ENG     18 Noyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Noyabr 2018-ci il
N 34 (592)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

Sellər və onlara qarşı davranış qaydaları

Sellər - ekzogen geoloji proseslərin genetik tiplərindən biri olmaqla davamlı leysan yağışları, dağlıq ərazilərdə qarın və buzlaqların intensiv surətdə əriməsi, həmçinin çay dərələrində tikilmiş boş qırıntılı materialların böyük ehtiyatlarına malik bəndlərin dağılması zamanı bərk materiallarla bolluca doymuş (zənginləşmiş) qəflətən baş verən su axınıdır.

Sellər - qranulometrik tərkibinə görə olduqca qeyri-cinsli (müxtəlif tərkibli) və duru (maye - su) olmaqla iki əsas komponentdən ibarət heterogen sistemdir.

Ekzogen geoloji proseslərin inkişafını şərtləndirən bütün amillər, o cümlədən sellər 3 qrupa bölünür: daimi (dəyişməyən), tədricən (yavaş-yavaş) dəyişən və sürətlə (tez) dəyişən.

Birinci qrup amillərə sellərin proqnozlaşdırılması aparılan zaman dəyişməz hesab edilən amillər (ərazinin geoloji quruluşu və relyefi) aid edilir. Bu qrupun amilləri ekzogen geoloji proseslərin və onların təzahürlərinin intensivliyinin genetik xüsusiyyətlərini təyin edir.

İkinci qrupun amilləri ekzogen geoloji proseslərin inkişafının ümumi tendensiyasını (meylini) müəyyən edir (şərtləndirir). Bu qrupda, öz növbəsində, iki yarımqrupu ayırmaq olar: asılı olmayan (sərbəst) və törəmə. Asılı olmayan yarımqrupa müasir tektonik hərəkətlər və iqlim aid  edilir. Bu amillərin asılı olmaması şərtidir və yalnız ikinci (törəmə) yarımqrupun amillərinə (hidrogeoloji və geokrioloji şərait, bitki örtüyü və torpaqlar) nisbətdə baxıla bilər.

Üçüncü qrup (sürətlə dəyişən) amillər də həmçinin iki yarımqrupa bölünür: asılı olmayan (sərbəst) və törəmə amillər. Asılı olmayan amillər: meteoroloji (atmosfer yağıntıları, temperatur, külək və s.), hidroloji (çaylarda suyun sərfi və səviyyəsi, dəniz və göllərdə suyun səviyyəsi və dalğalanma və s.), seysmik (zəlzələ) şərait və təsərrüfat fəaliyyəti (meşələrin qırılması, yamacların kəsilməsi, tirələrin və təpələrin qurulması, mal-qaranın həd-hüdud gözləmədən otarılması, dağ-mədən işləri və s.) nəticədə ekzogen geoloji proseslərin aktivləşmə rejimini müəyyən edir (şərtləndirir), lakin onların təsiri törəmə amillər (yerüstü axınlar, dağ süxurlarının nəmlənməsi, buzlaşması, temperaturu, möhkəmlik və deformasiya xüsusiyyətləri və s.) vasitəsilə ifadə olunur.

Birinci iki qrupun amilləri fəza proqnozunun, üçüncü qrupun amilləri isə müvəqqəti proqnozun əsasını təşkil edir.

Sellərin əmələ gəlməsi üçün su ilə təmasda olarkən tez hərəkətə gələn bərk mineral materialların və həmin materialları hərəkətə gətirən və ya daşqına nisbətən bərk materialları eroziya edərək böyük konsentrasiya (qatılıq) yaradan su həcminin mövcudluğu vacibdir. Sel axını özündə böyük həcmdə havanı cəmləşdirməklə turbulent axınla xarakterizə olunur.

