Ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq üçün bütün zəruri addımlar atılıb

Dünya ölkələri yeni koronavirus (COVİD-19) infeksiyasının sürətli yayılması səbəbindən yaranan ciddi təhlükə ilə mübarizəni davam etdirirlər. Yaranmış təhlükə cəmiyyətin təbii fəlakətlər, texnogen qəzalar ilə yanaşı, insanların kütləvi şəkildə həyatını itirməsinə səbəb ola biləcək bioloji təhlükələr ilə mübarizənin də daim diqqət mərkəzində saxlanılmasının vacibliyini gündəmə gətirmiş oldu. Ümumdünya Səhiyyə Təşkilatının 08 may 2020-ci il tarixinə olan məlumatına əsasən, dünyanın 215 ölkə və əraziləri üzrə ümumilikdə 3726292 nəfərin infeksiyaya yoluxma faktı təsdiqlənmiş, 257405 nəfər bu infeksiyaya yoluxma səbəbindən həyatını itirmişdir. John Hopkins Universitetinin 8 may 2020-ci il tarixinə olan məlumatına əsasən, dünya ölkə və əraziləri üzrə yeni koronavirus infeksiyasından sağalaraq normal həyata qayıdanların sayı 1293333 nəfər təşkil etmişdir. Təbii ki, bu rəqəmin yüksək olmasında yorulmaq bilmədən çalışan tibb işçilərinin xüsusi əməyi vardır.

Bir çox ekspert və beynəlxalq qurumlar bu xəstəliyin əsas təhlükəli tərəfini onun təsdiq olunmuş müalicə üsullarının olmaması ilə əlaqələndirir, əsas səylərin infeksiyanın sürətli yayılmasının qarşısının alınmasına yönəldilməsinin vacibliyini qeyd edirlər. Əks təqdirdə, inkişaf etmiş ölkələrin belə səhiyyə imkanlarının yarana biləcək mürəkkəb şəraitdə tələbləri təmin etmək iqtidarında olmayacağı barədə fikirlər səsləndirirlər. Həmçinin, müvafiq beynəlxalq təşkilatlar ilə qarşılıqlı fəaliyyətin və ölkələrin birgə səylərinin infeksiyanın yayılmasının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmək olar. İlkin mərhələdə dünya ölkələrində yeni koronavirus infeksiyası ilə mübarizədə müxtəlif yanaşmalar müşahidə edilsə də, hazırda bir çox ölkələrdə bu sahədə fəaliyyətin əsasını karantin rejimi tədbirlərinin tətbiqi və əhalinin maarifləndirilməsi təşkil edir.

Ölkələr tətbiq olunan karantin rejimi tədbirlərini tədricən yumşaltmaqla, mərhələli şəkildə karantin rejimini aradan qaldırmağa hazırlaşdıqlarını bəyan etməklə yanaşı, peyvənd və müalicə vasitələrinin müəyyən olunması istiqamətində işlərin davam etdiyini, infeksiyanın yenidən yayılma təhlükəsinin hələ də qalmaqda olduğunu, bu səbəbdən vətəndaşların bir müddət ehtiyatlı davranmasının faydalı olacağını qeyd edirlər.

Ekspertlər karantin rejimi tədbirlərinin infeksiyanın yayılmasının qarşısının alınmasında effektiv üsul olduğunu bildirsələr də, bununla yanaşı uzun müddət davam edəcəyi təqdirdə böyük iqtisadi ziyan və insanların həyatında psixoloji narahatlıqların yaranmasına səbəb ola biləcəyini qeyd edirlər.

