Azərbaycan Prezidenti İlham Əliyevin Kürdəmir rayonuna səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonunda səfərdə olub.

Dövlətimizin başçısı əvvəlcə Kürdəmir şəhərindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verib.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

Fevralın 12-də Kürdəmir rayonunun Karrar qəsəbəsində "Qlobal Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Müəssisənin rəhbəri Ramazan Mirzəyev dövlətimizin başçısına aqroparkın fəaliyyət istiqamətləri barədə məlumat verib.

Prezident İlham Əliyev müəssisəni işə salıb.

Dövlətimizin başçısına istehsal olunacaq məhsulların nümunələri təqdim edilib. Məlumat verilib ki, "Qlobal Aqro" MMC-nin rayonun Karrar qəsəbəsi və Pirili kəndi ərazisində yerləşən aqroparkı iki min hektar sahəni əhatə edir. Ümumi dəyəri 30 milyon manat olan müəssisənin yaradılmasına 1 milyon manat güzəştli kredit verilib, 8,1 milyon manat dövlət əsaslı vəsaiti qoyulub. Müəssisədə ölkəmizlə yanaşı, Türkiyə və Belçika şirkətlərinin istehsalı olan ən müasir avadanlıqlar quraşdırılıb. İndiyədək 60 hektar sahənin suvarılması üçün tamburlu suvarma qurğusu, 27 ədəd texnika və aqreqat alınıb. Aqroparkda 18 min tonluq saxlama anbarı və gücü saatda 10 ton olan toxum çeşidləmə - qablaşdırma sahəsi, ofis və laboratoriya binaları, texnika üçün talvar tikilib. Keçən il 942 hektarda arpa, 128 hektarda buğda, 30 hektarda bostan bitkiləri əkilib. Hələlik burada 17 nəfər işlə təmin olunub və yaxın vaxtlarda 60-dan çox iş yerinin yaradılması nəzərdə tutulur.

Prezident İlham Əliyev müəssisənin imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıqlarını verib.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat veriblər.

Bildirilib ki, Kürdəmir "ASAN Həyat" kompleksinin tikintisinə 2018-ci ilin iyun ayında başlanılıb. 2020-ci ilin fevral ayında tikinti başa çatıb. "ASAN Həyat" kompleksi üçün ayrılan 2,055 hektar ərazidə inzibati bina, uşaq meydançası, fəvvarə və oturacaqlar, istirahət meydançası, avtodayanacaq, 124 yerlik çay evi, 80 və 108 yerlik yay kafeləri, 64 yerlik yığılıb-sökülən yay kafesi, 12 yerlik kinoteatr, 191 yerlik restoran və "ABAD Food Hall" yaradılıb.

Diqqətə çatdırılıb ki, mərkəzdə əməkdaşların sayı 259, könüllülərin sayı isə 45 nəfər nəzərdə tutulur. Kompleksdəki regional "ASAN xidmət" mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, 320 xidmət həyata keçiriləcək. Bu mərkəzdə Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 min 400-dən çox sakinlə yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstəriləcək.

Dövlətimizin başçısı mərkəzin açılışını edib.

Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış olub.

Prezident İlham Əliyevə dövlət satınalmalarının vahid internet portalı barədə də məlumat verilib. Tanışlıq zamanı dövlətimizin başçısına "ASAN Tranzit" Sistemi barədə də ətraflı məlumat verilib.

Sonra ASAN könüllüləri reallaşdırdıqları layihələr barədə məlumat veriblər.

Daha sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşüb.

