Prezident İlham Əliyev: Bizim milli maraqlarımız həmişə birinci yerdədir

Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlət kimi tanınır və qəbul olunur. Dövlətimizin başçısının ötən həftə İsveçrədə Davos İqtisadi Forumu çərçivəsində görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisi olmaqla həm iqtisadi, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Yanvarın 20-də Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərə gələn Azərbaycan Prezidenti İlham Əliyevin Davosda "VTB Bank"ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşü olub. Görüşdə "VTB Bank"ın Azərbaycanda uzun müddət uğurlu fəaliyyət göstərdiyi, Azərbaycanla Rusiya arasında bütün sahələrdə olduğu kimi, iqtisadi-ticari sahədə də əlaqələrin uğurla inkişaf etdiyi bildirildi.

Həmin gün Davosda Prezident İlham Əliyevin "Carlyle Group" şirkətinin həmtəsisçisi Devid Rubenşteynlə görüşündə adı çəkilən qurumla Azərbaycan Dövlət Neft Fondu arasında əməkdaşlıq yüksək qiymətləndirildi, ölkəmizdə əlverişli investisiya mühitinin yaradıldığı qeyd edildi, respublikamızla vəsaitlərin idarə olunması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan "Carlyle Group" arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulandı.

Prezident İlham Əliyevin Davosda "CISCO" şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerlə görüşündə "CISCO" şirkəti ilə Azərbaycanın uzun müddətdir müxtəlif sahələrdə əməkdaşlıq etdiyi bildirildi. Prezident İlham Əliyev "CISCO" şirkətinin Azərbaycan üçün önəmli tərəfdaş olduğunu qeyd etdi. "CISCO" şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramer Azərbaycanda gedən inkişaf proseslərini yüksək qiymətləndirdi və şirkətlə ölkəmiz arasında uğurlu təcrübə mübadiləsinin aparıldığını vurğuladı.

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 21-də Davosda "Carlsberg Group" şirkətinin baş icraçı direktoru Cees't Hart ilə görüşündə dövlətimizin başçısı ölkəmizdə son illərdə aparılan islahatların artıq müsbət nəticələr verdiyini qeyd etdi. Prezident İlham Əliyev ölkəmizdə investisiya və biznes mühitinin daha da əlverişli olması istiqamətində islahatların davam etdiriləcəyini, xarici və yerli investorlar üçün vergi, gömrük və digər sahələrdə proqnozlaşdırıla bilən siyasətin həyata keçiriləcəyini vurğuladı.

 "Carlsberg Group" şirkətinin baş icraçı direktoru Cees't Hart dövlətimizin başçısı tərəfindən son illərdə aparılan uğurlu islahatlardan, Azərbaycandakı əlverişli biznes və investisiya şəraitindən məmnunluğunu ifadə etdi. Söhbət zamanı bildirildi ki, bu ildən başlayaraq "Carlsberg Group" şirkəti kənd təsərrüfatı sektoruna da investisiya qoyuluşunu həyata keçirəcək və bu istiqamətdə artıq pilot layihələrin icrasına başlanılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda "Signify" şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub. Son vaxtlar Azərbaycanda aparılan islahatlardan məmnunluğunu bildirən Erik Rondolat, ilk növbədə, ölkəmizdə həyata keçirdikləri layihələr barədə dövlətimizin başçısına məlumat verdi. "Signify" şirkətinin işıqlandırma sahəsində dünya liderlərindən biri olduğunu vurğulayan baş icraçı direktor rəhbərlik etdiyi qurumun ölkəmizə yeni texnologiyaların gətirilməsi baxımından Azərbaycana hər cür dəstək verməyə hazır olduğunu qeyd etdi.

Görüşdən məmnunluğunu bildirən Prezident İlham Əliyev Bakı şəhərinin işıqlandırılması üzrə hazırda icra edilən layihənin sürətləndirilməsinin vacibliyini bildirdi. Dövlətimizin başçısı, eyni zamanda, növbəti mərhələlərdə Sumqayıtda və Azərbaycanın digər böyük şəhərlərində işıqlandırmanın keyfiyyətinin artırılması, elektrik enerjisinə əhəmiyyətli qənaəti təmin edən yeni həll variantlarının tətbiqi, həmçinin kənd təsərrüfatının müxtəlif sahələrində işıqlandırma sistemləri vasitəsilə müasir texnologiyaların gətirilməsinin aidiyyəti dövlət qurumları ilə müzakirə olunması barədə müvafiq tapşırıqlarını verdi.

