Bina və qurğuların tüstüdən müdafiəsi

Bina və qurğuların tüstüdən müdafiə qurğularının təhvil-təslimi və dövri sınaqlarının məqsədləri tikinti normativ hüquqi aktlarla reqlamentləşdirilən, tüstüdən müdafiə sistemlərinin parametrlərinin faktiki qiymətini müəyyən etməkdən ibarətdir. Yenidən tikilən, rekonstruksiya və təmir olunan binaların istismara qəbulu zamanı, eləcə də tüstüdən müdafiə sistemlərinin əsaslı və bərpa təmirinin başa çatmasından sonra mütləq qaydada tüstüdən müdafiə sistemlərinin təhvil-təslim sınaqları aparılmalıdır. Tüstüdən müdafiə sistemlərinin təhvil-təslim və dövri sınaqlarının təşkili qüvvədə olan normativ sənədlərin tələblərinin nəzərə alınması ilə həyata keçirilməlidir.

Tüstüdən müdafiə sistemlərinin təhvil-təslim və dövri sınaqlarının aparılması zamanı obyektin tüstüdən müdafiə sisteminin konstruktiv həlləri, tüstü klapanlarının, tüstüdən müdafiə sistemlərinin ventilyator və elektrik ötürücülərinin sayı, montaj vəziyyəti və texniki göstəriciləri, tüstüdən müdafiə ventilyasiya kanallarının oddan mühafizə örtüklərinin vəziyyəti, yanğına qarşı qapıların mövcudluğu və vəziyyəti, tüstüdən müdafiə sistemlərinin icra mexanizmləri və qurğularının avtomatik idarəetmə rejimində işə düşməsi, tüstüdən müdafiə sistemlərinin mexanizm və qurğularının məsafədən və yerli idarəetmə rejimində işə düşməsi, təxliyyə yollarında birbaşa otaqlardan, dəhliz və ya hollardan tüstü klapanlarından xaric edilən havanın faktiki sərfiyyatı, aşağı mərtəbələrdə olan N2 tipli tüstülənməyən pilləkən qəfəslərinin, lift şaxtalarında və tambur-şlüzlərdə havanın artıq təzyiqinin sərfiyyatı, təxliyyə yollarının bağlı qapılarında təzyiqin ara sıra düşməsi, mərtəbədən təxliyyə yoluna çıxdıqda qapı boşluğunda havanın hərəkət sürəti və qəbul-nəzarət avadanlıqları kimi parametrlər yoxlanılmalıdır.

Tüstüdən müdafiə sistemlərinin dövri sınağı bir ildən az olmayaraq binanın texniki-istismar sənədlərinə uyğun olaraq keçirilməlidir.

Dövri sınaq zamanı avtomatik idarəetmə rejimində tüstüdən müdafiə sistemlərinin iş rejimi, tüstüdən müdafiə sistemlərinin mexanizm və qurğularının məsafədən və yerli idarəetmə rejimində işə düşməsi, lift şaxtalarında, pilləkən qəfəslərində, tambur-şlüzlərdə artıq təzyiq, mərtəbə və ya otaqdan təxliyyə yollarına çıxan zaman qapıda olan havanın sərfiyyatı (hərəkət sürəti), birbaşa otaqlardan tüstü klapanlarının vasitəsilə xaric edilən havanın sərfiyyatı, təxliyyə yollarının bağlı qapılarında təzyiqin ara sıra düşməsi kimi parametrlər yoxlanılmalıdır.

Təhvil-təslim sınaqları, tüstüdən müdafiə sistemlərinin quraşdırılmasının, sazlanmasının və ya təmirinin başa çatmasından, onların aqreqat və sistemlərinin yoxlanılması və tənzimlənməsindən sonra aparılmalıdır.

Binaların tüstüdən müdafiə sistemlərinin təhvil-təslim və dövri sınaqları tələblərə uyğun olaraq qeyd olunan sistemlərin quraşdırılması, sazlaması və texniki xidmətlərin göstərilməsi işlərini müvafiq lisenziyası olan, ixtisaslaşmış təşkilatlar tərəfindən aparılmalı və yekunda müvafiq aktlarla rəsmiləşdirilməlidir.

Təhvil-təslim sınaqlarının aparılması zamanı aşağıdakılar ardıcıl olaraq yoxlanılmalıdır:

- tüstüdən müdafiə sistemlərinin və onun elementlərinin göstərilmiş həcmdə layihə icrasına, texniki şərtlərin məlumatlarına, pasportlara uyğunluğu;

- bütün avtomatik yanğın bildiricilərindən və tüstüdən müdafiə sisteminin əl ilə məsafədən və yerli işə salma düyməsindən siqnalların keçməsi;

- yanğın qəbul-nəzarət cihazlarının siqnallarının qeydə alınması və onlar tərəfindən idarəetmə və məlumat siqnallarının generasiya etməsi, informasiya tablolarının işə salınması və texniki normativ sənədlərdə göstərilmiş digər parametrləri;

- tüstüdən müdafiə, yəni tüstü xaricetmə və hava vurma ventilyatorlarının qoşulması və müvafiq tüstü klapanlarının işə düşməsi;

- tüstüdən müdafiə sisteminin, yəni H2 tipli tüstülənməyən pilləkən qəfəslərində, lift şaxtalarında, tambur-şlüzlərdə, qapı oyuqlarında, klapanların dəliklərində və digər qurğularda havanın sərfiyyatı və ya hərəkət sürətinin artıq təzyiqinin normalaşdırılan parametrlərinin kəmiyyət ölçülərini.

