ENG     18 Noyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Noyabr 2018-ci il
N 34 (592)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Müxtəlif

Təbii fəlakətlərin yaranmasına səbəb olan amillər

Təbii fəlakət dedikdə, hər birimizin təsəvvüründə qəflətən baş verən, yaratdığı zədələyici faktorlarla insan həyatı üçün qorxulu nəticələr yaradan təbii hadisələr canlanır. Amma baş verən təbii təzahürləri diqqətlə oyrəndikdə məlum olur ki, geofizioloji proseslərin gedişində müxtəlif sıçrayışlar, variasiyalar mövcuddur.

Təbii fəlakətin baş verməsi üçün üç əsas şərt lazımdır:

- Ekstremal geofizioloji hal

- Onun tərəfindən yaranan zədələyici faktorlar

- Uyğun olmayan sosial-iqtisadi şərait

Ekstremal geofizioloji hallar özlüyündə  qanunauyğun geofiziki proseslərdir. Bu proseslər öz təbiəti etibarı ilə zədələyici faktorlar yaratmağa qadirdir. Xoşagəlməz təbii şəraitin təsiri altında zədələyici faktorlar insanlara, təbii və maddi dəyərlərə təsir edir və bu zaman sosial -iqtisadi fəlakətlər yaşanır.

Təbii fəlakətlər müxtəlifliklərinə baxmayaraq ümumi qanunauyğunluqlara tabedir:

- Fəlakətin hər bir növü üçün spesifik uyğunlaşmaların olması mümkündür. Onların Yer kürəsinin bir sıra rayonlarında baş verməsi ilə müəyyən edilən geoloji səbəbləri mövcuddur. Yalnız zəlzələlər və vulkanlar deyil, eyni zamanda qar uçqunları, sürüşmələr, sellər də dağyaranma fəaliyyətinin baş verdiyi tektonik aktiv rayonlarda özünü göstərir. Okeanla açıq sərhədə malik regionlarda okeanın dibində baş verən geofizioloji fəaliyyət həmin rayonlarda sunami təhlükəsi yarada bilər. Çaylarda olan daşqınlar mövsümi olaraq qar və buzun əriməsi ilə bağlı olur. Küləklə qovulub gətirilən daşqınlar çayın deltasında qarşıdan əsən küləyin təsiri nəticəsində yaranır. Bu zaman suyun səviyyəsi körfəzdə yüksəlir və bu da cay yatağının dəyişməsinə səbəb olur.

- Davamlılığından - bir neçə dəqiqədən (qar uçqunu) bir neçə saata (sel), günə (sürüşmə), ayadək (daşqın) və yaranma səbəblərindən asılı olmayaraq bütün təbii fəlakətlər müəyyən gücə və dağıdıcı qabiliyyətə malikdir. İstənilən fəaliyyətin, o cümlədən dağıdıcı fəaliyyətin başa çatması üçün enerji sərfi lazımdır. Təşəkkül prosesində yaranan maksimal coşğunluq və zəifləmə tamamilə müxtəlif yollarla baş verir. Tranzitiv və destruktiv fəlakətlərdə daha yüksək energetik səviyyədən aşağı səviyyəyə keçid baş verir. Keçid zamanı yaranan enerji kütlələri sonunda istilik formasına keçir və prosesin gedişində zədələyici faktorların yaranmasına sərf olunur. Buna zəlzələlər, sürüşmələr, meşə yanğınları və daşqınların bir qismində rast gəlinir.

Fəlakətin strukturunu təşkil edən enerji tamamən başqa cür olur. Burada  istilik enerjisinin dağılma mənbəyi olmasına daha çox rast gəlinir. Termodinamikanın ikinci qanununa görə istilik enerjisi sonra yenidən mexaniki və ya elektromaqnit enerjisinə çevrilir və bu istilik maşını adlanır. Sən demə, təbii fəlakətlər zamanı bu tipli istilik maşını təbii proseslərin gedişində öz -özünə yaranır.

