Prezident İlham Əliyev: Azərbaycan dövləti hər zaman vətəndaşların yanındadır

Artıq tarixə çevrilmiş 2019-cu il müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı ilə yadda qaldı. Möhtərəm Prezidentimiz İlham Əliyevin milli maraqlara əsaslanan müdrik siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, uğurlu diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində sürətli intibah yolunda olan, qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamız dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxıb.

Milli maraqlarımızın tam təmin olunması kontekstində əldə edilmiş möhtəşəm nailiyyətlər onu deməyə əsas verir ki, Azərbaycanın öz gücünə söykənən müstəqil siyasəti xarici təhdidlərdən, beynəlxalq şəraitdən asılı olmayaraq ölkəmizi sürətlə irəli aparır, dinamik və hərtərəfli inkişaf tempi qorunur, dünyadakı mövqeləri daha da möhkəmlənir. Hazırda Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkə kimi özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir.

Ölkə başçımız İlham Əliyevin ötən ilin son günündə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində görülən işlərə bir daha aydınlıq gətirilib, 2020-ci ildə ölkəmizin daha da inkişafı üçün atılacaq addımlar xarakterizə olunub. Təbrik nitqində ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələrin uğurla icra edildiyini deyən dövlətimizin başçısı bildirib ki, ölkəmiz sabitlik, əmin-amanlıq şəraitində yaşayıb. "Dünyada gedən proseslər göz qabağındadır. Dünyanın müxtəlif yerlərində, bizim yerləşdiyimiz regionda, postsovet məkanında, Avropada, Asiyada, Latın Amerikasında münaqişələr, müharibələr, qanlı toqquşmalar, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının tapdalanması geniş vüsət almışdır. Azərbaycan isə sabitlik məkanıdır, inkişaf məkanıdır. Bu, bizim böyük nailiyyətimizdir. Azərbaycan xalqı 2019-cu ildə təhlükəsizlik şəraitində yaşamış, qurmuş, yaratmışdır", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin iştirak etdiyi, o cümlədən, Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc müstəqil Azərbaycan dövlətinin dünyada artan nüfuzunun bariz ifadəsidir. 2019-ci ildə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini, il ərzində 40-dan çox dövlət və hökumət başçısının Azərbaycana səfər etdiyini bildirən dövlətimizin başçısı deyib ki, bizim ikitərəfli əlaqələrimiz böyük dərəcədə genişlənib, çoxtərəfli formatda uğurla əməkdaşlıq edirik, ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Onların arasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşünü qeyd etməliyəm.

Zirvə Görüşü nəticəsində Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməyə başlamışdır.

"Qoşulmama Hərəkatının Zirvə Görüşü Azərbaycanda keçirilmişdir və 120 ölkənin yekdil qərarı ilə Azərbaycan bu böyük təsisata 3 il ərzində sədrlik edəcəkdir. Bu, bizə göstərilən böyük etimaddır. Bu, onu göstərir ki, dünya birliyinin böyük əksəriyyəti Azərbaycanı dəstəkləyir və bizə böyük hörmətlə yanaşır", - deyə Prezident İlham Əliyev bildirib.

Prezident vurğulayıb ki, Bakıda keçirilmiş Dünya dini liderlərinin zirvə görüşündə 70 ölkədən gəlmiş dini liderlər Azərbaycanda gedən proseslərə çox müsbət qiymət veriblər. Azərbaycan multikultural, öz ənənələrinə, milli, dini dəyərlərinə sadiq ölkə kimi özünü bu zirvə görüşündə təqdim edib.

Azərbaycanın ağrılı probleminə toxunan dövlətimizin başçısı bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bütün aparıcı beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərarlar, qətnamələr qəbul etmişlər, öz mövqeyini ortaya qoymuşlar.

BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair dörd qətnamə qəbul etdiyini, həmçinin bir sıra digər beynəlxalq təşkilatların da oxşar qərar və qətnamələr qəbul etdiklərini xatırladan dövlətimizin başçısı deyib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış "Tərəfdaşlıq prioritetləri" sənədində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına böyük dəstək ifadə edilib. Beləliklə, həm tarixi baxımdan, həm beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

"İl ərzində münaqişə ilə bağlı Ermənistandan çox ziddiyyətli, bir-birini təkzib edən və cəfəng bəyanatlar səslənirdi. Gah deyirdilər ki, qondarma "Dağlıq Qarabağ respublikası" müstəqil dövlətdir və Azərbaycan bu dırnaqarası müstəqil dövlətlə danışıqlar aparmalıdır. Bu, yalandır, Dağlıq Qarabağ müstəqil dövlət deyil, heç bir ölkə bu qanunsuz qurumu tanımayıb, o cümlədən Ermənistan da tanımayıb və bu il ərzində danışıqlar prosesi Ermənistan və Azərbaycan arasında aparılmışdır. Beləliklə, bu cəfəng tezis tamamilə darmadağın edilmişdir. Gah deyirdilər ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Belə populist bəyanatlar vermək olar, amma bu populist bəyanatların arxasında dayanmaq mümkün deyil. Bu da yalandır, Dağlıq Qarabağ Ermənistan deyil, bütün dünya bilir və mən bunu bir daha bəyan etmişəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bizim ardıcıl, düşünülmüş siyasətimiz münaqişənin həllinə gətirib çıxaracaq: "İqtisadi gücümüz, hərbi gücümüz, siyasi gücümüz, demoqrafik artım - bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Əminəm, gün gələcək ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq və bu istiqamətdə bu il böyük addımlar atılmışdır".

