sıra materialları qaynatmaq olmaz, onlar adətən ammonyak məhlulu buxarları vasitəsilə xüsusi kameralarda zərərsizləşdirilir.

Deqazasiya üsulu ilə əşyalar təbii yolla havada günəş şüaları altında zərərsizləşdirilir.

Bütün əşyalar açıq havada günəş şüaları altında təbii üsulla deqazasiya edilə bilər. Bu zaman  zəhərləyici və güclü təsiredici kimyəvi maddələr qismən buxarlanaraq neytrallaşır.

Fövqəladə Hallar Nazirliyinin

Fövqəladə Halların Xəbərdar

Edilməsi Baş İdarəsi

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il