Prezident İlham Əliyev: Ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə çıxış edən Prezident İlham Əliyev bütövlükdə 2019-cu ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, sabitlik şəraitində yaşayan Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirib: "Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan xalqının iradəsi Azərbaycanda sabitliyin əsas təminatçısıdır. Xalq tərəfindən bizə göstərilən dəstək, bizim siyasətimizə verilən yüksək qiymət həm bizi daha da ruhlandırır və eyni zamanda, ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyi təmin edir. Sabitlik pozulanda ölkələrdə böhran, xaotik proseslər baş verir, ölkələr böyük zərər görürlər. Biz bunu 1990-cı illərin əvvəllərində öz tariximizdə görmüşük. Azərbaycanda sabitlik pozulmuşdu, ölkə böhran içində idi, bizim böyük itkilərimiz olmuşdur. Amma artıq 26 ildir ki, Azərbaycan sabitlik şəraitində yaşayır və bu illər ərzində ölkəmiz çox böyük inkişaf yolu keçmişdir. Deyə bilərəm ki, ölkəmiz əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır".

Prezident Əliyev çıxışında 2019-cu ildə ölkəmizin beynəlxalq əlaqələrinin daha da möhkəmləndiyini vurğulayıb, Azərbaycanda dünya əhəmiyyətli tədbirlərin keçirildiyini qeyd edib: "Bu tədbirlər ölkəmizin dünyadakı mövqeyini həm əks etdirir, həm də möhkəmləndirir. Azərbaycan dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq gücümüz də ildən-ilə artır".

Dövlətimizin başçısı keçən il əldə edilmiş nəticələrin, o cümlədən hərbi şəhərciklərin tikilməsinin, təmirinin, yeni müasir texnika ilə təchizat məsələlərinin həllinin hərbi gücümüzü daha da artırdığını bildirib.

Keçən il iqtisadi sahədə böyük müsbət nəticələrin əldə edildiyini konkret faktlarla əsaslandıran dövlətimizin başçısı deyib: "Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olmuşdur. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olmuşdur - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir".

"Hesab edirəm ki, keçən il iqtisadi sahədə əldə edilmiş nəticələr qənaətbəxşdir. Beləliklə, ümumi daxili məhsul 2,2 faiz artmışdır, bu, yaxşı nəticədir, xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda bu artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artmışdır, ancaq qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artmışdır. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Azərbaycanda sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində artmışdır. Əminəm ki, bu artım bundan sonra da dayanıqlı olacaqdır",-deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb.

Dövlətimizin başçısı qeyd edib ki, kənd təsərrüfatı təxminən 7 faiz artmışdır. Xüsusilə bitkiçilikdə bu artım daha böyük olmuşdur - 10 faizdən çox. Bu da görülmüş işlərin nəticəsidir. İnflyasiya cəmi 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz olmuşdur. Yəni, bu, onu göstərir ki, əhalinin pul gəlirləri inflyasiyanı üstələyib. Beləliklə, əhalinin real gəlirləri artmışdır. Hesab edirəm ki, bu, hər bir ölkə üçün əsas məsələlərdən biridir. Bizim qeyri-neft ixracımız 14 faiz artmışdır. Bu da çox yaxşı nəticədir.

Valyuta ehtiyatlarımızın 6,4 milyard dollar artaraq rekord həddə - 51 milyard dollara çatmasını xatırladan Prezident İlham Əliyev adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycanın MDB məkanında birinci yerdə olduğunu, xarici ticarət dövriyyəsinin müsbət saldosunun isə 6 milyard dollar təşkil etdiyini çox gözəl göstərici kimi qiymətləndirib.

Vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edərkən Prezident İlham Əliyev deyib ki, ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə etdi və vətəndaşların maddi vəziyyəti yaxşılaşdı: "Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılmışdır. Bir sözlə, keçən il aparılmış islahatlar nəticəsində biz əldə edilmiş əlavə gəlirləri, ilk növbədə, məhz sosial sahəyə yönəltdik". Mən keçən ilin əvvəlində bunu bəyan etmişdim. Demişdim ki, yığılacaq bütün əlavə vəsait sosial sahəyə yönəldiləcəkdir və bunu da etdik. Hər zaman olduğu kimi, sözümüzün üstündə dururuq. Sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması bizim üçün prioritet məsələ olaraq qalır.