Dövri sınaqların aparılması zamanı aşağıdakılar ardıcıl olaraq yoxlanılmalıdır:

- avtomatik yanğın bildiricilərinin və məsafədən işə salma düymələrindən siqnalların keçməsini;

- yanğın qəbul-nəzarət cihazlarının siqnallarının qeydə alınması və onlar tərəfindən idarəetmə və məlumat siqnallarının generasiya etməsini, informasiya tablolarının işə salınmasını və texniki normativ sənədlərdə göstərilmiş digər parametrləri;

- tüstü xaricetmə və hava vurma ventilyatorlarının qoşulmasını və tüstü klapanlarının verilmiş ardıcıllıqla işə düşməsi;

- tüstüdən müdafiə sisteminin, yəni H2 tipli tüstülənməyən pilləkən qəfəslərində, lift şaxtalarında, tambur-şlüzlərdə, qapı oyuqlarında, klapanların dəliklərində və digər qurğularda havanın və ya hərəkət sürətinin artıq təzyiqinin normalaşdırılan parametrlərinin kəmiyyət ölçüləri;

Sadalanmış nəzarət parametrlərinin ölçülmə yerləri QOST 12.3.018 binanın tüstüdən müdafiə sisteminin konstruktiv və həcmi-planlaşdırma həllərinin tələbləri nəzərə alınmaqla müəyyən edilməlidir.

Tüstüdən müdafiə sistemlərinin təhvil-təslim və dövri sınaqları zamanı bütün ölçmələr QOST 12.3.018 tələblərinə riayət olunmaqla aparılmalıdır.

Aerodinamik sınaqlara başlamazdan əvvəl binanın istismarına icazə verilən dövrdə qüvvədə olan normativ sənədlərdə nəzərdə tutulmuş tələblər nəzərə alınmaqla, hesabat parametrlərinə uyğun vəziyyət yaradılmalıdır.

Qeyd olunan parametrlərin hesabatı hansı normativ sənədlərə uyğun olaraq aparıldığı barədə məlumatlar olmadıqda aşağıda göstərilən vəziyyətlərin yaradılmasına yol verilir:

Binalar üçün binanın eyni tipli aşağı mərtəbəsindən çıxışa qədər bütün qapıların və dəhlizdəki tüstü klapanının, lift kabinələri birinci mərtəbədə olaraq, kabinələrinin və şaxtasının qapılarının açıq olması kimi hesab olunmalıdır.

Binada tambur-şlüzlər mövcud olduqda, aerodinamik sınaqların aparılması zamanı aşağıdakılara əməl olunmalıdır:

- eyni tipli aşağı mərtəbəsinin tambur-şlüzunda H3 tipli tüstülənməyən pilləkən qəfəsinin girişində dəhlizə və ya hola aparan qapıların biri və ya qapının bir layı açılmalıdır;

- zirzəmi mərtəbənin tambur-şlüzunda B1-B4 yanğın təhlükəliliyi kateqoriyasına aid otaqlar olduqda, pilləkən qəfəslərinin və ya lift şaxtalarının girişlərində qapıların biri və ya qapının bir layı açılmalıdır.

Tüstüyə qarşı mühafizə sistemlərinin aerodinamik sınaqları zamanı binada bütün ölçmələr göstərilmiş vəziyyətin yaradılması və 15 dəqiqədən tez olmadan tüstüdən müdafiə sistemi ventilyatorlarını işə salaraq yerinə yetirilməlidir.

Binanın həcmində artıq statik təzyiqi və təxliyyə yollarındakı qapıların bağlı vəziyyətində təzyiqin ara sıra düşməsini iki statik təzyiq qəbuledici komplektdən ibarət cihazın və dəqiqlik sinfi 1-dən aşağı olmayan diferensial monometrin köməyi ilə QOST 12.3.018 uyğun olaraq ölçmək lazımdır. Bu zaman, statik təzyiqin qəbulediciləri eyni yüksəklikdə yerləşdirilməli və qoruyucu konstruksiyalardan 0,5 m az olmayan məsafədə yerləşməlidir. Statik təzyiq qəbuledicisindən tüstü klapanına qədər məsafə 2 m az olmamalıdır.

Artıq təzyiq bitişik otağa, yəni hol, dəhliz və digər otaqlara nisbətdə ölçülməlidir.

Qapı oyuqlarında, klapanların dəliklərində və digər oyuqlarda havanın hərəkət sürəti dəqiqlik sinfi 1-dən aşağı olmayan anemometrlərlə ölçülməlidir.

Sürətin ölçmə nöqtələrinin sayını, oyuqların ölçülərini nəzərə almaqla QOST 12.3.018 uyğun olaraq qəbul etmək lazımdır.

Aerodinamik sınaqlar zamanı oyuqlarda axının istiqamətini dəyişən maneələr, yəni jalüzlər, laylar və buna bənzər konstruksiyalar müvəqqəti olaraq çıxarılmalıdır.

Tüstüdən müdafiə sistemlərinin təhvil-təslim və dövri sınaqlarının aparılma nəticələri üzrə müvafiq akt tərtib edilməlidir.

FHN Dövlət Yanğın Nəzarəti

Xidmətinin Yanğına qarşı təbliğat şöbəsi

 

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 10 (652) - 2020-03-20


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)