Yanğın söndürmək cəsarət və mərdlik məktəbidir

On dörd ilə yaxındır ki, Fövqəladə Hallar Nazirliyinin tərkibində yanğından mühafizə qurumları özünün qəhrəmanlıq, fədakarlıqlarla zəngin tarixi ənənələrini yaşatmaq üçün respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini müasir dövrün tələblərinə uyğun şəkildə uğurla həyata keçirir.

Ümummilli liderimiz Heydər Əliyev yanğınsöndürənlərin xidməti fəaliyyətinə yüksək qiymət verərək qeyd edirdi ki: "Yanğın söndürmək cəsarət və mərdlik məktəbidir". Azərbaycanın yanğından mühafizə qurumlarının keçdiyi şərəfli tarixə, bu xidmət sahəsinin çoxsaylı əməkdaşlarına olan qayğısı və ehtiramı sayəsində 2002-ci il oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı sərəncamla müstəqil Azərbaycan Respublikası yanğınsöndürənlərinin peşə bayramı günü təsis edildi. Beləliklə, hər il oktyabrın 10-u Azərbaycan yanğınsöndürənlərinin peşə bayramı kimi qeyd olunur.

Tarixi XIX əsrin sonlarından başlayan yanğından mühafizə qurumlarının yaranması Azərbaycanda neft sənayesinin inkişafı ilə bağlı olub. İlk dəfə Bakıda yanğın komandasının yaradılmasına dair şəhər Duması 1884-cü il 11 yanvar tarixli ilk qərar qəbul etdi. Bu qərardan bir il sonra - 1885-ci ildə gündən-günə inkişaf edən neft Bakısında yalnız bir yanğın komandasının yaradılması mümkün oldu.

1884-cü il mart ayının 6-da Bakı şəhər Dumasında yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsini məhdud şəkildə də olsa təmin edən, onun hüquqi əsaslarını müəyyənləşdirən, yanğın təhlükəsizliyi qaydalarını pozanlara qarşı müvafiq sanksiyaların tətbiqinə əsas verən "Yanğına qarşı təhlükəsizlik tədbirlərinin mütləq Qaydaları" təsdiq olundu və 1884-cü il aprelin 29-da qüvvəyə mindi.

Buna baxmayaraq XIX əsrin sonu, XX əsrin əvvəllərində digər sahələr kimi yanğın təhlükəsizliyi xidməti də Azərbaycanda öz inkişaf yolunu tapmadı, milli və dövlətçilik qayğısından tamamilə məhrum oldu, iri və mürəkkəb, günlərlə, həftələrlə davam edən yanğınların baş verdiyi Bakı kimi yanğın təhlükəli şəhərdə yanğın təhlükəsizliyinə laqeyd münasibət bəslənildi.

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası yarandıqdan sonra isə Bakı Şəhər İdarəsi şöbələrinin bölgüsünü nəzərdə tutan 10 oktyabr 1918-ci il tarixli sənədlə Bakı Yanğın Komandası Bakı Şəhər İdarəsinin Təsərrüfat şöbəsinin tərkibində elan olunaraq onun milli dövlət sistemindəki rəsmi yeri müəyyən edildi.

Azərbaycan Demokratik Respublikasının süqutundan sonra yeni siyasi rejimdə ali hakimiyyət orqanı kimi Azərbaycanın Müvəqqəti İnqilab Komitəsinin sədri, görkəmli dövlət xadimi Nəriman Nərimanov tərəfindən 24 mart 1921-ci ildə yanğın təhlükəsizliyi ilə bağlı xüsusi qərar verilməsi yanğın təhlükəsizliyi xidmətinin inkişafına güclü təkan verməklə bu vacib sahənin dövlət qayğısı ilə əhatə olunmasını gücləndirdi. Neft Bakısında yeni yanğın komandaları fəaliyyətə başladı, Azərbaycan yanğınsöndürənləri ən iri və mürəkkəb yanğınların söndürülməsinə qadir olduqlarını dəfələrlə sübut etdilər.

