Nəriman Nərimanov - 150
Nəriman Nərimanovun Azərbaycanın yanğından mühafizə xidmətinin inkişafındakı rolu

2020-ci ilin aprel ayında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanovun anadan olmasının 150 illiyi tamam olur. Görkəmli dövlət xadiminin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 fevral 2020-ci il tarixli sərəncamında qeyd olunduğu kimi, Nəriman Nərimanov məşhur yazıçı, dramaturq, publisist və maarifçi kimi Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynayıb. Onun zamanın vacib məsələlərinə toxunan və əsas qayəsini maariflənməyə, mədəni yüksəlişə çağırış təşkil edən əsərlərində dərin insanpərvərlik ruhu hakimdir. Nəriman Nərimanov dramaturgiyası Azərbaycan teatrının inkişafına dəyərli töhfələr verib. Milli bədii nəsr tarixində də özünəməxsus layiqli yer tutan vətənpərvər ədib, həmçinin ciddi və aktual publisistika nümunələrinin müəllifi olaraq tanınıb.

1920-1922-ci illərdə Azərbaycan SSR Müvəqqəti İnqilabı Komitəsinin Sədri və Xalq Komissarları Sovetinin Sədri vəzifələrini tutan Nəriman Nərimanov respublikamızda yanğından mühafizə xidmətinin də inkişafına dəyərli töhfələr verib. 1920-ci ildə Azərbaycanın ictimai-siyasi tarixində dəyişikliklərdən sonra yanğından mühafizə xidmətinin inkişafında baş vermiş irəliləyişlər məhz Nəriman Nərimanovun adı ilə bağlıdır.  Azərbaycanın, o cümlədən Bakının yanğından mühafizə xidmətinin iyirminci illərdə yanğınla mübarizə işi bir neçə istiqamətdə inkişaf etdirildi. Başlıca istiqamətlər "Azneft"in obyektlərini yanğından mühafizə etmək, Bakı yanğın komandasının döyüş qabiliyyətini gücləndirmək,  maddi-texniki, hüquqi bazasını möhkəmləndirmək, şəxsi heyəti artırmaqdan ibarət idi. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən "Yanğın komandasının fəhlə və qulluqçularının ordu sıralarına çağırışdan azad olunmaları haqda" imzalanmış Dekret" Kommunist" qəzetinin 9 dekabr 1920-ci il tarixli sayında dərc olunaraq qüvvəyə mindi. Bu Dekretdə tələb olunurdu ki, ordu sıralarına səfərbər olunmuş yanğın komandasının fəhlə və qulluqçuları əvvəlki xidmət yerinə qaytarılsınlar və gələcəkdə yanğın komandasının fəhlə və qulluqçuları ordu sıralarına səfərbər edilməkdən azad olunsunlar.

Nəriman Nərimanov tərəfindən 1921-ci ildə yanğından mühafizə xidmətinin inkişaf etdirilməsi ilə bağlı növbəti xüsusi qərar imzalandı. "Kommunist" qəzetinin  1921-ci il  martın  24-də  dərc olunmuş həmin qərarda nəzərdə tutulurdu ki, Bakıda yanğın təhlükəsizliyinin tələb olunan səviyyəyə qaldırılması üçün bütün zəruri tədbirlər həyata keçirilsin. Bunun üçün Bakı yanğın komandasının fəaliyyəti zəruri yanğın avadanlıqları ilə gücləndirilməli idi. Eyni zamanda qərarda Bayılda və Qaraşəhərdə yeni yanğın komandalarının yaradılması nəzərdə tutulurdu. Kommunal-təsərrüfat komissarlığının qərarı ilə Bakının yeganə yanğınsöndürmə komandası 31 avqust 1921-ci il tarixdə kommunal təsərrüfat sisteminin tabeliyinə verildi. Nəriman Nərimanov neft sənayesinin də yanğın təhlükəsizliyinə ciddi münasibət bəsləyirdi. Neft sənayesi obyektlərinin, zavodların yanğından mühafizə xidmətindən məhrum  olması görkəmli dövlət xadimini narahat edirdi. Hər an ciddi yanğın təhlükəsi törənə biləcək mədən və zavodlarda yanğından mühafizə xidmətinin təşkilində qısa zaman kəsiyində islahatlar aparıldı. Belə ki, 1920-ci ilin ikinci yarısında "Azneft"də yanğına qarşı bölmə yaradıldı. Mədən və zavodlarda üç nəfərdən ibarət "üçlük" adlanan yanğına qarşı komissiyalar təşkil olundu. Bu komissiyaların hüquq və vəzifələri müəyyən edildi. Təlimata əsasən, yanğınların söndürülməsinə rəhbərlik komissiya üzvlərinə həvalə olundu. Komissiyanın üzvləri öz ərazisini tanımalı və onlarda mədən-zavodların yanğın avadanlığı və qurğuları haqda dəqiq məlumat olmalı, həvalə olunmuş sahənin spesifik xüsusiyyətlərini bilməli idilər. Hər bir komissiya üzvü yanğınların söndürülməsi, onların profilaktikası sahəsində kifayət qədər biliyə malik olmalı idi ki, yaranmış ekstremal vəziyyətlərdə bir-birlərini əvəz edə bilsinlər. Komissiya üzvlərinə mədən-zavod nümayəndələrinin iştirakı ilə yanğın təhlükəsizliyinin vəziyyətini yoxlamağa və yanğın avadanlıqlarının sınaqlarını keçirməyə səlahiyyət verilirdi.

