Baş Prokurorluq: "EuroHome"da baş vermiş iki yanğın hadisəsi ilə bağlı cinayət işləri vahid icraatda birləşdirilib

Mayın 11-də saat 23 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "EuroHome" MMC-yə məxsus ticarət mərkəzində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki Müdafiə Qoşunları və Bakı Regional Mərkəzinin canlı qüvvə və texnikaları tərəfindən operativ surətdə həyata keçirilmiş müdaxilə tədbirləri ilə yanğının məhdudlaşdırılaraq saat 01 radələrində tam söndürülməsi təmin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğın söndürüldükdən sonra Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin göstərişinə əsasən dərhal Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müasir kriminalistik texnikası və vasitələri ilə təchiz edilmiş səyyar kriminalistik laboratoriyası vasitəsilə prokurorluq əməkdaşları tərəfindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müfəssəl müayinə olunub. Hadisə yerindən sübut əhəmiyyətli predmet və nümunələr götürülərək ekspertiza tədqiqatına təqdim edilib.

Yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi üzərinə qoyulmuş vəzifəli şəxslərin qulluq səlahiyyətlərindən sui-istifadə etmə və yanğın təhlükəsizliyi qaydalarının pozulması faktları ilə bağlı Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş Prokurorluğun və Fövqəladə Hallar Nazirliyinin peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işinin icraatı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

İş üzrə məhkəmə kimyəvi, məhkəmə yanğın-texniki, məhkəmə tikinti-texniki, məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilib, ticarət mərkəzindən iş üzrə zəruri olan sənədlər götürülüb.

Hazırda iş üzrə hadisəsinin başvermə səbəblərinin, sahibkarlara dəymiş ziyanın, eləcə də cinayəti törətməkdə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, 2019-cu il dekabrın 10-da həmin ticarət mərkəzində 128 nəfərə məxsus əmlakın yanması ilə nəticələnən yanğın hadisəsinin baş verməsi faktı üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə başlanmaqla istintaqı aparılan cinayət işi üzrə zəruri istintaq hərəkətləri və müvafiq ekspertizalar təyin olunub, rəylərin alınması, vətəndaşlara dəymiş 17 milyon 460 min manat maddi ziyanın 13 milyon 796 min manatının ödətdirilməsi təmin edilib.

Hər iki yanğın hadisəsinin "EuroHome" MMC-yə məxsus eyni ərazidə yerləşən ticarət mərkəzində baş verməsi səbəbindən cinayət işləri birləşdirilməklə istintaq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində vahid icraatda davam etdirilir.

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 16 (658) - 2020-05-23


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)