AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI ZATİ-ALİLƏRİ CƏNAB İLHAM HEYDƏR OĞLU ƏLİYEVƏ <> Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 14-cü ildönümü və işçilərinin peşə bayramı gününə həsr edilmiş təntənəli mərasim iştirakçılarının

MÜRACİƏTİ

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Ümummilli liderimiz Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edərək, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmışdır. Müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı kimi əhəmiyyətli və taleyüklü işlərlə yanaşı insanların və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi məsələsinə də daim yüksək həssaslıq və uzaqgörənliklə yanaşmışdır. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə fövqəladə hallara qarşı dövlət sisteminin möhkəmləndirilməsi üçün zəruri tədbirləri həyata keçirmiş və belə hallar baş verdikdə hər zaman zərərçəkənlərin yanında olmuşdur.

Zati-aliniz tərəfindən davam və inkişaf etdirilən bu siyasət qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyata qovuşmasına zəmin yaradır. Həyatımızın bütün sahələrində yalnız inkişafa doğru müəyyən etdiyiniz yola sədaqətiniz, vətəndaşımızın dövlətin qayğı və diqqət obyektinə çevrilməsi məqsədilə titanik əməyiniz respublikamız üçün bundan sonra da nəhəng və davamlı uğurların müəllifi olacağınıza hər bir əməkdaşımızın qəti inam və əminliyin təməlidir.

Möhtərəm cənab Prezident!

Tərəfinizdən yaradılmış Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində ötən 14 il ərzində müəyyən etdiyiniz mərhələ və istiqamətlərdə fəaliyyətin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, kadrların peşəkar hazırlıq səviyyəsinin artırılması sahəsində xeyli iş görülmüşdür. Təcrübə mübadiləsinin aparılması, fəlakətlər zamanı qarşılıqlı yardımın təmin edilməsi məqsədilə bu müddətdə fövqəladə halların idarə edilməsi üzrə böyük təcrübəyə malik xarici ölkələrin müvafiq qurumları ilə, beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlıq münasibətləri qurulmuşdur. Ölkə ərazisində baş vermiş bütün təbii və texnogen xarakterli fəlakət və qəzalar zamanı vahid mərkəzdən idarə olunan və fəaliyyəti əlaqələndirilən Fövqəladə Hallar Nazirliyinin güc və qüvvələri çevik reaksiya vermiş, hadisənin xarakterindən asılı olaraq qarşısının alınması va nəticələrinin aradan qaldırılması üçün peşəkar yanaşma əsasında düzgün taktiki əməliyyat qərarları verilmiş və icra edilmişdir. Peşəkarlıq Nazirliyin şəxsi heyəti üçün əsas məqsədlərdən biri sayılaraq, gündəlik tədris və təlim elementi kimi hazırlıq sisteminin təməlinə çevrilmişdir. Qəza-xilasetmə texnikası, avadanlığı, qurğu və vasitələrindən səmərəli istifadə, effektiv döyüş hərəkəti üsullarının tətbiqi, hadisələrə qarşı fəaliyyətimizi uğurlu edə biləcək bütün elementlərdən bacarıqla istifadə etmək tələb olunan nəticəyə nail olmanı mümkün etmişdir. Fövqəladə Hallar Nazirliyinin fəaliyyət göstərdiyi dövr müxtəlif fövqəladə hadisələr nəticəsində maddi zərərin həcminin azalması və insan itkiləri səviyyəsinin minimuma endirilməsi ilə səciyyələnir.

Cənab Ali Baş Komandan!

Ötən illərdə əldə etdiyimiz hər bir uğurun, hər bir nailiyyətin, ictimaiyyətdən qazandığımız hər bir təşəkkürün arxasında Sizin Fövqəladə Hallar Nazirliyinin kollektivinə göstərdiyiniz şəxsi diqqət və qayğınız, xoş münasibətiniz dayanır. Fövqəladə Hallar Nazirliyinin qurulmasının bütün mərhələlərində Zati-aliniz tərəfindən işimizə tələblərin ifadə edilməsi, həlledici inkişaf istiqamətlərimizin müəyyən edilməsi yolumuza işıq salmış, məqsədlərimiz üçün mayaka çevrilmişdir. Şəxsi heyətin sosial təminatının yaxşılaşdırılmasına hesablanmış qərarlarınız, xidmətdə fərqlənən əməkdaşları ali rütbələrə, orden və medallara, fəxri adlara layiq görməyiniz hər birimizdə daha yaxşı nəticələr əldə etmək, daha böyük uğurlara imza atmaq üçün ruh yüksəkliyi yaratmışdır.

Möhtərəm cənab Prezident!

Zati-alinizə qayğı və dəstəyinizə görə dərin təşəkkürümüzü bildirir və Sizi əmin edirik ki, vətənimizin hərtərəfli tərəqqisi naminə ölkədə baş verə biləcək hər hansı fövqəladə hadisənin vaxtında xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin çevik və effektiv şəkildə aradan qaldırılması üçün bundan sonra da bütün qüvvə və bacarığımızı səfərbər edəcək, verdiyiniz hər bir tapşırığın layiqli icrasını amalımız sayacağıq.

Müraciət Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin

yaradılmasının 14-cü ildönümü və işçilərinin peşə bayramı gününə

həsr edilmiş təntənəli mərasimdə qəbul edilmişdir.

Bakı şəhəri, 16 dekabr 2019-cu il.

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 10 (652) - 2020-03-20


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)