20 Yanvar xalqımızın qan yaddaşında şərəfli mübarizə günüdür

Hər bir tarixi hadisənin qiymətini zaman verir. 20 Yanvarın mənasını, tariximizdəki yerini və rolunu illər keçdikcə daha aydın dərk edirik. Vaxtilə ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: "1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur"

1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX-XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi.

Ermənistan SSR-in respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı.

Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən müdhiş cinayətə əl atdı. Mərkəzi hakimiyyət 1990-cı il yanvar ayının 19 dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başladı. Sovet Ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi.

Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" 1994 cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.

Qanlı 20 Yanvar hadisələrində xalqımızın bütün təbəqələri kimi yanğınsöndürənlər də Sovet Ordusunun törətdiyi vəhşilik və qanunsuzluqlara məğrurcasına sinə gərdi, ən çətin şəraitdə xidməti vəzifələri icra etdilər, müstəqilliyi hər şeydən üstün tutaraq bu yolda şəhid verməkdən belə çəkinmədilər. Bakının Nəsimi rayonu üzrə keçmiş 1 saylı Müstəqil Hərbiləşdirilmiş Yanğın Hissəsinin baş sürücüsü, daxili xidmət starşinası Oleq Kərim oğlu Yusupov da Qanlı Yanvarın ilk qurbanlarından biri idi.

1990-cı il qanlı 20 Yanvar faciəsindən bir gün əvvəl - yanvarın 19-da dövlət tanınma nişanı 53-31 AQA olan "ZİL-130" markalı yanğınsöndürən maşınının sürücüsü Oleq Yusupov növbəti xidmət gününə başlamışdı. Məşum 20 Yanvarın ilk anlarında - saat 00-38-də Oleq 2 saylı çağırışla xidmət yoldaşları ilə keçmiş "Kommunist" (indiki "Azərbaycan") nəşriyyatına yola düşdü. Qayıdan baş isə yanğınsöndürənlər Sovet Ordusu əsgərlərinin "qəzəbinə gələrək" avtomat silahlardan açılmış güllə atəşinə məruz qaldılar. Hadisə yerində ağır güllə yarası alan sürücü, daxili xidmət starşinası Oleq Yusupov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmadı.

Beləliklə, taleyini şərəfli bir işə həsr etmiş Oleq Qanlı Yanvarın günahsız qurbanlarından biri kimi yanğından mühafizə orqanlarında xidmətin 20-ci ili əbədiyyətə qovuşdu. O, 20 il idi ki, xalqın sərvətini, insanların həyatını yanğın kimi qorxunc bir fəlakətdən qoruyurdu. Yanğından mühafizə orqanlarında xidmət etdiyi illər ərzində o, I, II və III dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif olunmuşdu.

Keçmiş 14 saylı Tabeli Hərbiləşdirilmiş Yanğın Hissəsinin sürücüsü, daxili xidmət serjantı Yamil Qarəhmədov isə Sovet ordusu əsgərlərinin açdığı atəşlərdən idarə etdiyi dövlət tanınma nişanı 53-06 AQA olan "ZİL-130" markalı yanğınsöndürən maşında bədən xəsarəti almışdı.

...Bu il xalqımız 20 Yanvar hadisələrinin 30-cu ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

Hikmət Xudiyev,

FHN DYMX-nin İctimaiyyətlə əlaqələr və

təbliğat sektorunun rəisi, daxili xidmət polkovniki,

əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru

 

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 10 (652) - 2020-03-20


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)