Əlbəttə, uğurlu iqtisadi siyasət nəticəsində sosial infrastrukturla bağlı böyük işlər görülmüşdür, 60 tibb müəssisəsi, 84 məktəb tikilmiş və təmir edilmişdir. Məktəblərdən 50-si modul tiplidir. Bu məktəblər kiçik və ucqar kəndlərdə inşa edilib. Bu, onu göstərir ki, ölkəmizin hər bir yerində gedən proseslər ümumi inkişafımızın potensialından bəhrələnir".

İnfrastruktur layihələrinin keçən ilin əvvəlində qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dördüncü Dövlət Proqramı çərçivəsində həyata keçirildiyini xatırladan Prezident İlham Əliyev deyib ki, bu, beşillik proqramdır. Bundan əvvəlki üç proqram müvəffəqiyyətlə icra edildi. Əminəm ki, dördüncü proqramın icrasında da heç bir problem olmayacaq. Beləliklə, hesab edirəm ki, proqram başa çatanda artıq bizim bütün infrastruktur layihələrimiz, o cümlədən sosial infrastrukturla bağlı layihələr öz həllini tapacaqdır.

Zəlzələdən əziyyət çəkmiş Şamaxı, İsmayıllı, Ağsu rayonlarının sakinləri üçün minlərlə ev tikildiyini qeyd edən dövlətimizin başçısı mülkiyyətin sığortalanması məsələsinə də toxunub: "Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin. Eyni zamanda, bu, ölkəmizin sığorta sektorunun inkişafına müsbət təsir göstərəcəkdir".

Keçən il TANAP qaz kəmərinin istismara verildiyini tarixi nailiyyət adlandıran dövlətimizin başçısının sözlərinə görə, çünki TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir. Məhz 2012-ci ildə TANAP üzrə imzalanmış sazişdən sonra "Şahdəniz-2" qaz-kondensat yatağının işlənilməsi üçün sanksiya verilib. Əgər TANAP imzalanmasaydı, "Şahdəniz-2"nin işlənilməsi başlamayacaqdı və bu gün biz bu əlavə qaz həcmini əldə edə bilməyəcəkdik. Bu, böyük problemlər yarada bilərdi. Ona görə həm TANAP üzrə sazişin imzalanması, həm də bu qaz kəmərinin vaxtından əvvəl istismara verilməsi və nəzərdə tutulmuş vəsaitə çox böyük qənaət edilməsi doğrudan da böyük tarixi nailiyyətimizdir. Cənub Qaz Dəhlizinin qalan dördüncü layihəsi də uğurla icra edilir. TAP layihəsinin icra səviyyəsi 90 faizi keçib. Əminəm ki, biz bu il TAP-ın istismara verilməsini də nəzərdə tutulmuş vaxtda qeyd edəcəyik".

"Azərbaycanda mövcud olan sabitlik, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər turizmin inkişafına xidmət göstərir",- deyə sözünə davam edən Prezident İlham Əliyev xatırladıb ki, ötən il turistlərin səfərləri rekord həddə çatıb - 3 milyon 170 min xarici qonaq ölkəmizə gəlmişdir: "Mənə verilən məlumata görə, təkcə bank kartları ilə xarici turistlər Azərbaycanda 1 milyard 260 milyon manat pul xərcləmişlər. Ancaq bütövlükdə nəzərə almalıyıq ki, gələn turistlər əsasən qonşu ölkələrdəndir və bizdə olduğu kimi, orada da hələ ki, nağd hesablaşmalar üstünlük təşkil edir. Ümumi hesablama göstərir ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər. Mən bunu manatla deyirəm, amma, əslində, bu, valyutadır. Bu valyuta, eyni zamanda, bir növ ixrac növüdür. Bizim makroiqtisadi vəziyyətimizin sabit olmasında da bunun çox böyük rolu var. Əlbəttə, biz əsas valyutanı neft-qaz satışından qazanırıq. Halbuki qeyri-neft sektorunda ixracın 14 faiz artması indi bu sektordan da valyuta axınını təmin edir. Turizmin inkişafı bundan sonra da diqqət mərkəzində olacaqdır.

Prezident İlham Əliyev əminliklə bildirib ki, 2020-ci il də ölkəmiz üçün uğurlu olacaqdır".

Sonra Maliyyə naziri Samir Şərifov, Baş Nazirin müavini Şahin Mustafayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev görülən işlər və qarşıda duran vəzifələr haqqında çıxış ediblər.

Prezident İlham Əliyev müşavirəyə yekun vurub.

 

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 05 (647) - 2020-02-14


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)