Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə videobağlantı formatında iclas keçirib

Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclas keçirib.

İclasda çıxış edən dövlətimizin başçısı birinci rübün yekunlarını müzakirə edərkən bir çox tapşırıqlar verdiyini xatırladaraq deyib ki, bu tapşırıqların hamısı yerinə yetirilməlidir: "Bu gün əlavə tapşırıqlar veriləcək, çünki pandemiya davam edir. Baxmayaraq ki, Azərbaycanda vəziyyət nəzarət altındadır, biz öz tədbirlərimizi vəziyyətə uyğun şəkildə görməliyik. Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir. Eyni zamanda, təbii ki, biz bu şəraitdə iqtisadi sahəyə də daha çox diqqət verməliyik. Çünki hər kəs bilməlidir, əgər güclü iqtisadi imkanlarımız olmasa, biz öz sosial siyasətimizi uğurla apara bilməyəcəyik, xüsusilə pandemiya dövründə ki, bu xəstəlik və bu xəstəlikdən yaranan fəsadlar böyük maliyyə vəsaiti tələb edir. Ona görə bir daha demək istəyirəm, bu pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır".

"Hər kəs bilməlidir ki, bu böyük bəla bütün dünyanı böyük sınaq qarşısında qoyubdur",- deyə sözünə davam edən dövlətimizin başçısı bu günə qədər dünyada 140 mindən çox insanın həyatını itirdiyini və bu xəstəliyin sərhəd tanımadığını bildirib: "Əgər ilkin mərhələdə bu xəstəlik Azərbaycana xaricdən gətirilibsə, hazırda daxili yoluxma prosesi gedir. Ancaq bildirməliyəm ki, sərt və qabaqlayıcı tədbirlər nəticəsində biz bu vəziyyəti nəzarət altında saxlaya bilirik. Son üç-dörd günün statistikası müəyyən mənada nikbinlik üçün əsas yaradır. Bildirməliyəm ki, son günlərdə yoluxanların sayı ilə sağalanların sayı arasında dinamika artıq müsbətdir. Yəni, daha çox insan sağalır, nəinki bu xəstəliyə yoluxur".

Azərbaycanın dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi bu sahədə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə həmrəyliyin gücləndirilməsi üçün çox önəmli addımlar atdığını bildirən Prezident İlham Əliyev deyib ki, ökəmizdə milli həmrəylik bu günə qədər müşahidə edilməyən dərəcədə artıb. Bu, bir daha bizim xalqımızın böyüklüyünü göstərir. Göstərir ki, biz xalq olaraq, dövlət olaraq çətin günlərdə maksimum həmrəylik nümayiş etdiririk, bir-birimizə kömək edirik, xüsusilə aztəminatlı ailələrə kömək göstəririk. Təbii ki, ilk növbədə, dövlət, eyni zamanda, sahibkarlar, ictimai təşkilatlar, ayrı-ayrı şəxslər - biz xalqımıza xas olan ən ülvi xüsusiyyətləri bir daha nümayiş etdiririk.

Azərbaycan xalqının dövlət tərəfindən görülmüş işlərə çox böyük qiymət verdiyini vurğulayan dövlətimizin başçısının sözlərinə görə, əlbəttə ki, bu, bizi daha da ruhlandırır: "Bu, onu göstərir ki, baxmayaraq insanların həyatı çətinləşib, normal həyata müdaxilə edən karantin rejimi bir çoxları üçün problemlər yaradıb, yenə də xalqımızın böyük əksəriyyəti bu vəziyyəti dərk edərək dövlətə öz dəstəyini göstərməkdədir. Biz isə bundan sonra da bu bəla ilə mübarizədə fəal olmalıyıq, qabaqlayıcı tədbirlər görməliyik və elə etməliyik ki, bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək".

"Karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulurdu",- deyə sözünə davam edən Prezident İlham Əliyev belə bir məqama da toxunub ki, mütəxəssislərin vahid fikrinə görə, karantin rejimi uzadılmalıdır: "Mən hesab edirəm ki, bu, düzgün addım olacaqdır. Çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir. Biz bu dinamikanı dayanıqlı etməliyik. Ona görə hesab edirəm ki, Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Hesab edirəm ki, karantin rejiminin uzadılması yeganə düzgün qərardır".