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin bütün sahələrdə genişləndiyi vurğulandı.

Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb. Görüşdə Azərbaycan ilə Davos Forumu arasında münasibətlərin tarixi və onun əhəmiyyəti haqqında fikir mübadiləsi aparıldı. Azərbaycan Prezidenti İlham Əliyevlə Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında ötən il imzalanmış memorandumun davamı kimi həmin gün imzalanacaq niyyət protokolunun əhəmiyyəti qeyd edildi. Sənədə əsasən Forumun ölkəmizdə afilə edilmiş regional mərkəzi yaradılacaq. Sonra Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalandı. Sənədi Prezident İlham Əliyev və Forumun prezidenti Borge Brende imzaladılar.

Azərbaycan Prezidenti İlham Əliyev Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb. Söhbət zamanı ölkələrimiz arasında enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycan Prezidenti İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşüb.

Söhbət zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizdə həyata keçirilən layihələri və prioritet sahələrin müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparıldı. Bankın Azərbaycanda mövcud əlverişli investisiya mühitindən yararlanaraq fəaliyyətini daha da genişləndirmək üçün böyük imkanlarının olduğu bildirildi.

Azərbaycan Prezidenti İlham Əliyev Davosda Rusiyanın "LUKOIL" şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb. Görüşdə Azərbaycanın "Naxçıvan", "Qoşadaş" yataqlarının "LUKOIL" şirkəti ilə birgə işlənilməsi məsələsi müzakirə olundu və bu barədə qərar qəbul edildi.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya üçün yeni baxış - dayanıqlı inkişaf üçün tərəfdaşlıq" mövzusunda iclasda iştirak edib.

İclasda Avrasiyada ölkələrarası əməkdaşlıq məsələsi müzakirə olundu. Həmçinin ticarət, energetika, nəqliyyat sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, dördüncü sənaye inqilabının region üçün əhəmiyyəti vurğulandı.

İclasda Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqa, Gürcüstanın Baş Naziri Giorgi Qaxariya, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti və digər nüfuzlu qonaqlar iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan ilə görüşü olub. Azərbaycan ilə Pakistan arasında ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşdə Baş Nazir İmran Xan bildirdi ki, Pakistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin haqlı mövqeyini dəstəkləyir və işğalçı Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıb.

Prezident İlham Əliyev Kəşmir məsələsində Azərbaycanın Pakistana daim dəstək verdiyini qeyd etdi. Dövlətimizin başçısı, həmçinin ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində Pakistanı dəstəklədiyini vurğuladı.

Azərbaycan Prezidenti İlham Əliyev Davosda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb.

Prezident İlham Əliyevin beş il bundan əvvəl Dünya İqtisadi Forumunda çıxışını xatırladan Məhəmməd Barkındo qeyd etdi ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə OPEC üzvü və təşkilat üzvü olmayan ölkələr əməkdaşlığa başlayıb. Nəticədə dünyada neftin qiyməti sabitləşib.

 "Təşkilat tərəfindən güclü rəhbərlik, həmçinin təşkilata üzv dövlətlərin və üzv olmayan dövlətlərin arasında çox ciddi əməkdaşlıq var idi. Mən bilirəm, hətta bəzi üzv ölkələr arasında hasilatın müəyyən dərəcədə azalmasına nail olmaq asan deyildi. Əlbəttə ki, çox səmərəli monitorinq prosesi, həmçinin etimad məsələsi var idi. Mən düşünürəm ki, bu prosesin bütün üzvləri hazırda sözlərinə əməl etməyə çalışırlar. Çünki etimadı qorumaq lazımdır. Həmçinin mən OPEC+ formatında görüşlərin birinin Bakıda keçirilməsi ilə bağlı təşəbbüsə görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Mən sizi dəvət etdim və siz bu dəvəti qəbul etdiniz. Biz əməkdaşlığımızın gücləndirilməsini səbirsizliklə gözləyirik. Azərbaycan artıq OPEC üzvü kimi özünü göstərir. Əminəm ki, bu, belə də davam edəcək", - deyə dövlətimizin başçısı bildirib.

