ENG     18 Noyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Noyabr 2018-ci il
N 34 (592)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Müxtəlif

TƏBİƏTƏ ANTROPOGEN TƏSİRLƏR VƏ ONLARIN YARATDIĞI EKOLOJİ PROBLEMLƏR

Ekologiya anlayışı elmə ilk dəfə olaraq Ernest Hekkel tərəfindən gətirilmişdir. Onun fikrinə görə, ekologiya - canlıların onları əhatə edən mühitə münasibətini müəyyən edən bir elmdir.

Ekologiya yunan sözü olub, mənası "Oykos" - ev, təsərrüfat, "loqos" - elm deməkdir. E. Hekkelin bu elmə bu adı verməsinin doğru olduğu isbat edilmişdir. Çünki canlıları onları əhatə edən aləmdən ayırmaq düzgün deyil.

Müasir dünyada ekoloji problemlər çoxdur. Bunların çoxunun da yaradıcısı insandır. Ekologiya elmi də məhz bu problemlərin həll olunması prinsipinə əsaslanır.

İnsanın ekologiyaya mənfi təsiri

Təbiət insan zəkasından asılı olmayaraq öz-özünü tənzimləyən obyektiv varlıqdır. O, təbii proseslər və qanunauyğunluqlar əsasında yaranmış uzun sürən təkamül prosesində inkişaf etmişdir. İnsan-təbiətin bir hissəsi, onun ən ali üzvüdür. Bioenergetik varlıq olan insan kainatın ayrılmaz tərkib hissəsi olmaqla təbiət amilləri ilə qarşılıqlı təsirdə artır, yaşayır və inkişaf edir.

Akademik S.S.Şvars göstərir ki, biosfer həyat üçün zəruri olan elementlərin optimal nisbətini milyon illərlə sabit saxlamış, lakin bir neçə onillik ərzində insan bu tarazlığı poza bilmişdir. Bu pozulma isə iqlimin qeyri-əlverişli dəyişilə bilməsi kimi qlobal təhlükə ilə nəticələnə bilər.

Akademik V.İ.Vernadski biosferin yenidən qurulmasını, onun yeni vəziyyət almasını Yer kürəsində yeni geoloji hadisə adlandırırdı. O yazırdı: "Burada insan ilk dəfə geoloji güc kimi mövcudluğunu göstərir. O, özünün həyat tərzini öz zəhməti və şüuru ilə yenidən qura bilər və qurmalıdır."

Təəssüflə qeyd etmək lazımdır ki, müasir insanın qlobal antropogen və texnogen fəaliyyətinin təsirindən biosfer əsaslı surətdə, həm də sürətlə dəyişir. Bu vəziyyəti Nobel mükafatı laureatı etioloq N.Tinbergen belə xarakterizə edir: "Biz ətraf mühiti o qədər sürətlə dəyişirik ki, bizim genetik şərtləndirilmiş əxlaqi uyğunlaşmağımız bu qədər kəskin kökündən dəyişmə ilə ayaqlaşa bilmir. İnsanın genetik təkamülünü sürətləndirmək və onu bəzən dəhşətli olan bu dəyişkənliklərə uyğunlaşdırmaq bizim gücümüzün imkanları daxilində deyildir. Bizim yeganə ümidimiz-bu yeni mühiti idarə etməyi öyrənməkdən ibarətdir."

Biosferin vəziyyəti onun tərkib hissəsi olan hava, su, torpaq, eləcə də flora-fauna, landşaft və iqlimin fiziki parametrlərilə xarakterizə olunur. Bu komponentlərdən hər birinin insan fəaliyyəti nəticəsində dəyişməsi bütünlüklə biosferdə gedən dəyişmə ilə nəticələnir. Bu, bir daha sübut edir ki, antropogen amillərin əsas kriteriyası onun qlobal olmasıdır.

İnsanın biosferə təsiri üç əsas halda özünü göstərir.

Birinci hal - kortəbii antropogen təsirdir. Buna misal sənaye kompleksləri tərəfindən çirkləndirici maddələrin təbii mühitə atılmasını göstərmək olar.

İkinci hal - təbiətin imkanlarından istifadə etməklə, təbiətə əsaslı, lakin məqsədli təsir etmədən biosferin elementlərini dəyişdirməsini misal göstərmək olar.

Üçüncü hal - təbii imkanlardan istifadə etməklə təbiəti şüurlu surətdə əsaslı və irimiqyaslı dəyişdirmək-məqsədli təsir göstərməyi misal göstərmək olar.

Göstərilən qarşılıqlı əlaqə hallarının müxtəlif pozitiv effektləri olsa da, bütünlüklə onlar təbiətdə mənfi nəticələrə səbəb olur: bəzi hallarda isə belə dəyişikliklər yalnız mənfi xarakter daşıyır.