İnsanların sosial müdafiəsinin daha da gücləndirilməsinin vacibliyinə toxunan dövlətimizin başçısı deyib: "Azərbaycan xalqı yaxşı bilir ki, biz dərhal bu məsələ ilə ciddi məşğul olmağa başlamışıq. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır. Bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikrosahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, ancaq bu kateqoriyalara aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Hazırda bir milyona yaxın insanın böyük əksəriyyəti işləmir, ancaq dövlət onların maaşını verir. Yəni, bu, bir daha Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir. Onu göstərir ki, - mən bunu dəfələrlə demişəm, hələ koronavirusdan daha əvvəl demişəm, - bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bugünkü ağır vəziyyət bir daha onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, nəyi bəyan ediriksə, onu da edirik".

"Ancaq nəzərə alsaq ki, karantin rejimi uzadılacaq və karantin rejimindən çıxış da gərək bəri-başdan planlaşdırılsın",- deyə sözünə davam edən Prezident İlham Əliyev bildirib: "Sizə də bu məsələ ilə bağlı müvafiq göstərişlər verirəm ki, biz karantin rejimini mərhələli yollarla sərtləşdirmişdik və bu rejimi eyni qaydada - mərhələli yollarla yumşaltmalıyıq. Bu, hansı formada olacaq? Gərək bu məsələ üzərində hökumət və o cümlədən nazirliklər işləsin, təkliflər versin. Yumşalma hansı sahələrdən başlamalıdır, biz indidən bunu planlaşdırmalıyıq. Çünki ümid edirəm, hətta uzadılmış karantin rejimi dövründə müəyyən yumşalma istisna deyil. Amma yenə də biz addımlarımızı vəziyyətə uyğun şəkildə atmalıyıq".

Prezident İlham Əliyev Azərbaycanın səhiyyə sisteminin son illərdə böyük inkişaf yolu keçdiyini, bu gün 20-dən çox dövlət xəstəxanasında koronavirus xəstələrinin müalicə olunduğunu, bu xəstəxanaların mütləq əksəriyyətinin son 16 il ərzində tikildiyini bildirib: "O cümlədən 575 çarpayılıq "Yeni klinika" bu gün ölkəmizin ən müasir səhiyyə ocağıdır və indi orada 100-dən çox xəstə müalicə alır. Eyni zamanda, Azərbaycan Tibb Universitetinin vaxtilə mənim təşəbbüsümlə tikilmiş Tədris-Terapevtik və Cərrahiyyə klinikalarında da bir çox xəstə müalicə alır. Son illər ərzində bölgələrdə inşa edilmiş mərkəzi rayon xəstəxanalarında bir çox xəstələr müalicə alır. O cümlədən bu ilin mart ayında Goranboy, Qazax, Şəmkir şəhərlərində açılan 3 yeni xəstəxanada xəstələr müalicə alır, orada da 500 çarpayı imkanı vardır. Yəni, mindən çox çarpayı ancaq mart ayında istifadəyə verilibdir. Mənim göstərişimlə hazırda ölkəmizdə modul tipli 10 xəstəxana inşa edilməkdədir. Hesab edirəm ki, bu xəstəxanalar işə düşəndən sonra yaxın 1-2 ay ərzində orada da 2 min əlavə çarpayı istifadəyə veriləcək".