1922-ci ilin aprel ayında Bakıda - Suraxanı neft mədənlərində baş vermiş iri miqyaslı yanğınlarda Azərbaycanın yanğından mühafizə xidmətinin əməkdaşları öz gücünü, döyüş qabiliyyətini nümayiş etdirərək dəhşətli yanğının söndürülməsinə nail oldular.

XX əsrin 30-cu illərində Azərbaycanın yanğından mühafizə xidmətində struktur dəyişiklikləri edildi. Bakı şəhər Sovetinə, "Azneft"ə və Kommunal Təsərrüfat Komissarlığına tabe olan ayrı-ayrı yanğından mühafizə qurumları 1934-cü ildə vahid rəhbərlikdə birləşdirilərək Azərbaycanın Xalq Daxili İşlər Komissarlığına tabe etdirildi. Yanğından mühafizə xidmətinə vahid rəhbərlik elə ilk illərdən öz səmərəsini verdi.

II Dünya müharibəsi illərində də Azərbaycan yanğınsöndürənləri vətən qarşısında xidmətlərini layiqincə yerinə yetirdilər. Azərbaycanın yanğından mühafizə xidməti 4 dəfə SSRİ Silahlı Qüvvələri Ali Baş Komandanının təşəkkürünü aldı, 1018 nəfər SSRİ-nin orden və medalları ilə təltif olundu.

II Dünya müharibəsindən sonra Azərbaycanın yanğın təhlükəsizliyi xidməti bir sıra çətinliklərə baxmayaraq inkişaf tempini saxladı. Əməkdaşların döyüş hazırlığının artırılmasında, yanğınların söndürülməsində elmi nailiyyətlərdən istifadə edilməsi sahəsində, profilaktika işlərinin gücləndirilməsində inamlı addımlar atıldı. Yerlərdə yanğın depolarının tikintisi davam etdirildi. Yanğınsöndürənlərin məişətinin, onların maddi rifahının yaxşılaşdırılmasına diqqət artırıldı. Yanğından mühafizə xidmətinin texniki təminatında da əhəmiyyətli dəyişikliklər baş verdi. Yanğın komandaları yeni yanğın avtomobilləri ilə təmin olundu.

XX əsrin ikinci yarısında Azərbaycanın yanğından mühafizə orqanlarının əməkdaşları bir sıra xarici ölkələrdə - Albaniyada, Hindistanda, Əfqanıstanda, İranda, keçmiş SSRİ-nin bir sıra şəhərlərində iri və mürəkkəb yanğınların söndürülməsində yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirərək təmsil etdikləri xidmətin nüfuzunu qaldırdılar. 1950-ci illərdə Xəzər dənizi akvatoriyasında neft və qaz sənayesi obyektlərinin yanğın təhlükəsizliyini təmin edən yanğın təhlükəsizliyi qurumlarının yaradılması  ən mühüm hadisələrdən biri idi.

1969-cu ildə Azərbaycan xalqının böyuk oğlu Heydər Əliyev respublikamızın siyasi rəhbərliyinə gəldikdən sonra isə bir sıra sahələrdə olduğu kimi yanğın təhlükəsizliyi orqanlarında da problemlər öz həllini tapmağa başladı. Qısa müddətdə Bakının Nərimanov, Xətai, Sabunçu rayonlarında, Naxçıvanda, Abşeronda, Tovuzda, Şirvanda, Şabranda, Yevlaxda yanğın depolarının tikilməsi, SSRİ-nin müxtəlif şəhərlərində fəaliyyət göstərən ali təhsil ocaqlarında milli kadrların yetişdirilməsi, müasir texnikanın alınması respublikamızın yanğın təhlükəsizliyi orqanlarının mənzərəsini dəyişdirdi.