Ölkəmizdə infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 2020-ci il yanvar ayından zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə başlanıldı. Beləliklə, dövlətimizin başçısının uzaqgörənliyi və vaxtında kompleks qabaqlayıcı tədbirlərin həyata keçirilməsi nəticəsində infeksiyanın ölkəmizdə sürətli yayılmasının qarşısı alınmış oldu.Yeni koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində müvafiq laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr ölkəmizə gətirilməklə yanaşı, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradıldı.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin sağlamlığının qorunması və sosial rifahının təmin olunmasına yönələn kompleks tədbirlər əzmlə davam etdirilməkdədir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus pandemiyası ilə bağlı xalqımıza müraciəti vətəndaşlarımızı daha diqqətli davranmağa sövq etdi, vətəndaşlarımızın məsuliyyətli yanaşması isə özlərinin və yaxınlarının həyatını qorumaqla ölkəmizdə infeksiyanın yayılması ilə mübarizə tədbirlərinə öz töhfəsini vermiş oldu.

Onu da qeyd edim ki, ölkəmiz yeni koronavirus infeksiyası ilə mübarizə sahəsində Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın 8 may 2020-ci il tarixinə olan məlumatına əsasən, ölkəmizdə 2279 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınmışdır. Tibb işçilərinin gərgin əməyi və səyi nəticəsində 1576 nəfər bu xəstəlikdən sağalaraq öz normal həyat fəaliyyətinə qayıtmışdır.

Əsas hədəfi ölkəmizdə yeni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması olan bu tədbirlərin yerinə yetirilməsində Fövqəladə Hallar Nazirliyinin Tibb, Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğından Mühafizə xidmətləri, Mülki müdafiə qoşunları və Regonal Mərkəzləri cəlb edilmişdir. Adıçəkilən qurumlar bu sahədə qarşıya qoyulan tapşırıqları digər dövlət orqanları ilə birgə fəaliyyətdə icra edirlər.

Ölkəmizin Rusiya, İran və Gürcüstan ilə sərhəd-keçid məntəqələrində qəbul-çeşidləmə məntəqələrinin yaradılması ölkəmizdə infeksiyanın yayılmasının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb etmişdir. Azərbaycan Hökumətinin tapşırığına əsasən, xaricdən ölkəmizə daxil olan vətəndaşların qəbul edilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul-çeşidləmə məntəqələri yaradılmış, 27 fevral 2020-ci il tarixindən 5 aprel 2020-ci il tarixinədək xaricdən ölkəmizə daxil olan vətəndaşlarımızın qəbul edilməsi, onların ilkin həkim müayinəsindən keçirilməsi və karantin tədbirləri üçün ayrılmış digər obyektlərdə hazırlıq tədbirləri həyata keçirilənədək, müvəqqəti olaraq karantində saxlanılması təmin edilmişdir.

Zəruri tibbi ləvazimat və avadanlıqlarla təchiz olunmuş qəbul-çeşidləmə məntəqələrində nazirliyin tibb personalının növbəli fəaliyyəti təşkil edilmişdir. Qəbul-çeşidləmə məntəqəsinə qəbul edilən vətəndaşlar daha sonra onlar üçün ayrılmış 4 və 5 ulduzlu mehmanxanalar və sanatoriyalarda yerləşdirilmişdir.

Bu günədək məntəqələrdə müayinəyə cəlb edilənlərin sayı 8900 nəfərdən artıq olmuş, onlardan 100 nəfərdə infeksiyaya yoluxma şübhəsi aşkar edilmiş, daha ətraflı müayinələrin aparılması məqsədi ilə həmin şəxslərin xüsusi ayrılmış səhiyyə müəssisələrinə göndərilməsi təmin edilmişdir

