Azərbaycan yanğinsöndürənləri Böyük Vətən müharibəsində illərində

Mayın 9-da faşizm üzərində tarixi Qələbənin 75 ili tamam olur. Keçmiş Sovet İttifaqının Böyük Vətən müharibəsi illərində alman-faşist işğalçılarına qarşı mübarizəsində digər xalqlarla yanaşı Azərbaycan xalqı da ön və arxa cəbhədə şücaət və igidliklər göstərib, ümumbəşəri borcunu ləyaqətlə yerinə yetirərək faşizm üzərindəki qələbəyə öz dəyərli töhfələrini verib.

Azərbaycanın minlərlə oğul və qızı İkinci Dünya müharibəsində faşist cəlladlarını ağır itkilərə məruz qoyub, xalqımızın çoxəsrlik qəhrəmanlıq salnaməsinə şanlı səhifələr yazıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb.

Böyük Vətən müharibəsi Azərbaycan yanğınsöndürənləri üçün  ciddi bir sınaq dövrü olub. O qanlı-qadalı illərdə Azərbaycanın yanğın təhlükəsizliyi qurumları çətin sınaqdan uğurla çıxaraq öz vəzifələrinin öhdəsindən layiqincə gəliblər.

Hələ faşist Almaniyasının keçmiş SSRİ-yə hücumundan əvvəl ittifaq miqyasında, o cümlədən Azərbaycanda yanğın təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilirdi. Azərbaycan K(b)P MK-nın və Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1941-ci il 5 may tarixli xüsusi qərarı ilə yanğından mühafizə orqanlarının üzərinə təxirəsalınmaz vəzifələr qoyuldu. Həmin qərarla müharibə təhlükəsinin gerçəkləşdiyi bir vaxtda hərbiləşdirilmiş yanğın komandalarının rəislərinə hərbi komissarlar və ictimai təşkilatlarla əlaqə saxlayıb komandalarda olan boş vəzifələrə təcili olaraq namizədlər tapılması, onların mənzil problemlərinin həll edilməsi tapşırılırdı. Qərar yanğın təhlükəsizliyinin təmin edilməsi üçün evlərin və müəssisələrin damlarının, pilləkənlərinin, girişlərin, dalanlarının təcili olaraq təmizlənməsini, artıq əşyalardan azad olunmasını, evlərin və müəssisələrin zəruri yanğın-texniki avadanlıqlarla, su, qum ehtiyatı ilə təmin edilməsini, yaşayış yerlərində, təsərrüfatlarda yanğından mühafizə özəklərinin yaradılmasını, yanğın komandalarının xidməti ərazilərində yaşayan sakinlərin ən azı 15 faizinin könüllü yanğın cəmiyyətinin üzvlüyünə cəlb edilməsini, elektrik xətlərinin və bütün qızdırıcı sistemlərin sazlığının, tezalışan maddələrin saxlanma qaydalarının, su mənbələrinin vəziyyətinin yoxlanılmasını, ən qısa müddətdə ərazilərin məişət və sənaye tullantılarından təmizlənməsini tələb edirdi. Qərarda qeyd olunurdu ki, adamların çox toplaşdığı yerlərə bombalar atılarkən baş verə biləcək yanğınların söndürülməsi haqda təbliğat xarakterli məruzələr oxunsun, izahat işləri aparılsın. Prokurorluq orqanlarından yanğın təhlükəsizliyi qaydalarını pozanlar haqda ciddi tədbirlər görülməsi tələb edilirdi.

Faşist Almaniyasının SSRİ-yə hücumunun elə ilk günlərindən Azərbaycanın yanğından mühafizə qurumlarında yüksək döyüş hazırlığı ilə müharibə dövrünün qaydalarına uyğun xidmət təşkil olundu. Yanğın təhlükəsizliyi ilə bağlı təbliğat işi gücləndirildi.

Müharibə illərində neft və neftayırma sənayesinin yanğın təhlükəsizliyini təmin etmək Azərbaycanın yanğından mühafizə orqanları qarşısında duran ən mühüm vəzifə idi. Müharibəyə məruz qalmış SSRİ-nin duru yanacağa böyük ehtiyacı olduğundan bu məsələ dövlətin müvafiq hökumət qurumları tərəfindən ciddi nəzarət altına götürülürdü. İttifaq qurumları tərəfindən neft mədənlərinin, neftayırma zavodlarının yanğın təhlükəsizliyini təmin etmək məqsədilə təlimatlar hazırlandı. Neft və neftayırma sənayesi müəssisələrinin yanğın təhlükəsizliyini təmin etmək üçün yanğından mühafizə orqanları bir sıra məsul vəzifələri icra etməli oldular.

