ENG     18 Noyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Noyabr 2018-ci il
N 34 (592)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Fövqəladə Hallar Nazirliyi "Xəzər-2010" taktiki təlimi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaranmasının 5-ci ildönümü ilə əlaqədar dekabrın 16-da Bakıda "Xəzər-2010" taktiki təlimləri keçirilmişdir. Əməliyyat-taktiki təlim Bakı şəhəri, Səbayıl rayonunun fonunda yaradılmış şərti şərait üzrə  Fövqəladə Hallar Nazirliyinin qurumları tərəfindən qarşılıqlı fəaliyyətdə Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsini əhatə etmişdir.

Təlimin keçirilməsində məqsəd Fövqəladə Hallar Nazirliyinin aparatının  baş idarə və idarə  rəislərinin, Nazirliyin qurum rəhbərlərinin Qəza-xilasetmə işlərinin təşkili və idarəetmə sahələrində təcrübələrinin artırılması; Qurumların şəxsi heyətinə fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması zamanı fəaliyyət üzrə vərdişlərin aşılanması; Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması sahəsində birgə fəaliyyətinə nail olmaqdan ibarət olmuşdur.

Təlimin gedişini fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Türkiyə Baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçək, müdafiə naziri Səfər Əbiyev, səhiyyə naziri Oqtay Şirəliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenat Elçin Quliyev, daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və digər qurumların rəhbərliyi, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan Fövqəladə Hallar nazirliklərinin yüksək vəzifəli əməkdaşları izləmişlər.

Qonaqlar əvvəlcə FHN-in fövqəladə hallar zamanı istifadə edilən texnika, avadanlıq və qurğularına baxmış, səhra mətbəxi, yeməkxana, zərərçəkənlərin yerləşdirilməsi məntəqəsi, mobil hospital və digər yerlərlə tanış olmuşlar.

Təlimlərdə Fövqəladə Hallar Nazirliyinin qurumlarının canlı qüvvələri və texniki vasitələri iştirak etmişdir.

... Saat 05.30 radələrində episentri Xəzər dənizində olmaqla Bakı şəhərindən 50 km. şimal-şərqdə 6 bal gücündə zəlzələ baş verir. İlkin məlumatlara görə Səbayil rayonunun Bayıl qəsəbəsində və dəniz kənarında yerləşən qəsəbələrində mövcud olan köhnə tikililər, o cümlədən yaşayış binaları dağıntılara məruz qalır, kommunikasiya xətləri sıradan çıxır. Dəniz kənarında yerləşən neft emalı müəssisələrində güclü yanğınlar baş verir, tikililər müxtəlif dərəcəli dağıntılara məruz qalmışdır. Sakinlər və işçilər arasında ölən və xəsarət alanlar vardır.

Yaranmış vəziyyətlə əlaqədar baş vermiş fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması məqsədi ilə Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Sularda Xilasetmə Xidmətinin, Aviasiya dəstəsinin, Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin, Tibb Xidmətinin  və Naxçıvan MR FHN-nin qüvvələri hazırlıq vəziyyətinə gətirilir.

Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin mobil qrupları, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və rayon mülki müdafiə qüvvələri baş vermiş hadisə rayonunda ilkin xilasetmə və yanğınların söndürülməsi işlərinə başlayırlar.

Həyata keçirilmiş ilkin hava kəşfiyyatı nəticəsində daha mürəkkəb vəziyyətin dəniz kanarında yerləşən neft emalı zavodunun (şərti) ərazisində yarandığı müəyyən edilir.

Alınmış kəşfiyyat məlumatlarına əsasən məlum olur ki, neft emalı zavodunun ərazisində yerləşən binalar müxtəlif dərəcəli dağıntılara məruz qalmış, yanğınlar baş vermiş, kimyəvi zəhərli maddələr saxlanılan tutumlardan ətrafa güclü təsiredici zəhərli maddə (ammonyak) dağılmışdır. Dağıntılara məruz qalmış binaların altında və yuxarı mərtəbələrində insanların olduğu ehtimal olunur. Şelfin bir qülləsi aşaraq neft məhsulları daşıyan gəminin üzərinə düşmüş və nəticədə gəmidə yanğın baş vermişdir. Şelf platformalarından və ərazidən keçən neft kəmərinin zədələnməsi nəticəsində dənizə neft məhsulu axmışdır. Gəmilərdən və digər obyektlərdən insanlar özlərini xilas etmək üçün suya atmışlar.