Məlum olduğu kimi, yeni koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində 5 aprel 2020-ci il tarixindən etibarən yükdaşımalar istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın tam şəkildə dayandırılması barədə Azərbaycan Hökuməti tərəfindən müvafiq qərar qəbul olunmuşdur. Qeyd olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək qüvvədədir. Bununla əlaqədar olaraq, hazırda FHN tərəfindən yaradılmış qəbul-çeşidləmə məntəqələri ölkəmizə daxil olan yük avtomobillərinin sürücülərinin qəbul edilməsi, onların həkim müayinəsindən keçirilməsi və müvəqqəti olaraq, yüklər aidiyyəti üzrə təhvil verilənədək qəbul-çeşidləmə məntəqələrində saxlanılması istiqamətində fəaliyyətlərini davam etdirirlər. Ölkəmizə daxil olan yük avtomobillərinin sürücüsü olan xarici ölkə vətəndaşlarında həkim müayinəsi zamanı infeksiyaya yoluxma şübhəsi aşkar olunduğu təqdirdə, həmin şəxslərin sərhəddən geri qaytarılması üçün digər dövlət orqanları ilə qarşılıqlı fəaliyyətdə müvafiq tədbirlər həyata keçirilir. Digər hallarda isə xarici ölkə vətəndaşı olan sürücülər gətirdikləri yüklərin qəbul edən tərəfin avtomobillərinə yüklənməsi, sənədləşdirilməsi, bir sözlə, təhvil-təslim prosesi bitənədək qəbul-çeşidləmə məntəqələrində qalırlar.

Onu da qeyd edim ki, ölkəmizə daxil olan yük avtomobillərinin sürücüsü Azərbaycan vətəndaşı olduqda onların ilkin həkim müayinəsi aparılır, hərəkət marşrutu barədə məlumatları əldə olunmaqla ölkə ərazisində hərəkətinə icazə verilir. Həkim müayinəsi zamanı səhhətində şübhəli əlamət aşkar olunan vətəndaşlarımızın daha ətraflı müayinələrinin aparılması və dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış yerli müalicə müəssisəsinə göndərilməsi təmin edilir. Həmçinin, tranzit olaraq ölkə ərazisindən keçən yük avtomobillərinin sürücüləri də, bir qayda olaraq, həkim müayinəsinə cəlb edilirlər.

Qəbul-çeşidləmə məntəqələrində normal yaşayış üçün hər cür şərait yaradılmışdır. İstər qidalanma, istər çadırların isidilməsi, sanitar-gigiyenik tələblər yüksək səviyyədə təmin edilmişdir. Eyni zamanda, məntəqələrdə dezinfeksiya tədbirlərinin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.

Hazırda məntəqələrdə müvəqqəti olaraq qalan yük avtomobili sürücüləri gündə üç dəfə isti yemək və içəcəklərlə təmin olunurlar. Ən əsası isə odur ki, onlar burada qaldıqları müddət ərzində həkim müşahidəsində olur və özləri də ehtiyac duyduqları zaman həkimlərin köməyindən yararlana bilirlər.

Dünyada infeksiyanın yayılması ilə əlaqədar olaraq, insanlar arasında narahatlıq hisslərinin yaranması, onların öz sağlamlıqları və yaxınlarının həyatı üçün narahatlıq hissi keçirmələri təbiidir. Yaranmış vəziyyətdə psixoloji yardımın göstərilməsinin bütün ölkələrdə günün tələbinə çevrildiyi müşahidə edilir. Karantin rejimi tədbirlərinin tətbiq olunduğu dövr ərzində vətəndaşlarımıza psixoloji yardımın göstərilməsinin vacibliyini nəzərə alaraq, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində psixoloqların növbətçiliyi təşkil edilmişdir. Psixoloji xidmətin təşkil edildiyi 8 aprel 2020-ci il tarixindən etibarən psixoloji dəstəyə ehtiyac duyan vətəndaşlar “112” qaynar xəttinə müraciət etməklə psixoloji yardım alırlar. Xidmətdən yararlanan və göstərilmiş dəstəyə görə minnətdarlıq hislərini çatdıran vətəndaşlarımızın sayı kifayət qədərdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkəmizdə sosial dəstək tədbirləri davam etdirilməkdədir. Sosial dəstək tədbirləri çərçivəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi siyahılar əsasında, nazirliyin əməkdaşları tərəfindən yaşı 65-dən yuxarı tənha şəxslərə və aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə ərzaq məhsullarından ibarət yardımların çatdırılması təmin edilmişdir. Nazirlik tərəfindən həyata keçirilən sosial dəstək tədbirləri Bakı şəhərinin Xəzər, Binəqədi, Xətai, Qaradağ, Nərimanov və Nəsimi, habelə respublikanın Abşeron, Qəbələ, Beyləqan, Lənkəran və Bərdə rayonlarını əhatə etmişdir. Sosial yardım bağlamalarını çatdıran FHN əməkdaşları vətəndaşlarla əhalinin həyat və sağlamlığının qorunmasına xidmət edən karantin rejimi tədbirlərinə riayət olunmasının vacibliyi ilə bağlı maarifləndirici söhbətlər aparırlar. Əməkdaşlar bu tədbirlərə riayət olunmasının ölkəmizdə infeksiyanın yayılmasının qarşısının alınmasında mühüm əhəmiyyətə malik olduğunu vətəndaşlarımızın diqqətinə çatdırırlar.