Hərbi əməliyyatları müvəffəqiyyətlə həyata keçirmək üçün neft hasilatında və neftayırma sənayesində istehsal planlarının yerinə yetirilməsi son dərəcə vacib idi. Bunun üçün isə texnoloji rejimi gözləmək və xüsusilə, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmək tələb olunurdu.

Müharibə dövründə neft və neftayırma sənayesi müəssisələrinin yanğın təhlükəsizliyini təmin etmək məqsədilə əsasən prioritet olaraq iki mühüm vəzifə müəyyənləşdirildi:

1. Heç bir yanğına yol verməmək.

2. Düşmən aviasiyasının hücumu nəticəsində baş verən yanğınları ən qısa müddətdə və ən az itki ilə söndürmək.

Müharibə dövrü üçün son dərəcə əhəmiyyət kəsb edən bu vəzifələri həyata keçirmək məqsədi ilə neft və neftayırma sənayesi müəssisələrində yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət gücləndirildi.

Müharibə illərində yanğından mühafizə orqanlarının təklifləri ilə taxta buruqlar tədricən dəmir buruqlarla əvəz edilir, neft gölməçələrinin əmələ gəlməməsi üçün kanalizasiya sistemindəki qüsurlar aradan götürülür, fontanlar zamanı ətrafa dağılmış gilli məhlulun gediş-gəlişə mane olmaması üçün onlar mədən ərazisindən təmizlənirdi.

Müharibə dövründə neft məhsullarının nəql olunduğu boru kəmərlərinin də yanğın təhlükəsizliyi diqqət mərkəzində idi. Neft kəmərlərində qəza baş verərkən neftin mədənlərə və digər ərazilərə axmasının və bununla yanğın təhlükəsinin artdığını nəzərə alaraq bu sahələrə baxan yanğın mühafizə orqanları bir sıra profilaktik xarakterli tədbirlər həyata keçirdilər.

Yanğından mühafizə orqanlarının təklifləri əsasında buruqlara, habelə yanğınların söndürülməsi üçün nəzərdə tutulmuş su anbarlarına və çənlərinə gedən yollarda maneələr ləğv edilir, yanğınsöndürmə vasitələrindən təsərrüfat işlərində istifadə olunması qadağan olunurdu.

Müharibə illərində neft və neftayırma sənayesi müəssisələrini düşmən aviasiyası tərəfindən atıla biləcək bombaların təhlükəsi də gözləyirdi. Bu bombalar kütləvi yanğınlar əmələ gətirməklə yanaşı, baş vermiş yanğınların düşmənin bombardmançı aviasiyasının sonrakı döyüş əməliyyatlarına istiqamət verdiyinə, hədəfin müəyyənləşdirilməsinə kömək göstərdiyinə görə bu təhlükəyə yanğından mühafizə orqanları xüsusi diqqət yetirirdilər.

Neft və neft məhsulları saxlanılan yeraltı anbarların daha etibarlı qorunması və ora düşmən ünsürlərin müdaxilə edə bilməməsi də diqqət mərkəzində idi. Azərbaycan K(b)P MK-nın və Azərbaycan Xalq Komissarları Sovetinin 1942-ci il 24 mart tarixli qərarı da məhz bu zərurətdən irəli gəlmişdi. Qərar yanğından mühafizə orqanları qarşısında konkret vəzifələr qoyurdu.

Müharibə illərində yanğınsöndürənlər strateji əhəmiyyət kəsb edən pambığın yanğından qorunmasında öz səylərini artırdılar. Buna görə də Azərbaycanın rayonlarında yanğın təhlükəsizliyi diqqət mərkəzində idi. Respublika rəhbərliyi tərəfindən yanğın təhlükəsizliyi kimi vacib bir məsələnin təminatı tək yanğın komandalarının deyil, bilavasitə rayon icraiyyə komitələrinin üzərinə qoyulurdu. Azərbaycan Xalq Komissarları Soveti sədrinin bütün rayonların icraiyyə komitələrinin sədrlərinə ünvanladığı 1942-ci il 20 iyun tarixli göstəriş məktubunda qəti olaraq tələb olunurdu ki, "bir yanğına belə yol verilməməlidir".

