İnsanların təhlükəsiz yaşaması ulu öndər Heydər Əliyev üçün daim prioritet sahə olub

Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın tarixini yaradan liderdir. Onun adı dövrünün əsl əfsanəsi, qüdrətli dövlət başçısı, fədakar insan və nadir şəxsiyyət kimi tarixin səhifələrinə yazılıb.

Yalnız dahi şəxsiyyətlərə şamil edilə biləcək bütün müsbət keyfiyyətlərin mücəssəməsi olan ümummilli lider Heydər Əliyev sözün həqiqi mənasında bütün ömrünü xalqının xoşbəxtliyi naminə sərf edərək zəkası və istedadı sayəsində iki əsrin və iki minilliyin qovuşuğunda xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrinin dirçəlişinə zəmin yaradıb, yeni və müasir Azərbaycanın qurucusu kimi tariximizdə əbədiyyət qazanıb.

Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövrü, həm də xalqımızın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislərin yetişdirilməsi ilə yadda qalıb. 1970-ci illərdə Azərbaycanın yanğından mühafizə orqanlarının da kadr bazasının möhkəmləndirilməsi, milli kadrlarla təmin edilməsi istiqamətində təqdirəlayiq işlər görüldü. 1970-ci ilə qədər SSRİ-nin müxtəlif şəhərlərində yanğından mühafizə orqanları üçün mütəxəssislər hazırlayan xüsusi məktəblərdə azərbaycanlılar məhdud sayda təhsil alırdılarsa, Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövründə bu sahədə mənzərə tamamilə dəyişdi, respublikamızın yanğından mühafizə sisteminə milli kadrlar rəhbərlik etdi, yerli strukturlarda azərbaycanlılar rəhbər vəzifələrə irəli çəkildi.

Nefti milli sərvətimiz adlandıran ulu öndər Heydər Əliyev Azərbaycana birinci rəhbərlik dövrünün ilk illərindən bu mühüm strateji sahənin inkişafı qayğısına qalır, neft sənayesinin yanğın təhlükəsizliyini diqqət mərkəzində saxlayır, bu sahədə baş verən yanğın hadisələrinin başvermə səbəblərini təhlil edərək yanğınların qarşısının alınması ilə bağlı dəyərli təkliflər verir, əməli köməkliklər göstərirdi.

...1971-ci il yanvarın 4-də respublikanın rəhbər orqanlarına "Bahar" yatağında dəhşətli bir yanğın haqda xəbər verildi. Hadisə barədə dərhal Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev məlumatlandırıldı. Təxminən bir aya yaxın davam edən bu yanğının söndürülməsi gündəlik olaraq Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin nəzarətində idi. 1971-ci ilin fevral ayında Bakı şəhər partiya fəallarının konfransında Heydər Əliyev "Bahar" yatağındakı yanğına ciddi münasibət bildirdi: "Yanvarın 4-də yeni perspektivli "Bahar" yatağında böyük yanğın baş vermişdir. Onun söndürülməsinə xeyli vaxt və əmək sərf olundu. Yanğının baş verməsi səbəbləri barəsində iki mülahizə var: yanğın ya boruların partlaması nəticəsində, ya da çox güman ki, yatağın işlədilməsində olan nöqsanlar üzündən baş vermişdir. Ancaq hər iki ehtimal bu sahədə qüsurlar olduğunu, əmək və texnologiya intizamına riayət olunmasına lazımınca əhəmiyyət verilmədiyini sübut edir.

Lakin yanğın baş verdikdə neftçilər və yanğınsöndürənlər odla mübarizədə qəhrəmanlıq və fədakarlıq nümunələri göstərdilər. Ağır şəraitdə, məhz yanğını söndürənlərin hamısının fədakarlığı və ustalığı sayəsində yanğın müvəffəqiyyətlə ləğv edildi. Həmin adamlar işi düzgün təşkil etsəydilər, özlərinin məsuliyyətini lazımınca başa düşsəydilər, yanğına yol verməyə bilərdilər və onlar bu qədər çətinlikləri aradan qaldırmalı olmazdılar".

Ulu öndər Heydər Əliyevin Azərbaycan yanğınsöndürənlərinin fədakar əməyinə yüksək qiymət verən bu tarixi çıxışı həm neftçilərin, həm də yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının yanğın təhlükəsizliyi qaydalarına daima ciddi əməl olunmasını təmin etməyə çağırmaqla bu gün də aktualdır.