2019-cu ilin tarixdə dərin islahatlar ili kimi qalacağını söyləyən Prezident İlham Əliyev islahatlar nəticəsində iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun 3 faizdən çox artdığını bildirib.

"Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu da dünya miqyasında 9-cu göstəricidir və bundan sonrakı illərdə xarici borcumuz daha da aşağı düşəcək. Bizim valyuta ehtiyatlarımız bu il 4,5 milyard dollar artmışdır və rekord həddə - 50 milyard dollara çatmışdır. Bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 5 dəfədən çox artıqdır. Yəni, bu, ölkəmizin iqtisadi və maliyyə imkanlarının dayanıqlılığını ifadə edir. Sənaye istehsalı artmışdır, xüsusilə qeyri-neft sektorunda sənaye artımı 14 faiz təşkil etmişdir. Kənd təsərrüfatında 7 faiz artım vardır. Yəni, bütün əsas istiqamətlər üzrə ölkəmizin uğurlu inkişafı reallıqdır", - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident İlham Əliyev təbrik nitqində Azərbaycanın Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatında donor ölkəyə çevrildiyini qeyd edərək deyib: "Biz indi borc alan yox, borc verən ölkəyik. Bütün bunlar düşünülmüş siyasətin təzahürüdür. Bütün bu uğurlu nailiyyətlər imkan verir ki, biz sosial sahəyə daha böyük həcmdə vəsait ayıraq və bunu etdik.

Bu il də bu baxımdan çox yaddaqalan il olmuşdur. Çox geniş, hərtərəfli sosial paket təqdim edildi və bu sosial paket 4 milyon 200 min əhalini əhatə etdi. Bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 100 faiz, bəzi müavinətlər isə 2 dəfə artmışdır. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz artmışdır. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə biz bu gün MDB məkanında birinci yerdəyik".

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, gələcək illərdə iqtisadi imkanlar genişləndikcə sosial sahəyə bundan da böyük diqqət göstəriləcək.

Məcburi köçkünlərin problemlərinin həll olunduğunu konkret faktlarla əsaslandıran dövlətimizin başçısı 2019-cu ildə 5 mindən çox məcburi köçkün ailəsi, 800-ə yaxın şəhid ailəsi üçün yeni mənzillərin, evlərin tikildiyini bildirib.

Zəlzələdən əziyyət çəkmiş Şamaxı, İsmayıllı, Ağsu rayonlarının sakinləri üçün minlərlə ev tikildiyini qeyd edən dövlətimizin başçısı bildirib ki, bu böyük zəlzələnin fəsadlarının mütləq əksəriyyəti cəmi 10 ay ərzində aradan qaldırıldı. "Bu da unikal məsələdir, çünki bu, bizim niyyətimizi, gücümüzü göstərir. Azərbaycan dövləti və rəhbərlik bir daha göstərdi ki, hər zaman vətəndaşların yanındadır", - deyə Prezident vurğulayıb.

Təbrik nitqində Prezident İlham Əliyev 2019-cu ilin noyabr ayında TANAP layihəsinin istismara verildiyini, onun Avropa İttifaqı sərhədinə çatdırıldığını məmnunluqla bildirib. Cənub Qaz Dəhlizinin 4 layihədən ibarət olduğunu və onlardan 3-nün - "Şahdəniz-2", Cənubi Qafqaz Qaz Kəməri və TANAP-ın artıq reallığa çevrildiyini qeyd edən dövlətimizin başçısı bildirib ki, dördüncü layihə - TAP da uğurla icra edilir və bu layihənin icra səviyyəsi 90 faizi ötüb.

"Biz Avropanın, Avrasiyanın energetika və nəqliyyat xəritəsini yenidən cızırıq. Biz bu layihənin təşəbbüskarı olmuşuq. Biz əsas yükü - həm maliyyə, həm texniki məsuliyyəti öz üzərimizə götürmüşük və tərəfdaşlarla birlikdə bu nəhəng və böyük əhəmiyyət kəsb edən layihəni uğurla icra edirik", - deyə Prezident bildirib.

2019-cu ildə 10 milyonuncu vətəndaşın dünyaya gəlişini böyük tarixi hadisə kimi qiymətləndirən Prezident İlham Əliyev müstəqillik dövründə ölkə əhalisinin 3 milyondan çox artdığını qeyd edib.

Dövlətimizin başçısı deyib: "Bu, bizim həm gücümüzü, həm də məsuliyyətimizi artırır. Çünki artan əhali böyük üstünlükdür, eyni zamanda, iqtisadi artım artan əhalini daim qabaqlamalıdır. Artan əhali o deməkdir ki, yeni məktəblər, yeni uşaq bağçaları, yeni xəstəxanalar tikilməlidir, yeni iş yerləri yaradılmalıdır. Beləliklə, Azərbaycanın əhalisi artdıqca gücü də artır. Bu il dünyaya gələn gözəl Mehriban balamız bizim hamımızı sevindirdi. Allah onu xoşbəxt eləsin, Allah bütün uşaqlarımızı xoşbəxt eləsin, Allah bütün balalarımızı qorusun".

Yeni təqvim ili - 2020-ci il tarix səhnəsinə qədəm qoymuşdur. Ötən il əldə edilən parlaq nailiyyətlər, qarşıdakı dövr üçün müəyyənləşdirilən vəzifələr tam əminliklə deməyə əsas verir ki, ölkəmiz bundan sonra da çox uca zirvələr fəth edəcək, sivil dünyada öz layiqli yerini qoruyub möhkəmləndirəcəkdir.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 10 (652) - 2020-03-20


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)