"ASAN xidmət" mərkəzinin əməkdaşlarını, könüllüləri salamlayan dövlətimizin başçısı bu il Azərbaycanda "Könüllülər ili" elan olunduğunu xatırladıb: "Könüllülər hərəkatı, əslində, ölkəmizdə "ASAN xidmət" mərkəzlərində başlamışdır. Əsas vəzifə ondan ibarət idi ki, ölkəmizin gənc istedadlı sakinləri bu işlərə qoşularaq vətəndaşlara kömək göstərsinlər, Azərbaycanda Könüllülər hərəkatı başlasın və bu sahədə ciddi irəliləyiş olsun. Çünki "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması, əslində, Könüllülər hərəkatına da təkan vermişdir. Ancaq ondan sonra Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti çox geniş vüsət almışdır. Ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda, o cümlədən birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında könüllülər çox fəal rol oynamışlar və bu oyunların uğurla keçirilməsində böyük dərəcədə öz xidmətlərini göstərmişlər. Mən görürəm ki, indi Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti daha genişmiqyaslıdır. Həm vətənpərvərlik, ekoloji tarazlıq mövzularında keçirilən tədbirlərdə, həm də incəsənət, mədəniyyət və digər sahələrdə könüllülər çox fəaldırlar. Eyni zamanda, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində də könüllülərin fəaliyyəti çox önəmlidir. Təsadüfi deyil ki, dünyanın mötəbər beynəlxalq təşkilatları, o cümlədən BMT və digər təşkilatlar həm "ASAN xidmət" mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirir, həm də Azərbaycanda yaranmış və inkişaf edən Könüllülər hərəkatına yüksək qiymət verirlər".

"ASAN xidmət" mərkəzlərinin ölkəmizdə çox ciddi müsbət dəyişikliklərə yol açdığını söyləyən dövlətimizin başçısı deyib: "Bu, bizim niyyətimizin, siyasətimizin təzahürü idi. Amma birinci mərkəzlər açılan zaman insanlara elə gəlirdi ki, bu, vətəndaşların rahatlığı üçün sadəcə, bir layihədir, xidmət layihəsidir. O vaxt bir çoxları bəlkə də dərk etmirdilər ki, bu, bir layihə deyil, bu, siyasətdir, hərəkatdır, bu, niyyətdir. Baxın, bu gün Azərbaycanın hər bir sahəsində islahatlar aparılır - siyasi sahədə, iqtisadi sahədə, struktur islahatları, kadr islahatları. Nazirlər Kabineti yenidən formalaşdı, Prezident Administrasiyası da həmçinin. Parlament yenidən formalaşır. Bir neçə gün bundan əvvəl parlament seçkiləri keçirildi. İqtisadi sahədə şəffaflıq təmin edilir. Bu şəffaflıq hesabına təkcə keçən il bir milyard manatdan çox vəsait dövlət xəzinəsinə daxil edildi və bu vəsait son qəpiyinə qədər vətəndaşların pensiyalarının, maaşlarının artırılmasına getmişdir. Bu ilin yanvar ayında xəzinəyə proqnozdan əlavə 160 milyon manat daxil edildi. Biz bunu da sosial layihələrə xərcləyəcəyik".

Sözünə davam edən Prezident İlham Əliyev bildirib ki, bütün bu işlər ölkəmizi gücləndirir: "Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir. Çünki hətta bizə həmişə ən tənqidi mövqedən yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzəsində müsbət meyilləri qəbul etməyə məcbur olmuşlar. Pozuntulara gəldikdə, qeyd etmişlər ki, bu prosedur xarakterli pozuntular idi. Yəni, bu, hər bir ölkədə var. Heç bir ölkədə tam kamil seçkilər keçirilmir. Amma bu seçkilərdə nə saxtakarlıq, nə ciddi pozuntular olub, nə də ki, seçkilərin legitimliyini, yaxud da nəticələrini şübhə altına alan hər hansı bir pozuntu.

Müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirdi. Bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, - hansı ki, bizə həmişə qərəzli yanaşır, - hesabatı da hesab edirəm ki, tarazlı idi, əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi, hesab edirəm ki, obyektivliyə daha yaxın idi. Biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq, pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik".

Gənclərlə müntəzəm olaraq görüşlər keçirdiyini deyən dövlətimizin başçısı bildirib: "Hər dəfə gənclərlə görüşəndə çox sevinirəm ki, Azərbaycan gəncləri həm vətənpərvərdirlər, həm biliklidirlər, savadlıdırlar, zahirən gözəldirlər. Sizə uğurlar arzulayıram. Sizin fəaliyyətiniz "ASAN xidmət"də başlayır və davam edir. Bu, çox gözəl məktəbdir. Əminəm ki, burada topladığınız biliklər gələcəkdə sizə kömək göstərəcək və siz ölkəmizin gələcək inkişafında öz sözünüzü deyəcəksiniz".

