FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinə media tur təşkil olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə əlaqə idarəsi nazirliyin fəaliyyətinin ölkə mətbuatında işıqlandırılması və müvafiq qurumlarının axtarış-xilasetmə işlərinə, o cümlədən fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinə hazırlıq səviyyəsinin media nümayəndələri üçün nümayiş olunması məqsədilə fevralın 7-də nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) inzibati binasına media tur təşkil edib.

AZƏRTAC xəbər verir ki, media tur çərçivəsində mətbuat nümayəndələrinə Xidmətin irimiqyaslı fövqəladə hallar zamanı istifadə olunan qərargah avtomobilləri, çevik xilasedicilərinin döyüş hazırlığı, çevik xilasetmə idarəsinin motosikletləri və xüsusi təyinatlı xilasetmə avtomobili, təcili tibbi yardım personalı və avtomobili, minatəmizləmə üzrə çevik qrupun şəxsi heyətinin döyüş hazırlığı və təchizatındakı texniki vasitələr barədə ətraflı məlumat verilib. Kimyəvi zəhərlənmələr zamanı deqazasiya duş kabinəsində zərərçəkmişlərin və xilasedicilərin zərərli maddələrdən təmizlənməsi prosesi, su hövzələrində əməliyyat həyata keçirən xüsusi riskli xilasetmə taborunun şəxsi heyətinin döyüş hazırlığı və istifadələrində olan avadanlıq, kinoloji taborun təlimatçı kinoloqlarının fəaliyyəti və xüsusi təlim keçmiş itlər nümayiş etdirilib.

Bundan başqa Xidmətin təlim meydançasında praktiki qəza-xilasetmə təlimləri keçirilib. Təlimlər zamanı dağıntılar altından xüsusi təlim görmüş it vasitəsilə zərərçəkmişin çıxarılması, kimyəvi zəhərlənmələr zamanı şəxsi heyətin deqazasiya olunması, alpinist və desantların alpinist qülləsindən enmələri, yol qəzası zamanı suda batmış avtomobilin və şəxsin dalğıclar vasitəsilə xilas edilməsi və təcili tibbi yardım avtomobilinə təhvil verilməsi, nəqliyyat vasitəsinin sudan çıxarılması, minalardan təmizləmə üzrə çevik qrup tərəfindən naməlum əşyanın müəyyənləşdirilməsi, əşyalara rentgen aparatında baxış keçirilməsi və su topu vasitəsilə zərərsizləşdirilməsi nümayiş etdirilib.

Tədbirin sonunda Xidmət rəhbərliyi ilə jurnalistlərin görüşü olub.

Xidmətin rəisi general-mayor Şahmar Paşayev media nümayəndələrinə kollektiv adından minnətdarlığını bildirib, qurumun fəaliyyəti və gördüyü işlərdən danışıb, jurnalistlərin suallarını cavablandırıb.

Xidmət rəisinin birinci müavini, qərargah rəisi general-mayor Məhərrəm Həsənov bu qurumda xidmətin təşkili və aparılması barədə ətraflı məlumat verib. Bildirib ki, Xüsusi Riskli Xilasetmə Xidməti fövqəladə hallara, hadisələrə çevik reaksiya verilməsini, fövqəladə halların (hadisələrin) nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarını, zərərçəkmişlərə ilkin yardım və təxirəsalınmaz tibbi yardım göstərilməsini, təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin daxilində mühafizəsini, humanitar yardımların (yüklərin) müşayiət və mühafizə olunmasını təşkil edən, öz səlahiyyətləri daxilində strateji obyektlərin, qurğuların mühafizəsini və digər təxirəsalınmaz tədbirləri həyata keçirən orqandır.

M.Həsənov Xidmətin əməkdaşlarının müxtəlif illərdə çətin şəraitdə ölkədə və kənarda həyata keçirdiyi uğurlu axtarış-xilasetmə əməliyyatları barədə ətraflı məlumat verib.

Tədbirdə əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi və fövqəladə hallarda təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılmasına dair media nümayəndələri ilə fikir mübadiləsi aparılıb.

Sonra müxtəlif vaxtlarda FHN tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatlarını əks etdirən videoçarx nümayiş olunub.

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 19 (661) - 2020-06-26


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)