ENG     18 Noyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Noyabr 2018-ci il
N 34 (592)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Rəsmi xronika

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FÜZULİ VƏ AĞDAM RAYONLARINA SƏFƏRİ

Noyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Füzuli və Ağdam rayonlarında  olmuşdur.

Noyabrın 11-də dövlətimizin başçısı Füzuli rayonuna səfəri çərçivəsində  əvvəlcə Horadiz şəhərinin mərkəzində Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etdi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.

Dövlətimizin başçısına parkda aparılmış abadlıq işləri barədə məlumat verildi. Bildirildi ki, son aylarda parkda yenidənqurma işləri aparılmış, təzə yaşıllıq zolaqları salınmışdır.

Füzuli rayonuna səfəri çərçivəsində Horadiz şəhərində Muğam Mərkəzinin açılışında iştirak edən Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və mərkəzdə yaradılmış şəraitlə tanış oldu.

Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin milli musiqimizə qayğı və diqqətini əks etdirən fotostend vardır.

Dövlətimizin başçısına məlumat verildi ki, mərkəzin tikintisinə ARNDŞ-in Sosial İnkişaf İdarəsi tərəfindən 2010-cu ilin mayında başlanılmışdır. Üç hektar ərazisi olan mədəniyyət ocağı Prezident İlham Əliyevin göstərişi ilə inşa olunmuşdur. Azərbaycanın qədim musiqi alətlərindən olan tar formasında tikilmiş mərkəz üçmərtəbəlidir və bir-birinə bitişik üç korpusdan ibarətdir. Mərkəzə aid olan muğam məktəbində müxtəlif təyinatlı 31 sinif otağı yerləşir. Binanın divarlarında Azərbaycanın muğam ustadlarının, habelə milli musiqi alətlərimizin şəkilləri asılmışdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzin eskiz layihəsinə baxdılar.

İkinci və üçüncü mərtəbələrdə mühazirə və məşğələ otaqları vardır. Dövlətimizin başçısı məşğələnin gedişini izlədi.

Mərkəzdəki 320 yerlik örtülü konsert zalı ilə tanışlıq zamanı bildirildi ki, zal müasir akustika sistemi və işıq effektləri ilə təchiz edilmişdir.

Prezident İlham Əliyev və xanımı zalda Füzuli rayonunun "Qarabağ" instrumental ansamblının və gənclərin ifasında "Qarabağ şikəstəsi"ni dinlədilər.

Mərkəzin 520 yerlik açıq yay zalı da vardır. Bina havalandırma, daimi su təchizatı, müasir işıqlandırma sistemləri və yüksək gərginlikli elektrik generatoru ilə təchiz olunmuşdur. Ətrafda geniş abadlıq işləri görülmüş, gecə saatlarında müxtəlif rəng çalarlarına malik işıq lampaları ilə təchiz edilmiş fəvvarə quraşdırılmış, yaşıllıq zolaqları salınmışdır. Mərkəzin həyətyanı sahəsi həm də əhalinin istirahəti üçün park kimi nəzərdə tutulmuşdur.

 Prezident İlham Əliyev noyabrın 11-də Füzuli rayonuna səfəri çərçivəsində Horadiz İdman Kompleksinin açılış mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi, kompleksdə yaradılmış şəraitlə tanış oldu.

Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmanın inkişafına və idmançılara diqqət və qayğısını əks etdirən fotostend yaradılmışdır.

Məlumat verildi ki, tikintisinə 2009-cu ilin fevralında başlanmış idman kompleksi 5 hektar sahəni əhatə edir. Burada 30 yerlik mehmanxana, basketbol meydançası, 500 yerlik əl oyunları zalı, tennis kortu, avtomobil dayanacağı vardır. İdman kompleksinə, həmçinin soyunub-geyinmə otaqları, duşxana, sauna və masaj otaqları, tibb məntəqəsi, bufet, inzibati otaqlar və yataq otaqları daxildir. Kompleksin ərazisində su anbarı, su çəni qülləsi, elektrik yarımstansiyası da inşa olunmuşdur.

Prezident İlham Əliyev burada Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, onları təbrik etdi.

Sonra dövlətimizin başçısı və xanımı idmançıların nümunəvi çıxışlarını və incəsənət ustalarının konsert proqramını izlədilər.

