ENG     18 Noyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Noyabr 2018-ci il
N 34 (592)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Cəmiyyət

XX əsrin ən dəhşətli faciəsi: XOCALI SOYQIRIMI

"Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş  Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza  üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".

Heydər ƏLİYEV

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində XX əsrin ən dəhşətli faciələrindən biri baş vermişdir. Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə bu şəhəri yerlə-yeksan etmiş, etnik azərbaycanlılara qarşı soyqırımı törətmişdir.

Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə aparan bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında mülki vertolyot vurulub içindəki 40-dan artıq azərbaycanlı həlak olandan sonra şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu. Fevralın ikinci yarısından başlayaraq, Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

7 min əhalisi olan Xocalı Xankəndindən 10 kilometr cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yolunun üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıdadır. Ermənilərin Xocalıya əsas maraqları da onun bu cür strateji mövqeyə malik olması ilə əlaqədar idi.

Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.

Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.

Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsini təşkil etmişdir. Bu dəhşətli cinayət əməlinin məqsədi doğma torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxudub onun mübarizə əzmini qırmaq, eyni zamanda, ölkədə siyasi vəziyyəti qarışdıraraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur. Bununla birlikdə, bəzi xarici dövlətlərdən böyük miqdarda hərbi yardım alan Ermənistan Respublikasının silahlı qüvvələri Xocalı faciəsindən sonra tezliklə özünə gələ bilməyən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalını qısa müddətdə başa çatdırmış və ətraf rayonların zəbt edilməsi planlarının icrasına başlamışdır.

Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir çox milli faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verilmişdir.

  Ümummilli liderimizin təşəbbüsü ilə Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etmiş, sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır. Eyni zamanda, Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, erməni qəsbkarlarının beynəlxalq müstəvidə ifşası mühüm vəzifələr kimi önə çəkilmişdir.

Son 19 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, soyqırımı faktı müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır. Bəşəriyyətə qarşı ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ardıcıl tədbirlər həyata keçirilir, bu soyqırımı hadisəsinin bütün dünyada tanınması istiqamətində ciddi işlər aparılır.

Şübhə yoxdur ki, Azərbaycan Prezidenti  İlham Əliyevin apardığı məqsədyönlü fəaliyyət nəticəsində xalqımızın məruz qaldığı faciələr, o cümlədən Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınacaq, işğal olunmuş torpaqlarımızın qaytarılması məsələsi beynəlxalq hüquq normalarına uyğun olaraq, yaxın vaxtlarda sülh yolu ilə öz ədalətli həllini tapacaqdır. Əks təqdirdə, Ali Baş Komandanın bəyan etdiyi kimi, respublikamızın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın və ona bitişik 7 rayonun işğaldan azad olunması silah gücünə də olsa, təmin ediləcəkdir.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il