Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi

May ayının 10-u ümummilli liderimiz Heydər Əliyevin doğum günüdür. Xalqımızın və dövlətimizin  tarixində özünə əbədiyyət abidəsi ucaltmış, öz ölkəsi, xalqı üçün tarixi əhəmiyyətli işlər görmüş ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin hər səhifəsi, hər mərhələsi Azərbaycan tarixinin yüksəliş mərhələləri ilə üst-üstə düşmüşdür. Bu ömrün hər günü xalqa, millətə, dövlətə xidmət etmənin müqayisə edilməz  örnəyi olmuşdur.

Dahi  Heydər Əliyev hələ sovetlər birliyində yaşadığımız illərdə respublikanın rəhbəri kimi milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün əsaslı zəmin yaratmış, xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çıxarmaq, Azərbaycan mədəniyyətinin zənginliyini bütün dünyaya nümayiş etdirmək üçün əlindən gələni əsirgəməmişdir.

 Ulu Öndərin tükənməz enerjisi və təşkilatçılıq məharətinin Azərbaycanın təbii ehtiyatları və iqtisadi potensialı ilə birləşməsi, üstəlik mövcud reallıqların düzgün qiymətləndirilərək mümkün olanlardan daha səmərəli istifadə edilməsi sürətli inkişaf  və güclü yüksəlişlə nəticələnmişdir. İrimiqyaslı tikinti-quruculuq, abadlıq işlərinə başlamaqla Azərbaycan həyatında intibah mərhələsinin əsasını qoymuşdur. Ölkənin gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürən Ulu Öndər strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikada inşasına nail olmuş, həyata keçirdiyi səmərəli islahatlarla çox qısa zamanda - 70-ci illərin ortalarında Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş ittifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmişdir.

Sovet hakimiyyəti illərində Heydər Əliyev bütövlükdə sənayeni, neft və maşınqayırma komplekslərini modernləşdirmiş, texnoloji baxımdan yeni istehsal sahələri yaratmış, aqrar sahəni sürətlə inkişaf etdirmiş, yeni kadr potensialını formalaşdırmış və bununla da, müasir müstəqil Azərbaycan Respublikasının bünövrəsini qoymuşdur. Məhz Azərbaycanın gələcəyinə hesablanmış bu işlər müstəqilliyimiz üçün baza rolunu oynamışdır. Azərbaycanın faktiki olaraq bir dövlət kimi qurulması, bu dövlətin fəaliyyəti üçün zəruri əsasların formalaşdırılması dövrünün məhz Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi illərinə təsadüf etməsi danılmaz gerçəklikdir.

Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünü milli özünüdərkin oyanmasının, öz kökümüzə qayıdışın yeni mərhələsinə doğru aparan proseslərin başlanğıcı kimi qəbul etmək lazımdır. Hakimiyyətinin ikinci dövründə-müstəqillik illərində isə o, ideyaları ilə Azərbaycan adlı dövlətin memarına çevrilmişdir.

Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın başının üstünü qara buludlar aldığı, ölkənin məhv olmaq təhlükəsi yarandığı dövrdə Heydər Əliyev xalqın təkidli tələb və xahişi ilə hakimiyyətə qayıtmış, gündəlikdə duran başlıca məsələləri - dövlətçiliyin məhv olmaqdan xilas edilməsi, müstəqilliyin möhkəmləndirilməsi, demokratik dövlət quruculuğu, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması məsələlərini qətiyyətlə həll etmişdir.

Ümummilli liderimiz  Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1993-cü ilin ortalarından başlayaraq Azərbaycanda hakimiyyətin formalaşmasında güc, zorakılıq tətbiq edilməsi kimi təhlükəli meyllərə birdəfəlik son qoyulmuşdur. Dövlət quruculuğu sahəsində qanunçuluq, dövlət intizamının möhkəmləndirilməsi, rəhbərlik və idarəçilik mexanizmlərinin,  ənənələrinin bərpası, Azərbaycan dövlətçiliyinin təməl prinsiplərinin təsbit olunduğu qanunvericilik bazasının yaradılması və s. ilə nəticələnmişdir. Heydər Əliyevin hakimiyyətə qayıdışı sözün əsl mənasında "Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib öz xalqına sahib çıxması böyük fədakarlıq idi. O, müstəqil Azərbaycanda milli demokratik  dövlət quruculuğunu müvəffəqiyyətlə həyata keçirmişdir. Ölkənin və xalqın ən ağır vaxtında hakimiyyətə gəlişi ilə tarixi bir missiyanı, Azərbaycanı, dövlətçiliyi, müstəqilliyi, milli ideologiyanı daxili və xarici düşmənlərin caynağından özünün fitri istedadı, dərin zəkası, qətiyyəti, uzaqgörənliyi ilə qurtarmış, konkret olaraq, kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, son damla qanına qədər onunla mübarizə aparacağını bəyan etmişdir: "Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi də, bir Prezident kimi də durmuşam, duracağam və bu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram".