Sellərin yaranma ocaqları 4 qrupda birləşdirilmişdir. Birinci qrupa müvəqqəti və kiçik axına malik çay yataqlarında (əsasən Qobustan və Naxçıvanda) ovuntu süxurların toplandığı ocaqlar aiddir. İkinci qrup dağ çaylarının axarları boyunca gölməçələrin yaranması (əsasən qədim uçqunlar və hidrotexniki bəndlər sahəsində) ilə xarakterizə olunur. Üçüncü qrup ocaqlar müasir buzlaqların (Böyük və Kiçik Qafqaz sıra dağlarının ən uca zirvələrində müşahidə edilir) fəaliyyəti ilə əlaqədardır. Dördüncü qrup sel ocaqlarının yaranması ya birbaşa və ya dolayısı yolla vulkanların fəaliyyəti ilə (nadir hallarda palçıq vulkanlarının yayıldığı Qobustanda, Abşeron yarımadasında və Aşağı Kür çökəkliyində rast gəlinir ki, onlar da fəaliyyətinə görə kiçik sahələri əhatə edirlər, lakin müxtəlif təsərrüfat sahələri üçün o qədər də təhlükəli deyildirlər) bağlıdır. Qeyd edilən rayonlarda sel axınlarının formalaşması bilavasitə vulkanın kraterindən atılan materialların hesabına baş verir.

Sellərin yaranma xarakteri, yəni onların ovuntu materiallarını ilkin hərəkətə gətirməsi, sürüşmə və eroziya prosesləri ilə bağlıdır. Sellərin eroziya prosesləri ilə bağlılığı su ilə süxurlar və onların hissəcikləri arasındakı əlaqənin pozulması eroziyaya məruz qalmış kütlənin hərəkətə gəlməsilə izah edilir. Belə faza həm asılı və həm də kütlə halında hərəkət edir. Bərk fazanın hərəkət mexanizmi və sürəti qırıntı-süxur parçalarının ölçüləri və formasından asılıdır. Sellər sürüşmə xarakterli olduqda bərk fazanın hərəkətə gəlməsi, bir müstəvi üzərində sürüşməsi və ya sürüşmə-axın formasında strukturun pozulmaması və ya çox zəif pozulması ilə müşayiət edilir. Hərəkətin sonrakı mərhələsində süxur kütlələrinin və suyun qarışması nəticəsində süxurların strukturu pozulur, axıcılıq yaranır və sürüşmə-axın artıq sel axınına çevrilir.

Sellərin proqnozu çox mühüm olmaqla yanaşı, onun dəqiqliyi yuxarıda qeyd edilən məlumatların tamlığı və vaxt üzrə aparılan müşahidələrin nəticələrindən çox asılıdır. Sellərin yaranması haqqında, xüsusən də qısamüddətli proqnozların nəticələri, sellərin yarandığı ocaqların genetik tiplərini düzgün qiymətləndirməkdən çox asılıdır. Sel axınlarının müxtəlif təsərrüfat obyektlərinə təsiri sellərin sərfi və təsir gücü nəzərə alınaraq qiymətləndirilməlidir. Selin ən vacib göstəricilərindən biri onun nəzərdə tutulan obyektə qədər çatması vaxtının təyin edilməsidir.

Azərbaycan Respublikasının hüdudları daxilində sellər, əsasən, Böyük Qafqaz sıra dağlarının cənub və cənub-şərq yamaclarının çayları, quru dərələri və maili düzənlikləri üçün xarakterikdir. Kiçik Qafqaz və Talış dağlarının bəzi çaylarının hövzələrində də atmosfer yağıntılarının bol düşdüyü illərdə sellər müşahidə edilir.

Başlanğıcını Böyük və Kiçik Qafqazdan götürən çayların ən çox sulu dövrü ilin isti aylarına (aprel-sentyabr), Talış dağlarından öz başlanğıcını götürən çaylarda isə ilin soyuq yarımilliyinə (oktyabr-mart) düşür.

Çayların mənbələrində toplanmış böyük həcmdə qırıntı və töküntü süxurları, eləcə də şiddətli leysan yağışlar, əlverişli relyef formaları və s. güclü sellərin, o cümlədən təhlükəli palçıq-daş axınlarının yaranmasına (xüsusən də Kişçay, Şinçay, Kürmükçay və s. çayların hövzələrində) səbəb olur, təsərrüfat sahələri üçün ciddi təhlükə yaradır.

Sellər, adətən, qəflətən törəyir, saniyədə 10 m, bəzən isə daha böyük sürətlə hərəkət edir, əksər hallarda 30-40 dəqiqədən bir neçə saatadək davam edən ardıcıl dalğalar şəklində olur və suyun (dalğanın) ön hissəsinin hündürlüyü bəzən 15 m-ə çatır. Sel axını güclü gurultu ilə müşayiət olunur, yolunun üstündəki hər şeyi, o cümlədən bina və qurğuları dağıdır, əkin sahələrini yararsız hala salır, torpaqların məhsuldar (humus) qatını yuyub aparır, çay yatağında olan mal-qaranı məhv edir və bəzən, insan tələfatına səbəb olur.

