Maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Zərdab rayon İsaqbağı kənd tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirib.

Toplantı şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinə nail olmaq məqsədilə reallaşdırılıb.

Tədbirdə Aran Regional Mərkəzinin, Aran regional Dövlət Yanğın Nəzarəti idarəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak edib.

Toplantıda "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı necə davranmalı?", Sel və daşqınlar zamanı davranış qaydaları","Odsöndürücü balonlardan istifadə qaydaları", "Məişətdə yanğın zamanı davranış qaydaları", "112" qaynar xətti" mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş olunub.

***

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə Səbail rayon 329 nömrəli tam orta məktəbində maarifləndirmə tədbiri keçirib.

Tədbirdə "Dəm qazı təhlükəsi", "Məişətdə yanğın təhlükəsizliyi", "112 qaynar xəttinə nə vaxt zəng etməli?", "Odsöndürənlərdən istifadə qaydası" mövzularında videoçarxlar təqdim edilərək yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Eyni zamanda ərazinin daim təmiz vəziyyətdə saxlanılmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi (təxliyə) planlarının və yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılmasının vacibliyi də diqqətə çatdırılıb. Toplantıda, həmçinin pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına (hovuzlar, kəmərlər, çənlər, hidrantlar) qayğı ilə yanaşmanın zəruriliyi qeyd olunub.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün "Vətəndaşların nəzərinə", "Yanğın zamanı davranış qaydaları" mövzularında yaddaş vərəqələri, bukletlər tədbir iştirakçılarına paylanıb.

***

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Xaçmaz şəhər 9 saylı tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.

Tədbir zamanı məktəbin müəllim və şagird heyətinə müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəbləri, elektrik təsərrüfatında yanğın təhlükəsizliyi, məişətdə qazdan təhlükəsiz istifadə qaydaları, ildırım, sel və daşqın zamanı hərəkət qaydaları kimi mövzularda ətraflı məlumat verilib, mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunub, suallar cavablandırılıb.

***

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin Salyan rayon Kürqaraqaşlı kənd tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda keçirdiyi maarifləndirmə tədbirində "Daşqın, zəlzələ, dəm qazından zəhərlənmənin qarşısının alınması, bu kimi halların baş verməməsi və ya baş verdikdə nə etmək lazımdır" mövzusunda davranış qaydaları izah edilib, mövzulara aid videoçarxlar nümayiş olunub.

***

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonu Fatmayi kənd tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbir müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaq məqsədilə təşkil olunub.

***

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı, Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin iştirakı ilə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən "Yeddi gözəl" Otelində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirlib. Tədbirdə Otelin əməkdaşları iştirak edib.

Tədbirdə dinləyicilərə Mərkəz əməkdaşları tərəfindən "Zəlzələ", "Dəm qazı", "Yanğın zamanı davranış qaydaları", "Otellərdə yanğın təhlükəsizliyi  qaydaları", " Odsöndürücü balonlardan istifadə qaydaları" və "112 qaynar xətti" haqqında geniş məlumatlar verilib, suallar cavablandırılıb.

 

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 06 (648) - 2020-02-21


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)