Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 14-cü ildönümü münasibətilə təntənəli iclas keçirilib

Əvvəlcə, Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin kollektivi Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri qoyulub.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin inzibati binasında təntənəli iclas keçirilib. Dövlət himninin səsləndirilməsi ilə başlanan iclasda çıxış edən nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 14-cü ildönümü və peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edərək uğurlar arzulayıb.

Nazir Kəmaləddin Heydərov deyib ki, başa çatmaqda olan 2019-cu il Azərbaycanda möhtəşəm uğurlarla əlamətdar dövr kimi tarixə qovuşur. Yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslər şəraitində ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində daxili sabitlik və inkişafını təmin etmək, iqtisadiyyatını müsbət artım dinamikasına kökləmək və irimiqyaslı layihələr həyata keçirməklə beynəlxalq səviyyədəki nüfuzunu daha da yüksəltməyə müvəffəq olub.

Yola saldığımız hər ilin iqtisadiyyatımıza gətirdiyi uğurlar artıq Azərbaycanda bərqərar olmuş dayanıqlı inkişaf ənənələrindən, ümummilli lider Heydər Əliyevin müdrik iqtisadi siyasətinin, müəllifi olduğu dövlət quruculuğu Konsepsiyasının təntənəsindən xəbər verir. Heydər Əliyev irsini ləyaqətlə qoruyub-saxlayan, onun ideyalarını məharətlə inkişaf etdirərək yaradıcı surətdə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəni inamlı addımlarla sabaha aparır. Bütün istiqamətlər üzrə hərtərəfli şəkildə yüksək templə inkişaf edən müstəqil Azərbaycan dövləti dünyaya ardıcıl olaraq yüksələn xətlə irəliyə doğru qətiyyətlə addımlamağın nümunəsini göstərir. Ən əsası isə, ölkə Prezidentinin də qeyd etdiyi kimi, dünyada gərginlik, risklər, təhdidlər artdığı halda Azərbaycan sabitlik məkanı olub.

Ötən illərdə olduğu kimi, hesabat ilində də fövqəladə hallar orqanları dövlət quruculuğu işlərində öncüllər sırasında olub, vətəndaşlarımızın əmin-aman həyatını, onların və əmlaklarının təhlükəsizliyini etibarlı təmin ediblər. Məhz insan həyatının təhlükələrdən qorunması, əldə olunmuş nailiyyətlərin isə cəmiyyətimizə fayda gətirməsi üçün etibarlı mühafizə edilməsi Fövqəladə Hallar Nazirliyinin əsas vəzifələrindəndir.

Fövqəladə Hallar naziri 2019-cu ilin ötən dövrü ərzində nazirliyin fəaliyyəti barədə danışaraq, görülmüş işlər haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyi ölkə əhalisinin və ərazilərinin təhlükəsizliyinin təmin olunması istiqamətində uğurlu fəaliyyətini cari ildə də davam etdirib. Nazir deyib ki, hesabat dövründə nazirliyin maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması və kadr potensialının gücləndirilməsi istiqamətində əməli tədbirlər görülüb, fövqəladə halların qarşısının vaxtında alınması və nəticələrinin çevik aradan qaldırılması, yanğından mühafizə işlərinin daha peşəkarlıqla həyata keçirilməsi, hadisələrə operativ və effektiv reaksiya verilməsi təmin edilib.

Cari ilin fevral ayının 5-də və 6-da baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında xeyli sayda fərdi evlərin qəzalı vəziyyətə düşdüyünü, sosial və infrastruktur obyektlərinə ziyan dəydiyini xatırladan Kəmaləddin Heydərov, təbii fəlakətdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin zəlzələ bölgəsinə səfər edərək vəziyyətlə yerində tanış olduqdan sonra verdiyi tapşırıq və göstərişlərə əsasən, təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini, zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində mühüm tədbirlərin görüldüyünü konkret faktlarla əsaslandırıb. Qeyd edib ki, bu məqsədlə ötən müddətdə Şamaxı, Ağsu və İsmayıllıda 10609 evə baxış keçirilib və ötən müddətdə 459 fərdi evin, Şamaxı şəhərində dördmərtəbəli 44 mənzilli və beşmərtəbəli 20 mənzilli binaların tikintisi, həmçinin 1618 evdə bərpa işləri başa çatdırılıb. Hazırda 121 fərdi evin və zəlzələdən zərər çəkmiş ailələr üçün Şamaxı şəhərində beşmərtəbəli 110 mənzilli binanın tikintisi aparılır.

