9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur. Məlum olduğu kimi dövlət bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Azərbaycanda Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilmişdir. Ötən əsrin sonlarına doğru üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk inadlı və davamlı cəhdlər görkəmli dövlət xadimi Heydər Əliyevin hələ Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir.

Naxçıvanda Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə fədakarlığını vətəndaş yanğısı və məsuliyyəti ilə davam etdirən ümummilli lider Heydər Əliyevin gördüyü işlərin hər biri tariximizə qızıl hərflərlə yazılmışdır. Öncə Naxçıvan Muxtar Respublikasında, sonra isə bütövlükdə ölkəmizdə qəbul edilən Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Milli dövlətçilik tariximizdə şanlı varislik ənənələrinin bariz nümunəsi və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Ümummilli Liderin bizə ərməğan qoyduğu müasir, müstəqil Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin milli dövlət rəmzlərini uca tutur və bu ruhu cəmiyyətə aşılayır. Ölkəmizin başçısının dövlət rəmzlərinə, şanlı tariximizdən gələn milli dəyərlərə göstərdiyi hörmət və ehtiram Azərbaycan dövlətinin təməl prinsipləri sırasında xüsusi yeri və mövqeyi ilə seçilir və respublikamızda milli həmrəyliyin daha da möhkəmlənməsinə, azərbaycançılıq məfkurəsinə və dövlət rəmzlərinin təbliğinə xidmət edən böyük amildir. Dövlət bayrağımız bu gün dünyanın bütün qitələrində, mötəbər tədbirlərdə əzəmətlə, vüqarla dalğalanır, müstəqilliyimizi və milli birliyimizi təcəssüm etdirir.

Dövlətimizin başçısı daxili və xarici siyasətində hər zaman Azərbaycanın milli maraqlarına önəm verir. Bu siyasətin əsas qayəsini milli kimliyin qorunması ilə müasir ənənələrin ölkəmizdə tətbiqinin vəhdəti təşkil edir. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il) tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilməsi mühüm əhəmiyyətə malikdir. 2010-cu ildən etibarən noyabrın 9-u hər il respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Qürur hissilə qeyd etmək olar ki, bu gün ölkəmiz öz müstəqillik tarixinin ən şərəfli dövrünü yaşayır. Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, uğurlu diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində sürətli inkişaf yolunda olan, qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamız dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxıb. Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Ölkəmiz xarici əlaqələrinin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib, beynəlxalq aləmdə hörmət edilən ölkəyə çevrilib. Respublikada keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər müstəqil Azərbaycan dövlətinin dünyada artan nüfuzunun bariz ifadəsidir. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində ölkəmizdə mütərəqqi və dünyəvi dəyərlərə uyğun aparılan islahatlar cəmiyyətə və onun inkişafı prosesinə keyfiyyət baxımından əhəmiyyətli təsir göstərib, insanların siyasi, iqtisadi, sosial və digər hüquq və azadlıqlarının təmin edilməsində, dövlətin hüquqi bünövrəsinin möhkəmləndirilməsində, gələcək nəsillər üçün zəngin hüquqi irsin formalaşmasında əhəmiyyətli rol oynayıb.

Dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Bu, modern Azərbaycan dövləti modelidir. Dünya ölkələri Azərbaycanı etibarlı tərəfdaş, multikultural dəyərlər və ənənələrə sadiq, tolerantlıq nümunəsi, sabitlik adası olan bir ölkə kimi görür, Azərbaycanın regionda barışdırıcı, sabitləşdirici rolunu, beynəlxalq müstəvidə isə yerini olduqca yüksək qiymətləndirirlər. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan dövlətlər, xalqlar arasında dostluq, əməkdaşlıq körpüsü kimi qəbul olunur. Məhz dövlətimizin başçısının müdrikliyindən qaynaqlanan ölkəmizin gerçəkləşdirdiyi layihələr, ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər bu körpünü möhkəmləndirməklə yanaşı, əhəmiyyətini artırır.

Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlər danılmazdır. Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəqil dövlətimizin yüksək sürətli inkişafı, ölkəmizin tərəqqisi, xalqımızın rifahı naminə göstərdiyi misilsiz xidmətlər, sülhün, əmin-amanlığın, mərhəmət və xeyirxahlığın ən parlaq nümunəsi kimi zəngin fəaliyyəti müstəqilliyimizin möhkəmlənməsinə, xalqımızın və dövlətimizin inkişafına, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına böyük töhfələr verir.

Hər il olduğu kimi bu il də xalqımız öz əziz bayramını - Dövlət Bayrağı Gününü yüksək nailiyyətlərlə qeyd edir. Prezident İlham Əliyevin dediyi kimi, "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır. Azərbaycanın ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda dalğalanacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına!"

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)