Dövlətimizin başçısı qeyd edib ki, bütün hazırlıq işləri görülür: "Biz indi həkimlərimizin peşəkarlığını əyani şəkildə görürük. Sirr deyil ki, səhiyyə işçilərinin fəaliyyətinə bəzi hallarda tənqidi yanaşmalar da müşahidə olunurdu. Sanki Azərbaycanın səhiyyə sistemi bərbad vəziyyətdədir, Azərbaycanda xəstələrə lazımi müalicə göstərilmir, imkanlı xəstələr xaricə üz tuturlar. Bəli, belə hallar var, təkcə Azərbaycanda yox, bizdən qat-qat zəngin olan ölkələrdən də imkanlı adamlar Avropanın, Amerikanın aparıcı klinikalarında müalicə alırlar. Bu, dünya praktikasıdır. Ancaq bu gün biz yalnız öz imkanlarımıza arxalanırıq. Bizim səhiyyə sistemimiz ancaq Azərbaycan həkimləri tərəfindən dövlət dəstəyi ilə inkişaf edir. Bu gün Azərbaycanda ən mürəkkəb əməliyyatların keçirilməsi, koronavirusla bağlı müxtəlif müayinələrin aparılması, 18 laboratoriyamız - bütün bunlar bizim gücümüzü artırır. Yəni, bu gün tam əmin ola bilərik ki, bizim səhiyyə imkanlarımız və həkimlərin peşəkarlığı lazımi səviyyədədir. Göstərdikləri fədakarlığa, qəhrəmanlığa görə həkimlərə bir daha təşəkkürümü bildirirəm. Ona görə mən tam əminəm ki, karantin rejiminin uzadılması nəticəsində biz müsbət dinamikanı gücləndirə bilərik".

"Bununla əlaqədar əlbəttə ki, biz aztəminatlı ailələrin problemlərini daha geniş şəkildə həll etməliyik", - deyə sözünə davam edən Prezident İlham Əliyev bildirib: "Bu günə qədər biz nəzərdə tuturduq ki, karantin rejimi aprelin 20-dək davam edəcək, ancaq indi uzadılacaq. Yardım üçün müraciət edənlərin sayı kifayət qədər artmışdır. İndi bu təkliflər, bu sifarişlər geniş təhlil olunur və maksimum şəffaflıq təmin edilməlidir. İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdır. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni, 200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür. Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı. Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında çalışan insanlar da dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin. Biz o sahibkarların dərsini verəcəyik. Çünki dövlətin bütün resurslarını səfərbər etdiyi indiki şəraitdə dövləti aldatmaq, vergilərdən yayınmaq və öz maddi marağını, öz tamahını təmin etmək xəyanətdir. Bunun başqa adı ola bilməz. Ona görə tapşırıq verirəm ki, aprel-may aylarında - iki ay ərzində 600 min insan dövlətdən ayda 190 manat alsın. Bu vəsaiti alacaq vətəndaşlardan xahiş edirəm ki, onlar ikinci ödənişi almaq üçün bank hesabları açsınlar. Birinci ödəniş bu ay veriləcək, ona görə yəqin bəzi insanların imkanı olmayacaq ki, bank hesabları açsınlar. Ancaq ikinci ödəniş may ayında veriləcək. O vaxta qədər bu 600 min insanın hər biri bank hesabı açsın və ikinci ödənişi bank köçürmə yolu ilə alsın. Bu, bizim xahişimizdir, bu, bizim tələbimizdir".

Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov məruzə ediblər.

İclasa yekun vuran Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan xalqı karantinin uzadılmasını düzgün başa düşəcək: Bir daha demək istəyirəm ki, bu, hər birimiz üçün böyük çətinliklər törədir. Ancaq insanların sağlamlığı, həyatı hər şeydən üstündür. Nə qədər lazımdır, dözməliyik. Onu da bildirməliyəm ki, insanların vəziyyətini yaxşılaşdırmaq üçün çox böyük sosial və iqtisadi paket təqdim olunur. Əvvəlki dövrlərdə 1 milyard manat məbləğində dəyərləndirilirdi, ondan sonra 2,5 milyard manat həcmində dəyərləndirilirdi. İndi verdiyim tapşırıqlar nəticəsində bu iqtisadi paket 3 milyard manatı, bəlkə də 3,5 milyard manatı ötəcək. Nə qədər lazımdır, biz bunu edəcəyik. Azərbaycan bütün imkanları səfərbər edib ki, bu vəziyyətdən az itkilərlə çıxsın, insanların həyatını qorusun və postpandemiya dövrünə hazır olsun. Əminəm ki, biz bunu təmin edəcəyik".

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 16 (658) - 2020-05-23


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)