Həmin məktubda, həmçinin, rayon icraiyyə komitələrinin sədrlərindən tələb olunurdu ki, kənd təsərrüfatı məhsullarının yanğından qorunması üçün bütün yaşayış məntəqələrinin yanğın təhlükəsizliyi vəziyyəti yoxlanılsın, mövcud nöqsanlar ən qısa müddətdə aradan qaldırılsın, kənd təsərrüfatı məhsullarının qorunması üçün yalnız inanılmış kolxozçular yanğından mühafizə işinə cəlb olunsunlar və texniki cəhətdən nasaz olan texnikanın istismara buraxılması qadağan edilsin.

Müharibə illərində neçə-neçə yanğın komandaları yaradıldı. Nəinki müəssisələrin bütün sexlərində, emalatxanalarında, həmçinin yaşayış evləri də yanğından mühafizə vasitələri ilə təmin olunurdu. Təsadüfi deyil ki, hərbi şəraitdə yanğınların sayı dinc vaxtla müqayisədə demək olar ki, iki dəfə azalmışdı.

...1942-ci ilin sentyabrında, cəbhə Qroznıdan 30 km məsafədə olarkən düşmən aviasiyası şəhərdə yerləşmiş neftayırma zavodlarına və neft saxlama məntəqələrinə hücum etdi. Güclü yanğınlar baş verdi. Ən çətin söndürülən yanğınlardan biri 1942-ci il sentyabrın 10-da Qroznı neftayırma zavodlarında başlanan yanğın idi. Həmin yanğında içərisində neft məhsulları olan 139 rezervuar və 40-a yaxın zavod qurğusu yanırdı. Zədələnmiş rezervuarlardan tökülən yanan neft neftçilərin qəsəbəsinə doğru axmağa başlamış, bütün sənaye rayonu və yaşayış massivləri üzərində təhlükə yaranmışdı. İki gündən sonra düşmən aviasiyası şəhərə və şəhərin neft sənayesi yerləşən rayonuna ikinci zərbəni vurdu. Çox da böyük olmayan ərazidə 212 yanğın baş verdi. İçərisində 100 min ton mazut saxlanılan açıq çuxur alışdı. Bu çətin günlərdə Qroznı şəhərinin yanğın mühafizə işçilərinə Azərbaycanın yanğınsöndürənləri qardaşlıq yardımı göstərdilər. Azərbaycan yanğınsöndürənlərinin Qroznının odlu-alovlu yerlərində yanğınların söndürülməsi zamanı göstərdikləri xidmət böyük bir qəhrəmanlıq nümunəsi idi. Azərbaycan yanğınsöndürənlərinin Qroznıdakı qəhrəmanlıqları SSRİ rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi.

Müharibə illərində hökumət və partiya orqanları yanğın təhlükəsizliyi ilə bağlı zəruri tədbirləri təxirəsalınmadan həyata keçirirdilər. AK(b)P MK və Azərbaycan SSR XKS-nin 1942-ci il 24 mart tarixli qərarına əsasən, əlaqədar təşkilatlar qarşısında torpaq anbarlarda neft və neft məhsullarının saxlanılmasını yaxşılaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirmək vəzifəsi qoyuldu. Azərbaycan yanğınsöndürənləri bu işə də yaxından köməklik göstərdi.

Şəxsi heyətin peşəkar hazırlığını yüksəltmək məqsədi ilə YMİ rəhbərliyi bütün imkanlardan istifadə edirdi. O dövrdə komsomol, həmkarlar və s. təşkilatların keçirdikləri müxtəlif kütləvi tədbirlərin iştirakçılarının sıralarında Azərbaycan yanğınsöndürənləri öncül yerləri tuturdular. Respublika yanğından mühafizə sisteminin qurumlarında şəxsi heyətin hazırlığının yüksəldilməsi üzrə mütəmadi olaraq məqsədyönlü işlər görülürdü.

