Fövqəladə Hallar Nazirliyində BMT-nin nümayəndə heyəti ilə işçi görüşü keçirilib

BMT-nin Humanitar Məsələləri Koordinasiya Ofisinin (UN OCHA) MDB ölkələri üzrə əlaqələndiricisi Roberto Kolancelonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Bakıda keçiriləcək regional beynəlxalq təlimə hazırlıq üzrə işçi qrupun görüşü olub.

Noyabrın 3-dən 8-dək davam edəcək təlim BMT-nin təşkilatçılığı və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə keçiriləcək.

İşçi görüşün məqsədi "Zəlzələ hadisələrində cavabvermə" mövzusunda Bakıda təşkil olunacaq regional beynəlxalq təlimə hazırlıq üzrə tədbirlərin müəyyənləşdirilməsi, bu sahədə qarşılıqlı fəaliyyətə dair məsələlərin müzakirəsidir. Nazirliyin aidiyyəti qurumlarının nümayəndələrinin də iştirak etdikləri işçi görüşdə ekspertlər - Mati Raidma və Loftson Olafur öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşüb, təlimə hazırlıq və təlim zamanı fəaliyyətə dair tövsiyələrini diqqətə çatdırıblar.

Nazirliyin Baş Əməliyyat İdarəsinin rəis müavini, polkovnik-leytenant Ələsgər Əliyev beynəlxalq regional təlimin Azərbaycanda keçirilməsindən məmnunluq duyduğunu, nazirliyin əməkdaşlarının planlaşdırılan təlimdə iştirakının onların irimiqyaslı fəlakətlər zamanı fəaliyyət sahəsində təcrübələrinin daha da artırılmasında, həmçinin beynəlxalq axtarış-xilasetmə dəstəsinin idarə heyətinin beynəlxalq INSARAG sinifləndirilməsinə hazırlanmasında mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb, təlimin hazırlanması və keçirilməsi ilə bağlı dəstəyə görə qonaqlara təşəkkürünü bildirib.

Tədbirin gedişində qurumların əməkdaşlarına təlimə hazırlıq tədbirlərinin həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.

FHN-in Beynəlxalq Əlaqələr İdarəsinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi, polkovnik-leytenant Rəşad Qasımzadə təlimdə xarici ölkələrdən olan ekspertlərin və komandaların iştirak edəcəyini bildirib. O, təlimin təcrübə mübadiləsi və əməkdaşlığın daha da genişləndirilməsi üçün zəmin yaradacağını bildirib.

Səfər çərçivəsində ekspertlər Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayev ilə görüşüblər. Baba Salayev Akademiyanın fəaliyyəti və imkanları barədə qonaqlara məlumat verib, təlimin keçirilməsi üçün bu təhsil ocağında münbit şəraitin olduğunu diqqətə çatdırıb.

Qonaqlar Akademiyanın ərazisi və maddi-texniki bazası ilə tanış olub, təlim zamanı auditoriya otaqlarından istifadə edilməsi və maddi-texniki təminat məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 37 (635) - 2019-11-08


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)