Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gəlib.

AZƏRTAC  xəbər verir ki, Aşqabad Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi MDB İcraiyyə Komitəsinin sədri-icra katibi aparatının rəhbəri Sergey Burutin, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Esenmurad Orazgeldiyev və digər yüksək vəzifəli şəxslər qarşıladılar.

***

Oktyabrın 10-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

Prezident İlham Əliyev, Prezident Qurbanqulu Berdiməhəmmədov və MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedev birgə foto çəkdirdilər.

Sonra Prezident İlham Əliyevin və Prezident Qurbanqulu Berdiməhəmmədovun görüşü oldu.

Prezident Qurbanqulu Berdiməhəmmədov dedi:

-İlham Heydər oğlu, icazə verin Sizi Türkmənistanda, Aşqabadda salamlayım və bizim dəvətimizi qəbul edib MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün gəldiyinizə görə Sizə dərin təşəkkürümü bildirim. Düşünürəm ki, xalqlarımızın rifahı naminə tərəfdaşlığın səmərəliliyini artırmaq üçün yaxşı imkanımız olacaq. Sizi bir daha salamlayıram. Xoş gəlmisiniz!

Prezident İlham Əliyev dedi:

-Sağ olun, hörmətli Qurbanqulu Məlikquluyeviç. Dəvət üçün sağ olun. Göstərilən qonaqpərvərliyə görə sağ olun. Qardaş Türkmənistan torpağına gəlməyə həmişə şadıq. Mənim keçənilki səfərimi, sizinlə görüşümü və imzaladığımız sənədləri xatırlayıram. Düşünürəm ki, o vaxt biz rekord göstərdik, 20-dən çox sənəd imzaladıq. Bu, iki qonşu ölkə arasında münasibətlərin xarakterini və ruhunu əks etdirir. Əlbəttə, MDB dövlət başçılarının sabahkı Zirvə Görüşü çoxtərəfli əməkdaşlığın daha da möhkəmlənməsi üçün böyük əhəmiyyət kəsb edir. Bu mühüm beynəlxalq tədbirin gözəl təşkil edilməsi münasibətilə Sizi təbrik etmək, Sizə, qardaş Türkmənistan xalqına ən xoş arzularımı bildirmək, yeni zəfərlər, qələbələr diləmək istərdim.

Prezident Qurbanqulu Berdiməhəmmədov:

- Sağ olun, İlham Heydər oğlu. Mən, həmçinin Xəzəryanı ölkələrin Birinci İqtisadi Forumuna verdiyiniz dəstəyə və onun işində fəal iştirak etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirmək istərdim. Siz bilirsiniz ki, forum sərgi ilə də müşayiət olundu. Sizin ölkənizin demək olar ki, hamının diqqətini cəlb edən yaxşı stendi var idi. Siz bu forumun keçirilməsində də böyük rol oynamısınız. Ona görə, icazə verin bu həssas diqqətə və yaxşı iştiraka görə Sizə təşəkkürümü bildirim. Bu, bizim ortaq təşəbbüsümüz idi, ümumiyyətlə, ideya genişdir. Sizə açıq deməliyəm, orada iki ölkə fəal iştirak edib – Türkmənistan və Azərbaycan. Əsas diqqət məhz tranzit-nəqliyyat dəhlizləri məsələlərinə ayrılmışdı. Beləliklə, icazə verin bir daha Sizə təşəkkürümü bildirim.

Prezident İlham Əliyev: Çox sağ olun.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Aşqabadda Moldova Respublikasının Prezidenti İqor Dodon ilə görüşüb.

Prezident İqor Dodonu salamlayan Prezident İlham Əliyev dedi:

- İqor Nikolayeviç, Sizi görməyimə şadam. Bizim ikitərəfli gündəliyimizə dair fikir mübadiləsi üçün yaxşı imkan yaranıb. Mən bizim görüşlərimizi, o cümlədən Bakıdakı görüşümüzü xatırlayıram. O vaxt biz ikitərəfli əməkdaşlığın geniş spektrini müzakirə etdik, münasibətlərimizin inkişafına ciddi təkan verdik. Sıx qarşılıqlı fəaliyyətin davam edəcəyinə ümid bəsləyirik. Bizim fəal əməkdaşlıq edə biləcəyimiz mövzular, sahələr çoxdur. Əsas odur ki, ölkələrimiz arasında dostluq münasibətləri həm ticari-iqtisadi sahədə, həm investisiya sferasında və bütün başqa sahələrdə qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün yaxşı bazadır. Moldova bizə yaxın, dost dövlətdir. Düşünürəm ki, bugünkü fikir mübadiləsi də faydalı olacaq. Zənnimcə, əlaqələrimizin inkişafına yeni təkan verəcəyik.

Prezident İqor Dodon dedi:

-Hörmətli İlham Heydər oğlu, hörmətli dostlar. Əvvələn, bizim ikitərəfli münasibətlərimiz barədə Sizinlə yenidən fikir mübadiləsi aparmaq imkanına görə çox şadam. Bu ilin mart ayında Qlobal Forumda iştirak etməyimi xatırlayıram. Mən bu forumda artıq iki dəfə iştirak etmişəm və gələn il də iştirak etməyi planlaşdırıram. Qeyd etmək istəyirəm ki, bütün istiqamətlər üzrə işlərimiz yaxşı gedir. Sonuncu dəfə Bakıda Sizinlə söhbət zamanı mən demişdim ki, yaxın vaxtlarda Hökumətlərarası Komissiyanın tərkibi yenilənəcək. Dünən Moldova hökuməti İqtisadiyyat nazirini Moldova tərəfdən Hökumətlərarası Komissiyanın həmsədri təsdiq edib. Buna görə ümid edirəm ki, yaxın vaxtlarda Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Sonuncu iclas 2012-ci ildə olub. Yəni, artıq 7 il keçib və bu müddətdə komissiya işləməyib.

Bir neçə həftə bundan əvvəl mən Sizə rəsmi dəvət məktubu göndərmişəm. Bu gün biz Moldova Respublikasına Sizin rəsmi səfərinizin mümkünlüyünü və hökumətlərarası komissiyanın iclasa hazırlıq məqsədilə həmsədrlərin görüşünün Kişineuda keçirilməsini müzakirə edəcəyik.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Çox sağ olun.

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)