Yenidən hakimiyyətə qayıdışı ilə dövrün tələblərinə uyğun, yalnız hüququn aliliyinə əsaslanaraq idarəetmə sistemini formalaşdıran mudrik rəhbərimizin qısa müddət ərzində dahi uzaqgörənliklə yaratdığı mükəmməl idarəetmə sistemi Azərbaycanın bir dövlət olaraq iqtisadi və siyasi cəhətdən möhkəmlənməsinə, dünyanın ən qüdrətli dövlətlərinin strateji tərəfdaşına çevrilməsinə səbəb olmuşdur.

 Ulu Öndər Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərmişdir. Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində Bakıda 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin  imzalanması, imzalanan digər müqavilələr, onların gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Dünya azərbaycanlılarının ölkəmizin milli mənafeləri ətrafında bir araya gətirilməsi, azərbaycançılıq ideologiyasının milli birliyin ən aparıcı amilinə çevrilməsi Heydər Əliyevin Azərbaycanımıza verdiyi minlərlə töhfələrindən biridir.

 Bir sözlə, dövlətçiliyimizin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər, iqtisadiyyatımızın inkişaf etdirilməsi istiqamətində bütün imkanlardan lazımi qaydada istifadə olunması, dövlət strukturlarının formalaşdırılaraq beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi, Azərbaycan Respublikasının dünya ölkələri ilə əlaqələrinin genişləndirilməsi və bu kimi çoxlu sayda mühüm məsələlərlə bağlı görülmüş işlər yalnız və yalnız möhtərəm Heydər Əliyevin gərgin əməyinin, müdrik siyasətinin nəticəsidir.

Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var. Doğma Bakımızı və respublikamızın digər şəhər və rayonlarını  bəzəyən çoxsaylı yaşayış məntəqələri, ictimai binalar, saymaqla bitib tükənməyən yüzlərlə tikililər Azərbaycan memarlığının heç zaman bitib -  tükənməyən milli ruhu, koloriti və daimi müasirliyini özündə əks etdirir.

Ulu Öndər Azərbaycanı davamlı və sabit inkişaf yoluna çıxarmaqla yanaşı, bu siyasəti özündən sonra da layiqincə davam etdirə biləcək lider yetişdirmişdir. 2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən Prezident İlham Əliyev keyfiyyətcə yeni mərhələdə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir. Fəaliyyətə başladığı ilk gündən xalqı qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan, "Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm" söyləyən cənab Prezident İlham Əliyev "Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir" vədini doğrultmuşdur.

 Möhtərəm Prezidentimiz İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə müstəqil Azərbaycanı dinamik inkişaf yoluna çıxarmış, dünya miqyasında sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevirmişdir. Beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verən Azərbaycan artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən nüfuzlu bir dövlət kimi dünya birliyi tərəfindən qəbul olunur, Azərbaycan sözü inkişaf, uğur, sabitlik və tolerantlıq anlayışları ilə birgə çəkilir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ali məramlı fəaliyyəti, göstərdiyi misilsiz xidmətlər müstəqilliyimizin möhkəmlənməsinə, xalqımızın və dövlətimizin inkişafına, Azərbaycanın  dünya birliyində öz layiqli yerini tutmasına böyük töhfələr verir.

Azərbaycanın müasir tarixi Heydər Əliyev dühasından ayrı təsəvvür edilə bilməz. Bəli, Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir! Bu siyasəti inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev isə Ulu Öndərin yaratdığı şanlı tarixi yaşatmaqla bahəm, həm də yeni dövlətçilik məktəbinin banisinə çevrilmiş, fəaliyyəti ilə yeni bir tarixi epoxanın əsasını qoymuşdur.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 16 (658) - 2020-05-23


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)