- Təbii fəlakət nə qədər böyük intensivlikdə baş verirsə, bir o qədər az eyni güclə təkrarlanır. Müxtəlif təbii hadisələrin ölçülməsi üçün maqnituda adlanan kəmiyyətdən istifadə edilir. İlk dəfə "maqnituda" terminini K. F. Rixter zəlzələlərin ölcülərini müəyyən etmək üçün işlədib. Maqnituda- standart zəlzələ dalğaları ilə, baş verən zəlzələnin maksimal amplitudası arasında loqarifm kimi müəyyən edilir. Sonradan bu kəmiyyətdən digər təbii fəlakətlərin ölçülməsində də istifadə etdilər. Belə ki, vulkan püskürmələrinin maqnitudası, püskürülən kütlənin həcmi ilə, sunamilərdə dalğaların orta hündürlüyü ilə, qar uçqunlarında isə yerini dəyişən qar kütlələrinin həcmi ilə müəyyənləşdirilir.

- Təbii fəlakətlər bir-biri ilə qarşılıqlı təsir şəklində, paragenetik əlaqədə baş verə bilər. Buna görə də onlar, daha tez-tez və dağıdıcı güclə təkrarlanır. Təbii fəlakətlərin paragenetik əlaqələrinə Tacikistanda 10 iyun 1949-cu ildə baş verən zəlzələni misal göstərmək olar. Bu zaman orada zəlzələdən sonra eyni zamanda Taxti sıra dağlarında böyük ərazidə sürüşmələr baş vermişdi. Sürüşmə kütlələri 10.2 kvadratkilometr ərazini tamamən örtmüşdü. Orada əsas fəlakəti zəlzələ yox, məhz uçqun, sürüşmə, sel törətmişdi.

- Ekoloji qarşılıqlı fəaliyyət nəzərə alınmadan insanların təbii mühitə təsiri, mühəndis kommunikasiyalarının tikintisində texnoloji pozuntular, kənd təsərrüfatı obyektlərinin təbii fəlakətlərdən qorunmasını təmin edəcək xüsusi qurğuların olmaması - bütün bunlar təbii fəlakətlərin aktivləşməsinə və güclənməsinə səbəb olur. Antropogen fəaliyyətlə təbii proseslərin qarşılıqlı təsirini nəzərdən keçirərkən bunları nəzərə almaq lazımdır:

1. İnsan fəaliyyəti təbii prosesləri sürətləndirə və ya zəiflədə, aktivlik dərəcəsinə təsir edə bilər.

2. İnsan təbiətdə öncədən rast gəlinməyən təbii fəlakəti yaradacaq faktor deyil.

3. İnsanın təbii proseslərə təsir mexanizmi konkret təbii şəraitdən və prosesin tipindən asılıdır.

4. İnsan təbii proseslərə bilavasitə və ya dolayısıyla, tez və ya tədricən təsir edə bilər.

Antropogen fəaliyyətin təbii fəlakətləri aktivləşdirməsinə misal olaraq meşələrin kəsilib azalmasını göstərə bilərik. Meşələr suyun səthi axınının requlyatorudur. Meşələrin nəzarətsiz kəsilməsi nəticəsində suyun requlyasiya funksiyasının pozulması fəlakət yaradacaq daşqınlara yol aça bilər.

Təbii hadisələrə antropogen təsiri azaltmaq mümkündür. Bunun üçün yeni müəssisə, bina, qurğu və kommunikasiya layihələşdirilən zaman optimal surətdə yerləşdirilməli, kənd təsərrüfatı fəaliyyəti elmi əsaslarla requlyasiya edilməli, müxtəlif tipli qoruyucu tədbirlər həyata keçirilməli, meşə sahələrindən səmərəli istifadə edilib yeni sahələr yaradılmalıdır. Göstərilən yollar problemin həlli istiqamətində müxtəlif xarakterli olsa da, onlar bir-birini tamamlayır.

Beləliklə, təbii fəlakətlərin yaranmasındakı qanunauyğunluqları ciddi tədqiq etməklə qoruyucu qurğular layihələndirmək və yaratmaq, insanların həlak olmasının qarşısını almaq, torpaq resurslarına və kənd təsərrüfatı obyektlərinə dəyən zərəri azaltmaq olar.

H. VƏLİYEV



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il