Neft, qaz və neft-kimya sənayesi müəssisələrində yanğın təhlükəsizliyinin təmin olunması işlərinin təşkili və təxliyə tədbirləri

Neft, qaz və neft-kimya sənayesi müəssisələrində yanğın təhlükəsizliyinin təmin olunması işlərinin təşkili "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununun, "Neft, qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi Qaydaları"nın tələblərinə uyğun şəkildə həyata keçirilməlidir.

Müəssisə rəhbərləri  istehsalat xüsusiyyətlərini nəzərə almaqla, ümummüəssisə, hər bir sex, qurğu, laboratoriya və s. obyekt üçün yanğın təhlükəsizliyi üzrə təlimat hazırlamalı, onu Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın təhlükəsizliyi qurumu ilə razılaşdırmalı və təsdiq etməlidir.

Yanğın təhlükəsizliyi üzrə ümummüəssisə təlimatında yanğın təhlükəsizliyinin əsas tələbləri müəyyənləşdirilməlidir. Belə ki, təlimatda ərazinin saxlanma xüsusiyyəti, o cümlədən yollar, yanğın təhlükəsizliyi tələblərinə uyğun aralıq məsafələr, binalara, su mənbələrinə və digər obyektlərə keçid yolları müəyyən olunmalıdır.

Yanğın təhlükəsizliyi üzrə təlimatda maddə və materialların saxlanılması, həmçinin birdəfəlik və müvəqqəti işlər yerinə yetirən şəxslərin obyektin ərazisinə buraxılması, nəqliyyat vasitələrinin müəssisə ərazisinə buraxılması və onların hərəkəti, yanğınsöndürmə və yanğın rabitə siqnalizasiya vasitələrinin saxlanılması, yanğından mühafizə xidmətinin çağırılması qaydaları öz əksini tapmalıdır.

Yanğın təhlükəsizliyi üzrə təlimatda neft, qaz və neft-kimya sənayesi müəssisəsində siqaret çəkmək üçün xüsusi ayrılan yerlər haqqında da məlumat olmalıdır.

  Obyektlər üçün yanğın təhlükəsizliyi üzrə təlimatlarda yanğından mühafizə tədbirləri müəyyən edilərkən istehsalatın yanğın təhlükəsizliyi üzrə kateqoriyası, ayrı-ayrı istehsal prosesləri üçün xüsusi tədbirlər,  sexlərdə, emalatxanalarda, anbarlarda partlayış-yanğın təhlükəli maddələrin saxlanılması və nəql edilməsi qaydaları, partlayış-yanğın təhlükəli ayrı-ayrı maddələrin saxlanılması və nəqlinin xüsusiyyətləri, yanğınsöndürmə sistemlərinin və vasitələrinin işə yararlılığının yoxlanılması qaydaları   nəzərə alınmalıdır. Bütün bunlarla yanaşı yanğından mühafizə tədbirləri müəyyən edilərkən  odlu işlərin aparılması üçün xüsusi yerlərin ayrılması, silgi materiallarının yığılması, saxlanılması və binadan xaric edilməsi, xüsusi geyimlərin saxlanılması,  ayrı-ayrı qurğu və avadanlıqların təmirə hazırlanması və təmirdən sonra işə salınması   zamanı yanğından mühafizə qaydaları, yanğın baş verərkən sex, emalatxana və digər obyektlərin işçilərinin vəzifələri (yanğından mühafizə xidmətinin çağırılması, texnoloji avadanlıqların dayandırılması, ventilyasiya və elektrik cihazlarının söndürülməsi, yanğın-söndürmə vasitələrinin tətbiqi, təhlükəsizlik texnikası qaydalarına riayət edilməklə insanların və maddi sərvətlərin köçürülməsi və s. məsələlər) diqqət mərkəzində olmalıdır.

Neft, qaz və neft-kimya sənayesi müəssisələrinin xüsusiyyətindən asılı olaraq təlimata digər tədbirlər də daxil edilə bilər. Müəssisədə işlənib hazırlanmış təlimata   beş ildə bir dəfədən az olmayaraq yenidən baxılmalıdır. Həmçinin texnoloji proses və iş şəraiti dəyişdikdə,  baş vermiş bədbəxt hadisələrin təhlili əsasında da təlimata dəyişiklər edilə bilər.

Neft, qaz və neft-kimya sənayesi müəssisələrinin  istehsalat, inzibati, ictimai və digər təyinatlı bina və otaqlarında yanğın baş verərkən insanların təxliyə planı üzrə təhlükəsiz köçürülməsi təmin olunmalıdır. Bu məqsədlə hər bir müəssisədə təxliyə planı olmalı, işçilər həmin planla tanış edilməli, təxliyə planları binaların görünən yerlərində (hər mərtəbədə) asılmalıdır.

Yanğın zamanı insanların təhlükəsizliyinin təmin edilməsi üçün  bina və otaqların konstruktiv-planlı həlli insanların tez köçürülmə imkanlarının həyata keçirilməsini, yanğının yayılmasının qarşısının alınmasını  təmin etməlidir .

Neft, qaz və neft-kimya sənayesi müəssisələrinin istehsalat, inzibati, ictimai və digər təyinatlı bina və otaqlarında insanların köçürülmə yollarındakı divar və tavanların bəzədilməsində yanar materiallardan, həmçinin səthi yanan və yanğın zamanı boğucu qazlar ayıran materiallardan istifadə edilməməlidir.

Yanğın və qəza hallarında insanların müvəffəqiyyətlə köçürülməsinə imkan verən xüsusi avadanlıqlar - təcili xəbərdarlıq sistemi, qəza vəziyyətində işıqlandırma, təhlükəsizlik işarələri daim saz vəziyyətdə saxlanılmalı, işçi heyət yanğının ləğvi və lokallaşdırılması planı ilə tanış olmalı, yanğın baş verən zaman bu plana uyğun hərəkət etməlidirlər.

Neft, qaz və neft-kimya sənayesi müəssisələrinin  istehsalat, inzibati, ictimai və digər təyinatlı bina və otaqlarında tüstüdən mühafizə sisteminə daxil olan qurğular daim işlək vəziyyətdə saxlanılmalı, təxliyə yolları (dəhlizlər, pilləkən qəfəsləri, vestibüllər) gecə vaxtı müvafiq normativ tələblərə uyğun işıqlandırılmalıdır.

Təmir işləri, elektrik cihaz və qurğularının, isitmə sistemlərinin istismarı zamanı texniki təhlükəsizlik tələblərinə ciddi riayət olunmasına neft, qaz və neft-kimya sənayesi müəssisəsinin rəhbərliyi tərəfindən daim nəzarət olunmalıdır.

Fövqəladə Hallar Nazirliyi

 Dövlət Yanğından Mühafizə Xidmətinin 

İctimaiyyətlə  əlaqələr və təbliğat sektoru

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 16 (658) - 2020-05-23


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)