Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasına işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Soçi Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Krasnodar vilayətinin qubernator müavini Anatoli Voronovski, Şoçi şəhərinin meri Aleksey Kopayqorodski və digər rəsmi şəxslər qarşıladılar.

Oktyabrın 3-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

Prezident Vladimir Putin Prezident İlham Əliyevi qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Sonra Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında görüş oldu.

Rusiya Prezidenti Vladimir PUTİN dedi:

Hörmətli İlham Heydər oğlu.

Hörmətli dostlar.

İcazə verin, sizin hamınızı ürəkdən salamlayım.

Bu dəfə biz Soçidə beynəlxalq siyasi diskussiya klubu çərçivəsində görüşürük. Tədbir ilk dəfə Valdayda keçirildiyinə görə biz onu "Valday klubu" adlandırırıq.

Görüşümüzün əvvəlində qeyd etmək istərdim ki, Sizi görməyə çox şadam. Biz çoxdandır ki, görüşməmişik. Lakin şəxsi görüşlərimizdə, əlaqələrimizdə fasilə olmasına baxmayaraq, ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir.

Ticari-iqtisadi əlaqələr möhkəmlənir. Keçən il əmtəə dövriyyəsinin həcmi 2,5 milyard dollar olub. Bu istiqamətdə yaxşı perspektivlərimiz var. Mən o planları nəzərdə tuturam ki, onların əsas müəllifi Azərbaycan Prezidentidir. Biz də öz tərəfimizdən, bu konkret, mənim fikrimcə iri layihələrin reallaşması üçün bizdən asılı olan hər şeyi edirik. Bunun üzərində hökumətlərarası komissiya işləyir və zənnimcə, kifayət qədər inamla işləyir.

Başqa istiqamətlər üzrə münasibətlərimizin vəziyyəti barədə də fikir mübadiləsinə ehtiyac var. Ümidvaram ki, bu gün biz bütün bunlara nail olacağıq. Ümid edirəm ki, Siz bu maraqlı ümumi diskussiyada iştirak edəcəksiniz.

Bu gün buraya gəldiyinizə görə çox sağ olun.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

Dəvətə görə çox sağ olun, Vladimir Vladimiroviç.

Valday diskussiya klubunun işində iştirak etmək mənim üçün böyük şərəfdir. Bu klub bu gün müasir dünya nizamının qlobal aktual məsələlərinin müzakirəsi üçün çox mühüm beynəlxalq məkandır. Əlbəttə ki, bu görüşə görə təşəkkür edirəm.

Sizin qeyd etdiyiniz kimi, biz müəyyən müddətdə, daha dəqiq desəm dörd aydır ki, görüşməmişik. Bizim əlaqələrin intensivliyini nəzərə alsaq, bu, yetərincə böyük müddətdir. Keçən il biz dörd dəfə görüşmüşdük. Bu görüşlər çox müsbət rol oynayır, strateji tərəfdaşların münasibətləri kimi səciyyələndirdiyimiz əlaqələrimizin inkişafına yaxşı təkan verir.

Ticari-iqtisadi sahədə müsbət dinamikanı da qeyd etmək istərdim. Əmtəə dövriyyəsi artır - keçən il də, bu il də. Bizdə olan məlumata görə, avqust ayına qədər artım 20 faizdən çox olub. Sizinlə bizim təsdiq etdiyimiz "Yol xəritələri"nin reallaşdırılması da əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq.

Bizim üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur. Biz bu münasibətləri çox qiymətləndiririk. Əminəm ki, bugünkü diskussiya əlaqələrimizin gələcək inkişafına yaxşı töhfə olacaq.

Dəvət üçün bir daha sağ olun.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, iqtisadi, investisiya qoyuluşu, hərbi və hərbi-texniki, kənd təsərrüfatı, turizm və humanitar sahələrində əməkdaşlıq barədə müzakirələr aparıldı.

Nümayəndə heyətlərinin geniş tərkibdə görüşündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin təkbətək söhbət etdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Soçidə Rusiyanın "Rossiya" və "Birinci" televiziya kanallarının müxbirlərinin suallarını cavablandırıb.

Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin, İordaniya Kralı II Abdulla sessiyada çıxış edərək gündəlikdə duran məsələlərin Asiyaya aid olduğunu dedilər.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.

Dövlətimizin başçısı plenar sessiyaya dəvətə görə Rusiya Prezidentinə minnətdarlığını bildirdi, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər saldı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu vurğulayaraq dedi: "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".

Sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Filipin Prezidenti Rodriqo Roa Duterte çıxış etdilər.

Daha sonra Prezident İlham Əliyev və tədbir iştirakçıları sualları cavablandırdılar.

 

Baş səhifə
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 34 (632) - 2019-10-11


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)