Faşist Almaniyası ilə mübarizə illərində yüzlərlə Azərbaycan yanğınsöndürəni könüllü olaraq silaha sarılıb cəbhəyə getdi. Onlar müharibənin ən qızğın yerlərində düşmənlə mübarizədə doğma Azərbaycanın adına şöhrət gətirdilər. Belə mübariz döyüşçülərdən biri İsmayıl Quliyev idi. Yanğın sahəsi üzrə orta ixtisas təhsili olan İsmayıl müharibənin ilk günlərində Bakıda bir çox çətin və mürəkkəb yanğınların söndürülməsində yaxından iştirak etmiş və xalqın sərvətini oddan qorumuşdu. 1942-ci ildə faşist Almaniyasının işğalçı orduları Qafqaza tərəf irəliləyəndə, neft Bakısına can atanda İsmayıl Quliyev yanğınsöndürən formasını hərbi forma ilə əvəz etdi. Onun döyüş yolu Qafqazdan başladı. Azərbaycanlılardan ibarət qəhrəman 416-cı diviziyanın tərkibində dəfələrlə yaralansa da, ölümə baş əyməyib müharibənin son gününədək silahını yerə qoymadı. 416-cı milli diviziyamızın bütün zəfərli yürüşlərində İsmayıl da iştirak etdi. Müharibənin ağır günlərində onun sevimli peşəsi dəfələrlə karına gəldi. Reyxstaqın monolit sütunlarına həkk olunmuş "Mən Bakıdanam. Quliyev. May. 1945-ci il". sözlərinin müəllifi məhz azərbaycanlı yanğınsöndürən İsmayıl Quliyev idi.

Azərbaycan yanğınsöndürənləri SSRİ-nin faşist işğalından azad edilmiş bölgələrində bərpa işlərində də yaxından iştirak etmişlər.

Azərbaycan yanğınsöndürənlərinin fəaliyyəti Sovet İttifaqı miqyasında   yüksək qiymətləndirilirdi.  SSRİ XDİK üzrə 1944-cü ilin yekunları ilə əlaqədar SSRİ xalq daxili işlər komissarının  imzaladığı əmrlə həmin ilin 4-cü rübü  üzrə də Ümumittifaq sosializm yarışında qalib gəldiyi üçün SSRİ XDİK YMİ-nin Keçici Qırmızı bayrağı yenidən Azərbaycan SSR YMİ-də saxlanılmış, ayrı-ayrı bölmələr və döyüşçüləri mükafatlandırmaq üçün isə əlavə olaraq 5 min rubl məbləğində pul ayrılmışdı.

Qanlı-qadalı müharibə illərində arxada çalışan Azərbaycan yanğınsöndürənləri  mənfur düşmənin tezliklə məğlub edilməsi naminə müdafiə fonduna xeyli vəsait toplamışdılar. 1941-1945-ci illər müharibəsində Azərbaycanın yanğından mühafizə sisteminin 1018  əməkdaşı SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdu. Azərbaycan yanğınsöndürənləri SSRİ Silahı Qüvvələrinin Ali Baş Komandanı  İ. V. Stalindən dörd dəfə təşəkkür almışdı.

Azərbaycanın yanğın təhlükəsizliyi qurumlarında uzun illər şərəflə xidmət  etmiş Mircabbar Qafarov, Baba Bayramov, Allahverdi Hümbətov, Allahqulu Qasımov, Semyon Marduxayev, Aleksandra Jerdyeva, Ağacan Musayev, Pavel Şirinov, Nikolay Somakin, Nikolay Sergeyev, Həsən Əhmədov, Xosrov Əliyev, Abdulsalam Həsənov, İsmayıl Baxşıyev, Əhməd Eyvazov, Musa Nəsirov, Ələkbər Fərəcullayev, Ağabala Hüseynov, İbadulla Həşimov, Həsən Həsənov, İvan Qorbellə, Yusif Əhmədov, İlya Xarçenko, Sədrəddin Musayev, Anna Surikova, Ağahüseyn Əbdulov, Kamal Salıkov, Andrey Qonçarov, Ramazan Qurbanov, Aleksandr Zamçalov və s. 1941-1945-ci illər Böyük Vətən müharibəsinin odlu-alovlu cəbhələrində qəhrəmanlıqlar nümayiş etdirmişlər.

Hikmət Xudiyev,

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə

əlaqələr və təbliğat sektorunun rəisi,

daxili xidmət polkovniki, tarix üzrə fəlsəfə doktoru,

əməkdar jurnalist

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 16 (658) - 2020-05-23


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)