Yanvarın 22-də Davosda Azərbaycan Prezidenti İlham Əliyev "SUEZ Group"un yeni baş icraçı direktoru Bertran Kamusla görüşüb. Görüşdə kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı, habelə meliorasiya sahəsində qabaqcıl texnologiyaların tətbiqi istiqamətində "SUEZ" ilə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Polşa Respublikasının Prezidenti Andjey Duda ilə görüşüb. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı məsələləri müzakirə olundu, neft-qaz sektorunda əməkdaşlıq imkanlarının araşdırılması, həmçinin regionda və dünyada mövcud geosiyasi vəziyyət haqqında fikir mübadiləsi aparıldı. Söhbət zamanı bu ilin iyun ayında Tallində keçiriləcək Üç Dəniz Təşəbbüsündə Azərbaycanın da iştirak etməsinin əhəmiyyəti vurğulandı, Vışeqrad Qrupu və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olundu.

Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda keçirilən panel iclasında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev müasir dövrdə ölkəmizin dinamik inkişaf göstəriciləri, eləcə də dövlət siyasətinin prioritet istiqamətləri haqqında müfəssəl məlumat verdi.

Panel iclasında moderatorun "Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz - Moskvaya, yoxsa Pekinə?" sualına cavab olaraq Prezident İlham Əliyevin "Bakıya" cavabı Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər zaman uca tutulduğu siyasət yürütdüyünün bariz nümunəsidir: "Bəli, bizim qonşularımıza münasibətdə siyasətimiz mehribandır, lakin, eyni zamanda, milli maraqlarımız həmişə birinci yerdədir. Buna görə də müstəqillik illəri ərzində əldə etdiyimiz bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatları həyata keçirdiyimizə görə əldə olunmuşdur. Bizim nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik qiymətləndirmələrində də öz əksini tapmışdır. İnfrastruktur sahəsi çox yüksək səviyyədə inkişaf edib. Yolların inşası və keyfiyyətinə gəldikdə, biz dünyada iyirmi yeddinci yerdə qərarlaşmışıq".

Moderatorun "Hökuməti yeniləməyinizi müşahidə etmək mənim üçün maraqlı idi. Siz gənc texnokratları sıralarınıza cəlb etmisiniz" sözlərinə cavab olaraq Azərbaycan Prezidenti bildirdi ki, bəli, tamamilə doğrudur, hökumət dəyişdi. Hökumətə yaxşı təhsil almış, müasir baxışlı yeni insanlar dəvət olunmuşdur. Çünki dəfələrlə ictimaiyyətə açıqlamalarımda dediyim kimi, iyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz. Buna görə də yeni insanlar nəinki təkcə hökumətə, eyni zamanda, çox böyük dəyişikliklərə məruz qalmış Prezident Administrasiyasına da gətirilmişdir. Gələn ay bizdə erkən parlament seçkiləri keçiriləcək. Bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi. Əminəm ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaqdır.

Moderatorun "Həyatlarının yaxşılaşdırılmasını istəyən azərbaycanlılar üçün Siz yeni hökumətin onlara nələr verəcəyinə ümid edirsiniz, onlar növbəti bir və ya iki ildə hansı fərqləri müşahidə edəcəklər" sualını cavablandıran dövlətimizin başçısı müstəqillik illərində Azərbaycanda əhalinin sayının 7 milyondan 10 milyona qədər artdığını, artımın hər il 100 min nəfərdən çox olduğunu diqqətə çatdırdı. "Bu isə o deməkdir ki, bizə ən azından ildə 100 min iş yeri lazımdır. Bu, asan deyil. Buna görə də hökumət bu məsələ ilə məşğul olacaq. Biz yoxsulluğu bugünkü səviyyədə - 5 faizdən aşağı səviyyədə saxlamağa çalışacağıq. Həmçinin bizim birbaşa xarici borcun azaldılması ilə bağlı uzunmüddətli strategiyamız var. Bu gün bu borc çox aşağıdır, ümumi daxili məhsulun 17 faizini təşkil edir. Lakin bizim hədəfimiz onu ümumi daxili məhsulun 10 faizinə qədər endirməkdir", - deyə dövlətimizin başçısı bildirdi. Hökumətin inflyasiyanı aşağı səviyyədə saxlamaq üzərində də işləyəcəyini deyən Azərbaycan Prezidenti qeyd etdi ki, insanların gəliri həmişə inflyasiyanı üstələməli, habelə yaradılan yeni iş yerləri demoqrafik artımdan daha çox olmalıdır.