Sözünə davam edən Kəmaləddin Heydərov deyib ki, "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar, 2019-cu il yanvarın 1-dək tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən çoxmənzilli yaşayış binalarının yükdaşıyan konstruksiyalarının dayanıqlığı və möhkəmliyi, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi və liftlərin istismara hazırlığı baxımından müayinəsi həyata keçirilib. Aparılmış müayinələr nəticəsində çatışmazlıqlar müəyyən edilmiş çoxmənzilli binaların nümayəndələrinin və müvafiq dövlət qurumlarının rəhbər və məsul vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş çoxsaylı görüşlərdə Fərmandan irəli gələn məsələlərin icra vəziyyəti və həyata keçirilmiş tədbirlərə dair fikir mübadiləsi aparılıb, istismara hazırlığı baxımından müsbət rəyin verilməsi mümkün olmayan binalarla bağlı mövcud problemlərin həlli yolları barədə iştirakçılar məlumatlandırılıb və hər bir bina üzrə mövcud vəziyyət təhlil edilərək, nöqsanların aradan qaldırılması üçün görüləcək işlərə dair tapşırıqlar verilib.

Ötən müddətdə ümumi sahəsi 5 milyon 419 min 614 kvadratmetr olan 54 min 565 mənzilli, ümumilikdə 1022 girişli 277 binaya (kompleksə) dair müsbət rəy tərtib edilərək aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron, Zərdab rayon, Sumqayıt, Gəncə və Mingəçevir şəhər icra hakimiyyətlərinə təqdim edilib.

Eyni zamanda, Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən təyinatından asılı olmayaraq fiziki və hüquqi şəxslər tərəfindən tikinti işləri aparılan 7965 obyektdə tikinti norma və qaydalarının tələblərinə, layihəyə uyğunluğuna, təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə əməl olunmasının, görülən işlərə texniki və müəllif nəzarəti aparılmasının təmin olunması ilə əlaqədar dövlət nəzarəti qaydasında yoxlama işləri aparılıb.

Yanğından mühafizə sahəsində əməliyyat şəraitinin diqqət mərkəzində saxlanıldığını bildirən nazir, yanğın hadisələrinin qarşısının çevik surətdə alınaraq yayılmasına və ağır fəsadlarla nəticələnməsinə imkan verilmədiyini, ötən dövrdə müxtəlif qəza və köməksiz vəziyyətdə olan insanların xilas edilməsi, yanğından mühafizə, su hövzələrində xilasetmə və digər məsələlərlə bağlı "112" qaynar telefon xəttinə ümumilikdə 95 minə yaxın zəng daxil olduğunu bildirib.

Ümumilikdə, yanğınların söndürülməsi zamanı 86 dövlət obyekti, 323 özəl obyekt, 346 çoxmənzilli bina, 526 fərdi ev, 480 yardımçı tikili, 276 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 1030 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Həmçinin, Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən 50 dəfə nəqliyyat və digər qəzalara çıxışlar olub, 74 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən xilas edilib.

Nazirliyin xüsusi riskli xilasetmə qrupları yol-nəqliyyat qəzası, silah-sursat aşkarlanması, təhlükəli meteoroloji hadisələr, intihara cəhdin qarşısının alınması, mənzilə qaz sızması, mənzildə köməksiz vəziyyətdə qalma, liftdə qalma və s. xarakterli olmaqla 1392 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatlarında iştirak ediblər. Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 467-si uşaq olmaqla 1584 nəfər zərərçəkmiş xilas olunub, 35 nəfər zərərçəkmişə ilkin yardım göstərilib.

Bundan başqa, nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarət olunan çimərlik ərazilərində boğulma təhlükəsi ilə üzləşən 138 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 123 nəfər olmaqla cəmi 261 nəfər vətəndaş xilas edilib.

Yanğın nəzarəti məqsədilə sosial, sənaye, nəqliyyat, rabitə, kənd təsərrüfatı obyektlərində və xidmət sahələrində 50 mindən artıq yanğın-texniki müayinələrin aparıldığını, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün obyekt rəhbərlərinə və sahiblərinə 280 minədək tələbi özündə əks etdirən göstəriş məktublarının verildiyini bildirən K. Heydərov əlavə edib ki, yanğın- texniki müayinələr nəticəsində 68 müəssisənin, habelə, yanğın təhlükəsizliyi sahəsində əhalinin maarifləndirilməsi işləri və 112 qaynar telefon xəttinə daxil olan müraciətlərin araşdırılması zamanı 1749 mənzilin və fərdi evin qaz təsərrüfatında yanğın təhlükəsizliyi sahəsində nöqsanlar aşkar edilib. Onların aradan qaldırılması və təxirəsalınmaz tədbirlər görülməsi üçün yerli qaz istismar idarələrinə məktublar göndərilib. Eyni zamanda 300 minə yaxın vətəndaş, həmçinin 115 minədək fəhlə və qulluqçu yanğın təhlükəsizliyi barədə təlimatlandırılıb.