Ötən əsrin 70-80-ci illərində Xəzər dənizi akvatoriyasındakı neft və qaz sənayesi obyektlərini yanğından mühafizə edən qurumların problemlərindən biri də yanğınsöndürmə gəmilərinin istismar müddətinin bitməsi və müasir gəmilərin olmaması idi. Elə həmin dövrdə ümummilli liderimiz Heydər Əliyevin xüsusi qayğısı sayəsində Polşanın Qdansk şəhərində Xəzər dənizi akvatoriyasında neft-qaz sənayesi obyektlərində yanğınların söndürülməsi tələblərinə cavab verə biləcək 9 ədəd "Vixr" tipli müasir yanğınsöndürmə gəmisi quraşdırılıb Azərbaycana gətirildi.

XX əsrin ikinci yarısında Azərbaycanın yanğından mühafizə idarəsi və onun əməkdaşları dəfələrlə dövlət təltifləri ilə mükafatlandırıldı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1978-ci il 17 aprel tarixli fərmanı ilə Azərbaycan SSR DİN Yanğından Mühafizə İdarəsi Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olundu. Ötən əsrin 70-80-ci illərində Azərbaycanın yanğın təhlükəsizliyi xidməti 3 il dalbadal SSRİ DİN-in "Keçici Qırmızı Bayrağ"ını aldı, həmin Bayraq daimi saxlanması üçün Azərbaycan yanğınsöndürənlərinə verildi.

Tarixi bir əsrdən artıq dövrü əhatə edən Azərbaycanın yanğın təhlükəsizliyi qurumları yanğınların söndürülməsi zamanı öz sıralarından qurbanlar da verib. Tarixi fakt kimi qeyd edə bilərik ki, 1988-ci ildən - Ermənistan öz təcavüzkar planlarını həyata keçirməyə başladığı vaxtdan Azərbaycan yanğınsöndürənləri ən "qaynar nöqtələrə" - döyüş bölgələrinə ilk ezam olunanların sırasında idi. Yanğından mühafizə sistemində xidmət edən Cəmil Hiftəliyev, Malik Əsədov, Malik Nəcəfov, Vladimir Kojakov, Əmrah Nəbiyev, Mübariz Novruzov, Vladislav Plotnikov, Mehdi Rüstəmov, İlqar Dəmirov, Əlövsət Yolçiyev, Vidadi Mustafayev, Fəqani Əhmədov, Nüsrət Şirinov, Vaqif Eyvazov, Baxşeyiş Kərimov, Vaqif Həsənov, Seygey Dzyubin, Həsən Məmmədov, Nazim Əliyev, Osman Mustafayev, Ramiz Mustafayev, Yusif Yusifov, Xalıq Hüseynov, İlham Məmmədov kimi əməkdaşlarımız erməni silahlı qüvvələri ilə mübarizədə şəhidlik zirvəsinə ucaldılar. Bu əməkdaşlardan iki nəfəri - Malik Əsədov və Cəmil Niftəliyev Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görüldü.

Yanğınsöndürənlərimiz 1990-cı ilin faciəli yanvar günlərində də xalqla birgə olub, ən ağır anlarda heç bir ölüm təhlükəsindən qorxmayaraq xidməti vəzifələrini sədaqətlə yerinə yetirdilər. 1990-cı ilin qanlı 20 Yanvar gününün ilk saatlarında şəhid olanların arasında 1 saylı Müstəqil Hərbiləşdirilmiş Yanğın Hissəsinin sürücüsü Oleq Yusupov da vardı.

1993-cü ildən etibarən ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasətinin məntiqi nəticəsi olaraq respublikamızda yaranmış ictimai-siyasi sabitlik sayəsində yanğın təhlükəsizliyi orqanları da tərəqqi yoluna qədəm qoydu. Baş verən yanğınların mütəşəkkil söndürülməsi, qəza, təbii fəlakət hadisələrinin nəticələrinin aradan qaldırılması, yanğından mühafizə xidmətinin maddi-texniki bazasının genişləndirilməsi, onun hüquqi bazasının yaradılması, kadr ehtiyatlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığının artırılması, profilaktiki tədbirlərin həyata keçirilməsi kimi vacib sahələrdə problemlər öz həllini tapmağa başladı.