Panel iclasında moderatorun "Mən oxumuşam ki, indi Mərkəzi Asiya əhalisinin üçdəbir hissəsinin yaşı 15-dən aşağıdır. Yəni, əhalinin üçdəbir hissəsinin 15 yaşı tamam olmayıb. Dünyanın digər hər bir qitəsində gənclərə nəzər salsaq, biz onları küçələrdə görmüş olarıq, onlar öz səslərinin daha çox eşidilməsini tələb edirlər, onlar daha çox səsə malik olduqlarına öyrəşiblər. Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs, onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz?" sualını cavablandıran Prezident İlham Əliyev dedi: -Biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startap biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük. Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, onların hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir. Əslində, onlar yalan danışıblar. Bunun əsas səbəbi isə siyasətçilərin məsuliyyətsizliyidir. Çünki biz təkcə Avropada yox, bir çox ölkələrdə onu müşahidə edirik ki, hökumət hakimiyyətə gəlir və dərhal hökumətin rəhbəri təzyiq altında olur. İnsanlar onu seçir, lakin bir ildən sonra o, ona göstərilən etimadı itirir. Çünki yerinə yetirilməsi mümkün olmayan vədlər verilmişdir. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir: "Prezident olaraq mənim hədəflərimdən biri Azərbaycanı özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirmək idi. Başqa sözlə, iqtisadi müstəqillik əsas prioritet idi, çünki bu, siyasi müstəqillik üçün bünövrədir. Sözsüz ki, müxtəlif ölkələrin müxtəlif gündəmləri var. Müxtəlif ölkələrin iqtisadiyyatları digərlərininkindən daha həssasdır. Azərbaycana gəldikdə, bir daha qeyd edirəm ki, bizim coğrafi mövqeyimiz çox əlverişlidir. Bundan əlavə, biz müasir infrastrukturun yaradılmasına çoxlu investisiya yatırmışıq. İkincisi, qeyd etdiyiniz kimi, bizim nəsil çox gəncdir. Bizim əlavə və çox kreativ əmək ehtiyatlarımız var. Əlbəttə ki, biz təbii ehtiyatlarla - neft və qazla zənginik, bu da bizim üçün enerji təhlükəsizliyi yaradır. Ona görə də bizim qonşu ölkələr və çox sayda tərəfdaşlarımızla münasibətlərimiz qarşılıqlı maraqlara əsaslanır. Bundan əlavə, biz bu və ya digər beynəlxalq qurumda təmsilçiliyimizlə bağlı hər bir məsələyə praqmatik yanaşırıq. Bu, bizə nə verəcək? Əgər, bu, bizə daha çox iqtisadi stimul, biznes üçün daha çox imkanlar, daha çox sabitlik və daha çox təhlükəsizlik verəcəksə, əlbəttə ki, biz bunu nəzərə alırıq. Biz bir sıra beynəlxalq institutların üzvüyük. Onlardan biri Qoşulmama Hərəkatıdır".

Prezident İlham Əliyev panel iclasında regional təhlükəsizliyə ciddi təhdid yaradan bu və digər qaynar nöqtələrlə bağlı fikirlərini də bölüşdü. Hazırda ən vacib məsələnin regional sabitlik olduğunu bildirən dövlətimizin başçısı dedi: "Ölkədə bizim daxili risklərimiz yoxdur, istər siyasi risklər olsun, istər iqtisadi. Ölkə sabitdir, inkişaf davamlıdır. Bizim həyata keçirilməkdə olan və xalqımız üçün böyük imkanlar yaradan çox geniş islahatlar gündəliyimiz var. Ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı. Bunun üçün biz məsuliyyət daşımırıq. Təəssüf ki, biz bu prosesə tam olaraq təsir edə bilmərik. Məsuliyyəti bu kövrək sabitliyin daha da sarsılmaması üçün öz aralarında müəyyən məsələlərlə bağlı razılığa gəlməli olan super qüvvələr, super güclər daşıyacaq".

Prezident İlham Əliyev vurğuladı ki, bu gərginliklər Azərbaycanın sərhədləri yaxınlığında cərəyan edir. "Biz Əfqanıstanda gərginlikləri görürük, biz orada həll edilməmiş vəziyyəti görürük", - deyən dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan özü Ermənistan tərəfindən işğala məruz qalıb və bu, daimi təhdid mənbəyidir. Azərbaycan ərazilərinin 20 faizi beynəlxalq hüququn normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Ermənistanın işğalı altındadır.

