Koronavirusdan necə qorunmalı

Öz aktuallığı ilə dünyanın diqqət mərkəzində olan koronavirus (COVİD-19) ölkəmizə də təsirsiz ötüşmür. İlk öncə onu qeyd edək ki, Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) 11.03.2020 tarixli breefing xarakterli növbədənkənar toplantısında koronavirus (COVİD-19) rəsmi olaraq pandemiya kimi elan edildi. 

ÜST-nın icraçı direktoru Todros Adxan Gebresusun dediklərinə görə, əgər xəstələnmə və yoluxma səviyyəsi epidemiya həddini aşırsa, bu artıq pandemiya kimi təsnif olunmalıdır. Bu da öz növbəsində virus əleyhinə müfaviq profilaktik tədbirlər planının daha da təkmilləşdirilməsini və gücləndirilməsini vacib edir.

Bəs koronavirus nədir və insanlar üçün nə dərəcədə təhlükəlidir? Kimlər potensial risk qrupu daşıyır? Bu virus qripəbənzər əlamətləri ilə təzahür edən, ağciyərlərin ikitərəfli pnevmoniyası ilə ağırlaşaraq tənəffüs çatışmazlığına səbəb olan koronaviruslar ailəsinin insan koronaviruslar qrupundan olan COVİD-19 növüdür.Virus iri ölçülü, üzəri tac-karona formasında olub və səthlərə yapışqan xüsusiyyətlidir. Ona görə adi qoruyucu maska və respiratorlardan keçə bilmir və məsamələrdə ilişib qalır.Viruslar sərbəst halda mövcud ola bilmirlər. Onların yaşaması və artıb çoxalmaları üçün mütləq digər bir canlı hüceyrəyə daxil olması şərtdir. Əks halda onlar adı havada çox yaşaya bilmir və məhv olurlar.

Virus xüsusilə ağciyərlərə həssaslıq göstərərək qısa müddətə ağırlaşma- sətəlcəm vermək qabiliyyətinə malikdir.Virusa yoluxmanın yolu buruna, ağıza toxunulmuş əllər vasitəsi ilə və ya yoluxmuş adamın asqırib, öskürərək virusun hava-damcı yolu ilə tənəffüs yollarına ötürməsidir. Gün ərzində bir çox insanlar özləri də bilmədən əlləri ilə ağızlarına, burunlarına, gözlərinə toxunurlar, bu da öz növbəsində virusa yoluxma hallarına gətirib çixarır.

Virusa yoluxmanın ilk simptomları hərarətin yüksəlməsi, boğazda qıcıqlanma və quru öskürək, bəzən isə ishal halının olmasıdır. Bəzən sadaladığımız simptomlar özünü biruzə vermir və virusa yoluxmuş insan nə dərəcədə yoluxucu olduğunu bilmir. Beləcə də virusu kontaktda olduğu digər insanlara: iş yoldaşları, ailə, dost, tanış və s. yoluxdurmuş olur. Bu isə öz növbəsində virusun geniş əhali kütləsi içərisində yayılmasına gətirib çıxarır. Eyni zamanda bir çox insanlar özlərində bu kimi qripəbənzər əlamətləri gördükdə onlarda qrip və ya soyuqdəymə olduğunu zənn edərək ev şəraitində müalicə olunmağa cəhd göstərir və xəstəliyin daha da ağırlaşmasına səbəb olurlar. Odur ki, özlərində bu kimi əlamətləri görən insanların maska və ya respiratorlardan istifadə edərək vaxtında həkimə müraciət etmələri tövsiyə olunur. Bütün bu sadaladığımıza baxmayaraq, daim təlaş və təşviş içərisində qalmağa, əlavə stress keçirməyə əsas yoxdur. Belə ki, xəstəlik 80% hallarda yüngül gedişlidir və düzgün, vaxtında aparılmış müalicə ilə tam sağalma əldə olunur.

Xəstəliyin ağırlaşmaları daha çox 60 yaş üstü olan yaşlı insanlar, immun sistemi zəif olanlar, yanaşı gedən ağır xəstəliyi olanlar (tənəffüs sistemi, ürək-damar xəstəlikləri, şəkərli diabet, onkoloji və s.), ağır əməliyyat keçirmiş insanlar arasında müşahidə olunur. Belə ki, ölüm göstəriciləri bu kateqoriyalar üzrə daha yüksəkdir. Məhz bu səbəbdən ağır əməliyyatlar keçirmiş, ürək, böyrək, qaraciyər çatışmazlığı olan xəstələr daha da diqqətli olmalıdırlar. Belə ki, ağır əməliyyatlar zamanı bəlli bir miqdar qanın itirilməsi, eyni zamanda əməliyyatdan sonrakı dövrdə xəstələrin bir müddət pəhriz qidalanmasında olmaları immun sistemini zəiflədir və orqanizmin rezerv imkanlarını azaltmış olur. Bu səbəbdən qeyd etdiyimiz insanlar səhhətlərinə xüsusi diqqətli olmalı və daha ciddi profilaktik tədbirlər görməlidirlər. Bu kimi qabaqlayıcı profilaktik tədbirlərə aşağıdakılar aiddir:

- Virusun hava-damcı yolu ilə yayılmasının, həmçinin özləri və kənar şəxslərin yoluxma hallarının qarşısının alınması üçün insanlar evdə qalmalı, bacardıqca ictimai yerlərdən uzaq durmalı, ictimai nəqliyyatdan istifadə etməməli, kütləvi-ictimai tədbirlərdən və xəstə adamlarla kontaktdan uzaq durmalıdır. Qeyd edək ki, virus havada ən çoxu 1 m məsafə qət edə bilir. Buna görə də insanlarla ünsiyyətdə ən azı 1 m məsafə intervalı gözlənilməlidir.

- Evdən kənara yalnız zəruri vaxtlarda çıxmalı (ərzaq almaq, həkimə getmək, təcili iş və s.), çıxarkən isə müvafiq ağız maskaları və ya respiratorlardan istifadə edilməlidir. Bunlar olmadıqda adi tibbi tənzif 5 qatlı kəsilərək, iç səthinə antiseptik sprey çilənmiş halda ev şəraitində maska hazırlana bilər. Onu da qeyd etmək lazımdır ki, maska virusdan hava-damcı yolu ilə qorunmaqdan çox əllərinizin ağız-buruna toxunuşunu önləmək məqsədi daşıyır.

- Əllər tez-tez sabunla ən azı 20 san isti suyun altında yuyulmalı və antiseptik məhlullarla dezinfeksiya edilməlidir. İstifadə edəcəyiniz antiseptik məhlulun içində ən azı 60-70% spirt olmalıdır. Spirtli məhlul virusları məhv edir.

- Evdə, qaldıqları otaqda tez-tez havalandırma aparılmalı və gün işığının düşməsinə şərait yaradılmalıdır. Çünki virus istidə və günəş şüalarının təsirindən məhv olur.

- Əgər boğazda qıcıqlanma, quru öskürək, ağrı və s. kimi simptomlar varsa tez-tez isti su içmək, dərmanları bol maye ilə qəbul etmək lazımdır. Su boğazdakı virusu mədəyə yuyub aparır və tənəffüs yollarına düşməkdən qoruyur. Mədə turşusunda viruslar məhv olur.

- Hərarətin qalxması, qripə bənzər əlamətlər, quru öskürək və s. kimi əlamətlər hiss etdikdə təcili həkimlə əlaqə saxlamaq, asqırdıqda və ya öskürdükdə ağızı əlin ovuc səthi ilə yox, dirsək büküşü vasitəsi ilə qapatmaq lazımdır. Ev şəraitində aparılan türkəçarə müalicələr xəstəliyi daha da ağırlaşdıra bilər.

- Xaricdən, xüsusilə də xəstəliyin yayılmış olduğu ölkələrdən gəlmiş qohum, dost, tanışlarla kontaktdan qaçmalı, əl təmasından bacardıqca uzaq durulmalıdır. Heç bir əlaməti olmadan da xəstə insan yoluxucu ola bilər. Bu səbəbdən virusa yoluxmada şübhəli bilinən şəxslərin ən azı 14 gün müddətinə karantində saxlanılması tövsiyə olunur.

- Bu aralar çoxlu isti maye içilməli, orqanızmin immun sistemini gücləndirmək və virus infeksiyalarına dözümlülüyü artırmaq üçün gündəlik rasiona vitaminlə zəngin qidalar, həmçinin bol meyvə-tərəvəzlər daxil edilməlidir.

Sonda oxucularımıza səbəbsiz olaraq qorxuya düşməmələrini, əhali arasında yayılmış yalnış məlumatlara inanmamalarını və tibbi maariflənərək ən azından üzərlərinə düşən profilaktik tədbirlərə məsuliyyətlə yanaşaraq əməl etmələrini məsləhət görərdik. Özünüzü və ətrafınızı qoruyun ! Daima sağlam olun!

İlahə Əbdurəhmanova

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti

Tibb mərkəzinin həkim-kardioloqu 

 

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 10 (652) - 2020-03-20


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)