Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Martın 3-dən 6-dək Soçi şəhərində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə "Rusiya Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə xidmətinin müasir mərhələsi, dağ və dəniz xilasetmə texnologiyasının gələcək inkişafı" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirə MDB-yə üzv ölkələrlə yanaşı bir sıra Avropa ölkələrinin fövqəladə hallarla mübarizəyə cavabdeh olan nazirlik və qurumlarının nümayəndələri qatılıblar. Konfransda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi polkovnik Asif Məmmədli də iştirak edib.

Konfransı giriş sözü ilə açan Rusiya Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Qurumları Departamentinin rəhbəri general-leytenant İqor Kutrovski tədbirin əhəmiyyətindən danışaraq son illər dünyada baş vermiş təbii və texnogen xarakterli fövqəladə hallarla mübarizənin gücləndirilməsinin və bu istiqamətdə qarşılıqlı əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi polkovnik Asif Məmmədli ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. Natiq nazirliyin müvafiq qüvvə və vasitələrinin qonşu ölkələrdə baş vermiş fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı həyata keçirdiyi tədbirlərdən də bəhs edib.

Konfransda çıxış edənlər beynəlxalq əməkdaşlıq çərçivəsində bu tədbirin əhəmiyyətini vurğulayaraq, qarşılıqlı təcrübə mübadiləsinin mühümliyindən bəhs ediblər. Tədbir iştirakçıları axtarış-xilasetmə işlərinin prinsipləri haqqında müzakirələr aparıb, dağ-meşə massivində və su hövzələrində xilasetmə işləri ilə bağlı suallara cavab tapmağa çalışıblar. Almaniya Federativ Respublikasının Fövqəladə hallar zamanı vətəndaşların müdafiəsi və xilası Federal idarəsinin rəis müavini Hersoq Tomas Kristian, Fransa Respublikasının "EscapeInternational" şirkətinin texniki mühəndisi Hari Bertrand axtarış-xilasetmə tədbirləri üçün istehsal olunan xüsusi avadanlıqların əhəmiyyətinə toxunublar.

Konfrans zamanı iştirakçılar Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illiyinə həsr olunmuş sərgi ilə də tanış olublar. Sərgidə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional axtarış-xilasetmə dəstələrinin xilasetmə və yanğınsöndürmə texnikası, qəza xilasetmə avtomobilləri və digər texnika və avadanlıqları ilə yaxından tanış olublar.

\

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 10 (652) - 2020-03-20


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)