Könüllü Ülkər Şirinova, mərkəzin əməkdaşı Xəyalə Babayeva, "ASAN Könüllüləri" Təşkilatının sədri Səbinə Cabarova çıxış edərək Prezident İlham Əliyevi əmin ediblər ki, biz üzərimizə düşən vəzifənin, məsuliyyətin fərqindəyik və regionumuzun sosial, ictimai, mədəni, ekoloji tədbirlərində daha yaxından iştirak edəcəyik, region gənclərinin fərdi inkişafında böyük rol oynayacağıq və Sizin görəcəyiniz bütün işlərin fəal iştirakçısı olacağıq. Bunun üçün biz bütün könüllülər adından Sizə söz veririk.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra Prezident İlham Əliyev "ASAN Həyat" kompleksinin tərkibindəki "ABAD Food Hall"un fəaliyyəti ilə tanış olub, burada nümayiş etdirilən məhsulların nümunələrinə baxıb.

Fevralın 12-də "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialı istifadəyə verilib.

Azərbaycan Prezidenti İlham Əliyev filialın açılışında iştirak edib.

"Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, müəssisədə 150 nəfər toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və s. kimi bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdaş, Ağsu, Göyçay, Hacıqabul, İsmayıllı, Kürdəmir, Qax, Qəbələ, Qobustan, Oğuz, Salyan, Şamaxı, Şəki, Ucar, Zaqatala və Zərdab rayonlarının yaşayış məntəqələrində toxunan orijinal xalça çeşnilərinin istehsalına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular Kürdəmir şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində "Azərxalça"nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları "Azərxalça" ASC-nin sertifikatını alacaqlar. Xalça-satış salonunda "Azərxalça" ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.

Dövlətimizin başçısı xalçaçılarla görüşüb.

Müəssisənin kollektivinə təbriklərini çatdıran Prezident İlham Əliyev Kürdəmir rayonunda da xalça fabrikinin açılışını məmnunluqla vurğulayıb və bildirib ki, son vaxtlar bu istiqamətdə çox böyük işlər görülür: "Planımızda 32 fabrikin açılışıdır, onlardan 11-i artıq fəaliyyətdədir. Biri də bu gün Kürdəmir rayonunda rəsmən açılır. Mənə verilən məlumata görə, burada qadınlar üçün 100-ə yaxın iş yeri yaradılıb. Bu, çox müsbət haldır. Bir tərəfdən, vətəndaşları iş yerləri ilə təmin edirik, xüsusilə qadınları. Digər tərəfdən, bizim qədim sənətimiz, xalçaçılıq sənəti inkişaf edəcək. Siz də bu sənəti yaşadırsınız və öz təcrübənizi, biliklərinizi gənc nəsil ilə bölüşürsünüz. Beləliklə, həm özünüz üçün yeni imkanlar əldə edirsiniz, eyni zamanda, ölkəmizin gələcək uğurlu inkişafı istiqamətində də mühüm töhfə verirsiniz. Çünki xalçaçılıq həm qədim sənətimizdir, həm də xalça ixracyönümlü məhsuldur. İndi bizim əsas vəzifəmiz qeyri-neft sektorunun ixracının artırılmasıdır".

Azərbaycan xalçalarına dünyada çox böyük tələbatın olduğunu bildirən Prezident İlham Əliyev deyib ki, ölkəmizə gələn xarici qonaqlar xalçalarla çox maraqlanırlar. Nəzərə alsaq ki, keçən il ölkəmizə 3 milyon 170 min xarici qonaq gəlib və bu il daha da artacaq, ona görə bizim xalçalarımıza tələbat çoxalacaq. Sizin işiniz daha da çox olacaq. Burada yaxşı əməkhaqqı ilə təmin olunursunuz, iş şəraiti gözəldir. Son dövrdə "Azərxalça"nın xətti ilə açılmış fabriklərdə demək olar ki, işçilərin hamısı razıdır.

Xalçaçılar dövlətimizin başçısına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonra dövlətimizin başçısı müəssisədə toxunan xalçanı kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

 

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 10 (652) - 2020-03-20


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)