Komissiyalar yanğın təhlükəsinə səbəb ola biləcək hallar barədə protokollar tərtib edir və həmin halların aradan götürülməsi üçün mədən-zavod rəhbərliyi qarşısında məsələ qaldırırdı. Yanğınlar zamanı verilmiş bütün qərar və sərəncamların icrası mədən-zavod işçiləri üçün məcburi idi. Yanğınlar zamanı bütün alət və qurğular yanğınların söndürülməsi üçün "üçlüyün" sərəncamına verilirdi. Komissiya üzvləri tərəfindən mədən-zavodun rəhbər işçiləri məsul şəxs kimi yanğın yerinə çağırıla bilərdilər.

Bütün bunların həyata keçirilməsi üçün yanğın "üçlüyü"nə tabeçiliyindən asılı olmayaraq bütün müəssisə və təşkilatlardan lazımi materialların, texniki və yanğın avadanlıqlarının və s. alınması üçün fövqəladə səlahiyyət verilirdi.

Yuxarıda qeyd olunanlarla bərabər, ötən əsrin iyirminci illərində canlı qüvvəyə olan böyük ehtiyacı nəzərə alaraq  mülki və hərbi təşkilatlarda işləməsindən, xidmət etmələrindən, adi səfərbərlik qaydasında və ya könüllü olaraq hərbi xidmətə cəlb olunmaları nəzərə alınmadan əvvəllər yanğın komandasında xidmət etmiş bütün şəxslərə yanğın səfərbərliyi elan edilirdi.

Qeyd etmək lazımdır ki, Azərbaycanın yanğından mühafizə xidməti ilə bağlı kitab və məqalələrdə milliyyətcə qeyri-azərbaycanlı olan müəlliflər N.Nərimanovun xidmətlərindən söhbət açmağı qəsdən "unutmuş"lar. Təəccüblüdür ki, 1922-ci ildə Suraxanı mədənlərindəki yanğınlarda S.M.Kirovun "oda bellə torpaq atmasını" "görənlər",  Nəriman Nərimanovun yanğından mühafizə qurumları ilə bağlı xidmətlərini tarixin səhifələrinə yazmağa həvəs göstərməmiş, bu xidmətin maddi-texniki bazasının gücləndirilməsi, onun şəxsi heyətinin artırılması, yanğından mühafizə xidmətinə səlahiyyətlər verən proqram xarakterli mühüm   dövlət sənədlərinin qəbul olunması kimi işlərdə təqdirəlayiq xidmətlərindən söhbət açmağı lazım bilməmişlər...

...Təsadüfi deyıldir ki, ümummilli liderimiz Heydər Əliyev   Nəriman Nərimanovu "görkəmli sima, böyük siyasi xadim" kimi dəyərləndirərək ona yüksək qiymət verib. Nəriman Nərimanovun yanğından mühafizə xidmətinin  inkişafına verdiyi dəyərli töhfələr Azərbaycan yanğınsöndürənləri tərəfindən ehtiramla xatırlanır.

Hikmət  Xudiyev,

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 

İctimaiyyətlə əlaqələr və təbliğat sektorunun  rəisi daxili xidmət

polkovniki, əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 16 (658) - 2020-05-23


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)