Magistral neft kəmərlərinin yanğın təhlükəsizliyi

Magistral neft kəmərləri obyektlərinin yanğın təhlükəsizliyinin təmin olunması üçün "Neft, qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi Qaydaları"nın tələblərinin yerinə yetirilməsi diqqət mərkəzində olmalıdır. Yanğın təhlükəsizliyinin təmin olunması üçün ilk növbədə hər bir magistral neft kəmərləri müəssisəsində fəhlələrin, mühəndis-texniki işçilərin və qulluqçuların yanğın təhlükəsizliyi məsələləri üzrə öyrədilməsi və təlimatlandırılması təşkil edilməlidir.

Magistral neft kəmərləri obyektlərində qüvvədə olan qanunların, rəhbər orqanların qətnamə və sərəncamlarının, FHN-in Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin göstərişlərinin yerinə yetirilməsi təmin olunmalı, müəssisənin ərazisində baş verən yanğınların səbəbini və şəraitini araşdırmaq, yanğın təhlükəsizliyi qaydalarını pozan şəxslərin aşkar olunmasında həmin dövlət orqanlarının əməkdaşlarına köməklik göstərilməlidir.

Hər bir magistral neft kəmərləri müəssisəsinin rəhbəri yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı bir sıra vəzifələrin icra olunmasına məsuliyyət daşıyır. Belə ki, magistral neft kəmərləri müəssisələrində yanğın-texniki komissiya yaradılmalı, rübdə bir dəfədən az olmayaraq müəssisənin yanğın təhlükəsizliyi vəziyyəti və bu sahədə görülmüş işlər barədə yanğın-texniki komissiyanın sədrinin məlumatı dinlənilməlidir.

Magistral neft kəmərləri müəssisələrində əmrlə hər bir obyekt üzrə yanğın təhlükəsizliyinə, yanğınaqarşı avadanlıqların olmasına, saxlanılmasına, sazlığına və istismarına, qəza və yanğın siqnalizasiya vasitələrinə, stasionar yanğınsöndürmə qurğularına cavabdeh şəxs təyin edilməlidir.

Magistral neft kəmərlərində qaynaq işləri aparılarkən həmin sahədə yanğınsöndürən maşınların olması təmin olunmalı, təsdiq olunmuş cədvələ əsasən yanğınsöndürmə vasitələrinin və yanğın texnikasının sınağı keçirilməlidir.

Müəssisə rəhbəri obyektdə yanğın təhlükəsizliyinin vəziyyətini və yanğına qarşı mühafizə vasitələrinin sazlığını və mövcudluğunu, obyektin könüllü yanğından mühafizə dəstəsinin döyüş hazırlığını vaxtaşırı yoxlamalı, obyektlərin yanğından mühafizə planlarının işlənib hazırlanmasını təmin etməli, həmçinin yerinə yetirilməsi üçün planlı məşqlərin və təlimlərin aparılmasını təşkil etməlidir.

Hər bir müəssisədə və müəssisənin tabeliyində olan obyektlərdə, müəssisə və yaxud müəssisədən kənar yanğın təhlükəsizliyi xidmətinin olmasından asılı olmayaraq, "Yanğın təhlükəsizliyi haqqında" Qanunun 11-ci madəsinə əsasən fəhlə, mühəndis-texniki işçilərdən və qulluqçulardan ibarət könüllü yanğından mühafizə dəstələri (KYMD) təşkil edilməli, həmçinin yanğın-profilaktika işlərini aparan və ona nəzarəti həyata keçirən yanğın-texniki komissiya (YTK) yaradılmalıdır.

Magistral neft kəmərləri obyektlərinin rəhbərləri istehsalatın texnoloji proseslərinin yanğın təhlükəsizliyini bilməli və obyektdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət olunmasını təmin etməli, istehsalat və inzibati binalarda, xidməti otaqlarda və obyektin ərazisində yanğına qarşı ciddi rejim yaratmalı, hər bir bina və istehsalat sahəsində yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxs təyin etməli, yanğın təhlükəsizliyinə cavabdeh şəxsin adı lövhədə yazılmalı və görünən yerdə asılmalıdır. Xidməti heyətin yanğın təhlükəsizliyinə ciddi riayət etməsinə daim nəzarət olunmalıdır.

Magistral neft kəmərləri müəssisələrinin yanğın-partlayış təhlükəli obyektlərində müəyyən olunmuş qaydada tərtib edilmiş icazə olmadıqda odlu işlərin görülməsinə yol verilməməlidir.

Magistral neft kəmərləri müəssisələrində qəza və digər yanğın təhlükəli vəziyyət yarandıqda dərhal yanğından mühafizə xidməti və KYMD çağırılmalı, mövcud qüvvə və vasitələrin köməyi ilə insanların köçürülməsi və qəzanın nəticələrinin ləğv edilməsi təşkil edilməlidir.

Müəssisənin hər bir işçisi yanğın təhlükəsizliyi üzrə təsdiq olunmuş qaydaları, təlimatları bilməli, onun tələblərini yerinə yetirməli, təhkim olduğu yerin və sahənin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamalıdır.

Magistral neft kəmərlərinin hər bir obyektində yanğın və qəzaların ləğvi üzrə operativ plan işlənib hazırlanmalı, obyektin xidməti heyəti ilə təlim məşqləri keçirilməlidir.

Magistral neft kəmərləri obyektləri təhlükəsizlik texnikası və yanğına qarşı təbliğatla bağlı təlimatlar və plakatlarla təmin olunmalıdır. Təlimatlar istehsalat təlimi sistemi, yanğınaqarşı təlimatlandırma və yanğın-texniki minimumu üzrə məşğələlər zamanı öyrədilməli və görünən yerdə asılmalıdır. İnsanların çoxluq təşkil etdiyi yerlərdə obyektin rəhbərliyi tərəfindən təsdiq olunmuş və obyektin yanğın təhlükəsizliyi xidməti ilə razılaşdırılmış təxliyə planı olmalı və görünən yerdə asılmalıdır. Rübdə bir dəfədən az olmayaraq insanların təxliyə planı üzrə məşqlər keçirilməlidir.

Magistral neft kəmərləri obyektlərində yanğın təhlükəsizliyinin təmin olunmaısı ilə bağlı "Neft, qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi Qaydaları"ndan daha ətraflı məlumat əldə etmək olar.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin

İctimaiyyətlə əlaqələr və təbliğat sektoru

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 27 (669) - 2020-09-17


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)