Prezident İlham Əliyev kompleksin 1860 tamaşaçı yeri olan futbol meydançasına da baxdı.

Ərazidə abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmışdır.

Prezident İlham Əliyev Horadiz şəhərində Tibb Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev noyabrın 11-də Füzuli rayonuna səfəri çərçivəsində Tibb Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə tibb işçiləri ilə görüşdü, onları təbrik etdi.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi, mərkəzdə yaradılmış şəraitlə tanış oldu.

Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyənin inkişafına diqqəti və qayğısını əks etdirən fotostend vardır.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev məlumat verdi ki, Tibb Mərkəzinin inşasına 2008-ci ilin fevralında başlanmışdır. Mərkəz 1,5 hektar ərazidə yerləşir. Birinci mərtəbədə doğum, qəbul, hemodializ və şüa-diaqnostika şöbələri yerləşir. İkinci mərtəbədə konsultativ diaqnostik poliklinika şöbəsi, inzibati və cərrahi stasionar şöbələr, əməliyyatların gedişini canlı izləmək üçün lazımi avadanlıqla təchiz edilmiş akt zalı, laboratoriya, üçüncü mərtəbədə 3 əməliyyat bloku, anesteziologiya və reanimasiya şöbəsi, intensiv terapiya palataları və reanimasiya zalı vardır. Tibb mərkəzində kompyuter tomoqrafiyası, rentgen, USM, oftalmologiya və stomatologiya otaqları fəaliyyət göstərir. Tibb ocağı cəbhə bölgəsində yerləşdiyindən ağır xəstələrin vaxtında bura çatdırılması üçün 2 vertolyot meydançası, habelə yeməkxana, qazanxana, camaşırxana, elektrik yarımstansiyası, mərkəzə ezam olunan həkimlərin müvəqqəti yaşaması üçün iki yaşayış binası da inşa olunmuşdur.

Füzuli rayonunun Böyük Bəhmənli kəndinin yaxınlığında, magistral yolun kənarında inşa olunmuş mərkəzin xidmətlərindən ətraf məntəqələrin sakinləri də istifadə edəcəklər.

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonuna gəlmişdir.

Dövlətimizin başçısı və xanımı Quzanlı qəsəbəsinin mərkəzində Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etdilər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.

Prezident İlham Əliyev noyabrın 11-də Quzanlı qəsəbəsində Ağdam rayon mərkəzi xəstəxanasının yeni binasının açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva səhiyyə ocağında yaradılmış şəraitlə tanış oldular.

Xəstəxananın 2 mərtəbədən ibarət əsas binasının birinci mərtəbəsinin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyənin inkişafına diqqəti və qayğısını əks etdirən fotostend vardır.

Dövlətimizin başçısı səhiyyə ocağının köhnə və yeni binasının şəkilləri əks olunmuş fotoguşəyə baxdı.

Məlumat verildi ki, xəstəxananın əvvəlki binası yararsız vəziyyətə düşdüyündən dövlətimizin başçısının tapşırığı ilə yeni binanın tikintisinə başlanılmış və iki il müddətində müasir tipli 50 çarpayılıq bina inşa olunmuşdur. Ən müasir avadanlıqla təchiz olunmuş xəstəxana nəinki Ağdamdan, eyni zamanda qonşu rayonlardan olan xəstələrin müalicə və əməliyyat olunmalarına imkan yaratmışdır. Birinci mərtəbədə yerləşən poliklinika şöbəsi stomatologiya, oftalmologiya və USM kabinetləri, nevropatoloq, manipulyasiya və fizioterapiya otaqlarından ibarətdir. Birinci mərtəbədə doğum şöbəsi də yerləşir. İkinci mərtəbədə cərrahiyyə, reanimasiya, anesteziologiya və intensiv terapiya şöbələri yerləşir. Bina müasir havalandırma sistemi ilə təchiz olunmuşdur.

Məlumat verildi ki, xəstəxananın yardımçı binalarında qazanxana, su anbarı və elektrik paylayıcı generator qurğuları quraşdırılmış və rentgen şöbəsi yaradılmışdır. Ərazi abadlaşdırılmış, yaşıllıq zolağı salınmışdır. Xəstəxanaya gələn yola asfalt örtüyü salınmış, yeni işıqlandırma sistemi quraşdırılmışdır. Prezident İlham Əliyevin tapşırığı ilə Səhiyyə Nazirliyi tərəfindən xəstəxanaya müasir avadanlıqla təmin olunmuş "Mercedes" markalı 2 təcili tibbi yardım avtomobili verilmişdir.

Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.

Prezident İlham Əliyev noyabrın 11-də Ağdam rayonuna səfəri çərçivəsində məcburi köçkün ailələri üçün yeni qəsəbənin açılış mərasimində iştirak etmişdir.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə Ağdam rayonu ərazisində 689 məcburi köçkün ailəsi üçün inşa edilmiş qəsəbə barədə məlumat verdi. Bildirdi ki, dövlətimizin başçısının tapşırığı əsasında məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə inşa olunan bu qəsəbə lazımi infrastrukturla təmin olunmuşdur. Ərazisi 70 hektar olan qəsəbədə inşa olunmuş evlərin ümumi sahəsi 37 min 187 kvadratmetrdir. Hər bir evin 6 sot torpaq sahəsi vardır. Qəsəbədə 1000 kilovatlıq transformator quraşdırılmış, elektrik hava xətləri çəkilmişdir. Qəsəbəyə 20 kilometr içməli su xətti, 34 kilometrə yaxın qaz xətti çəkilmiş, 4 qaztənzimləyici məntəqə quraşdırılmışdır. Burada müasir standartlara cavab verən yol infrastrukturu yaradılmışdır. Sahəsi 1,7 hektar olan park qəsəbə sakinlərinin əsl istirahət mərkəzinə çevriləcəkdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qarabağ müharibəsi veteranı Oruc Cabbarovun dördotaqlı evində yaradılmış şəraitlə tanış oldular. O.Cabbarov məcburi köçkün ailələri üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını çatdırdı.

Sonra Prezident İlham Əliyev 440 yerlik məktəb binasının açılışında iştirak etdi. Qəsəbə sakinləri dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.

Prezident İlham Əliyevə Qarabağ cinsindən olan kəhər at hədiyyə edildi.

Dövlətimizin başçısı və xanımı burada ağdamlı muğam ustaları ilə görüşdülər, gənc ifaçıları dinlədilər və onların çıxışını alqışladılar.

Prezident İlham Əliyev qəsəbədə yeni mənzil almış məcburi köçkünlərlə görüşdü, onları təbrik etdi.

Qəsəbədəki 18 nömrəli orta məktəbin müəllimi Qədulla Səfərov məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdi.

Sonra Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.

Dövlətimizin başçısına məlumat verildi ki, ikimərtəbəli məktəb binası müasir üslubda inşa olunmuşdur. Birinci mərtəbədə Ağdam rayonu ərazisində tapılmış tarixi arxeoloji eksponatlardan ibarət sərgi vardır. Məktəbin birinci mərtəbəsində sinif otaqları ilə yanaşı, yeməkxana, fizika və riyaziyyat kabinələri yerləşir. Kitabxanada isə klassik və müasir Azərbaycan, habelə dünya ədəbiyyatı nümunələri toplanmışdır. Məktəbin ikinci mərtəbəsində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin təhsilimizə diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılmışdır. Burada akt zalı, fizika və biologiya kabinələri təşkil olunmuşdur. Məktəbdə Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələrdən bəhs edən guşə də vardır. Tarix, Azərbaycan dili və gənclərin çağırışqabağı hazırlığı, kompyuter otaqları, fənn kabinələri və laboratoriya ən müasir tədris avadanlığı ilə təchiz edilmişdir.

İdman zalında isə basketbol, güləş və voleybol məşğələləri keçiriləcəkdir. Prezident İlham Əliyev burada gənc idmançıların nümunəvi çıxışlarını izlədi.

Dövlətimizin başçısına məlumat verildi ki, qəsəbənin ərazisində inşa olunmuş 50 yerlik uşaq bağçasında geniş və işıqlı otaqlar, müxtəlif oyun zalları, məktəbəqədər hazırlıq şöbəsi vardır.

Qəsəbənin mərkəzində ayrıca inzibati bina da vardır və müxtəlif yığıncaqların keçirilməsi üçün 152 yerlik iclas zalı olan klub-icma mərkəzi inşa edilmişdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qəsəbə sakinlərini bir daha təbrik etdilər, onlarla xatirə şəkli çəkdirdilər.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il