"KBRN üzrə milli məşvərət qrupu üçün məlumatlandırma günü" adlı tədbir keçirilib

Avropa İttifaqının "Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) Risklərinin Azaldılması üzrə Qabaqcıl Təcrübə Mərkəzləri təşəbbüsü" çərçivəsində Fövqəladə Hallar Nazirliyi və sözügedən təşəbbüsün Cənub-şərq və Şərqi Avropa katibliyinin birgə təşkilatçılığı ilə martın 3-də Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində "KBRN üzrə milli məşvərət qrupu üçün məlumatlandırma günü" adlı tədbir keçirilib.

Tədbirdə sözügedən təşəbbüsün Cənub-şərq və Şərqi Avropa katibliyinin nümayəndələri, Fövqəladə Hallar, Müdafiə, Səhiyyə, Daxili İşlər, Xarici İşlər, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun nümayəndələri iştirak ediblər.

Toplantını giriş sözü ilə Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin rəis müavini Fizuli Əhmədov açaraq ölkəmizin Avropa İttifaqı (Aİ) ilə mülki müdafiə və böhranların idarə edilməsi sahələrində əməkdaşlığının əhəmiyyətindən danışıb. O, bu əməkdaşlığın davamı kimi kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrinin qarşısının alınması və risklərinin azaldılması sahələrində milli səviyyədə həyata keçirilən fəaliyyətə və təşəbbüslərə dəstək olan Avropa İttifaqının "Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) Risklərinin Azaldılması üzrə Qabaqcıl Təcrübə Mərkəzləri təşəbbüsü"nə qoşulduğunu diqqətə çatdırıb. Natiq sözügedən təşəbbüsün tövsiyələrinə uyğun olaraq KBRN risklərinin azaldılması sahəsində milli fəaliyyət planının və strategiyanın hazırlanması, təklif edilən regional layihələrin müzakirəsi və təhlilinin, ehtiyacların qiymətləndirilməsi məqsədilə milli məşvərət qrupunun yaradılmasının və qrupda təmsil olunan tərəfdaşlar arasında məlumat mübadiləsinin və birgə fəaliyyətin əhəmiyyətli olduğunu da vurğulayıb.

Daha sonra "KBRN Risklərinin Azaldılması üzrə Qabaqcıl Təcrübə Mərkəzləri təşəbbüsü"nün Cənub-şərq və Şərqi Avropa katibliyinin regional koordinatoru Tolqat Toleubayev təqdimatla çıxış edərək təşəbbüsün məqsədi, fəaliyyət istiqamətləri və son dövrlər ərzində həyata keçirilmiş fəaliyyətlər barədə ətraflı məlumat verib. Bildirilib ki, tərəfdaş ölkələrdə KBRN təhlükələrinə hazırlıq və cevik cavab tədbirlərinin səmərəli aparılması və təkmilləşdirilməsi üçün sözügedən sahədə təlim ehtiyaclarının ödənilməsi, bacarıqların artırılması, təlim imkanlarının, təlim və tədqiqat mərkəzləri arasında məlumat və təcrübə mübadiləsinin inkişaf etdirilməsi məqsədilə Cənub-şərq və Şərqi Avropa katibliyi tərəfindən müvafiq təlim mərkəzlərinin şəbəkəsi yaradılıb və şəbəkənin Avropanın KBRN Təlim Mərkəzləri Şəbəkəsi üzrə e-Notice layihəsi çərçivəsində əməkdaşlığı nəzərdə tutulur.

Aİ-nin "KBRN Risklərinin Azaldılması üzrə Qabaqcıl Təcrübə Mərkəzləri təşəbbüsü"nün Cənub-şərq və Şərqi Avropa Katibliyinin texniki dəstək üzrə mütəxəssisi Jumber Mamasakhlisi növbəti təqdimatla çıxış edərək 2018-ci ilin oktyabr ayında icrasına başlanılmış "KBRN tullantılarının idarə edilməsi" layihəsi çərçivəsində görülmüş işlər və həyata keçirilməsi planlaşdırılan "KBRN hadisələri zamanı tibbi müdaxilə" adlı layihənin məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verib. J.Mamasakhlisi tədimatında radioaktiv və nüvə materiallarının aşkar edilməsi və qaçaqmalçılıq hadisələrinə qarşı ilkin cavab tədbirləri imkanlarının sınaqdan keçirilməsi və bu sahədə regional əməkdaşlığın gücləndirilməsi məqsədilə Cənub-şərq və Şərqi Avropa Katibliyi tərəfindən Tbilisidə ilk dəfə keçirilən LİONSHİELD regional genişmiqyaslı sahə təlimi və təlimdən çıxarılmış dərslər barədə danışıb. O, qeyd edib ki, KBRN hadisələrinə qarşı cavab tədbirləri sahəsində bacarıqların artırılması, mövcud imkanların sınaqdan keçirilməsi, təcrübə mübadiləsi və regional əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə gələcəkdə də bu cür təlimlərin KBRN üzrə komponentlərə uyğun olaraq keçirilməsi nəzərdə tutulur və növbəti LİONSHİELD2 sahə təliminin kimyəvi təhlükəsizlik mövzusunda təşkili planlaşdırılır.

Tədbir KBRN təhlükələrinin qarşısının alınması, hazırlıq və cavab tədbirləri sahələrində ölkələrdə ehtiyacların qiymətləndirilməsi məqsədilə Aİ-nin Birgə Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış ehtiyacların qiymətləndirilməsi üzrə sorğunun müzakirəsi ilə davam edib.

Səfər çərçivəsində Aİ-nin "KBRN Risklərinin Azaldılması üzrə Qabaqcıl Təcrübə Mərkəzləri təşəbbüsü"nün Cənub-şərq və Şərqi Avropa katibliyinin nümayəndələri Fövqəladə Hallar Nazirliyinin Akademiyasında, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində və Aİ-nin Bakıdakı nümayəndəliyində bir sıra görüşlər keçiriblər.

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 10 (652) - 2020-03-20


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)