Fövqəladə Hallar Nazirliyinin psixoloqları Ukraynanın Milli Mülki Mühafizə Universitetində keçirilən sosial-psixoloji treninqdə iştirak ediblər

 FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi tibb xidməti mayoru Xanım Sofiyevanın rəhbərliyi ilə nazirliyin psixoloqları - baş məsləhətçi Sona Məmmədova, leytenant Davud Sultanov, leytenant İlqar Abbasov Ukraynanın Milli Mülki Mühafizə Universitetinin Psixo-təlim texnologiyalarının tətbiqi Mərkəzində Ektremal və krizis psixologiyası üzrə elmi-tədqiqat laboratoriyasının əməkdaşları tərəfindən keçirilən "Self-Team-Others": fövqəladə hallar zamanı xilasedicilərin psixoloji hazırlığı" mövzusunda sosial-psixoloji treninqdə iştirak ediblər.

Tədbir Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Ukrayna Fövqəladə Hallar Nazirliyi arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında hökumətlərarası Sazişin həyata keçirilməsi istiqamətində Ukraynanın Milli Mülki Mühafizə Universitetinin müraciəti əsasında reallaşdırılıb.

Treninqin birinci günü xilasedicilərin peşəkar vacib keyfiyyətlərinin formalaşdırılması, komandada işin qurulması, zərərçəkmişlərə ilkin psixoloji yardımın göstərilməsi mövzularına həsr olunub. Mövzu ilə əlaqədar Mərkəzin "Fəlakət" otağında psixoloqlar tərəfindən professional stressin minimizasiyası, müxtəlif mənşəli fövqəladə hallar şəraitində adaptasiyanın ekspress-metodları işlənilib, hadisə yerlərindən videoçəkilişlərə baxılıb, psixoloji dözmlülüyün və stresə davamlılığın yüksəldilməsi üzrə praktik məşğələlər keçirilib.

Qəza-xilasetmə və axtarış-xilasetmə əməliyyatları zamanı xilasedicilər qrup şəklində fəaliyyət göstərir. Ümumi məqsədə istiqamətlənmiş və birlikdə effektiv şəkildə işləməyi bacaran qrup uğurlu fəaliyyət üçün təməl daşıdır. Treninq zamanı qrup tapşırıqlarının yerinə yetirilməsi zamanı uyğunluq, vəzifələrin düzgün bölüşdürülməsi, əməkdaşlıq, ortaq yaradıcı fəaliyyət, qarşılıqlı kömək bacarıqlarının formalaşdırılması üzrə iştirakçılarla müxtəlif məşğələlər keçirilib.

Treninqin ikinci günü psixoloji özünütənzimləmə üsullarına həsr olunub. İnsan bədəninin gigiyenasını, əzələlərinin işini, düşüncə proseslərini idarə edə bilir, lakin emosiya və hisslərini tənzimləməkdə çox zaman gücsüz qalır. Hisslərini, əhvalını idarə edə bilməmək nəinki digər insanlarla münasibətə (konfliktlər, uyğunsuzluq, düşmənçilik), həm də peşəkar vəzifələrin yerinə yetirilməsinə də mənfi təsir göstərir. Odur ki, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində aparılan müxtəlif xarakterli qəza-xilasetmə işlərində uzun müddət mənfi emosional vəziyyətlərin təsiri altında qalan (narahatlıq, həyəcan, əsəbilik, qeyri-müəyyənlilik, günahkarlıq hissi və s.), xilasedicilər stressogen faktorların təsirini vaxtında aşkar etməli, yaranan psixi gərginliyi tez və effektiv şəkildə aradan qaldırmağın, ağrı hisslərini azaltmağın üsullarını bilməlidirlər. Bu məqsədlə Mərkəzin "Relax" otağında emosional vəziyyətlərin və davranışların iradi olaraq tənzimlənməsinə dair müxtəlif tənəffüs texnikaları, miorelaksasiya, autotreninq, özünütəlqin və vizualizasiya üsulları işlənilib.

Treninqin üçüncü günü fövqəladə hallar zamanı kütləvi informasiya vasitələrinin fəaliyyətinə, kütlənin növləri və onun idarə olunmasına həsr olunub. Təbii, texnogen xarakterli fövqəladə hallar, müharibə, terror zamanı baş verən dağıntılar, ölüm halları, məcburi köçürülmələr insanların fiziki, psixoloji, mənəvi sağlamlığına mənfi təsir edir, gündəlik həyat axarını pozur, minlərlə adam evsiz- eşiksiz qalır, əzizlərini, yaxınlarını itrir, maddi və mənəvi məhrumiyyətlərə düçar olur. Belə şəraitlərdə insanların yaranmış vəziyyət və baş verə biləcək təhlükələr barədə vaxtında, doğru şəkildə və düzgün ardıcıllıqla məlumatlandırılması, şayiələrin yayılmasının qarşısının alınması vacib şərtlərdən biridir. Kütləvi informasiya vasitələri müxtəlif fövqəladə hallar zamanı insanların düşüncə xüsusiyyətlərini, keçirdiyi hisslərin və davranışlarının psixoloji xüsusiyyətlərini bilməli, öz fəaliyyətini kütlənin emosional və psixoloji gərginlikdən azad olunmasına kömək etmək istiqamətində qurmalıdır. Treninqdə fövqladə hallar zamanı kütləvi informasiya vasitələri ilə düzgün ünsiyyətin qurulması mövzusu ətrafında geniş müzakirələr aparılıb.

Treninqin sonunda universitetin rəhbərliyi nazirliyin psixoloqları ilə toplantı keçirib, gələcək qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün məqsədəuyğunluğu qeyd olunub, treninq iştirakçılarına müvafiq sertifikatlar təqdim edilib. Əməkdaşlarımız yüksək səviyyədə təşkil olunmuş tədbirə dəvətə və təcrübə mübadiləsinə və səmimi münasibətə görə öz minnətdarlıqlarını bildiriblər.

FHN-in Fövqəladə halların nəticələrinin

aradan qaldırılması işinin təşkili Baş idarəsi

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)