ENG     18 Noyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Noyabr 2018-ci il
N 34 (592)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

Radiasiya təhlükəsi və ondan qorunma yolları

İonlaşdırıcı şüaların yüksək nüfuzedici və ionlaşdırıcı xüsusiyyətlərinin olması, onların elmin, tibbin, kənd təsərrüfatının  və sənayenin bir çox sahələrində özlərinə tətbiq edilmələrinə səbəb olur. Ölkəmizdə müasir texnologiyalardan istifadənin artması ilə əlaqədar olaraq, tibb və sənaye obyektlərində, habelə elmi-tədqiqat və təhsil ocaqlarında ionlaşdırıcı şüalanma mənbələrindən istifadə halları artır.

İonlaşdırıcı şüalanma mənbələrinin yaydığı şüalar (radiasiya) insan orqanizmi və ətraf mühit üçün təhlükəli ola bilər. Hiss üzvlərimizin təsbit edə bilmədiyi bu şüaları ancaq xüsusi cihazlar vasitəsi ilə aşkar  etmək mümkündür. Təhlükəsizlik texnikası, radiasiya təhlükəsizliyi və avadanlıqların istismar qaydalarına ciddi şəkildə riayət edilməsi şüalanmanın insan orqanizmi üçün təhlükəsiz hədd səviyyəsində saxlanmasına yardım göstərir. Buna baxmayaraq,  hər hansı bir  qəza baş verdikdə və ya hər hansı bir səbəbdən (məsuliyyətsizlik və təhlükəsizlik texnikası qaydalarına riayət edilməməsi, mənbələrin itirilməsi, dağıdılması, oğurlanması və s.) ionlaşdırıcı şüalanma təhlükəsi yaranarsa, bu təhlükədən qorunma  tədbirlərini hər bir vətəndaş bilməli, radiasiya təhlükəsini bildirən işarələri tanımalı və üzərində bu işarələrin olduğu hər hansı bir nəzarətsiz əşya ilə qarşılaşarsa, o əşyaya toxunmamalı, əşyanı sökməməli, özü ilə götürməməli, dərhal o əşyadan uzaqlaşmalı, o əşya barədə  "112" qaynar xəttinə zəng edərək məlumat verməli və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələnə qədər şübhəli əşyanı uzaqdan nəzarətdə saxlamalı, həmin ərazidə olan kənar şəxsləri də məlumatlandıraraq, onların ərazidən uzaqlaşmalarına çalışmalıdır.

Ümumiyyətlə, ionlaşdırıcı şüalanmaya məruz qalma, xarici və daxili məruz qalmalar olmaqla, iki müxtəlif formada meydana çıxır. Xarici məruz qalma  dedikdə, insan orqanizminin xaricdən hər hansı bir ionlaşdırıcı şüalanma mənbəyi tərəfindən yayılan şüalanmaya məruz qalması başa düşülür. Belə məruz qalmaya ionlaşdırıcı şüalanma mənbəyinə həddindən artıq yaxınlaşma səbəb olur. Daxili məruz qalma dedikdə isə, radioaktiv maddənin insan orqanizminin daxilinə  düşməsi nəticəsində daxildən ionlaşdırıcı şüalanmaya məruz qalma başa düşülür. Bu iki müxtəlif məruz qalma növlərindən qorunma yolları da  müxtəlifdir.

Xarici və daxili məruz qalmalardan qorunma yolları

Xarici radiasiya təhlükəsindən qorunmanın əsasən 3 yolu var.

Məsafə: Mənbələrdən yayılan radiasiyanın şiddəti məsafənin kvadratı ilə tərs mütənasib olduğundan, mənbədən mümkün qədər uzaqlaşmaq ən yaxşı qorunma yoludur. Məsələn, 1m məsafədə doza gücü 100mZv/saat olan bir mənbənin 10 m məsafədə yaratdığı doza gücü 1mZv/saat-dır. Buna görə də radiasiya qəzası baş verdikdə və ya nəzarətsiz radioaktiv əşya ilə qarşılaşdıqda oradan uzaqlaşmaq lazımdır.

Zaman: İnsanların məruz qalacağı şüalanma dozasının miqdarı  radiasiya mənbəyinin yanında sərf edilən zamanla mütənasib olaraq artdığından, mənbə yaxınlığında qalma müddətini mümkün qədər azaltmaq lazımdır. Məsələn, doza gücü 5mZv/saat olan bir mənbənin yaxınlığında 1 saat vaxt sərf etdikdə 5 mZv, 10 saat vaxt sərf etdikdə isə 50 mZv doza  alınır. Buna görə də radiasiya qəzası baş verdikdə və ya nəzarətsiz radioaktiv əşya ilə qarşılaşdıqda, o əşyanın yerləşdiyi ərazini tez bir zamanda tərk etmək lazımdır.

