Binalarda konstruktiv, həcmi-planlaşdırma və mühəndis-texniki həllər

Binalarda bir sıra konstruktiv, həcmi-planlaşdırma və mühəndis-texniki həllər nəzərdə tutulmalıdır.

Bunlara yanğının təhlükəli amillərinin nəticəsində həyatlarına və sağlamlıqlarına təhlükə yaranmamış, yaşlarından və fiziki vəziyyətlərindən asılı olmayaraq binaya bitişik əraziyə insanların təxliyə olunması mümkünlüyü, insanların xilas edilmə mümkünlüyü, yanğın mənbəyinə yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin yaxınlaşması və suyun verilməsi, eləcə də insanların və qiymətli vəsaitlərin xilas edilməsi üzrə tədbirlərin keçirilməsi mümkünlüyü, ziyanın miqdarının və yanğına qarşı tədbirlərə, yanğından mühafizəyə və onun texniki təminatına xərclərin iqtisadi əsaslandırılması ilə bina və binanın daxilində olan əşyalara birbaşa və dolayı maddi ziyanın məhdudlaşdırılması, yanan binanın uçması da daxil olmaqla yanğının yanındakı binalara yayılmaması aiddir.

Tikinti prosesində qüvvədə olan normalara uyğun işlənmiş və təyin olunan qaydada təsdiq edilmiş layihədə nəzərdə tutulmuş ilkin yanğına qarşı tədbirlərin icrası, qüvvədə olan normativ sənədlərdə nəzərdə tutulmuş yanğına qarşı qaydalara əməl edilməsi, inşası aparılan və köməkçi obyektlərin yanğından mühafizəsi, yanğın təhlükəsiz inşaat və montaj işlərinin icrası, yanğınla mübarizə vasitələrinin mövcud olması və sazlığı və inşa edilən obyektdə, eləcə də tikinti meydançasında yanğın baş verdiyi zaman insanların xilas edilməsi və təhlükəsiz təxliyəsi, eləcə də maddi sərvətlərin mühafizə olunma mümkünlüyü təmin edilməlidir. İstismar prosesində isə icra layihə və texniki sənədlərin tələblərinə uyğun olaraq binanın saxlanmasını və orada quraşdırılmış yanğına qarşı mühafizə vasitələrinin işlək olması və təyin olunmuş qaydada təsdiq edilmiş yanğın təhlükəsizliyi qaydalarının icrası təmin edilməli, qüvvədə olan normalara uyğun işlənmiş və təyin olunan qaydada təsdiq edilmiş layihə olmadan konstruktiv, həcmi-planlaşdırma və mühəndis-texniki həllərdə dəyişikliklərin aparılmasına və təmir işlərinin icrası zamanı qüvvədə olan normaların tələblərinə cavab verməyən konstruksiya və materialların istifadəsinə yol verilməməlidir.

Əgər binanın inşasına icazə binada və ya onun hər hansı bir hissəsində insan sayının və ya yanğın yükünün məhdud olması şərtilə alınmışdırsa, binanın daxilində, görünən yerlərdə həmin məhdudiyyətlər barədə bildirişlər yerləşdirilməli, binanın administrasiyası tərəfindən isə yanğının qarşısının alınması və yanğın zamanı insanların təxliyəsi üzrə xüsusi təşkilati tədbirlər işlənilməlidir.

Binaların yanğından mühafizəsi üzrə tədbirlər yanğınsöndürmə bölmələrinin texniki təminatı və onların yerləşmə yerləri nəzərə alınaraq nəzərdə tutulur.

Binaların yanğın təhlükəliliyinin təhlili zamanı insanların təxliyəsi və yanğınla mübarizəsi, yanğının təhlükəli amillərinin yayılması və inkişafı üzrə zaman parametrlərinin fərqləndirilməsinə əsaslanan, hesablanmış ssenarilərdən istifadə edilir.

İnşaat materiallarının, konstruksiyaların, otaqların, binaların, bina elementlərinin və hissələrinin yanğın-texniki təsnifatı yanğının təhlükəli amillərinin əmələ gəlməsinə və onların inkişafına görə - yanğın təhlükəliliyi üzrə və yanğına, onun təhlükəli amillərinin yayılmasına görə - odadavamlılıq xassələri üzrə bölünməyə əsaslanır.

