Neft sənayesinin neftvurma nasos stansiyalarında təhlükəsizlik tədbirləri

Neft sənayesinin neftvurma nasos stansiyalarının yanğın təhlükəsizliyini təmin etmək üçün qüvvədə olan norma və qaydalarda yanğın təhlükəsizliyi ilə bağlı bir sıra tələblərə əməl olunmalıdır. Belə ki, neftvurma nasos stansiyaları istismar olunarkən işıqlandırma sistemi partlayışdan mühafizəli xüsusi lampalarla təchiz edilməli, nasoslar yerlə birləşdirmə sistemi ilə təmin olunmalıdır.

Neftvurma nasos stansiyalarında ilkin yanğınsöndürmə vasitələri olmalı, yalnız partlayışdan mühafizəli elektrik mühərriklərindən istifadə edilməlidir. Nasosxanada istifadə edilmiş yağlı silgi materialları stansiyadan kənara atılması üçün xüsusi qutulara (qapaqlı) yığılmalıdır.

Nasosxanalarda iş vaxtı nasos və boru kəmərlərinin hermetikliyinə, nasosun sürtünən hissələrinin yağlanmasına, həmçinin yastıq və kipkəclərinin temperaturuna daim nəzarət edilməlidir. Nasosun kipkəclərindən və boru kəmərlərinin birləşmələrindən sızma aşkar edilərsə, nasazlıq dərhal aradan qaldırılmalıdır.

Neftvurma nasos stansiyalarında sürtkü yağlarının axmasına, sıçramasına və onların nasosların altına yığılmasına yol verilməməlidir. Nasosxananın döşəmələri təmiz saxlanılmalı və müntəzəm olaraq yağsızlaşdırıcı qatılmış su ilə və ya KYV-2 tipli köpükləndirici yuyucu vasitə ilə yuyulmalıdır.

Siyirtmə qovşaqlarının yerləşdiyi yerlərdə mayenin hidravlik sürgüdən keçərək sənaye kanalizasiyasına axıdılması üçün qanov quraşdırılmalıdır.

Əgər mayenin sənaye kanalizasiyasına axıdılması mümkün olmadıqda qapalı quyu quraşdırılmalı, sonra isə nasos vasitəsi ilə orada yığılmış maye lazım olan yerə vurulmalıdır.

İş qurtardıqdan sonra nasosun qəbuledici və atqı boru xətlərindəki və çənlərin yanındakı siyirtmələr bağlanmalı, sahə nəzərdən keçirilməli, tökülmüş neft yığılmalı, bütün qurğular və işıqlandırma mənbəyi söndürülməlidir.

Nasos stansiyalarının binalarında istismar olunan ventilyasiya qurğularının saz və fasiləsiz işləməsi təmin olunmalıdır.

Ventilyasiya sisteminin nasaz və ya söndürülmüş vəziyyətində nasosların işə salınmasına icazə verilmir.

Neftvurma nasos stansiyalarında yanğın təhlükəsizliyi tədbirləri haqqında "Neft, qaz və neft kimya sənayesində yanğın təhlükəsizliyi Qaydaları"ndan daha ətraflı məlumat əldə etmək olar.

FHN-in Dövlət Yanğından

Mühafizə Xidmətinin İctimaiyyətlə

əlaqələr və təbliğat sektoru

 

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 19 (661) - 2020-06-26


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)