Məscidlərdə, kilsə və sinaqoqlarda yanğın təhlükəsizliyi

Məscidlər, kilsələr və sinaqoqlar əhalinin hər gün daha sıx toplaşdığı yer olduğundan burada onların təhlükəsizliyinin, o cümlədən yanğın təhlükəsizliyinin qorunması ümdə məsələdir. Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün obyektlərin işçiləri kimi, dini məbədlərin rəhbərləri də "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun, həmçinin "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın tələblərinə əməl etməlidirlər. İlk növbədə yanğın zamanı insanların köçürülməsi üçün "Köçürmə planı" işlənib hazırlanmalı və görünən yerlərdən asılmalıdır. Həmçinin "Köçürmə planı"na əlavə olaraq xidməti heyət üçün "İnsanların yanğın yerindən köçürmə tədbirləri" hazırlanmalıdır.

Bütün dini məbədlərdə elektrik qurğuları və cihazları müvafiq qaydaların tələblərinə və normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməlidir. Elektrik qurğularının istismarı, elektrik avadanlıqları  və cihazlarının istifadəsi zamanı yanğınların əsasən qısaqapanmalardan baş  verməsini unutmaq olmaz. Qısaqapanmalar izolyasiyası olmayan və ya  zədələnmiş halda olan iki müxtəlif yüklü elektrik naqilinin bir-biri ilə birləşdiyi zaman baş verir. Qısaqapanmalar zamanı naqillər bir anda o dərəcədə qızırlar ki, metal damarlar əriyir, güclü qığılcım və istilik əmələ gəlir. Əgər qısaqapanma yerində yanacaq materialları və ya yana bilən konstruksiyalar olsa, onlar dərhal alışırlar. Elə buna görə də naqillərin  izolyasiyasının sazlığına daima nəzarət edilməlidir.

Bununla yanaşı elektrik şəbəkəsinə enerji işlədən müxtəlif cihazları qoşmaqla artıq yükləmək olmaz. Elektrik şəbəkəsində həddən artıq yüklənmə olduqda naqillərdə ayrılan istiliyin miqdarı artır. Ayrılan istiliyin əksəriyyəti ətrafdakı havaya yayıla bilmədiyi üçün o, naqillərin izolyasiyasını qızdıraraq alışdırır. Bu isə yanğınlara səbəb olur.

Bu gün məscidlərin əksəriyyətində "Mərasim evi" fəaliyyət göstərir. Yas mərasimi zamanı burada eyni vaxtda yüzlərlə insan iştirak edir və ehsan məqsədilə onlara "Mərasim evi"nin mətbəxində yemək, çay hazırlanır. Mətbəxdə çalışanlar bilməlidirlər ki, standartlara uyğun olmayan qaz cihazlarından istifadə etmək olmaz. Unutmayın ki, dəm qazının məişətdəki əsas mənbələri nasaz, standarta uyğun olmayan qaz cihazlarıdır, işlək vaziyyətdə olmayan tüstü bacalarıdır.

Qazdan istifadə olunan yerlərdə havanın daimi hərəkəti olmadıqda yığılan dəm qazının xaric olması çətinləşir, bu isə zəhərlənmə və boğulma kimi hallar yaradır.

Qaz cihazına qazın verilməsində rezin şlanqlardan istifadə olunması qəti qadağandır. Qazla işləyən suqızdırıcı quraşdırılmış mətbəxin tüstü bacaları ən azı iki aydan bir təmizlənməlidir.

Məscidlər, kilsələr və sinaqoqlarda otaqların isidilməsi zamanı elektrik və qaz cihazlarından istifadə qadağandır. Otaqlar və zallar mərkəzi istilik sistemi vasitəsilə qızdırılmalıdır.

Ölkə ərazisində, demək olar ki, bütün rayon mərkəzlərində, kəndlərdə məscidlər fəaliyyət göstərir. Təəssüf ki, bəzi kənd məscidlərində zallar odun və qaz sobaları vasitəsilə qızdırılır. "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın tələblərinə əsasən bu yolveriməzdir, yanğın təhlükəsi törədir.

Məlum olduğu kimi məscidlərdə ayinləri yerinə yetirməyə gedən insanlar içəri daxil olarkən ayaqqabılarını soyunmalı, ibadət zamanı dizlərini yerə qoymalıdırlar.  Onların rahatlığının təmin edilməsi məqsədilə  zalların döşəməsinə xalça, palaz, kilim döşənir. Xalça, palaz, kilim döşənərkən bunlar döşəməyə möhkəm bərkidilməlidir ki, yanğın baş verdikdə tez alovlanmasın.

Hər bir dini məbəd yanğının söndürülməsi üçün ilkin yanğınsöndürən vasitələrlə və  balonlarla təchiz edilməli, işçilər bu balonlardan istifadə qaydalarını bilməlidirlər. Həmçinin yanğının söndürülməsi üşün dini məbədlərdə su mənbəyi olmalıdır. Su mənbələri daim su ilə dolu olmalı, yanğın avtomobillərinin manevr etməsi üçün bərk örtüklü meydança, su mənbəyinə yaxınlaşması üçün isə yollar açıq olmalıdır.

Məscidlər, kilsələr və sinaqoqlarda yanğın siqnalizasiyasına və yanğınsöndürmə avtomatik qurğularına, tüstüdən müdafiə, insanların yanğın haqqında xəbərdaretmə və köçürmələrin idarəetmə sistemlərinə texniki xidmət üzrə işlər, onların istehsalçıları tərəfindən texniki sənədlərin tələbləri nəzərə alınmaqla tərtib edilmiş illik plan- qrafikə və təmir işlərinin keçirilməsi müddətlərinə uyğun olaraq həyata keçirilməlidir. Bu iş lisenziyası olan, xüsusi təlim almış heyəti olan təşkilatlar tərəfindən həyata keçirilməlidir.

Dini məbədlərdə çalışan işçilər yanğının və ya yanmanın əlamətlərini (alov, tüstü, yanıq qoxusu, temperaturun artması və s.) aşkar etdikdə dərhal telefonla Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə zəng vuraraq xəbər verməli, obyektin dəqiq ünvanını, yanğının baş vermə yerini, həmçinin öz soyadını deməlidir. İmkan daxilində insanların köçürülməsi, yanğının söndürülməsi və əmlakın oddan qorunması üçün zəruri tədbirləri görməlidirlər.

Məscidlər, eyni zamanda ölkəmizdə yaşayan digər millətlərin inanc yeri olan kilsələr, sinaqoqlar dəyərli tarixi abidələrdir. Bu dəyərli abidələr yalnız ölkəmizin deyil, bütövlükdə, müsəlman Şərqinin, dünyanın qədim sənətkarlıq, xüsusilə də memarlıq ənənələrinin, çoxəsrlik tarixi keçmişinin yadigarlarıdır. Bu yadigarları yanğından qorumaq hər kəsin müqəddəs vəzifəsidir!

Rövşən Bəkirov

FHN DYNX-in Yanğına qarşı təbliğat

şöbəsinin böyük təlimatçısı

 

 

Geri
Arxiv

Qəzetin çap variantı

Qəzetin çap variantı

N 38 (636) - 2019-11-15


YÜKLƏ


Əlaqə

Redaksiyanın ünvanı:

Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3

Tel.: 566 86 70
Faks: 566 86 (71, 74, 79)