1971-ci il oktyabrın 20-də indiki "Azərneftyanacaq" İstehsalat Birliyinin 7-ci rezervuar stansiyasının 3-cü sexində güclü yanğın zamanı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev də hadisə yerinə gəldi, ən çətin şəraitdə, ən eksterimal vəziyyətlərdə düzgün çıxış yolunu tapmaq, zəruri qüvvələrin müəyyənləşdirilərək problemin həllinə cəlb etmək, təəccüb doğuran yüksək təşkilatçılığı ilə çoxlarının görə bilmədiyi imkanları da səfərbər etmək qabiliyyəti dəhşətli bir yanğın hadisəsinin qarşısının alınmasında yanğınsöndürənlərin köməyinə çatdı.

Bakının ən iri neftayırma müəssisələrinin birində baş vermiş bu yanğının söndürülməsi Azərbaycan yanğınsöndürənlərini ciddi sınağa çəkməklə yanaşı, bu iri miqyaslı və mürəkkəb yanğın hadisəsinin ölkəmizin yanğından mühafizə xidmətinin tarixində özünəməxsus yeri olmuşdur. Ən ümdə cəhət kimi isə onu qeyd etmək lazımdır ki, bu yanğının söndürülməsinə bilavasitə Azərbaycan xalqının müdrik oğlu Heydər Əliyevin rəhbərlik etməsi, peşəkarcasına dəyərli tövsiyələr verməsi, respublika hüdudlarından kənar yerlərdə dislokasiya olmuş yanğından mühafizə qurumlarının yanğının söndürülməsinə cəlb olunmasını təmin etməsi, yanğın hadisəsinin ən təhlükəli anında yanğınsöndürənlərlə birgə olması ölkəmizin yanğın təhlükəsizliyi xidmətinin tarixinə ən şanlı səhifələr kimi daxil olub.

Bu yanğın hadisəsindən sonra Heydər Əliyev SSRİ Daxili İşlər naziri N.A.Şolokovla danışıqlar apararaq neft emalı müəssisələrinin yanğın təhlükəsizliyini təmin edən yanğın hissələrinin maddi-texniki bazasının gücləndirilməsinə nail oldu. Ümummilli Liderimizin məqsədyönlu və uzaqgörən siyasəti nəticəsində neft anbarları paytaxtın mərkəzi hissəsindən çıxarılaraq Bakı şəhərinin kənarında - Güzdək qəsəbəsində rezervuar parkı yaradıldı. Burada xaricı dövlətlərin mütəxəssislərinin iştirakı və bilavasitə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yanğın-taktiki təlimlər keçirildi. Azərbaycan yanğınsöndürənlərinin əldə etdiyi göstəricilərə xarici neft və yanğın mütəxəssisləri tərəfindən yüksək qiymət verildi.

Azərbaycana rəhbərliyinin elə ilk illərindən respublikada yanğın təhlükəsizliyinin vəziyyəti ciddi nəzarətə götürüldü. Bütün sahələrdə yanğın təhlükəsizliyinin qənaətbəxş vəziyyətdə olması üçün ciddi tədbirlər həyata keçirildi. Təsadüfi deyildi ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycan hökuməti respublikada yanğın təhlükəsizliyinin vəziyyətini yaxşılaşdırmaq məqsədilə bir sıra mühüm qərarlar qəbul etdi.

Ulu Öndərin təşəbbüsü ilə 1978-ci ilin mart ayında respublika Nazirlər Sovetinin nəzdində yanğın-texniki komissiya yaradıldı. Bu komissiya yanğın təhlükəsizliyi məsələlərinin kompleks həlli sahəsində sənaye müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsində, yanğından mühafizə işinin təşkilinin yaxşılaşdırılmasında, yanğına qarşı texnikanın yeni, daha səmərəli vasitələrinin sənaye müəssisələrinin yanğından mühafizə təcrübəsinə tətbiq olunmasında, yanğın təhlükəsizliyi qaydalarının kütləvi təbliğ olunmasında mühüm rol oynadı.

Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövrü tariximizə həm də "Qırmızı Bayraq"lı illər kimi daxil oldu. Azərbaycanın başı üzərində al bayraqların dalğalandığı bu illərdə respublikamızın odlu cəbhə əsgərləri ittifaq miqyaslı nailiyyətlər əldə etdilər. 1980-ci ilin yekunlarına görə Azərbaycan SSR DİN Yanğından Mühafizə İdarəsi SSRİ-nin müttəfiq respublikaları arasında keçirilmiş yarışda ikinci, 1981 və 1982-ci illərdə isə birinci yerə çıxaraq SSRİ Daxili İşlər Nazirliyi və Dövlət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin keçici Qırmızı Bayrağına layiq görüldü.

Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövründə respublikamızın yanğından mühafizə orqanlarının, onun əməkdaşlarının çətin və şərəfli peşə sahiblərinin xidmətləri daim yüksək qiymətləndirilirdi.

Bütün bunlarla yanaşı 1978-ci ildə yanğın təhlükəsizliyinin təmin edilməsində xidmətlərinə görə Azərbaycan SSR Daxili İşlər Nazirliyi Yanğından Mühafizə İdarəsinin, 1982-ci ildə isə neft və qazçıxarma sənayesi dəniz obyektlərinin yanğından mühafizəsini təmin etmək vəzifələrini nümunəvi yerinə yetirdiyinə görə Azərbaycan SSR DİN Yanğından Mühafizə İdarəsinin Dəniz dəstəsinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi də Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə xidməti vəzifələrini tək doğma vətənimizdə deyil, həm də yaxın və uzaq xaricdə layiqincə yerinə yetirən Azərbaycan yanğınsöndürənlərinin əməyinə verdiyi yüksək qiymətin təzahürü idi.

Ümummilli lider Heydər Əliyev Moskvada rəhbər vəzifə tutduğu illərdə də ölkəmizdə yanğın təhlükəsizliyinin etibarlı təmin olunmasına qayğısını əsirgəmirdi. Xəzər dənizi akvatoriyasındakı neft və qaz sənayesi obyektlərinin yanğın təhlükəsizliyini təmin edən DİN Yanğından Mühafizə İdarəsinin Dəniz Dəstəsinin istismar müddətini bitirmiş yanğın gəmilərinin yeniləri ilə əvəz olunması məsələsi məhz Heydər Əliyevin SSRİ-nin ali hakimiyyət orqanlarındakı nüfuzu sayəsində həll olundu. Ümummilli Liderimizin qayğısı sayəsində Polşada istehsal olunmuş 9 ədəd "Vixr" tipli yanğınsöndürmə gəmisi Azərbaycana gətirildi.

Müstəqil Azərbaycan Respublikasında Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı yanğın təhlükəsizliyi sistemində də dönüş mərhələsinin, inkişafa doğru irəliləyişin başlanğıcını qoydu. Məhz elə Ümummilli Liderimizin təhsilimizə qayğıları nəticəsində Azərbaycanın yanğın təhlükəsizliyi xidməti milli kadrların hazırlanması probleminin həllinə nail oldu. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli qərarı ilə DİN-in Yanğından Mühafizə Tədris Mərkəzinin bazasında "Yanğına qarşı mühafizənin təşkili və texnikası" ixtisası üzrə xüsusi orta-ixtisas təhsili verən Bakı Yanğın Texniki Məktəbi yaradıldı.

Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin hüquqi təminatı siyasətinin məntiqi nəticəsi və tərkib hissəsi olaraq ölkəmizin yanğın təhlükəsizliyi xidməti öz fəaliyyətini tənzimləyən hüquqi bazaya malik oldu. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 10 iyun 1997-ci il tarixli qərarı ilə "Yanğın təhlükəsizliyi haqqında" Qanun qəbul edildi və 1997-ci il 25 iyunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzaladı. Beləliklə, müstəqil Azərbaycan Respublikasında insanların həyatının və sağlamlığının qorunması məqsədilə fəaliyyət göstərən yanğın təhlükəsizliyi və dövlət yanğın nəzarəti sisteminin hüquqi əsasları müəyyən edildi.

1999-cu il avqustun 17-nə keçən gecə Türkiyədə baş vermiş zəlzələ haqda ölkəmizə məlumat daxil olan kimi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin göstərişi ilə yanğınsöndürənlər də qardaş ölkəyə kömək məqsədilə zəlzələ zonasına göndərildilər. Ümummilli liderimiz Heydər Əliyev bir sıra mötəbər tədbirlərdə Azərbaycan yanğınsöndürənlərinin Türkiyədəki qəhrəmanlığı haqda dəyərli fikirlər söyləyib.