Təbii mühitin pisləşməsi və ekoloji tarazlığın pozulması hallarına sənayeləşmiş cəmiyyətin ümumi strategiyasının qaçılmaz nəticəsi kimi baxmaq olmaz və bu - texniki səhvlərin olması və texniki inkişafın lazımi səviyyədə olmaması ilə əlaqədardır.

Antropogen təsirlər praktiki olaraq onun bütün hallarında biosferdə təbii tarazlığa təsir edir, onu dəyişdirir. Bu dəyişmələrin bəziləri təbii fluktuasiya fonunda az nəzərə çarpandır, bəziləri isə artıq çox böyük ölçülərə çatmışdır ki, bunların da bir hissəsi dönməz xarakterlidir. Həmin dəyişmələr istər insan üçün, istərsə də təbiətin özü üçün həm xeyirli (bioloji məhsuldarlıq artır, biosenozların cavanlaşması baş verir), həm də zərərli (ətraf mühitin çirklənməsi, bərpa olunmayan ehtiyatların tükənməsi, bərpa olunan ehtiyatların təkrar təbii bərpası imkanlarının və öz-özünü tənzimləmə xassələrin zəifləməsi) xarakter daşıyır.

İnsanın təbiətə təsiri-hansı təsirin təbii sistemlərə mənfi, hansının isə müsbət təsiri baxımından analizi akademik S.S.Şvarsa imkan vermişdir ki, o, sənayeləşmənin yaratdığı bəzi ümumi dəyişmələri biosferin inkişafının potensial əlverişli amili kimi xarakterizə etsin. Göstərilir ki, antropogen fəaliyyət nəticəsində CO2-nin atmosferdə artması yüksək məhsuldarlı bioloji sistemlərin formalaşmasına gətirir; antropogen təsir ekosistemlərdə enerji mübadiləsini artırır, bu isə biosferin cavanlaşmasına səbəb olur. S.S.Şvarsa görə, urbanizasiya və sənayeləşmə proseslərinin təsiri altında gedən biosenozların sadələşməsi, onların cavanlaşması, qida zəncirində ayrı-ayrı halqaların dəyişilməsi, heyvanların ilginc üzvi maddələrin destruktorları kimi rolunun artması-bütün bunlar biosferin deqradasiyası deyil, onun yeni şəraitdə təkamülüdür.

İnsanın onu əhatə edən mühitə təsirinin xarakteri və miqyası onun biosferdəki vəziyyətinin ikili olması ilə müəyyən edilir. Bir tərəfdən, insan dövretmənin ümumi sisteminə daxil olan bioloji obyekt kimi qarşılıqlı trofik və energetik təsirin və adaptasiyanın mürəkkəb sistemi mühiti ilə zəruri əlaqədədir. Bu əlaqələr sistemində insan-aerob tipli mübadiləsi olan bir fərd kimi, heterotrof konsument-polifaq həyat statusu daşıyır. Digər tərəfdən, cəmiyyət-mühit qarşısında texniki, məişət və mədəni ehtiyaclarından irəli gələn elm, texnika və mədəniyyət artdıqca daha proqresivləşən geniş profilli qeyri-bioloji tələblər qoyan yüksək inkişaf etmiş sosial sistemdir. Bunun nəticəsində təbii ehtiyatların istifadə miqyasları insanın sırf bioloji tələbatını əhəmiyyətli dərəcədə üstələyir. Bununla əlaqədar bioloji ehtiyatların istismarının artırılması zəruriliyi qarşıya çıxır və nəticədə təbii trofik əlaqələr pozulur, dövriyyəyə qayıtmayan üzvi maddənin miqdarı getdikcə artır.

İnsanın sosial-texniki tələbatı ətraf mühitdən biogen dövriyyəsinə daxil olmayan və müvafiq ilginc vəziyyətinə qayıtmayan və bərpa olunmayan maddələri ayırıb mənimsəməklə baglıdır. Bərpa olunmayan ehtiyatlar problemi belə yaranır. Həmçinin, biogen və abiogen maddələrin bir çox texnoloji emalı məhsulları da spesifik bioloji destruktorları olmadığından dövriyyəyə qoşulmur; onlar parçalanmırlar və biosferin çirkləndiriciləri kimi toplanırlar.

Göründüyü kimi, biosferin çirklənməsi, prinsip etibarilə, bilavasitə müasir təsərrüfat formasının nəticəsidir. Ətraf mühitə atılan bir çox məhsulların toksinliyi təbii bioloji sistemlərin strukturunu və funksiyasını, axır nəticədə isə insan həyatının bioloji şəraitini dəyişməklə onun yaşayış tərzini pozur və beləcə kritik situasiya yaranır: sosial sistem olan insan bioloji resurslara nisbətən daha geniş fəaliyyət göstərir və bununla da təkamül prosesində tarazlaşmış bioloji dövriyyəni tarazlıq halından çıxarır.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il