Yaranmış vəziyyət qiymətləndirilərək neft emalı zavodunun ərazisində xilasetmə işlərinin aparılması üçün Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Sularda Xilasetmə Xidmətinin, Aviasiya dəstəsinin, Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin, Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin və Tibb Xidmətinin qüvvələri hadisə rayonuna cəlb edilir.

Əsas qüvvələr fövqəladə hadisə rayonuna gəldikdə təyin olunmuş rayonu tutur, qəza ocağına daxil olmaq üçün istiqamətləri müəyyənləşdirərək Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinə başlayırlar.

Baş vermiş fövqəladə halın nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin operativ idarə olunması məqsədi ilə hadisə rayonunda əməliyyat qərargahı və qaynar xətt yaradılır. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin xüsusi texniki vasitələri ilə Qəza-xilasetmə işləri  aparılan ərazidən video görüntülər birbaşa əməliyyat qərargahına ötürülür. Mülki müdafiə qoşunlarının qüvvələri təxliyyə olunmuş əhalinin müvəqqəti yeləşdirilməsi üçün çadır şəhərciyi qurur.

Helikopter  vasitəsi ilə ərazidə hava kəşfiyyatının aparılması davam etdirilir. Digər  helikopterdən xilasedicilər əraziyə desant olunurlar. Mülki müdafiə qoşunlarının qüvvələri kimyəvi kəşfiyyat apararaq, zəhərlənmə zonasından zərərçəkənləri təhlükəsiz əraziyə təxliyə edir və zəhərlənmə zonasının lokallaşdırılmasına başlayırlar. Zəhərlənmə zonasının lokallaşdırılması Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən su pərdələrinin qurulması üsulu ilə həyata keçirilir, eyni zamanda sanitar təmizlənmə məntəqələri açılır. Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin vertolyotu tərəfindən neft boru kəmərlərində baş vermiş yanğınların söndürülməsi işləri həyata keçirilir. Eyni zamanda Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri qarşılıqlı əlaqədə zərərçəkənlərin axtarışı, dağıntılar altından və binaların yuxarı mərtəbələrindən insanların xilas edilməsi, onlara ilk tibbi yardımın göstərilməsi və təhlükəsiz zonaya köçürülməsi tədbirlərini həyata keçirirlər. Zərərçəkənlər Aviasiya dəstəsinin vertolyotu və təcili yardım  avtomobilləri vasitəsilə təxliyə olunurlar. Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri vertolyotdan dənizə desant olunur və Xəzər Hövzə Qəza-xilasetmə Xidməti və Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin katerlərinin vasitəsi ilə suya düşmüş insanların xilas edilməsini həyata keçirirlər. "Şelf"in dənizdə olan obyektlərində baş vermiş yanğınlar Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr" yanğınsöndürmə gəmiləri və yanğınsöndürmə avtomobilləri vasitəsilə söndürülür. Eyni zamanda Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Naxçıvan MR FHN-nin qüvvələri ilə qarşılıqlı əlaqədə şelfdə olan insanları xilas edirlər. Dövlət Sularda Xilasetmə Xidmətinin katerləri və skuterləri zərərçəkənləri sahildə olan səhra hospitalına təxliyə edir. Bundan sonra  Dövlət Yanğından Mühafizə Xidmətinin, Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin gəmiləri və Aviasiya dəstəsinin uçuş texnikası (vertolyot və təyyarə) vasitəsi ilə neft daşıyan gəmidə baş vermiş yanğının söndürülməsi, gəminin yedəyə alınması və bon çəpəri qurmaqla neft məhsullarının suyun üzərindən yığılması yerinə yetirilir. Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin dalğıcları həmin ərazidə sualtı neft boru kəmərinə baxış keçirirlər.

Keçirilmiş taktiki təlimlər zamanı qarşıya qoyulmuş vəzifələr tam həcmdə yerinə yetirilir, təlimə cəlb olunmuş şəxsi heyət verilmiş tapşırıqları məharətlə yerinə yetirir.

Təlimlərin uğurla keçdiyini deyən fövqəladə hallar naziri Kəmaləddin Heydərov qeyd edir ki, belə təlimlər mütəmadi təşkil olunur.

K.Heydərov xüsusi vurğulayır ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ən müasir texnika və avadanlıqla təchiz edilmişdir.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il