Digər tədbirlərlə yanaşı, nazirliyin bölmələri Bakı şəhərinin ərazisində müxtəlif obyekt və ünvanlarda dezinfeksiya işlərinin yerinə yetirilməsinə cəlb edilmişdir. Nazirliyin əməkdaşları Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə fəaliyyətdə post-patrul xidmətinin həyata keçirilməsində, əhalinin maarifləndirilməsi üzrə tədbirlərdə iştirak etmişdir.

Yeni koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin həyata keçirildiyi dövr ərzində həmçinin, nazirliyin əməkdaşlarının infeksiyaya yoluxmadan qorunması üzrə tədbirlərin yerinə yetirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə qurumların ərazisində dezinfeksiya tədbirləri aparılmaqla yanaşı, şəxsi heyətin gündəlik termometriyasının aparılması təşkil edilmiş, aidiyyəti şəxslərə əməkdaşlar arasında infeksiyanın yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma əlamətlərinin aşkar edildiyi hallarda fəaliyyətə dair təlimatlar verilmişdir. Nazirliyin karantin tədbirlərinin həyata keçirildiyi obyektlərdə müvafiq tədbirlərin icrasına cəlb edilən tibb personalı və digər əməkdaşları fərdi mühafizə vasitələri ilə təmin olunmuşdur. Qəbul-çeşidləmə məntəqələrində, eləcə də karantin tədbirlərinin həyata keçirildiyi obyektlərdə tapşırıqların icrasına cəlb edilmiş əməkdaşların müayinəsi aparılmaqla yanaşı, onların müəyyən olunmuş müddətdə karantində saxlanılması məqsədəuyğun hesab edilmişdir.

Cəmiyyətin tarixən üzləşdiyi fəlakətlər özü ilə yeniliklərin gətirməsi ilə yadda qalıb. Belə hallar cəmiyyətin daim yeni təhlükələrə hazırlıqlı olmasını gündəmə gətirməklə yanaşı, bir çox fəaliyyət sahələrinin inkişafına təkan vermiş olur. Üzləşdiyimiz yeni koronavirus təhlükəsi ilə mübarizə aparıldığı dövr ərzində həm idarəetmə, həm də rabitə, təhsil və ticarət sahələrində informasiya texnologiyalarının imkanlarından geniş istifadə olunmasının şahidi olduq.

Təbii ki, yaranmış vəziyyət dünya ölkələrində tibb sahəsində də yeniliklərə səbəb olacaqdır. Zənnimcə, bioloji xarakterli fəlakətlər nəticəsində ziyan çəkən, yardım üçün müraciət edən ölkələrə beynəlxalq dəstəyin göstərilməsi üçün yeni imkanlara malik mobil tibb komandalarının yaradılması da günün tələbinə çevriləcəkdir

 Ələsgər Əliyev

FHN-in Baş Əməliyyat İdarəsinin rəis müavini

polkovnik-leytenant

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 16 (658) - 2020-05-23


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)