Yanğın-texniki təsnifat yanğına qarşı mühafizə üzrə konstruksiyaların, otaqların, binaların, bina elementlərinin və hissələrinin odadavamlığından və ya yanğın təhlükəliliyindən asılı olaraq lazımi tələblərin müəyyən olunması üçün təyin edilmişdir.

İnşaat materialları yalnız yanğın təhlükəliliyi ilə xarakterizə olunurlar. İnşaat materiallarının yanğın təhlükəliliyi yanarlılığı, alışması, alovu səth üzrə yayması, tüstü əmələgətirməsi və zəhərliliyi kimi yanğın-texniki xüsusiyyətlərlə müəyyən olunur.

İnşaat materialları yanan və yanmayan materiallara bölünürlər. Yanan inşaat materialları isə zəif yanan, mülayim yanan, normal yanan və güclü yanan qruplara bölünürlər. Yanarlılıq və yanarlılıq üzrə inşaat materiallarının qrupları QOST 30244 uyğun olaraq təyin olunur. Yanmayan inşaat materialları üçün isə yanğın təhlükəliliyinin digər göstəriciləri müəyyənləşdirilmir və normalaşdırılmır.

Alışma qabiliyyətinə görə yanan inşaat materialları çətin alışan, mülayim alışan, asan alışan qruplara bölünürlər. Alışma qabiliyyətinə görə inşaat materiallarının qrupları QOST 30402 uyğun olaraq təyin olunur.

Alovu səth üzrə yayma qabiliyyətinə görə yanar inşaat materialları alovu yaymayan, alovu zəif yayan, alovu mülayim yayan, alovu güclü yayan qruplara bölünürlər. Alovu səth üzrə yayma qabiliyyətinə görə inşaat materiallarının qrupları dam örtüyü və döşəmələrin, həmçinin xalça örtüklərin üst qatları üçün QOST 30444 uyğun olaraq təyin olunur. Alovu səth üzrə yayma qabiliyyətinə görə digər inşaat materiallarının qrupları müəyyənləşdirilmir və normalaşdırılmır.

Tüstü əmələgətirmə qabiliyyətinə görə yanar inşaat materialları az tüstü əmələgətirmə qabiliyyətli, mülayim tüstü əmələgətirmə qabiliyyətli, yüksək tüstü əmələgətirmə qabiliyyətli qruplara bölünürlər.

Zəhərlilik qabiliyyətinə görə yanar inşaat materialları dörd qrupa bölünürlər. Bunlar az təhlükəli, mülayim təhlükəli, yüksək təhlükəli və hədsiz təhlükəli inşaat materiallarıdır. Tüstü əmələgətirmə qabiliyyətinə görə və yanma məhsullarının zəhərliliyinə görə inşaat materiallarının qrupları QOST 12.1.044 uyğun olaraq təyin olunur.

İnşaat konstruksiyaları odadavamlılığı və yanğın təhlükəliliyi ilə xarakterizə olunurlar. Odadavamlılığın göstəricisi odadavamlılıq həddi, konstruksiyanın yanğın təhlükəliliyini isə onun yanğın təhlükəliliyi sinfi xarakterizə edir.

İnşaat konstruksiyalarının odadavamlılıq həddi, bu konstruksiya üçün normalaşdırılan bir və ya ardıcıl hədd vəziyyətlərinin əlamətlərinə çatması müddəti-dəqiqə ilə təyin edilir. Bunlar yükdaşıyıcı qabiliyyətinin itirilməsi, bütövlüyünün itirilməsi və istilik təcridetmə qabiliyyətinin itirilməsidir. İnşaat konstruksiyalarının odadavamlılıq hədləri və onların şərti işarələnməsi QOST 30247 uyğun olaraq təyin olunur. Bu zaman pəncərələrin odadavamlılıq həddi yalnız bütövlüyünün itirilməsi əlamətinin baş verməsi müddəti üzrə təyin olunur.

Yanğın təhlükəliliyinə görə inşaat konstruksiyaları yanğın təhlükəsiz, az yanğın təhlükəli, mülayim yanğın təhlükəli və yanğın təhlükəli inşaat konstruksiyaları sinflərinə bölünürlər. İnşaat konstruksiyalarının yanğın təhlükəliliyinə görə sinfləri QOST 30403 uyğun olaraq təyin olunur.

Elnur Babayev,

FHN-in DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin rəisi,

daxili xidmət polkovniki

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)