Tarixin qanlı səhifəsi - Xocalı

Mən Xocalı qeydiyyatındayam. Məni tanıyanların, Xocalıdan olduğumu öyrənənlərin ilk sualları belə olur: "Sən Xocalı hadisələrinin şahidi olmusanmı, o anları yaşamısanmı?" Mənimsə onlara bir cavabım olur: - Xocalıdan olmaq, o an orada olmaq və ya olmamaq. Bunlar önəmli deyil. Damarında azərbaycanlı qanı axan hər kəs o anları, o ağrını-əzabı yaşayıb və yaşayır. İstər indi, istərsə də 28 il bundan öncə.

1992-ci il fevralın 26-da Xocalıda baş vermiş qırğın erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardıqları işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi. Bu faciə zamanı 613 nəfər dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib, əksəriyyəti yaşlılar, qadın və uşaqlar olmaqla 1275 nəfər əsir götürülüb, onlardan 150 nəfərin taleyi isə bu günə kimi məlum deyil.

"Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya"nın 2-ci maddəsində qeyd olunur ki, soyqırım cinayəti hər hansı bir milli, etnik, irqi və ya dini qrupun bir qrup kimi tamamilə və ya qismən məhv etmək niyyətilə qrup üzvlərinin öldürülməsi, qrup üzvlərinə ciddi bədən xəsarəti və ya əqli pozğunluq yetirilməsi, qrupun fiziki məhvinə yönəlmiş həyat şəraitinin yaradılması qrup icərisində doğumun qarısının alınmasına yönəlmiş tədbirlər, zorla uşaqların bir qrupdan digər qrupa verilməsidir.

Hadisələrin birbaşa iştirakçısı olan ermənilərin ən çox sevdiyi ideoloqlarından biri Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında Xocalıda törətdikləri soyqırım haqqında yazır: "Biz ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdular... Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Daha sonra ölmüş türk uşağının cəsədi hissə-hissə doğrandı və itlərə atıldı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

Görürsüz, insanlıq adına ləkə olan ermənilər köməksiz, günahsız bir uşağı qətl etməklə qürur duyurlar, fəxarət hissi keçirirlər.

Daha bir erməni müəllif, David Xerdiyan "Xaç uğrunda" kitabında yazır: "Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayım. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım..."

Bəli, bu ermənilərin öz dilləri ilə etiraf etdikləri SOYQIRIM idi. Bunun kimi daha yüzlərlə vəhşilik faktlarını misal çəkmək olar. Bu faktları dünya ictimaiyyətinin nəzərinə çatdırmaq hər birimizin borcudur. İnsanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz ədalətli hüquqi qiymətini almalıdır.

Bu gün Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Xocalıda törədilmiş qanlı qətliam beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirilir və artıq dünyanın bir sıra ölkələri, beynəlxalq təşkilatlar, habelə ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Ermənistanı işğalçı dövlət kimi tanıyır və dəstəkləyir.

Azərbaycan Prezidenti İlham Əliyev açıq bəyan edib ki, "Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaq".

Prezident İlham Əliyev Soçidəki "Valday" forumunda çıxışı zamanı isə "Qarabağ-bu Azərbaycandır və nida işarəsi!" deyərək erməni tərəfinə sərt şəkildə fikirini bildirmişdir.

Bu günlərdə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə dövlətimizin başçısı əsl peşəkar, müdrik siyasəti ilə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha həm tarixi, həm beynəlxalq hüquq, həm də beynəlxalq birliyin mövqeyi kontekstində dünya ictimaiyyətinə çatdırdı, ölkəmizin ədalətli mövqeyini ortaya qoydu. Möhtərəm Prezidentimizin Nikol Paşinyanı, onun simasında işğalçı dövləti və erməni lobbisini darmadağın etməsi hər bir azərbaycanlıda qürur hissi yaratdı. Prezident İlham Əliyev bütün dünyanın gözü qarşısında Ermənistan hökumətinin başçısını ittiham edərək sübut etdi ki, ermənilər bizim xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədiblər, məscidlərimizi, məzarlarımızı dağıdıblar, şəhərlərimizin adlarını dəyişdiriblər.

Dövlətimizin başçısının panel müzakirəsinin sonunda ermənilərə xitabən söylədiyi fikirlər Ermənistanın baş nazirini çox çətin vəziyyətə saldı və ona məğlubiyyətin acısını daddırdı: "Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!"

Düşünürəm ki, münaqişənin sülh yolu ilə həll olunması üçün Ermənistana yetərincə şans verilib. Ancaq görünür səriştəsiz erməni hakimiyyəti bu şansdan istifadə etmək niyyətində deyil. Güclü dövlətimiz, güclü ordumuz var. Biz torpaqlarımızı işğaldan azad etməyə, şəhidlərimizin qisasını almağa qadirik. Ali Baş Komandanın əmrini gözləyən hər bir əsgər kimi mən də daim döyüşə hazıram.

Rəşadət Əhmədov

FHN-in Aran Regional Mərkəzinin baş zabiti kapitan

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 16 (658) - 2020-05-23


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)