Fövqəladə Hallar naziri əmlakların fövqəladə hallara qarşı sığortalanması məsələsinə də toxunaraq qeyd edib ki, müxtəlif fəlakətlər, o cümlədən yanğın, zəlzələ, sel və s. nəticəsində dəymiş ziyanın əvəzinin dövlət tərəfindən ödənilməsi yalnız Azərbaycanda baş tutan və digər ölkələrdə analoqu olmayan bir reallıqdır. Bu isə ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü humanist siyasətin daha bir təzahürüdür. O, həmçinin, vətəndaşlara, eləcə də sahibkarlara dəyən ziyanın əvəzinin ödənilməsi ilə bağlı Heydər Əliyev Fondunun böyük işlər gördüyünü də diqqətə çatdırıb. Bununla belə, nazir vətəndaşlara, xüsusilə sahibkarlara müraciət edərək sahib olduqları əmlaklarını təbii və texnogen xarakterli fövqəladə hallara qarşı sığortalamağı tövsiyə edib. Bu işdə FHN-in aidiyyəti qurumlarına qanunauyğun zəruri tədbirlər görməyi tapşıran nazir, vətəndaşların bu sahədə maarifləndirilməsinin və onlara mümkün dəstəyin göstərilməsinin əhəmiyyətini bildirib. Bundan başqa, nazir kütləvi informasiya vasitələrinə üzünü tutaraq onları nazirliyin fəaliyyəti, xüsusilə son zamanlar baş verən yanğınlar və onların söndürülməsi ilə bağlı qeyri-obyektiv, yoxlanılmamış, müxtəlif neqativ məqsədlərə xidmət edən, dedi-qodu xarakterli məlumatları deyil, nazirliyin rəsmi mövqeyini işıqlandırmağa və bununla da hadisələr zamanı həyatlarını riskə ataraq fədakarlıq nümunəsi göstərən yanğınsöndürən və xilasedicilərin əməyini heçə endirməməyə və fəlakətlər zamanı əhali arasında mümkün təşvişin qarşısını almaqda yardımçı olmağa çağırıb.

Sözünə davam edən nazir bildirib ki, neft və qazçıxarma sənayesində, maye və təbii qaz obyektlərində, qazan, qaldırıcı və energetika qurğularında, Yerin təkinin mühafizəsi və dağ-mədən nəzarəti sahələrində, kimya, neftkimya və neft-qaz emalı sənayesində, metallurgiya sənayesində, təhlükəli yüklərin avtonəqliyyat vasitələri, dəmiryolu ilə daşınmasında, magistral boru kəmərlərində və digər bu kimi sahələrdə işlərin təhlükəsiz görülməsinə nəzarət məqsədilə 1360 müəssisədə 23 mindən artıq təhlükə potensiallı qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib. Nəticədə 5497 pozuntu aşkar edilərək 1693 akt tərtib edilib, həmçinin, 3000 nəfərə yaxın fəhlə və mühəndis-texniki işçinin texniki təhlükəsizlik qaydaları üzrə bilikləri yoxlanılıb.

Nazir belə bir faktı da diqqətə çatdırıb ki, çayların suötürmə qabiliyyətinin artırılması məqsədilə məcratəmizləmə işləri davam etdirilib, hesabat dövründə Kür çayında torpaqsoran qurğular vasitəsilə 413 min kub.m qrunt çıxarılaraq sudurulduculara vurulub.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov vurğulayıb ki, cəmiyyətin təhlükəsizliyi yalnız dövlət xilasetmə orqanlarının səmərəli fəaliyyətindən asılı deyil. Yaşından asılı olmayaraq, vətəndaşlarımız fövqəladə hallar zamanı özlərini necə aparmalı olduqlarını dəqiq bilməlidirlər. Bu istiqamətdə əhalinin maarifləndirilməsi və metodiki yardım göstərilməsi məqsədilə ümumtəhsil və ali məktəblərdə, səhiyyə müəssisələrində, digər müəssisə və təşkilatlarda tədbirlər keçirilib, televiziya kanallarında mütəmadi video-çarxlar nümayiş etdirilib.

Əldə olunan bütün nailiyyətlərin müasir Azərbaycan dövlətinin banisi, bütün dövrlərin ən böyük azərbaycanlısı ulu öndər Heydər Əliyevin müəyyən etdiyi mütərəqqi siyasi xətti uğurla davam və inkişaf etdirən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısının nəticəsi olduğunu xatırladan nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinə göstərdiyi bu münasibətə görə nazirliyin şəxsi heyəti adından ölkə başçısına dərin təşəkkürünü bildirib. Vurğulayıb ki, ölkə rəhbərliyinin ali etimadını doğrultmaq və əhali və ərazilərin etibarlı mühafizəsini təmin etmək üçün Fövqəladə Hallar Nazirliyi bundan sonra da əzmlə fəaliyyət göstərəcək.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla fəxri ad, orden və medallarla təltif olunmuş nazirliyin bir qrup əməkdaşına təltiflər təqdim olunub.

İclasda xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında Fövqəladə Hallar nazirinin əmri barədə də məlumat verilib.

Sonda iclas iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 10 (652) - 2020-03-20


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)