Azərbaycan Respublikası Milli Məclisinin 10 iyun 1997-ci il tarixli qərarı ilə "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunması və həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 iyul 1997-ci il tarixli Fərmanı yanğın təhlükəsizliyi və dövlət yanğın nəzarəti sisteminin təşkilinin hüquqi əsaslarını və prinsiplərini müəyyən etdi. İkinci dəfə müstəqilliyə qovuşduğumuz illərdə Azərbaycan yanğınsöndürənləri öz qəhrəmanlıq ənənələrini həm vətənimizdə, həm də xaricdə davam etdirdilər. 1999-cu il avqustun 17-nə keçən gecə Türkiyədə baş vermiş zəlzələ haqda ölkəmizə məlumat daxil olan kimi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin göstərişi ilə həkimlər, xilasetmə işləri üzrə mütəxəssislərlə bərabər yanğınsöndürənlər də qardaş ölkəyə kömək məqsədilə zəlzələ zonasına göndərildilər. Türkiyənin İzmit şəhərinə ezam olunmuş Azərbaycan yanğınsöndürənlərinin əməyi yüksək qiymətləndirildi. Azərbaycan yanğınsöndürənlərinin qəhrəmanlığı Türkiyə ictimaiyyəti, xüsusən də Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl tərəfindən də öz layiqli qiymətini aldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Fövqəladə Hallar Nazirliyi yaradıldıqdan sonra həmin sərəncama əsasən DİN-in tərkibində fəaliyyət göstərən Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi yeni yaradılmış nazirliyin tabeçiliyinə verildi. Yanğın təhlükəsizliyi qurumlarınin idarə olunması təkmilləşdirilərək FHN-nin tərkibində iki müstəqil xidmət - Dövlət Yanğından Mühafizə Xidməti və Dövlət Yanğın Nəzarəti Xidməti yaradıldı. Beləliklə, ölkəmizin yanğından mühafizə qurumları sözün həqiqi mənasında yeni inkişaf mərhələsinə qədəm qoydu.

Con illər Prezident İlham Əliyevin diqqət və qaygısı nəticəsində FHN-nin, o cümlədən yanğın təhlükəsizliyi qurumlarının hüquqi, maddi-texniki bazası möhkəmləndirilib, yanğın təhlükəsizliyi qurumları üçün xarici ölkələrdə milli kadrların hazırlanması işinə xüsusi diqqət göstərilib, yeni yanğın depoları tikilib istifadəyə verilib, əməkdaşların sosial şəraiti xeyli yaxşılaşdırılıb, yanğın avtomobilləri parkı ən müasir texnikalarla yeniləşdirilib. Dövlət başçımızın yanğın təhlükəsizliyinin təmin olunmasına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində dünyada beş ədəd "Be - 200ÇS" çoxfunksiyalı anfibiya təyyarədən biri Azərbaycana gətirilərək döyüş hesabına qoyulması təmin edilib.

Bu gün Fövqəladə Hallar Nazirliyinin tərkibində Azərbaycan yanğınsöndürənləri, yanğın təhlükəsizliyi qurumlarının əməkdaşları bütün qüvvələri, bilik və bacarıqları ilə ölkə ərazisində yanğın təhlükəsizliyini təmin etmək kimi şərəfli bir vəzifəni həyata keçirir, onilliklər boyu əldə etdikləri qəhrəmanlıq ənənələrini ləyaqətlə yaşadırlar. Yanğın təhlükəsizliyi qurumları Fövqəladə Hallar Nazirliyinin tərkibində yeni inkişaf mərhələsinə qədəm qoymaqla döyüş hazırlığını daim yüksək saxlayaraq yanğınların qarşısının alınması, söndürülməsinin təşkili, bununla əlaqədər gəza- xilasetmə işlərinin aparılması istiqamətində kompleks tədbirlər həyata keçirməklə insanların təhlükəsiz yaşaması, işləməsi, istirahət etməsi üçün öz töhfələrini verirlər.

Hikmət Xudiyev,

Dövlət Yanğından Mühafizə Xidmətinin

İctimaiyyətlə əlaqələr və təbliğat

sektorunun rəisi, daxili xidmət

polkovniki, əməkdar jurnalist,

tarix üzrə fəlsəfə doktoru


 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)