Operativ qərargah: “ASAN Viza” elektron portalı vasitəsilə vizaların rəsmiləşdirilməsi dayandırılır

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğu nəzərə alınaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə "ASAN Viza" elektron portalı vasitəsilə 45 gün müddətinə vizaların rəsmiləşdirilməsi dayandırılır. Azərbaycan Respublikasına səfər etmək istəyən xarici ölkə vətəndaşlarının viza rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının müvafiq səfirlik və baş konsulluqlarına müraciət etmələri xahiş olunur. Azərbaycan Respublikasının səfirlik və baş konsulluqlarının konsulluq xidməti xüsusi rejimdə fəaliyyət göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargah məlumat yayıb.

Məlumatda deyilir ki, Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi siyahıya əsasən xüsusilə COVİD-19 virusunun geniş yayıldığı ölkələrin vətəndaşlarından viza rəsmiləşdirilməsinə müraciət edərkən COVİD-19 testindən keçmələri barədə tibbi arayış da tələb olunacaq. Bu şərtlər son 14 gün ərzində həmin ölkələrdə olmuş digər əcnəbi vətəndaşlara da şamil ediləcək.

Azərbaycana səfər edən əcnəbi ölkə vətəndaşları fərdi tibbi göstəricilər nəzərə alınmaqla 14 gün müddətinə karantin rejiminə yerləşdirilə və ya ev şəraitində 14 günlük fərdi karantin rejiminə riayət etmələri tələb oluna bilər. Həmçinin əcnəbi ölkə vətəndaşları COVİD-19 testindən keçirilə bilər.

Çin, Cənubi Koreya, İran, Yaponiya, İtaliya, İspaniya, Fransa, Almaniyadan qayıdan Azərbaycan vətəndaşları 14 və ya tələb olunduğu halda, 21 günlük karantin rejiminə yerləşdiriləcəklər.

Bütün vətəndaşlardan COVİD-19 virusu ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan karantin rejiminə riayət etmələri tələb olunur.

Çin Xalq Respublikası, Cənubi Koreya, İran İslam Respublikası, Yaponiya, Avropa İttifaqı ölkələri, xüsusilə İtaliya, İspaniya, Fransa, Almaniya və digər ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizin aidiyyəti səfirlik və konsulluqlarında konsulluq qeydiyyatına düşmələri və olduqları ölkələrin COVİD-19 virusu ilə əlaqədar müəyyən etdikləri karantin qaydalarına riayət etmələri xahiş olunur.

Azərbaycan Respublikası vətəndaşlarının yaxın iki ay müddətinə xüsusi zərurət olmadığı təqdirdə xarici ölkələrə səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur.

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 10 (652) - 2020-03-20


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)