Son vaxtlar regionda Azərbaycanın yaxın qonşusu olan İran ilə ABŞ arasında artan gərginliyə də toxunan Prezident İlham Əliyev dedi: "Biz ABŞ-İran münasibətlərində gərginliyin kəskinləşməsinin şahidi oluruq. Regionda artıq baş qaldırmaqda olan bir çox qaynar nöqtələr potensial təhdidlərdir. Ona görə də biz sərhədlərimizin xaricində təhlükəsizliyin və müəyyənliyin olmasında çox maraqlıyıq. Çünki hətta Azərbaycandan kənarda olan iqtisadi çətinliklər bizim iqtisadi və sosial vəziyyətimizə təsir edə bilər. Buna görə də düşünürəm ki, regionda sabitliklə bağlı vəziyyət bizi narahat edən əsas məsələdir və belə deyə bilərəmsə, regionda qeyri-sabitlik əsas kabusdur".

Panel iclasında Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa, "Astana" Beynəlxalq Maliyyə Mərkəzinin rəhbəri Kayrat Kelimbetov, "VTB Bank"ın prezidenti-idarə heyətinin sədri Andrey Kostin, BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya iştirak ediblər.

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşü olub. Görüşdə Azərbaycanla Monqolustan arasında əlaqələrin daha da dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıldı. Kənd təsərrüfatı sahəsində, xüsusilə heyvandarlıq sektorunda geniş əməkdaşlıq imkanlarının olduğu bildirildi, mis və qızıl mədənləri sənayesi sektorunda investisiya imkanları müzakirə edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşündə TANAP layihəsinin artıq istifadəyə verildiyi, TAP-ın isə bu ilin axırınadək hazır olacağı qeyd edildi, söhbət zamanı "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsinin növbəti mərhələsi üzrə yeni layihəyə dair müzakirələr aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə görüşü olub. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Ölkələrimizin iştirakı ilə qlobal və regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinin önəmi vurğulandı. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə toxunuldu.

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa ilə görüşündə ikitərəfli əlaqələr müzakirə olundu, BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Azərbaycanın təcrübəsi barədə fikir mübadiləsi aparıldı, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki və ümumilikdə, regionun təhlükəsizliyindəki rolu vurğulandı. Azərbaycan ilə İsveçrə arasında iqtisadi əlaqələrə toxunuldu, bu münasibətlərin inkişafından məmnunluq ifadə olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Swiss Re" şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşüb. Görüşə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Veronika Skotti dövlətimizin başçısı tərəfindən son illərdə aparılan islahatlar nəticəsində Azərbaycanda sığorta sahəsinin inkişafı və təkmilləşməsi üçün yaxşı imkanların yarandığını bildirdi. Qeyd etdi ki, "Swiss Re" şirkəti Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarda iştirak etməyə, Azərbaycanda sığorta bazarının daha da inkişafına töhfə verməyə hazırdır.

Dövlətimizin başçısı ölkəmizdə sığorta bazarının, xüsusilə daşınmaz əmlak sahəsində sığorta sisteminin səmərəli təşkilinin və inkişafının vacib olduğunu vurğuladı. Görüşdə bu sahədə beynəlxalq təcrübənin Azərbaycanda tətbiqini sürətləndirəcək xarici investorlarla, o cümlədən "Swiss Re" şirkəti ilə əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı.

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda "Procter and Gamble Europe" şirkətinin prezidenti Loik Tassel ilə görüşü olub. Söhbət zamanı bildirildi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və Azərbaycanda yaradılan biznes mühiti şirkətin ölkəmizdəki ofisi vasitəsilə Şərqə doğru genişlənməsinə əlverişli imkan yaradacaq.

Azərbaycan Prezidenti İlham Əliyev Davosda "Equinor" şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb. Görüşdə "Qarabağ" yatağı layihəsi müzakirə olundu. "Equinor" şirkətinin 1994-cü ildən Azərbaycanda olduğunu deyən dövlətimizin başçısı ölkəmizdə onun fəaliyyətinə çox böyük əhəmiyyət verildiyini qeyd etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri, Azərbaycan-İsveçrə Dostluq Qrupunun həmsədri Loran Verli ilə görüşü olub. Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bildirildi. Söhbət zamanı Azərbaycan ilə İsveçrənin şəhərləri arasında əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı fikir mübadiləsi aparıldı, bir müddət əvvəl Montrö şəhəri ilə Bakının Səbail rayonunun qardaşlaşdığı bildirildi.

Beləliklə, Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun daha bir parlaq səhifəsi oldu.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 10 (652) - 2020-03-20


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)