Təhlükəli sellərin törətdiyi və törədə biləcəyi fəlakətlərdən müdafiə olunmaq üçün aşağıda qeyd edilənlər barədə məlumatlı olmaq və onlara riayət etmək lazımdır:

-sellərin mütəmadi olaraq baş verdiyi rayonlarda əlaqədar dövlət qurumları  (yerli icra hakimiyyəti orqanları və bələdiyyələr) tərəfindən uzunmüddətli qabaqlayıcı müdafiə tədbirləri (qoruyucu bəndlər, suötürücü kanallar tikilməli, yamaclarda güclü kök sistemi formalaşdıran ağaclar əkılməli, su axınları üzərində monitorinqlər təşkil edilməli və mövsümi proqnozlar işlənib hazırlanmali, əhaliyə sellərlə əlaqədar xəbərdarlıq siqnalları barədə qabaqcadan məlumatlar çatdirilmalı və təhlükəli hallar baş verə biləcəyi təqdirdə əhalinin təhlükəsiz ərazilərə köçürülməsi planlaşdırılmalıdır) həyata keçirilməlidir;

- yerli əhali əlaqədar dövlət qurumları tərəfindən rəsmi olaraq sel təhlükəsi barədə xəbərdarlıq siqnalı verildiyi andan etibarən mövcud köçürülmə qaydaları və marşurutları ilə tanış olmalı, çoxillik təcrübələrə və proqnozlara əsasən təsərrüfat və əmlaklarının seldən zərər çəkə bilmə ehtimalını müəyyənləşdirməli və operativ şəkildə müvafiq tədbirlər görməlidirlər;

- əhali operativ məlumat mənbəyi olan radio, televiziya və internetdən sel təhlükəsi barədə məlumat aldıqdan sonra əlaqədar dövlət qurumları tərəfindən verilən bütün göstərişlərə (sərəncam və tövsiyələrə) qeyd-şərtsiz əməl etməli, selə qarşı müdafiə tədbirlərinin təşkilində və icra edilməsində fəallıq göstərməlidirlər;

- sel baş verdikdə əhali yaşayış məntəqələrində mövcud olan məlum sel yataqlarında daha çox sayıq və ehtiyatlı olmalı, xilas yolunu yalnız qaçaraq təhlükəsiz ərazilərə getməkdə (yamac boyu ən azı 50-100 m yuxarı qalxmaqda) görməlidirlər;

- evdə olarkən sel barədə xəbərdarlıq siqnalını eşitdikdə soyuqqanlı və təmkinli olmalı, aidiyyəti dövlət qurumlarının göstərişlərinə əsasən evinizi tərk edərək qabaqcadan müəyyənləşdirilmiş toplanış məntəqəsinə getməli və yardıma ehtiyacı olan şəxslərin təhlükəli sahələrdən uzaqlaşdırılmasına yardımçı olmalısınız;

- müxtəlif yardımçı vasitələrdən (məftil, kəndir, uzun paya, taxta parçası və trosdan) istifadə etməklə sel aparan adamı xilas etməyə çalışmalı və bu zaman özünüz də ehtiyatlı olmalısınız;

- çay yataqlarında sel ehtimalı olan günlərdə mal-qaranın olmasına yol verməməlisiniz, çünki bu zaman çox böyük itkilərlə üzləşə bilərsiniz;

- sel baş verən zaman zədə almısınızsa özünüzə və imkan daxilində başqa zədələnənlərə də ilk tibbi yardım göstərin, ehtiyac olan təqdirdə xilasedicilərə köməklik etməyə çalışın və əlaqədar dövlət qurumlarının kütləvi informasiya vasitələri ilə verdikləri göstəriş və məsləhətləri dinləyin və ardıcıl şəkildə, təlimata uyğun olaraq, icra etməyə şalışın.

Təhlükəli sel hadisəsi zamanı qeyd edilən davranış qaydalarına dürüst şəkildə əməl edilməsi əhalinin həyat və sağlamlığını qoruya bilər, eyni zamanda mal-qaranın tələf olmasının qarşısı alınar.

 

FHN Fövqəladə Halların

Xəbərdar Edilməsi Baş İdarəsi

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il