Azərbaycanın ikinci dəfə müstəqillik əldə etdiyi dövrdə də ölkəmizin yanğınsöndürənlərinin çətin və şərəfli əməyi ümummilli liderimiz Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib, yanğın təhlükəsizliyi xidmətinin əməkdaşları dövlət təltiflərinə layiq görülüblər.

Azərbaycanın yanğın təhlükəsizliyi xidmətinə, onun çoxsaylı əməkdaşlarına olan qayğısı, etimadı və ehtiramı sayəsində 2002-ci il oktyabrın 5-də Ümummilli Liderimiz tərəfindən imzalanmış sərəncamla 10 oktyabr Yanğınsöndürənlərinin peşə bayramı günü kimi təsis edildi.

Ulu Öndər tək yanğın təhlükəsizliyinin deyil, əhalinin və ərazilərin fövqəladə hallardan qorunmasını, fövqəladə halların qarşısının alınmasını və nəticələrinin aradan qaldırılmasını da daim prioritet sahə kimi diqqət mərkəzində saxlayırdı. Ümummilli Liderimiz əhalinin və ərazilərin fövqəladə hadisələrdən etibarlı qorunması üçün yeni dövlət qurumunun yaradılmasının zəruriliyini görür, bu istiqamətdə müdrik ideyalar irəli sürürdü.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu yaradıcılıqla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında 16 dekabr 2005-ci il tarixdə sərəncam imzaladı. Bu isə dövlət başçımız tərəfindən ulu öndər Heydər Əliyevin idarəçilik ənənələrinin yeni dövrün tələblərinə uyğun zənginləşdirməsinin, xalqın problemlərinə, arzu və istəklərinə həssaslıqla yanaşmasının nəticəsi idi.

Fövqəladə Hallar Nazirliyi yaradıldıqdan sonra tabeliyinə verilmiş yanğın təhlükəsizliyi qurumları yeni inkişaf, tərəqqi mərhələsinə qədəm qoydu. Son illərdə dövlətin həyata keçirdiyi məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq yanğın təhlükəsizliyi qurumlarının hüquqi, maddi-texniki bazası möhkəmləndirildi və təkmilləşdirildi, yanğın avtomobilləri parkı müasir texnika və avadanlıqlarla təchiz edildi. Şəxsi heyətin xidmət və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı şəhərində, respublikanın digər şəhər və rayonlarında müasir tələblərə cavab verən onlarla yanğın depoları tikilərək istifadəyə verildi, təmir-tikinti, abadlııq işləri həyata keçirildi, yanğın təhlükəsizliyi qurumlarınin onlarla əməkdaşı mənzillə təmin olundu.

Bu gün yanğın təhlükəsizliyi qurumları Fövqəladə Hallar Nazirliyinin tərkibində yeni inkişaf mərhələsinə qədəm qoymaqla peşə və döyüş hazırlığını daim yüksək səviyyədə saxlayaraq yanğın təhlükəsizliyinin təmin olunması, profilaktik tədbirlərin həyata keçirilməsi, yanğınların qarşısının alınması, söndürülməsinin təşkili, bununla əlaqədər qəza-xilasetmə işlərinin aparılması istiqamətində kompleks tədbirlər həyata keçirməklə öz vəzifə borclarını layiqincə yerinə yetirir, özlərinin qəhrəmanlıqla zəngin tarixlərinə yeni-yeni şanlı səhifələr yazırlar. Bütün bunlar isə əhalinin təhlükəsizliyini təmin etməyə daim diqqət və qayğı göstərmiş ümummilli liderimiz Heydər Əliyevin siyasətini davam etdirmək, onun işıqlı ideyalarını həyata keçirmək, əməllərini yaşatmaq deməkdir.

Hikmət Xudiyev,

FHN -in Dövlət Yanğından Mühafizə

Xidmətinin İctimaiyyətlə əlaqələr və

təbliğat sektorunun rəisi,

daxili xidmət polkovniki,  əməkdar jurnalist,

 tarix üzrə fəlsəfə doktoru

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 20 (662) - 2020-07-09


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)