Sədləmə: Xarici radiasiya təhlükəsindən qorunmanın bir başqa yolu qoruyucu sədlərdir. Əgər radiasiya mənbəyindən yuxarıda sadalanan yollarla qorunma mümkün deyilsə, təhlükədən qorunmaq üçün müvafiq sədlərin arxasına sığınmaq lazımdır. Müxtəlif maddələrin şüalanmanın doza gücünü azaltma qabiliyyətləri müxtəlifdir. Məsələn, qamma- şüalanmadan ən yaxşı qorunma səddi qurğuşun, polad və betondur. Bu materiallardan gündəlik həyatımızda ən çox rast gəlinəni beton olduğundan, qəza baş verdiyi zaman ən təsirli müdafiəni (əgər qurğuşun və ya  polad sədd yoxsa)  beton sədlər təmin edir. Buna görə də qəza baş verdiyi zaman mənbədən uzaqlaşmaq mümkün deyilsə, ən yaxşı qorunma üsulu beton bina və ya konstruksiyaların arxasına sığınmaqdır. Bu səbəbdəndir ki, böyük radiasiya qəzası baş verdikdə insanları xüsusi beton sığınacaqlara təxliyə edirlər. Belə sığınacaqlar olmadıqda isə binaların zirzəmilərinə və ya binaların daxili otaqlarına keçmək tövsiyə  olunur.

Qeyd etmək istərdik ki, radioaktiv mənbələrin açıq şəkildə istifadəsi (bəzi tibbi tətbiqlər istisna olmaqla) və daşınması yol verilməzdir. Bu səbəbdən istehsalçı şirkət mənbəni yüksək davamlılığa malik hermetik kapsullarda istismara buraxır və mənbənin mənşəyindən asılı olaraq, ya  metal (qurğuşun, polad və ya digər ağır elementlər), ya da hidrogenlə zənginləşdirilmiş maddələrdən hazırlanmış xüsusi konteynerlərdə daşınmasını təmin edir.

Daxili radiasiya təhlükəsindən qorunma

Daxili şüalanmaya məruz qalma təhlükəsi əsasən atom elektrik stansiyalarında baş verən qəzalar, atom bombasının partladılması və ya hər hansı bir səbəbdən dolayı radioaktiv maddələrin bərk (toz), maye və ya qaz halında atmosferə yayılması zamanı yaranır. Daxili şüalanmaya məruz qalma təhlükəsi radioaktiv maddələrin tənəffüs, həzm və dəridəki yara və ya sıyrıqlar vasitəsi ilə insan orqanizminə düşməsi nəticəsində meydana gəlir. Radioaktiv maddə orqanizmə düşdüyü andan etibarən vücuddan xaricə atılacağı ana qədər  bütün orqanizmin daxili şüalanmaya məruz qalmasına səbəb olur. Buna görə də qəza zamanı daxili radiasiya təhlükəsindən  qorunmaq məqsədi ilə mühitin, paltarların və dərinin radioaktiv maddə ilə çirklənməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək lazımdır. Belə ki, radiasiya qəzası həyəcan siqnalını (radio, televizor, mətbuat və s.) qapalı məkanda  (ev, iş yeri, məktəb və s.) olarkən aldıqda, oranı tərk etməməli, tez bir zamanda bütün qapı və pəncərələri bağlamalı, ventilyasiya sistemlərini və hava boşluqlarını  müxtəlif vasitələrlə tutaraq xaricdən içəri daxil ola biləcək hava axınlarının qarşısını almalı və beləcə sığınacaq yaradılmalı,  sığınacağa xaricindən heç bir qida maddəsinin və əşyanın gətirilməsinə yol verməməli, sığınacaqlarda olan qidaları isə qapalı məkanlarda (soyuducu və ya ağzı kip bağlanan qablarda) mühafizə edərək qənaətlə istifadə etməli və icra orqanlarından qəza təhlükəsinin sovuşduğuna dair məlumat alınanadək, sığınacağı tərk etməməlidirlər.          

Qəza həyəcanı siqnalını açıq havada olarkən aldıqda, ağızı və burunu dəsmal və ya başqa bir yumşaq parça ilə qapayaraq, havanın birbaşa tənəffüsünün qarşısını almağa çalışmaq lazımdır. Açıq ərazini tez bir zamanda tərk edib, qapalı məkanlara girmək, ora girmədən öncə bütün üst geyimləri və ayaqqabıları çıxarıb, bayırda qoymaq və evə daxil olduqdan sonra yuxarıda bəhs edilən müvafiq qoruyucu tədbirləri görmək lazımdır.  

Göründüyü kimi, nüvə və radioloji təhlükə yarandıqda ətraf mühitə yayılan radioaktiv maddələrin insanlara mümkün təsirləri ancaq qoruyucu tədbirlər vasitəsi ilə azaldıla bilər. Buna görə də, ionlaşdırıcı şüalanma mənbələri ilə iş zamanı radioaktiv şüalanmadan qorunmanın əsas prinsipi yol verilən doza hədlərini bilmək, radiasiya sahəsində çalışan insanların və əhalinin bu dozadan yüksək doza almalarına yol verməmək və meydana gələ biləcək qəzalara qarşı qabaqlayıcı tədbirlər görməkdir.

 

FHN Nüvə və Radioloji

Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il